Köhnə royal
Hekayə
Günorta işə zəng vurub, anasının ölüm xəbərini verəndə Asifin ayağının altından yer qaçdı. Donub key kimi yanındakı insanlara baxdı. Hamı başını aşağı salmışdı. Asif iş yoldaşlarına baxırdı. Sanki onlardan bu xəbərin yalan olduğunu söyləmələrini gözləyirdi. Sonra özünə gəldi. Yox, deyəsən, xəbər yalan deyildi. Başını aşağı saldı, əllərilə üzünü örtüb uşaq kimi hönkürdü.
Tez iş yerindən çıxıb, taksiyə mindi. Evə girəndə həyat yoldaşı ağlaya –ağlaya qabağına qaçdı. Asifin gözləri heç kimi görmürdü. Amma hiss edirdi ki, otaq adamla doludur. Donuq baxışlarla ətrafa baxdı. Anasını axtarırdı. Cənazəni otağın ortasında xalçanın üzərinə qoymuşdular. Asif yerə çöküb anasının soyumuş bədənini qucaqladı. Hönkürtüsü ağlaşan qadınların səsini batırdı.
O, anasına çox bağlı idi. Uşaqlıqdan atasız böyüyən Asif mehrini anasına salmışdı. Bu gün o, ən qiymətli insanını itirmişdi. Onun üçün dünya sanki boş qalmışdı. O, anasız necə yaşayacaqdı?
Qohumları Asifin qolundan tutub ayağa qaldırdılar. Asif göz yaşlarını saxlaya bilmir, hönkürərək yasa gələnlərə baxırdı. Ayaq üstə dayanmağa iqtidarı yox idi.
Günlər keçdi. Anasının üçü ,yeddisi, qırxı da bu minvalla başa gəldi. Gəlib -gedənlərin sayı azalmağa başladı.
Anasından Asifə təkcə köhnə bir royal qalmışdı. Röyal qədimi idi, otağa girəndə hamının diqqətini cəlb edirdi. Dilləri də yaxşı işləmirdi, rəngi qaralmışdı. Asifin həyat yoldaşı onu neçə dəfə satmaq istəmişdi: “Evimizin gözəlliyini korlayır. Ana, sataq bunu, çox köhnədi, təzəsini alarıq”, – demişdi qayınanasına. – “Gələn- gedən soruşur ki, bu cür gözəl evdə, bahalı mebellərin içində nə əcəb köhnə royal saxlayırsınız?”.
“Yox, nə danışırsan?” –qayınanası əsəbiləşmişdi. – “Nə qədər ki, mən sağam, bu royal satılmayacaq. Ancaq mən öləndən sonra bu royal evdən çıxa bilər”, – demişdi.
Asifin anası Nərminə xala
bu royalı
çox sevirdi. Bu royal ona
babasından yadigar
idi. Almaniyada yaşayan babası sevimli
nəvəsinə yeddi yaşında bu royalı hədiyyə göndərmişdi.
Ona görə Nərminə xala babasının bu hədiyyəsini göz bəbəyi kimi qoruyub saxlamışdı.
Düzdür, vaxt, zaman özünü göstərmişdi.
Röyal
illər keçdikcə
rəngini dəyişmiş,
solmuşdu. Gözəlliyi, üstündəki naxışları
qorunub saxlanmışdı.
İllər bu naxışlara
toxunmamışdı. Səksənyaşlı bu
royal onun evinin köhnə “sakini” və otağının yaraşığı
idi. Bu royalı o qədər adam pulu ilə almaq istəmisdi,ancaq
Nərminə xala razılaşmamış,
evinin bu “ağır çəkili
sakinini” heç kimə verməmişdi . Nərminə xala artıq
dünyada yox idi. Asifin həyat yoldaşının
dili açılmışdı:
– Gəlib-gedən
var. Royalı sataq getsin. Evin yaraşığını pozur.
