Azərbaycanda zubrların reintroduksiyası
Bu proqram
çərçivəsində ölkəmizə yeni zubrlar gətiriləcək
İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər
Nazirliyi və Ümumdünya Vəhşi
Təbiətin Mühafizəsi
Fondunun (WWF) Azərbaycan
nümayəndəliyinin "Azərbaycanda zubrların reintroduksiyası” proqramı
çərçivəsində Azərbaycana gələn il ərzində daha 8 baş zubr gətiriləcək. Bunu Trend-ə
Ümumdünya Vəhşi
Təbiətin Mühafizəsi
Fondunun (WWF) Azərbaycan
nümayəndəliyinin rəhbəri
Elşad Əsgərov
deyib.
Bu il Azərbaycana
12 baş zubrun gətirildiyini xatırladan
E.Əsgərov yeni zubrlar gətirildikdən sonra ölkədəki ümumi zubrların sayının 20-yə çatacağını
söyləyib.
İlk zubrları gətirməmişdən
əvvəl xarici ekspertlərin iştirakı
ilə Böyük Qafqazda elmi tədqiqatların
aparıldığını deyən E.Əsgərov əlavə edib ki, bu tədqiqatların
nəticələri əsasında
zubrların Şahdağ
Milli Parkının İsmayıllı rayonunun
300 hektarlıq ərazisində
(Buynuz kəndinin yuxarı hissəsində)
məskunlaşdırılması qərara alınıb. Zubrların təhlükəsiz
yaşaması, qaçmaması,
yırtıcı heyvanların onlara hücum etməməsi üçün onların
məskunlaşdığı ərazinin ətrafına elektrik çəpər çəkilib: “Elektrik çəpər onları
öldürə bilməz.
Bu çəpərlər heyvanları sadəcə olaraq titrədir və buna görə
də onlar ərazidən kənara çıxmağa cəhd
etmirlər”.
E.Əsgərov bildirib ki, Azərbaycana
yalnız Qafqaz geninin daşıyıcısı
olan zubrlar gətirilir. Onun sözlərinə görə,
aparılan axtarışlardan
sonra Avropa zooparklarında Qafqaz geninin daşıyıcısı
olan zubrlar tapılıb: “Bu heyvanlar Belarusda, Polşada, Amerikada və s. yerdə də yaşayır. Ancaq onlar bizə
yad olduğu üçün yalnız
Qafqaza xas olan genləri daşıyan heyvanları
axtarıb tapırıq.
Gətirilən 12 baş zubrun
hər biri Qafqaz geninin daşıyıcısıdır”.
Nümayəndəlik rəhbəri qeyd edib ki, alimlərin
tədqiqatlarına görə,
zubrların nəslinin
sağlam şəkildə
davam etdirilməsi üçün onların
başlanğıc sayı
ən azı 50 baş olmalıdır. Buna görə
də növbəti illərdə Azərbaycanda
zubrların sayının
getdikcə artırılaraq
50-yə çatdırılması nəzərdə tutulur: “Alimlər hesab edirlər ki, başlanğıc qrup
50-dən az olduqda onlar genetik olaraq
az çeşidli olurlar. Gələcəkdə
genetik problemlərin üzə çıxmaması
üçün başlanğıc
say ən azı 50 baş olmalıdır”.
E.Əsgərov nəsli kəsilmək
üzrə olan zubrların Avropa zooparkları tərəfindən
Azərbaycana pulsuz verildiyini də nəzərə çatdırıb:
“Əgər pulla alınarsa, onların qiymətləri çox baha olar. Erkək zubrların
qiyməti 12 min, dişi
zubrların qiyməti
8 min avrodur. Əgər pulla
alınsaydı, bir cüt zubr bizə
20 min avroya başa gələ bilərdi.
Amma
"Azərbaycanda zubrların
reintroduksiyası” proqramını
həyata keçirdiyimiz
üçün zooparklar
zubrları bizə pulsuz verirlər”.
