Ozon təbəqəsi –
planetimizin zərif zirehi
16 sentyabr Beynəlxalq ozon təbəqəsinin
mühafizəsi günüdür
Bu gün Yer
kürəsi bir çox ciddi ekoloji problemlərlə
üz-üzə qalıb. Beynəlxalq Millətlər Təşkilatı
bu problemlərə diqqət çəkmək məqsədilə
bir sıra tədbirlər həyata keçirməkdədir. Məsələn,
1994-cü ildə BMT-nin Baş Assambleyası 16 sentyabr tarixini
“Beynəlxalq ozon təbəqəsinin mühafizəsi
günü” elan edib. Bu gün ozon təbəqəsini
dağıdan maddələrə dair imzalanan Monreal protokolunun
tarixə salınması məqsədilə təyin
olunmuş və dövlətlərə bu tarixi Monreal
protokoluna uyğun fəaliyyətlərin təbliğatına
həsr etmək təklif edilib.
“Ozon
təbəqəsinin qorunması haqqında” Vyana
Konvensiyasında əks olunan və sonradan
dağıdıcı xüsusiyyət daşıyan maddələrə
dair Monreal protokolunda həyata keçirilən ozon təbəqəsinin
qorunması beynəlxalq təşəbbüsdür.
Protokolda iştirakçılar tərəfindən öhdəliyə götürülmüş müəyyən hədlər, ozondağıdıcı maddələrin istehsalı və istehlakının tamamilə dayandırılması müəyyən olunub. Bu gün Vyana Konvensiyasına 173 dövlət qoşulub.
Məlumat üçün bildirək ki, ozon qatı günəşdən gələn ultrabənövşəyi şüaları udur, onların yer səthinə çatmasının qarşısını alır. Ozon qatının dağılmasında “antropogen faktorun” rolu elmi dairələrdə daha çox təhlükə mənbəyi kimi müzakirə olunur. Elə buna görə də Yer kürəsində olan bütün canlıları ultrabənövşəyi şüalanmadan qoruyan ozon qatının qorunması dünya ölkələri üçün birinci dərəcəli problemlərdən sayılır. Beynəlxalq ozon qatının mühafizəsinin devizi belədir: “Səmanı qoru, özünü qoru, ozon təbəqəsini qoru!”.
Yeri gəlmişkən, havanın qütblərə doğru aktiv axını ilə əlaqədar ozonun tərkibinin ən böyük qiyməti Kanada, Şimali Avropa və Rusiyanın Arktikaya yaxın hissəsində qeyd olunur. Yay fəslinə qədər orta en dairələr üzərində ozonun konsentrasiyası yüksək səviyyədə qalır. Belə meteoroloji şəraitin və böyük miqdarda kimyəvi aktiv xlorun olması Antarktika qitəsi üzərindəki ozon qatının dağılmasına səbəb olur. Ozon qatının dağılması ekvator zonasında planktonların məhvi nəticəsində okeanın biogenezinin dağılmasına, flora və faunanın məhvinə, insanlarda göz və xərçəng xəstəliklərinin artmasına, eləcə də insan və heyvanların immun sisteminin zəifləməsi nəticəsində müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır. Hesablamala görə, təxminən 1970-ci ildən başlayaraq stratosfer ozonunun miqdarının qlobal azalması müşahidə olunur. Ozonun ümumi miqdarının azalması buzlaqların əriməsinə səbəb olur, digər tərəfdən, son yüz ildə Yer kürəsində orta illik temperaturun 0,6 dərəcəyə qədər artması qlobal istiləşmə problemi yaradır. Yer kürəsinə düşən UB şüalanmanın artması nəticəsində buzlaqların ərimə sürəti artır. Nəticədə son yüz ildə okean sularının səviyyəsi 10-15 sm artıb.
Hazırda ozon təbəqəsinin müşahidəsi ilə ABŞ-ın Milli Aeronavtika və Kosmik Agentliyi (NASA), Ümumdünya Meteorologiya Təşkilatı kimi mötəbər təşkilatlar, həmçinin Kanada, Böyük Britaniya, Yeni Zelandiya və s. ölkələrin çoxsaylı təşkilatları müntəzəm olaraq məşğul olurlar.
Xatırladaq ki, 1982-ci ilin yanvar ayında BMT-nin Ətraf Mühit Proqramı Ozon Qatının Qorunması Haqqında Qlobal Konvensiyanın layihəsinin hazırlanması üçün xüsusi hüquqi və texniki ekspertlər qrupunun ilk müşavirəsini çağırıb. 3 illik aktiv danışıqlardan sonra Konvensiya 1985-ci il mart ayında Vyana şəhərində qəbul edilib. Konvensiyanın 21-ci maddəsinə görə, ölkələr insan sağlamlığını ətraf mühitin ozon qatının dağılması ilə əlaqədar təsirlərdən qorumağa dair öhdəliklər götürüb.