Asif hər gün arvadının giley-güzarını eşitməkdənsə, köhnə royalı satmağın tərəfdarı idi. Anası öldükdən
sonra bu royala daha da
bağlanmışdı. Elə
düşünürdü ki,
bu royal satılsa, anası ilə bağlı bütün xatirələri ömürlük itirəcək.
Hər dəfə işdən gələndə
royalın qarşısında
dayanar, analı xatirələr
gözünün qabağından
kino lenti kimi gəlib keçərdi. Anası musiqi müəlliməsi
idi. Bu evə nə qədər uşaqlar gəlib-getmişdi...
Bu royalı nə
qədər uşaq səsləndirmişdı... Hələ
özü... Axı özü də bu royalda nə
qədər
mahnılar
çalmışdı... Royalı satmaq
ona çox ağır gəlirdi. Elə bilirdi, anasının yadigarını
satmaqla onun xatirələrini də satırdı.
Çox fikirləşdikdən sonra, Asif royalı
satmaq qərarına gəldi. ”Mən
satmasam, uşaqlar satacaq”, – deyə düşündü. – “Onsuz da köhnə
royaldı. Kimin nəyinə
lazımdı? Bir az çalıb atacaqlar”.
Belə düşüncələrlə köhnə
musiqi alətləri satılan dükana gəldi. Burada onun tanıdığı bir qoca royal ustası işləyirdi. Salamlaşıb
hal-əhval tutduqdan
sonra anasının köhnə royalından bəhs etdi. “Evdə yer tutur,
satmaq istəyirəm”,
– dedi.
Usta:
– Yaxşı, sabah gəlib baxaram.
Asif sağollaşıb evə qayıtdı.
Həyat yoldaşına royalı
satmaq üçün musiqi alətləri satılan dükana getdiyini və sabah ustanın gəlib baxacağını,
qiymət qoyacağını
dedi.
Bu söhbətdən xanımı
çox sevindi. Artıq köhnə,
evinə yaraşmayan royaldan canı qutaracaqdı.
Ertəsi gün Asifin çağırdığı usta deyildiyi kimi, vaxtında gəlib çıxdı.
Kənardan eynəyinin
altından
diqqətlə bu
alman royalına baxıb, qaşlarını
çatdı:
– Asif, royala söz ola bilməz,
qədimi royaldı. Bu yaşıma qədər
belə royal görməmişəm.
Bu royal qiymətsizdi, – deyib royala yaxınlaşdı.
Royalın qapağını açıb əlini rəngi solmuş, qaralmış dillərinə toxundurdu:
– Kökdən də düşüb.
Deyəsən, heç vaxt
köklənməyib. Bəs ananız bunu
necə çalırdı?
– Bilirsiniz, anama royalı kökləyək deyəndə
əsəbiləşirdi. Heç
vaxt usta gətirməyə qoymurdu.
Deyirdi, belə yaxşıdı.
– Niyə görəsən?
Usta öz-özünə
sual verdi.
Sonra royalın
üst hissəsini sökməyə başladı.
Nədənsə şübhələnmişdi.
Nə axtardığını, deyəsən,
bilirdi. Bir neçə saat royalın içində
vurnuxduqdan sonra qışqırdı:
– Tapdım! Asif tapdım!
Şirinliyini verəcəksən!
– Nəyi tapdınız?
– Ananızın royalı satmamasının
səbəbini tapdım.
– Bunu bilməyə nə var ki,
babasının hədiyyəsi
idi.
– Yox, Asif, səbəb o deyildi. Səbəb royalın simlərinin
qızıldan olmasıdı.
Asif eşitdiklərinə
inanmadı. Göz bəbəkləri hədəqəsindən
çıxdı:
– Ola bilməz! Bu qədər sim qızıldan
ola bilməz!
– İnanmırsan, gəl
özün bax. Usta royalın
içərisində olan
yazını ona göstərdi.
