"Siyasətçi populist çıxışlar edə, yalançı vədlər verə bilər" -

 

Son günlər ölkəmizdə cəmiyyətin böyük kəsimini də yaxından maraqlandıran bir sıra hadisələr yaşandı. Milli Şura və AXCP qanunsuz aksiyaya cəhd etdi, ölkə rəhbərliyi tərəfindən struktur islahatları aparıldı, yaş həddinə görə kadr dəyişiklikləri baş verdi... Bu hadisələrə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyevin baxış bucağından nəzər salmağa çalışdıq. Beləliklə, hafta.az-ın növbəti müsahibi millət vəkili Musa Quliyevdir. Bizcə maraqlıdır, siz də oxuyun:

- İlk öncə Prezidentin kadr islahatlarından başlayaq. Bu islahatlar davam edəcəkmi?

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyada qabaqcıl ölkə rəhbəri kimi tanınır. Prezident seçildiyi gündən, bu günə qədər istər hərbi, istərsə də sosial- iqtisadi sahələrdə islahalatlar aparır. Bu islahatların nəticəsində Azərbaycanın müxtəlif beynəlxalq reytinq cədvəllərində yeri yaxşılaşır. Bu il isə sosial sahədə çox uğurlu işlər aparılıb. Sosial islahatlar dərinləşir. Prezidentin 30-a yaxın fərman və sərəncamları oldu. Əsas məsələ vətəndaşın sosial-rifah halının yaxşılaşdırılmasıdır. Pensiyalar, əmək haqları artır, yeni iş yerləri açılır. Cənab Prezident hər zaman deyir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan xalqı dayanır. Dünən Ağdaşda görüşdə olarkən də söylədi ki, biz problemləri vətəndaşların öz dilindən eşitmək istəyirik. Bu qədər vətəndaşa açıq dövlət başçısı dünyada azdır. Prezident hər il 30-35 rayonda olur, Bakı şəhərində hər gün bir müəssisənin açılışını edir. Orada çalışanlarla görüşür, problemlərini dinləyir. İslahat, xalqa xidmət belə olur. Xalq da həqiqi liderini tanıyır, onu dəstəkləyir.

“Vətəndaşlarımız siyasi cəhətdən savadlı olmalıdırlar”

- Milli Şura razılaşdırılmamış aksiyaya cəhd etdi. Siz necə düşünürsünüz bu aksiya xalq üçün yoxsa, şura üçün əhəmiyyətli idi?

- Azərbaycan demokratik dövlətdir. Hər bir vətəndaşın öz fikrini ifadə etmək hüququ var. Eləcə də hər bir vətəndaşın söz azadlığı, mitinq etmə hüququ var. Azərbaycan dövləti bu azadlıqları tanıyır və qoruyur. Amma hər bir vətəndaşın azadlığı, digər vətəndaşın azadlığı başlayan yerdə bitir. Yəni, sən o dərəcədə azad deyilsən ki, mənim hüquqlarımı pozasan. Sənin mitinq hüququn, mənim isə istirahət hüququm var. Bu hüquqların toqquşmaması üçün müvafiq icra hakimiyyəti orqanları cavabdehdirlər. Bu hüquqların reallaşmasını tənizmləyirlər. Bu, bütün dünyada belədir. Ona görə də, vətəndaş, toplum, partiya etirazını aksiya şəklində bildirmək istəyirsə, qanunlara riayət etməlidir. Mitinq tək etiraz yox, eləcə də dəstək xarakteri də daşıya bilər. Məsələn, Türkiyə Suriya ərazisində antiterror əməliyyatı aparır, hər hansı ölkənin vətəndaşları yığılıb dəstək aksiyası keçirə bilərlər. Bu da belə razılaşdırılmalıdır. Əgər belə razılıq olmasa şəhər rəhbərliyi bildiyi şəkildə onun qarşısını almalıdır. Bizim qanunvericiliyimizdə elə yerlər vardır ki, orada aksiya keçirmək olmaz. Məsələn, metroların giriş-çıxışı insanların ən sıx olduğu yerdir. Azərbaycan müharibə aparan bir dövlətdir. Ona hər tərəfdən xəyanət ola bilər. Necə ki, 1990-ci ildə metronun partladılması ermənilər tərəfindən həyata keçirilmişdi. Təyyarə vuruldu, qatarımız partladılıdı. Məgər elə təxribatlar istəyirlərmi? “Mən istədiyim yerdə, istədiyim kimi mitinq keçirəcəm” demək dövlətçilik demək deyil. Qarşıdırma yaratmaqdır, dövlətə buynuz göstərməkdir. Vətəndaşlarımız siyasi cəhətdən savadlı olmalıdırlar. Azərbaycanda hakimiyyətə gəlməyin yeganə yolu var: demokratik seçki yolu... Dekabr ayında bələdiyyən seçkisi keçiriləcək. Buyurub namizədliklərini versinlər. Xalqın dəstəyini qazansınlar. Növbəti bir ildən sonra parlament seçkiləridir. Yaxşı xidmət et, vətəndaşlar da sənə etimad göstərib parlamentə səni seçsinlər.

