VI Bakı Beynəlxalq
Kitab
Sərgi-Yarmarkası
açıldı
Sentyabrın 27-də Mədəniyyət
Nazirliyinin təşkilatçılığı ilə VI
Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının
açılış mərasimi keçirildi.Bakı
İdman Sarayında təşkil olunan və üç
gün boyunca davam edəcək ənənəvi sərgi-yarmarka
böyük Azərbaycan şairi, mütəfəkkir İmadəddin
Nəsiminin 650 illiyinə həsr olunub.
Mədəniyyət
naziri Əbülfəs Qarayev mərasimdə
çıxış edərək qonaqları salamladı, hər
dəfə olduğu kimi, bu ildə sərgi-yarmarkaya
marağın böyük olduğunu bildirdi. Sərginin dahi
şair, mütəfəkkir İmadəddin Nəsiminin 650
illiyinə həsr olunduğunu deyən nazir Azərbaycan
xalqının mənəvi dünyasında kitab həmişə
özünəməxsus dəyərli yer tutduğunu diqqətə
çaldırdı: “Avesta”dan, “Kitabi-Dədə Qorqud”
dastanlarından başlayaraq xalqımız öz ədəbiyyatına
və mədəniyyətinə böyük diqqətlə
yanaşıb. Biz böyük ədiblərimizin adı ilə
həmişə fəxr etmişik. Onların
yazdığı dəyərli bədii nümunələri əsrlərlə
nəsildən-nəslə ötürərək bu
günümüzə gətirib
çatdırmışıq. Bu ədəbi nümunələr
incəsənətin bütün sahələrinə sirayət
edib. Bu əsərlər əsasında musiqilər
yazılıb, tamaşalar səhnəyə qoyulub, rəsm əsərləri
yaradılıb, filmlər çəkilib. Məqsədimiz
ondan ibarətdir ki, xalqımızın kitaba sevgi ənənəsini
qoruyaq, daha da inkişaf etdirək, gənclərimizə
ötürək. Müasir texnoloji inqilablara baxmayaraq, kitaba
sevgini yaşatmalıyıq. Kitab keçmişdə də
olub, bu gün də var və gələcəkdə də
olacaq. Çünki kitablar insan zəkasını zənginləşdirən
xəzinədir”.
Əbülfəs
Qarayev son illərdə ölkəmizdə poliqrafiya sənətinin
inkişafından söz açaraq bildirdi ki, Azərbaycan hər
il beynəlxalq kitab sərgi-yarmarkalarında təmsil olunur və
kitablarımız ən yüksək mükafatlara layiq
görülür: “Sevindirici haldır ki, bu il Moskvada
keçirilən MDB-nin "Kitab sənəti" beynəlxalq
müsabiqəsində Nizami Gəncəvinin “Xosrov və
Şirin” kitabı Qran-pri mükafatını qazanıb. Həmçinin
müxtəlif nominasiyalarda iştirak müsabiqədə
iştirak edən daha bir neçə kitabımız da
mükafat və diplomlara layiq görülüb. Beynəlxalq
kitab sərgilərinə təqdim olunan məhsullar
arasında həm dövlət, həm özəl nəşriyyatların,
eləcə də Heydər Əliyev Fondunun nəşrləri
yer alır. Fondun bir sıra kitabları nəşriyyat
işinin ən yaxşı nümunələri
sırasındadır”.
Nazir qeyd
etdi ki, Azərbaycan dövləti nəşriyyat-poliqrafiya sahəsinin
inkişafına qayğı göstərir: “Əsas məqsəd
kitab nəşri sahəsində ən müasir
texnologiyaların ölkəmizə gətirilməsinə nail
olmaq, kitabın təbliği və yayılması, dərsliklərin,
lüğətlərin, tərcümə və elmi ədəbiyyatların
işıq üzü görməsinə yönəlmiş qərar
və göstərişlərin icrasını vaxtında təmin
etmək, gənc nəslin kitaba maraq və sevgisini daha da
artırmaq, Azərbaycan oxucusunu dünyanın aparıcı nəşriyyatlarının
məhsulları ilə tanış etməkdir. Bu istiqamətdə
görülən işlər Prezident İlham Əliyevin Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi və dünya ədəbiyyatının
Azərbaycan dilində çap edilməsi haqqında
imzaladığı müvafiq sərəncamlara uyğun olaraq
reallaşdırılır”.