Araşdrmalara görə, ozon qatının azalmasına səbəb stratosferə düşən və texniki fəaliyyətin nəticəsi olan kimyəvi birləşmələrdir. Stratosfer qatında aparılan ölçmələr bu fikri təsdiq edib.Bəzi alimlər ozonun azalmasını meteoroloji dəyişmələrlə də izah edirlər. Lakin meteoroloji təsir nəzəriyyəsi ozon qatının niyə məhz axırıncı 20 ildə azaldığını izah edə bilmir. Bəzi tədqiqatçılar bu hadisəni günəşin aktivliyi ilə bağlayırlar. Lakin bu nəzəriyyə də sistematik ölçmələr aparılmasını tələb edir. Beləliklə, ozon qatının azalması faktı realdır və bu azalma son 20 ildə təxminən 2 faiz təşkil edibr. Səbəb atmosferə antropogen tullantıların miqdarının artmasıdır. Ona görə də, hazırda beynəlxalq miqyasda azot oksidlərinin, xlorlu karbohidrogenlərin atmosferə buraxılmasını azaltmaq üçün tədbirlər görülür, sazişlər bağlanır. Lakin Yer üzərində həyat davam edir və ozon qatını normal vəziyyətə çatdırmayana qədər bütün canlılar bu problemlə bağlı mənfi fiziki təsirlərə məruz qalacaqlar. Belə şəraitdə ozon qatının vəziyyəti ilə əlaqədar məlumatlar almaq, xüsusilə qeyri-məqbul günlərdə davranış qaydalarına əməl etmək vacibdir. Ən əvvəl ozonun atmosferdə miqdarı bir sıra faktorlardan - ilin fəsillərindən, coğrafi en dairəsindən və hündürlükdən asılı olaraq dəyişir. Ozonun miqdarı qışın axırı və yazın əvvəlində artır, payızda isə azalır. Bu maksimumlar tropik zonada nisbətən aşağı məsafədə baş verir. Digər tərəfdən, ozonun ümumi miqdarının dəyişməsində təxminən iki illik dövr müəyyən olunub. Belə dövrün mövcudluğu nəticəsində 70-80-ci illərdə müşayiət olunan azalma sürəti sonralar müşahidə olunmayıb. Hətta bu azalma sürəti qaldığı halda ozonun ümumi miqdarının üçdə bir hissəsinin azalması üçün təxminən 200 il vaxt lazımdır.
Son illər tez-tez səsləndirilən ozon qatının deşilməsi barədə söylənilən fikirlərin də yalnız mülahizələr olduğu ortaya çıxıb və mütəxəssislərin qənaətinə əsasən, onun nə vaxt deşiləcəyini müəyyənləşdirmək uzun bir prosesdir. Ozon qatının yaxın zamanlarda deşiləcəyi ilə bağlı rus alimlərinin proqnozları da dünya alimləri tərəfindən birmənalı qarşılanmır. Çünki onu dəqiq müəyyən etmək üçün güclü laboratoriyalar lazımdır. Belə sistematik laboratoriyalar yalnız bir neçə inkişaf etmiş ölkələrdə var. Amma onların da elmi hazırlıqları bunu araşdırmağa imkan vermir. Bir çox alimlər isə deyirlər ki, ozon qatı müəyyən müddətdən sonra bərpa olunur və təhlükə tədricən azalır.
Qeyd edək ki, Azərbaycan Respublikası da
müstəqil bir dövlət kimi dünyanın
aparıcı dövlətləri sırasına qoşularaq,
ümumbəşəri ekoloji problem olan ozon təbəqəsinin
mühafizəsi haqqında Vyana Konvensiyasının (1985),
Monreal Protokolunun (1987), London (1990), Kopenhagen (1992) və Monreal
(1997) düzəlişlərinin ratifikasiya edilməsi
haqqında Qanun, 2012-ci ildə isə Monreal Protokolunun 25 illik
yubileyində Pekin düzəlişinə qoşulub.
Ratifikasiyadan sonra Birləşmiş Millətlər Təşkilatının
Ətraf Mühit və İnkişaf Proqramlarının dəstəyi
ilə “Çinar” soyuducu və Sumqayıt kompressorlar
zavodlarında, yanğınsöndürmə idarələrində
istifadə olunan - İnsanın təsərrüfat fəaliyyəti
nəticəsində atmosferdə ozondağıdıcı
maddələrin - ODM-in istifadədən çıxarılması,
sənayenin müxtəlif sahələri və məişətdə
istifadə olunan ODM olan soyuducu agentlərin bərpası, yenidən
istifadəsi, bu sahədə təlimatçı və texniklərin
öyrədilməsi, Monreal Protokolunun yerinə yetirilməsi
üçün təşkilatı strukturların möhkəmləndirilməsi
üzrə layihələr həyata keçirilib. Azərbaycan
Respublikası ozon təbəqəsinin qorunması üzrə
dünya ictimaiyyətinin bütün səylərini dəstəkləyir
və beynəlxalq razılaşma əsasında qəbul
etdiyi öhdəlikləri ardıcıl olaraq yerinə yetirməyə
çalışır. Ölkəmiz bir sıra
ozondağıdıcı maddələrin istifadədən
çıxarılması və həmin maddələrin
atmosferə atılmasının qarşısının
alınması üzrə dünya birliyinin həyata
keçirdiyi tədbirlərdə fəal iştirak edir.
2008-ci ildə ozon qatının davamlı müşahidəsinin
aparılması məqsədi ilə BMT-nin Ətraf Mühit
Proqramı (UNEP), Qlobal Ətraf Mühit Fondu (GEF) və
Ümumdünya Meteorologiya təşkilatına ozonometrin
alınması üçün layihəyə təklif
verilib. 2010-cu ildə “Şərqi Avropa və Mərkəzi
Asiya ölkələrində Ozon qatının qorunması sahəsində
fəaliyyətlərin gücləndirilməsi” regional texniki
layihə çərçivəsində İqlim Dəyişmələri
və Ozon Mərkəzində ofis avadanlıqları
quraşdırılmış və lokal şəbəkə
yaradılıb. Layihə cərcivəsində fəaliyyətlər
davam etdirilərək ozondağıdıcı maddələrin
iqlim dəyişmələrinə daha az təsir göstərən
yeni maddələrlə əvəz edilməsi məqsədilə
layihə təklifi hazırlanıb GEF-ə təqdim edilib.
Bu yazı Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Həftə içi.- 2019.- 14-16
sentyabr.- S.6.