- Kadr islahatlarında diqqət çəkən yaş məsələsidir. Lakin bəzi məmurlar yeni vəzifələrə təyin olundular. Ümimiyyətlə onların istrahətə göndərilməsi olmazdımı?

- O seçim insanların özü ilə bağlıdır. Alimdirlərsə, elmlə məşğul olurlarsa istəyirlər ki, dövlətin yüksək orqanlarından kənarda da xidmətləri olsun. Öz dövlətinə, öz xalqına başqa sahədə də xidmət göstərə bilərlərsə, bunlara niyə qadağa qoyulmalıdır? Akademiyada, institutlarda çalışmalarında heç bir qəbahət yoxdur. Kim istəyər, pensiya yaşı çatan kimi çıxıb öz istirahəti ilə məşğul olar, kim istərsə qanun yol verdiyi sahələrdə xidmətlərini davam etdirər. Kadr islahatlarının yaşa bağlanmasının tərəfdarı deyiləm. Kadr islahatları dövlət başçısının irəli sürdüyü bir siyasətdir. Gənc, enerjli kadrların işə cəlb olunması deməkdir. Bu isə o demək deyil ki, bütün yaşlı kadrlar çıxdaş edilməlidir.

- Prezident “Zəngəzur Azərbaycanındır” deməklə düşmənə nəyi çatdırmaq istəyirdi?

- Bunu ulu Öndər Heydər Əliyev də dəfələrlə müzakirə edib. Zəngəzurun Ermanistana verilməsinin tarixi yanlış olduğunu dilə gətirib. Dövlət başçısının bu çağırışı xalqda ruh yaradır. Bizim mübarizəmiz Qarabağla bitmir. Gələcək nəsillər də bunu biləcək və mübarizə aparacaqlar. Biz o torpaqlara dönəcəyik. “Zəngəzur Azərbaycanındır" demək, "Qarabağ münaqişəsi bitəndən sonra öz torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizəmizi aparacağıq" kimi siyasi bir mesajdır. Eyni zamanda dünyaya da çatdırmaq istəyir ki, erməni siyasəti işğalçı siyasətdir. Dağlıq Qarabağın işğalı dünən başlamayıb. Dağlıq Qarabağın işğalına qədər 1918-ci ildə Zəngəzuru işğal ediblər, İrəvanı alıblar. Sonra bu proseslər davam edib. Sovet dövründə, təkcə 70 il ərzində azərbaycanlılar 3 dəfə -  1930, 1947, 1950-ci illərdə deportasiya ediliblər. Təxminən 2 milyondan çox insan öz evindən-eşiyindən ayrı düşüb. Zəngəzur bizim əzəli torpağımızdır.

- Siz əvvəlki sualda bələdiyyə seçkiləri məsələsinə toxundunuz. Artıq müzakirələr vardır ki, bələdiyyələrin səlahiyyətləri də artırılır. MSK namizədlərin kifayət qədər olmasını da açıqladı. Bəs YAP bələdiyyə seçkilərinə necə hazırlaşır?

- YAP-da seçkilərə hazırlıq çox yüksək şəkildə gedir. Artıq bir neçə dəfə partiyanın məsul şəxsləri ilə görüşlər keçirilib. Partiyanın yerli təşkilatlarına tapşırıqlar verilib. Hesab edirəm ki, bütün seçkilərdə olduğu kimi, bu seçkilərdə də Yeni Azərbaycan Partiyası qalib çıxacaq. Prezidentin siyasətini dəstəkləyən xalqımız, bu dəfə də yerli hakimiyyətin seçilməsində YAP-a dəstəklərini nümayiş etdirəcəklər. Bəli, bələdiyyələrin səlahiyyətləri də artmalıdır, əsl yerli idarə etmə orqanına çevrilməlidir.

