“Xatirələrdə yaşanan
ömür”
Tanınmış
pedaqoq, respublikanın Əməkdar müəllimi Səlim
Əzimov, artıq ömrünün 90-cı
qışını arxada qoyub. Sinəsində 1 əsrə
yaxın tariximizi yaşadan bu el ağsaqqalı ilə 7-ci
mikrorayonda yerləşən parkda görüşdük.
Yaşının çoxluğuna baxmayayaq, həmişəki
kimi yenə də özünü cavan, gümrah hiss edir. Bir
az yaxın keçmişindən söz açdı və
gözləri dolaraq dedi:
- Biz Ağdamda, Qarabağda həyatımızı, sağlamlığımızı qoyub gəlmişik. Doğulduğum Novruzlu kəndində hər səhər tezdən durardım; dağların saf havası uzaqdan kəndimizi vurardı. Qışın şaxtalı və qarlı günlərində kəhrizin suyu ilə, qarla bədənimi yuyardım. Qarabağın o təmiz havası-suyu dərman idi. Bu gün də məni canımda olan o torpağın mühiti yaşadır. Doğulduğum Novruzlu kəndində olsaydım, daha da gümrah olardım...
Həmsöhbətim 1937- 1944-cü illərdə Novruzlu kənd 7 illik məktəbi, 1945-1949-cu illərdə Ağdam Pedaqoji Məktəbini, 1949 -1951 -ci illərdə ikiillik Müəllimlər İnstitutunu, 1952-1955-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunu (indiki APU) (qiyabi) bitirib. 1951-ci ildən Novruzlu, Pirzadlı məktəblərində müəllim èøëÿéèá. 1952-1953-cü illərdə Ağdamın “Lenin yolu” qəzetində əməkdaşlıq edib. 1993-cü ilin dekabrından 2011-ci ilin sentyabrınadək Bakı şəhərində məskunlaşmış 71 saylı Ağdam Köçkün tam Orta Məktəbinin direktoru işləyib. Böyük Vətən müharibəsi illərində arxa cəbhədə fəaliyyətinə görə “Rəşadətli əməyə görə”, “Əmək vereranı” medalları alıb. “Qabaqcıl Maarif xadimi” və respublikanın Əməkdar müəllimi fəxri adlarına layiq görülüb. Həmçinin media “Qızıl qələm” mükafatlarının laureatıdır. Səlim müəllim, həm də yaradıcılıqla məşğul olur. “Müəllim ömrü”, “Kamillik zirvəsi”, “Yurd yeri”, “Həyat hekayələri”, “Ömür deyir yaşa hələ”, “Ağdama gedən yol”, “Ömrün işığı”, “Ömür keçir, gün keçir” kimi bir-birindən sanballı və maraqlı kitabların müəllifidir.
Bu yaxınlarda çapdan yenicə çıxmış “Xatirələrdə yaşanan ömür” onun 9-cu kitabıdır. Elə bu kitab da onun keçdiyi ömür yolunun bir hissəsindən bəhs edir. Kitabı vərəqlədikcə Səlim Əzimovun yaddaş dünyasına, bu dünyadan axıb-gələn yaradıcılıq uğurlarına valeh olursan. Yazıçının xatirələr dünyasından axıb-gələn sızıltıları oxucuya kimləri və nələri xatırlatmır? Bu kitabı oxuduqca gözlərimizin önündən düşmən tapdağı altında qalan yurd yerləri, Novruzlunun cənnət-məkan bağları, doğmalarımızın gözü yolda qalan məzarları gəlib-keçir.
“Xatirələrdə yaşanan ömür” kitabı tanınmış ictimai-siyasi xadim, filologiya üzrə fəlsəfə doktoru Sadıq Murtuzayevin “Səlim Əzimov fenomeni və onun “Ömür keçir, gün keçir” kitabı haqqında yazdığı dəyərli məqalə ilə başlayılr. Bu məqalə, demək olar ki, Səlim Əzimov şəxsiyyətini və onun yarasdıcılığını tam əhatə edir. Həmin məqalədə deyilir: “Mən bu kitaba “Hikmət, müdriklik toplusu” adı verərdim. Səlim müəllim kitabın əlyazmasını rəy üçün mənə verdi. Bundan əvvəl onun bir neçə kitabının redaktoru olmuşam. Bu kitab üçün toplanmış yazıları oxuyub, kitabdan öncə Səlim müəllimin şəxsiyyəti haqqında bir neçə söz demək xəyalımdan keçdi və bu yerdə özümü də qınadım. Qınaq isə budur ki, 10 ilə qədər Ağdama rəhbərlik dövründə bu müdrik ziyalını, çox nadir şəxsiyyəti yaxından tanımamışam. Səbəb isə bu olub ki, Ağdamda rəhbər işçilər arasında çox güclü rəqabət olmuş və bunun müsbət çalarları ilə yanaşı (o zaman bu, “sosializm yarışı” adı ilə bütün ölkəni bürümüşdü), qüsurlu cəhətləri də vardı. Bu da ondan ibarət idi ki, həmin rəqabət bir çox kadrları “paxıllıq” adlanan mənfur keyfiyyətə düçar etmiş və bu üzdən onlar məni də belə şəxsiyyətlərdən bir qədər kənarda saxlamağa nail olmuşdular”.
“Dostum həkim Mustafanın məsləhətləri”, “Mövlanə Cəlaləddin Rumidən nümunələr”, “Mən belə səhiyyənin nəyindən küsüm?”, “Xatirələr”, “Terminlərin izahı”, “Həyatımdakı qəribəliklər”, “Nuru Paşa haqqında məlumat” və “Aforizmlər” kimi yazılar Səlim Əzimovun “Ömür keçir, gün keçir” kitabında əsas yer tutur. Kitab müəllifin “Son söz” yazısı ilə tamamlanır. Məqalədə deyilir: “Hörmətli oxucular, bu yazını hazırlayanda qulağıma dərdli, hüznlü bir səs gəldi; bu səs Novruzlunun – Ağdamın səsi idi. Gördüm ki, sərin, məlahətli meh əsir. Bu, Ağdamın ətirli mehi idi. Gördüm ki, uzaqdan bir işıq gəlir: bu, Ağdamın işığı idi. Gördüm ki, üzümə yağış dənələri dəyir: bu, Ağdamın göz yaşları idi. Qulağıma həzin musiqili bir səs gəldi: bu, nisgilli Səxavətin, Arifin, Qədirin, Əbülfətin, Sədinin səsləri idi. Ağdamın çağırış, haray səsi idi... o işıq, o səs bizi Ağdama, doğma torpaqlarımızın azadlığına səsləyir...
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2019.- 9
yanvar.- S.8.