Son illər
Azərbaycanda beynəlxalq tədbirlərin mütəmadi
olaraq keçirilməsini yüksək qiymətləndirən
Əbülfəs Qarayev belə tədbirlərin dünya
ictimaiyyəti tərəfindən də rəğbətlə
qarşılandığını qeyd etdi. Bildirdi ki, bu
günlərdə davam edən XI Üzeyir Hacıbəyli Beynəlxalq
Musiqi Festivalı, sentyabrın 28-dən oktyabrın 1-dək təşkil
olunacaq Nəsimi festivalı və digər tədbirlər
ölkəmizin həyatında mühüm mədəni hadisə
kimi yaddaşlara yazılacaq. Bu mühüm mədəniyyət
təbirləri Prezident İlham Əliyev və Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın davamlı diqqət
və qayğısı nəticəsində
reallaşdırılır.
Nazir
çıxışının sonunda sərgi-yarmarkanın
iştirakçılarına uğurlar arzuladı.
Mərasimdə
çıxış edən Baş nazirin müavini Əli
Əhmədov kitab bayramı münasibətilə
bütün oxuculara təbriklərini çatdırdı.
Bildirdi ki, bu, ölkəmizin həyatında əlamətdar
hadisə olmaqla bərabər Azərbaycanda kitabın
tanıdılması üçün həyata keçirilən
mühüm təşəbbüsdür: “Kitab bilik, mədəniyyət
deməkdir. Kitab insanın, cəmiyyətin inkişafı deməkdir.
Bütövlükdə cəmiyyətin mədəni və
intellektual inkişafı öz başlanğıcını məhz
kitabdan götürür. Kitaba məhəbbət bu mənada
insanların, xüsusilə də gənclərin biliklərə,
elmlərə həvəsinin artırılmasına səbəb
olur. Azərbaycan xalqı həmişə elmə-biliyə həvəsli
olub. Prezident İlham Əliyevin diqqət və
qayğısı sayəsində beynəlxalq kitab sərgiləri,
eyni zamanda digər beynəlxalq tədbirlər ölkəmizdə
belə yüksək səviyyədə keçirilir.
Prezidentin özünün də qeyd etdiyi kimi insan
kapitalının inkişafı Azərbaycan cəmiyyətinin
yüksəlişinin, tərəqqisinin bünövrəsini
təşkil edir. Bu inkişaf isə kitabsız, biliklərsiz
təsəvvür etmək mümkün deyil. Azərbaycanda
kitaba həmişə böyük sevgi və hörmət
olub. Bu il altıncı dəfə təşkil olunan sərgi-yarmarka
da kitaba hörmət və məhəbbətin bariz nümunəsidir”.
Əli
Əhmədov qeyd etdi ki, bu gün insanlar informasiya və bilikləri
müxtəlif elektron vasitələrdən əldə edirlər:
“Bütün bunlara baxmayaraq gənclərdə biliyə maraq
və ehtiram formalaşdırarkən kitabın əvəzedilməzliyini
aşılamalıyıq. Kitaba məhəbbətin təbliğ
edilməsində böyük layihələr
reallaşdıran Mədəniyyət Nazirliyinə təşəkkür
edirəm. Bu layihələr kitabın təbliğatı
baxımından böyük əhəmiyyət kəsb etməklə
bərabər Azərbaycan kitabını beynəlxalq aləmdə
tanıdır. Hesab edirəm ki, gənc nəslin kitaba məhəbbətini
daha da gücləndirməklə cəmiyyətimizi daima irəli
apara biləcəyik. Bu mənada Heydər Əliyev Fondu və
Fondun prezidenti Mehriban xanım Əliyevanın həyata
keçirdiyi nəşr layihələrinin böyük əhəmiyyəti
var”.
Xatırladaq
ki, sərgi çərçivəsində
tanınmış şair və yazıçıların,
elm adamlarının iştirakı ilə çoxsaylı
kitab təqdimatları, imza günləri və s. tədbirlər
keçiriləcək.
Tural
Həftə içi.- 2019.- 28-30
sentyabr.- S.8.