Yardımlıda 5000 illik

kurqanlar aşkarlanıb

 

Yardımlı rayonunun Kürəkçi kəndi ərazisindəki kurqanlarda bir neçə gündür ki, arxeoloji qazıntılar aparılır. Qazıntılar nəticəsində Kür-Araz mədəniyyətinə aid kurqanların 5000 illik tarixə malik olduğu aydınlaşıb.

Kurqanlar türk xalqlarının dəfn mədəniyyətində xüsusi yer tutur. Ucsuz-bucaqsız çöllərdə salınan kurqanların əksəriyyətinin hələ də sirri açılmayıb. Ölkəmizdə saysız kurqan mövcuddur və onların ən geniş yayıldığı ərazi Qarabağdır. Yardımlı rayonu ərazisində isə kurqanların tədqiqatına son illərdə AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərlik etdiyi ekspedisiya qrupu tərəfindən başlanılıb. Komanı, Sarıbulaq, Şahnişin yaylaqlarında yüzlərlə kurqan abidələri mövcuddur. Artıq ərazidə beşdən çox kurqan tədqiq olunub. Yarımköçəri maldar tayfalara məxsus bu kurqanlar Erkən Tunc dövründən başlayaraq tarixin müxtəlif mərhələlərini əks etdirir.

Arxeoloji ekspedisiyanın rəhbəri Anar Ağalarzadə: “Kurqan abidələrinin qazıntısı zamanı biz e.ə. III minilliyin sonlarına, yəni Erkən Tunc dövrünün son mərhələsinə aid qəbir abidələri aşkar etmişik. Bu, bölgədə yaylaq və yüksək dağlıq ərazilərin məhz e.ə. III minillikdən başlayaraq mənimsənildiyini sübut edən əsas faktlardan biridir”.

Komanı yaylağı deyilən, dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşən ərazidə Erkən Tunc dövrünə aid növbəti kurqan qazılır. Qazıntısı aparılan bu kurqan ortaölçülüdür, dərinliyi təxminən 2 metrə yaxındır. Kür-Araz mədəniyyətinə aid 5000 illik tarixi olan kurqandakı insan üzü cənub-qərb istiqamətinə az yarımbükülü vəziyyətdə dəfn edilib. Ümumiyyətlə araşdırılan fərqli ölçülü kurqanlarda müxtəlif dəfn adətlərinə rast gəlinir. Dəfn edilən insanın ətrafına qoyulmuş əşyalar da müxtəlifdir. Misal üçün, son tədqiq olunan kurqandan tapılan heyvan cəmdəyi axirət dünyasına inamla bağlıdır. Həmin dövrdə yaşayan insanlar ölən şəxsin o biri dünyada bununla qidalanacağına inanıblar. Yeni kurqanın qazıntısı zamanı həmçinin cənub bölgəsində ilk dəfə olaraq sümükdən hazırlanan iy başlığı tapılıb.

Bu barədə danışan Anar Ağalarzadə bildirib ki, kurqandan tapılmış bir ədəd iy başlığı məhz ipəyirmə sənətində istifadə olunan əşyadır. Bu əşyanın tapılması bir daha sübut edir ki, bölgədə maldarlıq təsərrüfatı geniş şəkildə yayılmışdır.

Minilliklərlə yer altında qalan bu yadigarlar Azərbaycan xalqının qədim dövr tarixinin öyrənilməsi üçün əvəzsiz mənbədir. Arxeoloji tədqiqatların əsas məqsədi Erkən Tunc dövründən başlayaraq yüksək dağlıq ərazilərdə insanların məskunlaşması və bu ərazilərin onlar tərəfindən necə mənimsənilməsi faktını ortaya qoymaqdır. Yardımlının dağlıq ərazilərindən sonra aran hissəsində olan abidələrin də tədqiqinə başlanılacaq və çox güman ki, qədim maldar əhalinin düzən ərazilərdə yaşayış yerləri aşkar ediləcək.

Arxeoloji ekspedisiyanın rəhbəri Anar Ağalarzadə deyib: “Bütün bu araşdırmalar göstərir ki, bölgənin tarixi çox qədim və zəngindir. Bu araşdırmaların nəticəsində belə qənaətə gəlmək olar ki, Azərbaycanın cənub bölgəsində üzə çıxarılan qədim abidələrlə Yaxın Şərq bölgəsinin abidələri arasında bir sıra oxşarlıqlar var”.

Qeyd edək ki, son kurqandan aşkar edilmiş insan skeletinin antropoloji tədqiqatı aparılacaq. Antropoloqlar tərəfindən kurqanda dəfn edilən şəxsin cinsiyyəti və bölgədə yaşamış qədim insanların antropoloji tipi müəyyənləşdiriləcək.

 

Həftə içi.- 2019.- 5-6 sentyabr.- S.5.