Xalq şairi Zəlimxan
Yaqubun xatirəsi anılıb
Bu gün Xalq şairi Zəlimxan
Yaqubun vəfatından üç il ötür.Bu münasibətlə
tanınmış elm və mədəniyyət xadimləri,
ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək
tanınmış şairin məzarı önünə əklil
qoyub, tər çiçəklər düzüblər.
Zəlimxan
Yaqub kimi şairlərin heç vaxt unudulmayacağını
söyləyən Əməkdar mədəniyyət
işçisi Musa Nəbioğlu vəfatından keçən
3 il müddətində şairin kitablarının
Qazaxıstan və İranda işıq üzü
gördüyünü söyləyib.
Milli
Məclisin deputatı, akademik Nizami Cəfərov Zəlimxan
Yaqubun təkcə Azərbaycan ədəbiyyatında deyil,
türk dünyasında sevilən şair olduğunu bildirib və
onun dünya ədəbiyyatında mövqeyindən söhbət
açıb. Şairin zəngin həyat yolundan danışan
alim onun nəinki görkəmli şair, ədəbiyyatçı,
həm də ictimai xadim kimi fəaliyyətini yüksək dəyərləndirib.
Bildirib ki, xalqın sevgisini qazanmış Zəlimxan Yaqub
sağlığında həm Azərbaycanın, həm də
Gürcüstanın müxtəlif ali dövlət
mükafatlarına layiq görülmüşdü.
Mərasimdə Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Təbrizdən gəlmiş qonaq, “Mişov dağı” jurnalının təsisçisi və baş redaktoru Aqşin Ağkəmərli, şairlər Yusif Nəğməkar, Zaməddin Ziyadoğlu və başqaları Zəlimxan Yaqubun poetik təfəkküründə milli mənəvi dəyərlərin geniş yer tutduğunu bildiriblər.
Vurğulanıb ki, şair ömrünün 40 ilini Azərbaycan poeziyasının inkişafına həsr edib.
Həftə içi.- 2019.- 10
yanvar.- S.8.