“Həkim xalqın həm fiziki, həm mənəvi ağrısını daha çox duyur”

- İstərdik bir az siyasətdən kənarlaşaq: Siz həkim idiniz, ədəbiyyata maraq göstərirdiniz. Və siyasətçi oldunuz... Bu necə baş verdi?

- Peşəsi həkim, lakin özü siyasətlə məşğul olan dünyada kifayət qədər insan var. Azərbaycanda da Nəriman Nərimanovu, Əziz Əliyevi və s. nümunə göstərə bilərik. Həkim xalqa yaxındır. Yəni həkim xalqın həm fiziki, həm mənəvi ağrısını daha çox duyur. Mən Qərbi Azərbaycanın Zəngəzur mahalındanam. Ümümmilli lider Heydər Əliyev yeni partiya yaratdı və tez bir zamanda xalqın rəğbətini qazandı. Mən də düşündüm ki, güclü adamın yanında olmaq lazımdır. Belə çətin məsələlərdə ona kömək etmək lazımdır. Eyni zamanda mən yaradıcı adamam. Şairəm, AYB-nin üzvüyəm. Bu isə tale məsələsidir. Bəlkə də tale məni şair görmək istəyirdi. Ancaq mən həkim oldum. Praktik həkimliklə mən cəmi 10 il məşğul oldum.

“Siyasətçi populist çıxışlar edə bilər, yalançı vədlər verə bilər”

- Ədəbiyyat adamları həssas olur, siyasət isə həssaslığı sevmir. Siz ikisini bir arada necə davam etdirirsiniz?

- İkisi bir arada mənəvi ağırlıq gətirir. Siyasət daha çox reallığa uyğun qərar qəbul etməyi tələb edən sahədir. Siyasətçi hər zaman xalqın gözünün qabağındadır. Siyasətçi populist çıxışlar edə bilər, yalançı vədlər verə bilər. Eyni zamanda siyasətçi reallığa uyğun addımlar da ata bilər. Fərqli-fərqli anlayışlardır. Siyasətin yükü ağır, məsuliyyəti çoxdur. Yəni siyasət daha çox məntiq tələb edir. Poeziya isə emosiyaların meydanıdır. Yəni, şeir yazanda daha sən yerlərin yox, göylərin adamı olursan. Düşünmürsən ki, bu yazdığın, dediyin kiminsə xoşuna gələcək. Artıq sənət üçün yazırsan və daha çox mənəvi ehtiyaclarını ödəmək istəyirsən. Bir dəfə rəhmətlik Söhrab Tahir mənə dedi ki, bu sözləri şair Nəbi Bəxtiyar Vahabzadəyə deyib, mən də sənə deyirəm: “Siyasət poeziyanı qurudur, sən nə qədər bacarırsan çox yaz”. Sonra anladım ki, doğru deyirmiş. Siyasət insanı daha çox praqmatik olmağa, daha çox reallığa uyğunlaşmağa, məntiqlə, səbrlə davranmağa sövq edir. Poeziyada isə bunların heç birini qəbul etmir. Mən siyasətdə gedən ömrü poeziyadan oğurlanmış ömür sayıram. Ancaq bu halımdan da məmnunam.

 

- Məşhur yazıçı Frans Kafka deyir ki, məni ədəbiyyatdan kənar hər şey iyrəndirir. Siz də deyirsiniz ki, siyasət mənim ədəbiyyata ayırdığım vaxtdan oğurlanmış ömürdür. Niyə onda siyasətdən birdəfəlik uzaqlaşmırsınız?

- Biz səksəninci illərdə ədəbiyyata gəlmiş adamlarıq. Bizim dövrün insanlarını taleyi bir az ağır oldu. Bir dövlət dağılıb, yeni dövlət quruldu. Yəni ədəbiyyatçılara qayğı azaldı. Yüksək tirajlarla kitablar çap olunmadı. Qonararlar olmadı. Biz ədəbiyyatın yetimlik dövrünə gəlib çıxdıq. Digər tərəfdən Dağlıq Qarabağ problemi və s. bizim ədəbi nəsli bir qədər geriyə saldı. Parlamentə gələndən sonra mənə Zəngəzurun tarixini yazmağı ulu öndər Heydər Əliyev tapşırdı. Daha çox tarixi araşdırmalar, publisistikalar bir qədər poeziyadan uzaqlaşdırdı. Bu da bir tale məsələsidir. Nə zamansa poeziyaya qayıdacağam, bilmirəm. Doğrudur ara-sıra çap da olunuram. Siyasətdən gedəcəyim barədə isə düşünmürəm. YAP hələ uzun müddət xalqa xidmət etməyə qadirdir. Belə vəziyyətdə mən xidmətlərimi göstərirəm, göstərəcəm də. Bu gün mən özümü daha çox siyasətdə görürəm.