WWF rəsmisi qeyd
edib ki, gələn ilin yazında hazırda elektrik çəpərlə
əhatələnmiş ərazidə
saxlanılan zubrların
vəhşi təbiətə
buraxılması nəzərdə
tutulur. Amma həmin zaman
zubrların boğazlarındakı
GPS xaltalar vasitəsilə
onların hərəkəti
izləniləcək və
olduqları ərazilər
dəqiqliklə müəyyən
ediləcək.
E.Əsgərov təbiətə buraxıldıqdan
sonra bu heyvanların insanlar üçün təhlükə
yaratmayacağını da
söyləyib. Onun sözlərinə görə,
zubrlar insanların həyətlərindəki, biçənəklərindəki
otları yeyə bilərlər: "Belə
hallar üçün
də biz gələcəkdə
zərərə görə
kompensasiyanın verilməsi
proqramını hazırlamağı
nəzərdə tuturuq”.
Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin
(ETSN) Bioloji Müxtəlifliyin
Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı
Departamentinin direktoru Hikmət Əlizadə isə bildirib ki, zubrların gətirilməsi məsələsi
hələ 6 il əvvəl müzakirə
olunmağa başlayıb:
“Zubrların gətirilməsi
6 illik zəhmətin bəhrəsidir. Qafqazda tarixən zubrlar
olub, onların əcdadları burada yaşayıblar. Bu gün biz artıq deyə bilərik ki, Qafqaz zubru
Azərbaycan təbiətinə
qaytarılıb. Zubrların ölkəmizə
gətirilməsi təbii
irsimizin bərpasının
elementidir”.
H.Əlizadə qeyd edib ki, Azərbaycana köçürülən zubrlar
yerli şəraitə
adaptasiya oluna biliblər və ölkəmizdə olduqları
5-6 ay ərzində burada
sağlam şəkildə
yaşaya biliblər:
“Artıq onların bir necəsinin balalayacağı gözlənilir.
Proqramdakı partnyorlarımıza təşəkkür edirik
ki, biz bu mərhələni uğurla
keçdik. Xarici təşkilatlar
da zubrların ölkəmizə gəirilməsini
Qafqazda son 10 ildə həyata keçirilən
ən uğurlu ekoloji layihələrdən
biri sayırlar”.
H.Əlizadə turistlərin də zubrlara böyük maraq göstərdiklərini
söyləyib. Onun sözlərinə görə, zubrlar gətirildikdən sonra Şahdağ Milli Parkına gələn təxminən 800 turistin səfərinin məqsədi
məhz bu heyvanları görmək olub.
Xatırladaq ki, 2012-ci ilin sonlarından etibarən zubr (bizon) növünün
ölkəmizin vəhşi
təbiətinə introduksiya
edilməsi istiqamətində
IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər
Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən intensiv
işlər aparılır.
Belə ki, 2015-ci ildə Şahdağ Milli Parkı ilə IDEA İctimai Birliyi arasında bu sahədə imzalanmış Əməkdaşlıq
Sazişinə əsasən
nəsli kəsilmiş
bizonların bərpası
və onların ölkə təbiətinə
reintroduksiya olunması,
digər növ vəhşi heyvanların elmi məqsədlərlə
artırılması üçün
Şahdağ Milli Parkının İsmayıllı
rayonunun inzibati ərazisinə aid olan hissəsində 305 hektar sahə ayrılıb, ərazidə zubrların çoxaldılıb təbiətə
buraxılması üçün
kompleks inşa edilib.
