Xalq artisti İlham Namiq
Kamal 70 yaşını
qeyd edir
Bu gün Azərbaycanın görkəmili
teatr və kino aktyoru, Xalq artisti, “Şöhrət” ordenli
sevimli gülüş ustası İlham Namiq Kamalın 70
yaşı tamam olur. Ömrünün yarım əsrdən
çoxunu teatr sənətinə bağlayan İlham Namiq
Kamal 9 yanvar 1949-cu ildə Bakıda doğulub. O, 1966-1970-ci illərdə
Azərbaycan Dövlət İncəsənət
İnstitutunun "Dram-kino aktyorluğu” fakültəsində
təhsil alıb.
Tələbə
vaxtı Molyerin "Jorj Danden” komediyasında baş qəhrəman
rolunu uğurla ifa etdiyindən onu institutun Tədris
Teatrının aktyor truppasına qəbul ediblər. 1972-ci ildə
Akademik Milli Dram Teatrına dəvət alan aktyor bu səhnədə
Müsyö Jordan ("Müsyö Jordan və Dərviş Məstəli
şah”), Sarı Qarayev ("Varlı qadın”), Zaman müəllim
("Bu dünyanın adamları”), Gülən adam ("Hərənin
öz payı”), Kişi ("Mənim ərim dəlidir”),
doktor Qaratay ("Afət”) kimi rollarda çıxış
edib. 1989-cu ildən Dövlət Gənclər Teatrında
çalışan İlham Əhmədov burada Məsuliyyətsiz
("Çarəsiz sərnişinlər”), Dadaşbala
("Dadaşbala əməliyyatı”), Sultanqulu ("Sultanqulu
körpüsü”), Kələntər ("Dağ tikirik”),
Daniel ("Arvadımın qatili”), Kazbek ("Arvadımın əri
özüməm”) kimi baş rolların ifaçısı
olub.
İlham
Əhmədov Azərbaycan Dövlət Musiqili Teatrında
E.Mansurov və G.Xuqayevin “Sevgilimin anası” (Albadam), F.Qarayev və
E. de Flipponun ”Filumeno Marturano” (Dominisko Soriano), O.Rəcəbov və
A.Babayevin “Şeytanın yubileyi” (Meydan), R.Mirişli və
M.Haqverdiyevin “Qısqanc ürəklər” (polkovnik Mikayıl),
F.Sücəddinov və T.Vəliyevanın “Mən dəyərəm
min cavana” (İbad İbadov), M.Məmmədovun “Matəm
marşı və ya gözünüz aydın” (Əhmədağa),
E.Sabitoğlu və T.Vəliyevanın “Bankir adaxlı”
(Atakişi), R.Mirişli və M.Haqverdiyevin “Amerikalı kürəkən”
(Orxan), Ü.Hacıbəylinin “Ər və arvad” (Mərcan),
E.Sabitoğlu və C.Məmmədovun “www. ferzeli-kef.com” (Fərzəli),
R.Hacıyevin “Qafqazlı qardaşqızı” (Bəbirli)
tamaşalarında özünəməxsus rollar yaradıb.
Peşəkar aktyor həm də “Şeytanın yubileyi” və
“Amerikalı kürəkən” əsərlərinə
quruluş verib.
"Azərbaycanfilm”in
istehsal etdiyi ekran əsərlərində, onlarca televiziya
verilişində satirik obrazlarda, "Mozalan” satirik
kinojurnalında yüzə yaxın bədii süjetdə
uğurla çıxış edən aktyor
tamaşaçıların sevimlisinə çevrilib.
O, 1997-ci
ildən pedaqoji fəaliyyətlə məşğuldur. Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetində kafedra müdiri, professordur. 1982-ci ildə Azərbaycan
Respublikasının Əməkdar artisti, 2002-ci ildə Xalq
artisti fəxri adları ilə təltif olunub. 2000-ci ildə
"Qızıl Dərviş” mükafatına, 2013-cü ildə
“Şöhrət” ordeninə layiq görülüb. 2012-ci ildən
Prezident təqaüdçüsüdür.
Azərbaycan
Dövlət Musiqili Teatrının kollektivi şöhrətli
aktyoru 70 illik yubileyi münasibətilə təbrik edir, ona can
sağlığı, yeni yaradıcılıq uğurları
arzulayır.
Həftə içi.- 2019.- 10 yanvar.-
S.8.