“Hər dəfə tarı bağrıma
basıb
çalanda, tamamilə
başqalaşıram”
Hər bir musiqi alətinin
özünün dili var, gərək onu biləsən, səsini
qəlbinlə duyasan, sehrli səsinə bürünüb dinləyiciləri ağuşuna alıb, sirrli bir məkana
aparmağı bacarasan. Təpədən-dırnağadək
musiqiçi olan gənc tarzən, gözəl ifaçı
İkram Qarabağlının ifalarında bu cür
yanğılar, Qarabağ ağrıları daha çox
duyulur.
– İkram müəllim, necə
oldu ki, siz musiqiçi oldunuz, xüsusilə də tar alətini
daha üstün tutdunuz?
– Mən əslən qarabağlıyam. Valideynlərim Ağdam rayonunun Kolanı elində, Qalayçılar kəndində doğulub, boya-başa çatıblar.
1993-cü ilin 23 iyulunda Ağdamın işğalından sonra, Bakı şəhərinə pənah gətiriblər. Valideynlərimin gözlərində və üzlərində torpaq, el-oba həsrəti duyulur. O torpaqları görməsəm də, mən də onlarla birlikdə həmin ağrıları yaşayıram. Açığını deyim, tar çox çətin bir alətdir. Onun əsl vətəni Şuşa olduğuna görə, məhz bu aləti daha çox sevdim. Tarla yanaşı, gitara və saz alətlərində də gözəl ifalar edirəm. Musiqiyə həvəsim uşaq çağlarından başlayıb. Kim nə deyir-desin, Allah-Taala istedadı və qisməti insana ana bətnində olarkən verir.
…Təxminən, 5-6 yaşlarım olardı. Hər dəfə Rəmiş gitaranı bağrına basıb çalanda və onun barmaqları sarı simlər üstündə alışıb-yananda, sanki məni də dəlicəsinə yandırırdı, özü ilə birlikdə bugünədək sirri bilinməyən uşaqlıq aləmindən yaxın gələcəyə aparır, məndə simli alətlərə qarşı maraq oyadırdı.
Uşaqlıqdan arzum bu idi ki, Rəmiş kimi məşhur gitaraçı olum. Atam sözügedən musiqi alətinə həvəs göstərdiyimi görüb mənə gitara aldı. Çala bilməsəm də, barmaqlarımı pərdələr üsründə oynadırdım və simlərdə səslər çıxarırdım. Get-gedə gitaranı özümə ram etməyə çalışırdım. Ona görə də atam məni əvvəlcə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində fəaliyyət göstərən Bakı şəhər 36 saylı uşaq musiqi məktəbinə apardı. Adıçəkilən təhsil ocağında gitara sinfi olmadığından, məni tar sinfinə qoydu.
2002-ci ildə valideynlərim yaşayış yerlərini dəyişdiyinə görə, musiqi təhsilimi Qara Qarayev adına 8 saylı Uşaq Musiqi Məktəbində davam etdirdim.
- Bəs ustadın, müəllimin
kim olub?
- Bakı şəhər 8 saylı
Musiqi Məktəbində təhsil alarkən tar müəllimim
Azər Abbasovdan tarın əlifbasını,
ifasını öyrəndim. Asəf Zeynallı adına Musiqi
Kollecində isə Xalq artisti Möhlət Müslümovdan isə
tarın əsl sirlərini, Ifaçılıq qabiliyyətini,
bir sözlə, sənəti öyrəndim. Möhlət Müslumov gözəl
tarzən, müşayiətçi olmaqla yanaşı, həm
də gözəl ustaddır, pedaqoq-müəllimdir. O, bu sənəti
bizə öyrədəndə, sanki ürəyini qoyur, dəridən-qabıqdan
çıxır. İstedadlı gənclərə isə
öz doğma balası kimi baxır. Istəyir ki, həmin gənclər
də onun kimi məşhur tarzən olsunlar. Bağban bağ
salıb, onu becərib meyvəsini yetişdirdiyi kimi,
Müslüm müəllim də məhz öz sənətinin
bağbanıdır. Gün-gündən püxtələşdikcə
və gözəl ifalarımızı görüb sevinərdi,
bizi daha da özünə, bu sənətə
yaxınlaşdırardı. Məni oğlundan seçməzdi.
Hər dəfə gözəl ifalarımı görüb deyərdi:
sənin gözəl və pərdəyə yatımlı
barmaqların var. Əgər öz üzərində işləsən,
gələcəkdə gözəl sənətkar ola bilərsən.
