2018-ci ildə Azərbaycan
Gimnastika
Federasiyasının
UĞURLARI
Azərbaycan Gimnastika Federasiyası
(AGF) bir çox uğurları ilə yadda qalan 2018-ci ilə
yekun vurub. Federasiyadan Trend-ə verilən məlumata görə,
ötən il Bakıda gimnastikanın 3 növü üzrə
Dünya Kuboku təşkil olunub. İlk olaraq, 25 ölkədən
100-dən çox gimnastın iştirakı ilə idman
gimnastikası üzrə Dünya Kuboku baş tutub.
Növbəti
aylarda təşkil olunmuş bədii gimnastika üzrə
Dünya Kubokunda 26, ilk dəfə təşkil etdiyimiz
akrobatika gimnastikası üzrə Dünya Kubokunda isə 7
ölkə iştirak edib.
Dünya
kubokları ilə yanaşı, keçən il Milli Gimnastika
Arenasında bədii gimnastika üzrə "AGF Junior
Trophy", "GymBala" adlı beynəlxalq turnirlər, həmçinin
Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən
tanınan aerobika gimnastikası üzrə açıq Azərbaycan
çempionatı təşkil olunub.
Bakıda
ilk dəfə təşkil olunan batut gimnastikası, ikili
mini-batut və tamblinq üzrə Avropa çempionatı məhz
ilin ən yadda qalan yarışlarından biri oldu. 25 ölkə,
400-dən çox gimnast, yüksək təşkilatçılıq,
sinxron cütlüyümüz Veronika Zemlyanaya və Svetlana
Makştaryovadan gümüş medal və nəhayət,
Avropa çempionluğunu qazanan gimnastımız Mixail Malkin!
Bütün bunlarla yanaşı, ilk dəfə bu
çempionatda tamaşaçılara təqdim olunan
"Qur-Qur" adlı talisman da turnirin əsas simasına
çevrildi.
Digər
Avropa medallarımız isə İspaniyadan gəldi. Belə
ki, Qvadalaxara şəhərində keçirilmiş bədii
gimnastika üzrə qitə birinciliyində gənclər
arasında təmsilçimiz Arzu Cəlilova, qrup hərəkətləri
komandalarının mübarizəsində isə beşliyimiz
- Aliyə Paşayeva, Siyana Vasileva, Zeynəb Hümmətova,
Diana Əhmədbəyli və Ayşən Bayramova
bürünc medala sahibləndilər.
Bu turnirlərlə
yanaşı, Yeniyetmələrin Olimpiya Oyunlarına idman
gimnastikası üzrə təsnifat yarışları da
Milli Gimnastika Arenasında baş tutdu. Oktyabr ayında
Buenos-Ayresdə baş tutan Yeniyetmələrin Olimpiya
Oyunlarında isə bədii gimnastımız Yelizaveta Luzan
gimnastika növləri üzrə qarışıq komanda
hesabında qızıl medal əldə etdi. Həmçinin,
bu oyunlarda milli komandalarımızın 3 hakimi - bədii
gimnastika üzrə Nigar Abdusəlimova, kişi idman
gimnastikası üzrə Rza Əliyev, batut gimnastikası
üzrə isə Kamil Quliyev hakim qismində iştirak etdilər.
Azərbaycan
gimnastları 2018-ci ildə 1-ci "European Gym for Life
Challenge" yarışında da çıxış edərək,
37 komanda arasında ən yaxşılardan biri seçildi və
qızıl medala layiq görüldülər.
Ötən
il ilk dəfə olaraq, "TeamGym" komandamız da
Portuqaliyanın Odivelaş şəhərində baş tutan
12-ci Avropa çempionatında iştirak etdilər.
Keçən
il "Challenge" seriyasına aid bütün Dünya
kuboklarında 3 top - 2 iplə kompozisiyalarının yekun
xallarına əsasən Azərbaycanın bədii gimnastika
üzrə qrup hərəkətləri komandasına, həmçinin,
son 2 il ərzində təşkil olunmuş batut
gimnastikası və tamblinq üzrə Dünya kuboklarının
tamblinq üzrə yarışlarında yekun xallara əsasən
Mixail Malkinə FIG-nin xüsusi kubokları təqdim edildi.
Yarışlarla
yanaşı, 2018-ci il federasiya üçün digər tədbirlərin
təşkili ilə də yadda qaldı. Belə ki, ötən
il ərzində Beynəlxalq Gimnastika Federasiyası
Akademiyasının bədii gimnastika, kişi idman
gimnastikası və aerobika gimnastikası üzrə məşqçilik
kursları da paytaxtımızda təşkil edildi.