– Bu royal qiymətsizdI,
satıla bilməz. Qaydalara görə, yalnız muzeyə verilə bilər. İstehsal tarixinə bax: 1920. Ölkədə cəmi
on dənə
istehsal olunub. Biri də sizdədi. O dövrdə belə royalları ölkənin ən varlı insanları
alırdı. Ananızın babası Almaniyada nə işlə məşğul
olurdu?
– Düzü,
heç yaxşı bilmirəm. Bircə onu bilirəm ki,
ingilis və
alman dillərini yaxşı bilirdi. Çox savadlı adam idi.
Səfirlikdə işləyirdi. Tez-tez yerlərini dəyişirdilər.
Müxtəlif ölkələrə gedirdi. Amma son zamanlar Almaniyada
çalışırdı. Royalı da anama yeddi yaşı
olanda oradan göndərib.
– Görürsən, anan qorxusundan sənə də deməyib.
– Görəsən,
nədən qorxurdu?
– Qorxurdu ki, hökümət bilər və əlindən alar. Bir vaxtlar Almaniya
hökuməti bu
royalları özü
axtarışa vermişdi,
hətta qəzetdə
də çıxmışdı.
Royalı təhvil verənə
pul verirdilər. Səksəninci illərdə
cəmi üçünü tapmışdılar.
Yeddisi isə hələ də tapılmayıb.
Görürsən, dördüncünü mən tapdım. Mənə şirinlik düşür.
Asif də, yoldaşı da, uşaqları da mat-məəttəl qalmışdılar. Həyəcanla bu qoca ustanı dinləyirdilər. Sevinsinlərmi, gülsünlərmi, bilmirdilər. Nə edəcəklərini də bilmirdilər. Donub qalmışdılar.
– Niyə sevinmirsiniz? Evinizdə bu boyda xəzinə var. Sabah bütün
qəzetlər sizdən
yazacaq. Bütün dünya sizdən
danışacaq. Tanınmış
insanlardan biri olacaqsınız . Hökumət bəlkə sizə pul da verdi.
Arvadı:
– A kişi
özünə gəl,
noolub sənə, görmürsən deyir pul verəcəklər? Sevinərək Asifi silkələdi.
– Dayan görüm,
səninki də elə pul olsun.
Biz fikirləşərik, usta.
Asif arvadının əlini itələyib
ona göz ağartdı. Sonra usta
ilə bir qədər söhbətdən
sonra onu qapıya qədər yola saldı. Xahış etdi ki, anasının royalı barəsində heç kimə bir söz söyləməsin.
Usta başı ilə razılıq edib,
gülümsəyərək qapıdan çıxdı. Deyəsən, Asifin qərarından məmnun idi.
Asif
otağa qayıdıb :
– Biz royalı satmayacağıq. Muzeyə də
verməyəcəyik. Bu royal ömürlük
evimizin sakini olacaq. Ona görə
ki, o bizim üçün çox qiymətlidi, həm də anama babasından yadigardı. Anam bu ənənəni qoruyub saxladı. Əgər anam nəfsinə
hakim olub, ən çətin günlərimizdə
belə onu satmadısa, deməli, biz də satmayacağıq. Biz də
bu ənənəyə
sadiq qalacağıq.
Onu qoruyub-saxlayacağıq. Nəsildən-nəsilə
ötürəcəyik...
Otağa sükut çökdü. Asifin qərarını
hamı başı ilə təsdiq etdi.
– Əhsən, – deyib Asif övladlarından
məmnun qalaraq sevincindən kövrəldi və gözündən axan yaşı əli ilə sildi. Bir anlıq anasınin
nəfəsini
hiss etdi..
...Gecə anası Asifin yuxusuna gəldi. Gülümsəyirdi. Deyəsən, babasının yadigarını satmadığına
görə oğluna minnətdarlıq edirdi...
Məlahət Hümmətqızı
Həftə-içi.-
2019.- 26-28 oktyabr. S. 8.