Tələbə
ikən ifalarım kollecdə dərs deyən
tanınmış xanəndələrin,
xüsusilə də Xalq artistləri – Arif Babayevin və Alim
Qasımovun çox xoşuna gəldiyinə görə, tələbələrə
muğam dərsində müşayiətçi kimi məni dəvət
edirdilər.
- Bu sənətə yiyələnməkdə
çətinlikləriniz olubmu?
- Asan
peşə və sənət yoxdur. Hər bir sənəti
öyrənmək üçün istedadınla
yanaşı, gərək zəhmətkeş olasan. Heç
bir çətinlikdən qorxmayasan. Tar çətin musiqi alətidir.
Gərək bu aləti əlinə aldığın ilk
gündən qorxmayasan. Ona ürəklə yanaşasan. Musiqi
alətləri səni yox, ilk gündən sən onu
qorxutmağı bacarasan.
Sənətkar
olmaq üçün istedadın, pərdələrə yatan
barmaqlarınla yanaşı, həm də böyük ürəyin
olmalıdır. Hər dəfə tarı bağrıma
basıb çalanda tamamilə başqalaşıram, artıq
onda özüm olmuram. İlahi bir qüvvəyə,
varlığa çevrilirəm, mizrabı simlərə yox,
sanki ürəyimin tellərinə vururam.
Əsl sənətçinin
gözəl eşitmə qabiliyyəti olmalıdır. Etdiyi ifaları ilk öncə
özü eşidərək, dərk edib və onu dinləyicilərə
çatdırmalıdır.
- Dediyinizdən belə
çıxır ki, siz özünüzü böyük sənətçi,
tarzən sayırsınız?
- Xeyr.
Heç də siz deyən kimi düşünmürəm.
Çalışıram ki, sənətimdə yeniliklər
edim, ifalarım bir-birinə bənzəməsin. Sənətkarın
böyüklüyü onun ifa etdiyi əsərləridir. Hər
dəfə eyni bir havanı və yaxud muğamı ifa etdikdə
gərək yeni olsun, tamaşaçılara və dinləyicilərə
xoş təəssürat bağışlasın. Əgər
mən özümü böyük sənətçi saysam,
onda şöhrət gözlərimi pərdə kimi örtər
və uzağı görə bilmərəm. İnsan sənətini
və gələcəyini gözləri ilə yox, qəlbi ilə
görməlidir. Sənətə və sənətkarlığa
da qiyməti xalq verir. Xalqın gözündə sənətçi
olmaq lazımıdır. Çünki xalq gözündə
ucalan həmişə zirvədə qalar. Pərəştişkarların
çox olmalıdır. Səni bir sənətçi,
ifaçı kimi xalq sevib, tanımalıdır.
- Müsabiqələrə
qatılmısınızmı?
- Tar alətindən
başqa saz və gitarada gözəl ifalar edirəm. Toy və
el şənliklərinə, dövlət tədbirlərinə
tez-tez dəvət alıram. Xüsusilə də cəbhə
bölgəsinə daha çox gedirəm. “N” saylı hərbi
hissələrdə olub gecəli-gündüzlü
düşmənlə üz-üzə dayanıb,
ölümü göz önünə gətirməyən
igid əsgərlərimiz qarşısında musiqi konsertləri
ilə çıxış etmək mənim
üçün daha xoşdir. Bax, onda yaşayıram.
Hər
birimizin qəlbində ilk öncə Vətən sevgisi
olmalıdır. Sənətimi necə sevirəmsə, Vətənimi
ondan da çox sevirəm.
Çox müsabiqələrə qatılmışam. 2017-ci
ildə Lider TV”də “Köklə
sazı-54” layihəsi əsasında
keçirilən müsabiqə mənim
üçün daha çox yaddaqalan oldu. 20 nəfər
seçmə arasında bir-birindən gözəl
ifalarımla müsabiqənin qalibi oldum. Tez-tez televiziya
verilişlərinə də dəvət alıram. Bir cox
İfalarım lentə alınıb.
Hazırda
Suraxanı rayon Qaraçuxur qəsəbəsində Qurban
Abbasov adına Mədəniyyət sarayında
çalışıram. Sarayın direktoru Xavər Ramazanova
çox nəcib, alicənab bir insandır. Onun dəvəti
ilə gəlmişəm. Mədəniyyət Sarayında fəaliyyət
göstərən dərnəkdə təhsil alan istedadlı
yeniyetmə və gənclərə öz peşəmi,
tarın sirlərini və bu sənətin incəliklərini
öyrətməkdən zövq alıram.
Arzum budur
ki, tezliklə doğma torpaqlarımız işğaldan azad
olunsun. Şuşaya, Ağdama gedib tarda gözəl ifalar edim…
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2019.- 14-16
sentyabr.- S.8.