Dekabr
ayının ilk günlərində isə Bakıda baş
tutmuş FIG-nin ali orqanı olan Konqresi keçirildi. İlk dəfə
ev sahibliyi etdiyimiz bu tədbirdə nə az nə çox,
düz 111 ölkədən 300-dən çox gimnastika sahəsinin
rəsmi nümayəndələri iştirak etdi. Konqresdə
parkur idman növünün rəsmi olaraq FIG-nin fəaliyyətinə
daxil edilməsi, həmçinin gimnastikada bütün
iştirakçıların təhlükəsizliyinin təmin
edilməsi, intizam və FIG-nin etika prinsiplərinin
uyğunluğuna nəzarət bölmələrindən ibarət
"Etika Fondu"nun yaradılması və bir sıra digər
məsələlərlə bağlı FIG-nin nizamnaməsinə
müəyyən dəyişikliklər olundu. Konqresdən
sonra isə paytaxtımızda parkur idman növü ilə
yaxından tanış olmaq üçün təqdimat
xarakterli kurslar təşkil olundu və kurslarda Azərbaycan da
daxil olmaqla 13 ölkənin nümayəndələri
iştirak etdilər.
Həmçinin
FIG-nin kişi və qadın idman gimnastikası üzrə,
Avropa Gimnastika İttifaqının (UEG) Batut gimnastikası
üzrə Texniki komitələrinin iclasları, UEG Prezident
Şurasının iclası və Afrika Gimnastika
İttifqanının Ümumi yığıncağı da
Bakıda baş tutdu.
Ötən
il 2017-ci ilin yekunlarına əsasən Azərbaycan Gimnastika
Federasiyasının aktiv fəaliyyəti FIG tərəfindən
yüksək qiymətləndirilərək,
"Mükafatlandırılan Federasiyalar"ın
siyahısına daxil oldu və bu dəfə reytinq
siyahısında ilk pillədə qərar tutdu.
Əlbəttə,
federasiyanın mükafatları təkcə bununla
yekunlaşmadı. Belə ki, AGF idman yarışlarının
yüksək səviyyədə təşkili və
keçirilməsinə görə Milli Olimpiya Komitəsi və
Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən
mükafata layiq görüldü. Həmçinin bədii
gimnastika üzrə milli komandamızın baş məşqçisi
Mariana Vasileva "Ədalətli oyun prinsiplərinə sadiq məşqçi"
seçildi. "İlin ən yaxşı
idmançıları" nominasiyasında 10 qalib
idmançıdan biri kimi tamblinqçimiz, Avropa çempionu
Mixail Malkin və Yeniyetmələrin III Yay Olimpiya
Oyunlarında ölkəmizi layiqincə təmsil etdiyinə
görə bədii gimnastımız Yelizaveta Luzan da
mükafatçılar sırasında yer aldılar.
İlin
son günlərində isə artıq Milli Gimnastika
Arenasında yarış ab-havası öz yerini əyləncəli
şou tədbirlərə buraxdı. Belə ki, 2017-ci ildə
olduğu kimi, ötən il də izləyicilərə məşqçilərin
ifasında "Qızıl Yaş" adlı şou təqdim
olundu.
23 dekabr
tarixində isə federasiya öz ənənəsinə sadiq
qalaraq, gimnastika sevərləri öz başına topladı.
"Ağbəniz və 7 cırtdan"
nağılının motivləri əsasında hazırlanan
Yeni İl şousu bütün rəngarəngliyi ilə
tamaşaçılarda xoş xatirələr buraxdı.
Qeyd etməyə
dəyər ki, 2018-ci ildə federasiya 111 ölkənin
nümayəndələrinə öz qapılarını
açdı.
Ümumilikdə isə keçən il gimnastika növləri üzrə tədbirlərdə iştirak etmək məqsədilə 2000-dən artıq xarici nümayəndə paytaxtımıza səfər etdi.
900-dən çox xarici gimnastın öz gücünü sınadığı beynəlxalq yarışlarımızda isə ötən il könüllülərin də sayı rekord həddə çataraq 600 nəfərə qədər yüksəldi.
2018-ci il ərzində dünyanın müxtəlif qitələrindən olan 17 ölkəsinin 173 nümayəndəsi səmərəli təlim-məşq toplanışı üçün məhz Milli Gimnastika Arenasını seçdi.
Milli Gimnastika Arenası isə bir il ərzində 15.000-dən çox tamaşaçını qəbul etdi.
Və nəhayət, 2018-ci ildə gimnastika növləri üzrə yığma komandalarımız beynəlxalq yarışlarda 26-sı qızıl, 15-i gümüş və 44-ü bürünc olmaqla 85 medal qazanaraq, ilə uğurla yekun vurdular.
Həftə içi.- 2019.- 8
yanvar.- S.8.