Yeri gəlmişkən, araşdırmalara
görə, son 27 ildə
Azərbaycanda nadir və
nəsli kəsilməkdə
olan heyvanların sayı 2 dəfə artıb, növbəti illərdə isə prosesin daha da
sürətlənəcəyi gözlənilir.“Qırmızı
kitab”ın 1989-cu ilin nəşrinə ümumilikdə
107 növ heyvan adı (40 növ həşərat, 5 növ
balıq, 5 növ amfibi, 7 növ sürünən, 36 növ
quş, 14 növ məməli heyvan) daxil edilsə də, kitabın 2013-cü
il nəşrinə
223 növ heyvan salınıb. Ötən müddət ərzində
azalma ən çox məməlilər,
quşlar, balıqlar arasında qeydə alınsa da, daha təhlükəli vəziyyət məməli
heyvanlarla bağlıdır.
Qərb alimləri isə apardıqları uzun araşdırmalar nəticəsində
müəyyən ediblər
ki, planetimizdə ciddi iqlim dəyişiklikləri
və insan fəaliyyəti üzündən
təxminən 8600 heyvan
növü nəsli kəsilmək təhlükəsilə
üzləşib. Mütəxəssislər
bildirirlər ki, nadir heyvanların 72 faizi insanın kənd təsərrüfatı fəaliyyəti
nəticəsində məhv
ola bilər.
Bundan başqa, bir çox fauna da ov ucbatından məhv olmaq təhlükəsilə üzləşib.
Alimlərin fikrincə, nəsli
kəsilməkdə olan
heyvan növlərinin
qorunmasına dair təcili tədbirlərin
siyahısı hazırlanmalı
və bunun üçün lazımi
vəsait ayrılmalıdır.
Vaxtilə Avrasiyada çox geniş yayılan zubrların ötən əsrin əvvəllərindən
etibarən nəsli kəsilməyə başlayıb. Vəhşi təbiətdə
demək olar ki, bu heyvanlara artıq çox az rast
gəlinir. Qafqaz dağlarında isə sonuncu zubr 1927-ci ildə öldürülüb. Hazırda dünyada mövcud olan az sayda
zubrlar var ki, onların da böyük əksəriyyəti zooparklarda saxlanılır. Bu
yolla onların sayının
artırılmasına çalışılır. Dağ kəli də adlandırılan bu heyvanlar qışda söyud, qovaq və s. ağacların qabığını, həmçinin
ağac və kolların zoğ
və tumurcuqlarını, yayda isə ot və yarpaq yeyir. Sürü ilə
yaşayır. Tarixi dövr
ərzində dağ kəli Mərkəzi
Avropa meşələrində və
Rusiyanın Avropa hissəsinin qərbində
yayılıb. XX əsrədək vəhşi dağ kəlilərinin yalnız Rusiyada 2 yarımnövü — Belovejskaya
puşşada (100 baş
təmizqanlı dağ kəli) düzənlik,
Belovejsk dağ kəli
və Şimal-Qərbi Qafqazın dağ
meşələrində dağ, Qafqaz zubru
qalmışdı. Qafqaz dağ
kəlisinin erkəyi ilə Belovejsk dağ kəlisinin dişisindən Qafqaz—Belovejsk dağ kəlisi alınmışdır.
Zubrların sayını bərpa etmək məqsədi ilə
xüsusi məntəqalər
yaradılmışdır. 25 ölkədə, o çümlədən ABŞ və Kanadada yetişdirilir. Rusiyada Okaboyu-Terras və Oka (Rusiya
Federasiyasının Ryazan vilayəti)
qoruqlarında, Polşada dağ
kəli yetişdirilməsi daha müvəffəqiyyətlə
həyata keçirilir. Artıq Belovejskaya puşşada, Karpatda və Qafqazda vəhşi
dağ kəlilərinin yeni
sürüləri yaradılıb.Zubrlar saatda
ən azı 80 kilometr sürətlə
qaçırlar. Ancaq onları
başqalarından fərqləndirən ən əsas məqam
zubrların bu sürətlə sürü şəklində
qaçmalarıdır.
Sevinc
Həftə içi.- 2019.- 26-28 oktyabr. S. 6.