Müslüm Maqomayevin xatirəsi anılıb

 

Oktyabrın 25-i Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin vəfatı günüdür.

Tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək Müslüm Maqomayevin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.

Tədbirdə çıxış edən Xalq artisti Firəngiz Əlizadə qeyd edib ki, Müslüm Maqomayev dahi bəstəkar kimi təkcə Azərbaycanda deyil, bir sıra ölkələrdə də tanınır və sevilir: “Müslüm Maqomayevə musiqi duyumu ailəsindən gəlirdi. Dahi bəstəkarın babası Müslüm Maqomayev Üzeyir Hacıbəyli ilə birlikdə Azərbaycan professional musiqisini yaratmış şəxsdir. Böyük müğənninin bariton səsi dünyada ən nadir səslərdən biridir. Biz çalışırıq ki, onun xatirəsini həmişə uca tutaq”.

Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri Sergey Stepanov bildirib ki, Müslüm Maqomayevin məzarı qarşısına toplaşanlar arasında gənc nəslin nümayəndələrinin olması çox sevindiricidir: “Biz ildə iki dəfə - avqustoktyabr aylarında bəstəkarın məzarını ziyarət edirik. Amma musiqisevərlər onu hər zaman yada salır, ifalarından zövq alırlar. O, qəlblərdə yaşayır və daim yaşayacaq. Onun kimi dahi bəstəkarın sənət ucalığına çatmaq çox çətindir”.

Əməkdar mədəniyyət işçisi İldırım Qasımov vaxtilə Müslüm Maqomayev kimi dahi musiqiçi ilə Dövlət Ansamblında birgə çalışmağından fəxr duyduğunu deyib. Vurğulayıb ki, müğənni əbədi yaşayacaq bir sənət yadigar qoyub.

Qeyd edilib ki, Bakıda dünyaya göz açan M.Maqomayev ilk dəfə 1962-ci ildə Helsinkidə gənclər festivalında diqqəti cəlb edib. O, “Buhenvald harayı” və “Ruslar müharibə istəyirlərmi?” mahnılarının ifasına görə festivalın laureatı olub. 1963-cü ildə öz konsertləri ilə, sözün əsl mənasında, Moskvanı fəth edib. Onun çıxışları böyük əks-səda yaradıb. Müslüm Maqomayev estrada mahnıları ilə opera ariyalarını eyni dərəcədə gözəl ifa edib. 1964-cü ildə Milanın “La-Skala” Teatrında staj keçmək üçün bir il müddətində İtaliyada olub.

Vurğulanıb ki, Milandan sonra Müslüm MaqomayevToska” və “Sevilya bərbəri” operaları ilə Sovet İttifaqının ən iri şəhərlərində çıxış edib. 1966-cı və 1969-cu illərdə Parisin məşhur “Olimpiya” Teatrında Maqomayevin qastrolları böyük uğur qazanıb. M.Maqomayev 1969-cu ildə Sopot festivalında birinci mükafata layiq görülüb. 1973-cü ildə ona SSRİ Xalq artisti adı verilib. M.Maqomayev 1975-1989-cu illərdə özünün yaratdığı Azərbaycan Dövlət Estrada Simfonik Orkestrinin bədii rəhbəri olub. Qeyd edək ki, Müslüm Maqomayevin yaradıcılığı Azərbaycan mədəniyyəti tarixində xüsusi yer tutur. O, dünyanın ən möhtəşəm konsert salonlarındakı rəngarəng çıxışları ilə Azərbaycan mədəniyyətinə geniş şöhrət qazandırıb.

 

Həftə içi.- 2019.- 26-28 oktyabr. S. 8.