- Bu qədər tarix, yaşanmışlar, ömür arxada qaldı. Bəs sizin arxada unudulan arzularınız qaldımı? Cəmiyyətin yaddaşında necə qalmağı arzu etmişdiniz?

- Mən cəmiyyətin yaddaşında qalmağı düşünmürəm. Əslində orta məktəbin sonuncu siniflərində qərara gəlmişdim ki, həkim olacam. Və həkimlik dövründə də özümü gördüyüm mərtəbə Bakı klinikalarının birində şöbə müdiri olmaq idi. Və heç birisi olmadı. Amma heç vaxt cəmiyyətin, tarixin yadında qalmaq kimi arzum olmayıb. Bir şeirim var, o yadıma düşdü:

 

Dünya heç saya salmasın

Bəsdi beş-üç dost-tanışım.

Mən haqqı tanıyan qədər

Kaş haqq da məni tanısın...

 

Yəni hər bir insanın özünün mühiti var. Orada özünü xoşbəxt hiss edir. Orada ailəsi, dostları əsas öncüldür. Bax, mən də o insanların ağlında işıqlı adam kimi qalmaq istəyirəm. İnsan dünyadan köçəndə özü ilə heç nə aparmır. İnsan dünyadan köçəndən sonra onun haqqında ikicə söz qalır: ya deyirlər yaxşı insan idi, ya pis adam idi. Mənim düşüncəm, əqidəm ondan ibarətdir ki, kimin yadında qalacağamsa qoy desinlər o, yaxşı adam idi.

“Biz dinin görüntüsünü anlayırıq, mahiyyətini isə yox”

- Musa müəllim, dinə münasibətiniz necədi?

- Hamımız müsəlmanıq, Allahı tanıyırıq. Dinin Azərbaycanda maarifləndirici, elmi tərəflərini görmək istəyirəm. Biz dini dərk etmirik. Biz dinin görüntüsünü anlayırıq, mahiyyətini isə yox. Din xadimlərimizin çoxu bunu dərk etmir. Elmdən nə qədər uzağıqsa, dindən də o qədər uzağıq. Elmə, nə qədər yaxın olsaq, dinə də o qədər yaxın olacağıq. Elmlə din qoşa getməlidir. Biri mənəvi, bir maddi dəyərin daşıyıcısıdır.

- Mütaliə edirsinizmi, ən son hansı kitabı oxumusunuz?

- Təəssüf ki, Azərbaycanda son dövr mənim marağımı cəlb edən kitab olmadı. Yusif Vəzir Çəmənzəminlini yenidən oxudum. Mütaliə edirəm. İstəyirəm gəncləri izləyəm. Məni cəlb edən gənclər azdır. Bəlkə də özlərini tapa bilmirlər deyədir. Aqşin Yeniseyi çox xoşlayıram. O, da Türkiyə gedəndən sonra daha yazmır. Şəhriyar Del Gerani də yaxşı şairdir. Xətrinə dəyməsin, yazdığından daha çox iddiası var. Fərid Hüseyn də sabitdir, inkişaf edir. Mən poeziyada cərəyanları qəbul etmirəm. Azərbaycan poeziyası bunu qəbul etmir.

- Adlarını çəkdiyiniz yazarlar sentimental şeirlər yazırlar. Dünyəvi şeirlər bir az Aqşin Yeniseydə var. Sosial qayğılar və ya başqa nəsə səbəb ola bilərmi?

- Məncə sosial deyil. Balaca qız uşağı yatıb yuxuda özünü böyümüş görür. Onlar da tez məşhur olmaq arzusu ilə bu tipdə yazırlar. Bəzən isə oxuduqları kitabların təsirindən çıxa bilmirlər. Şairlərimiz düşünür ki, sosial qayğılardan yazmaq publisistlərin işidir, şairlərin işi göylərdə olmaqdır. Mən elə düşünmürəm. Sənət xalqa xidmət etməlidir. Sənin yazdığından xalq heç nə əldə etmirsə bu da mənasızdır.

 

Ruzbeh

Həftə içi.- 2019.- 31 oktyabr. S. 5.