“Mən uşaqlıq dostumu, Azərbaycan

səhiyyəsi isə həkimini itirdi”

 

Qarabağ tək musiqi beşiyi olmayıb. Qarabağ həm də gözəl ziyalılar, alimlər, yazıçılar, həkimlər yetişdirib. Onlardan biri də 1956-cı ildə Ağdam rayonunun Kolanı elində, Əlimədədli kəndində dünyaya göz açmış, boya-başa çatmış respublikanın tanınmış həkimi, Qarabağ Müharibəsu Veteranı Əhliman Fərman oğlu Bayramov idi. O həm də mənim ən yaxın uşaqlıq dostum idi.Dünyada ən ağır şey itkidir. Adam bir manat pulunu və yaxud xırda əşyasını itirəndə pis olur, o ki qala dost itkisi.

Mən bu gün uşaqlq dostumu, Azərbaycan səhiyyəsi isə tanınmış, öz sənətini gözəl bilən bir həkimini itirdi. Bu gün həmin dostumun acı xatirələrini, dost ağrısını, dost itkisini dostlarımla, tanışlarımla, 26 ildir yurdsuz-yuvasız qalmış, qaçqın-köçkün damğasını alınlarında gəzdirən, Ağdam, Qarabağ həsrəti ilə sinələri dağlanmış həmyerlilərimlə bölüşürəm. Əhliman həkimin böyük əmisi Soltan Bayramov uzun müddət Ağdam Rayon Səhiyyə Şöbəsinin müdiri vəzifəsində çalışıb. Qarabağın məşhur həkimlərindən biri olub. Əhliman həkimin də uşaqlıq arzusu əmisi kimi həkim olmaq və onun sənətini uğurla davam etdirmək idi. O, orta məktəbdə oxuduğu illərdə bu sənəti seçdi. Məktəbi əla qiymətlərlə bitirən Əhliman həkim sənədlərini Azərbaycan Dövlət Tibb Universtitetinə verdi. Həmin dövrlərdə sözügedən təhsil ocağına qəbul olunmaq çox çətin idi.

Amma Əhliman həkim Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə qəbul olundu. Oranı müvəffəqiyyətlə bitirən həkim təyinatla öz doğma rayonu olan Ağdama gəlir və “Təcili Yardım”da həkimlik fəaliyyətinə başlayır. Öz peşəsini mükəmməl bilən Əhliman doktor qısa bir müddətdə yaxşı həkim kimi tibb sahəsində Ağdam camaatının dərin hörmətini qazanır. Bir neçə il “Təcili Yardım”da çalışır, daha da püxtələşir, sonra Moskvaya gedib peşəsini dəyişir, burun-boğaz-qulaq həkimi peşəsinə yiyələnir. O yenə də doğma Ağdama qayıdır və rayon Mərkəzi Xəstəxanasında burun-boğaz həkimi kimi fəaliyyətə başlayır. Əhliman həkim çox xeyirxah olub. Bir həkim kimi nəinki Ağdam, Qarabağ, eləcə də Azərbaycanda da tanınır. Tək Ağdam, Qarabağdan deyil, hətta ətraf rayonlardan və respublikanın digər bölgələrindən də onun yanına xəstələr gəlirdilər.

1993-cü ildə məlum Qarabağ hadisələri başlayanda Əhliman həkim vətənini sevən bir insan kimi torpaqlarımızın müdafiəsinə qalxır və həkim kimi yaralı döyüşçülərimizə tibb xidməti göstərir.

Müharibənin odlu-alovlu illərindan çıxıb Əhliman həkim. Hətta döyüşlərdə ağır yaralanan və ölümlə çarpışan əsgərlərimiz ölməsin deyə, Əhliman həkim dəfələrlə şprislə öz damarından qanı çəkib, həmin yaralı döyüşçülərin bədəninə köçürərdi. Bu onun “Hippokrat” andına sadiqliyindən, vətənpərvərliyindən, ilk öncə, insan sevgisindən irəli gəlirdi. Ağdamın işğalından sonra Əhliman həkim Bakı şəhərinə pənah gətirir. Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən indiki 24 saylı Birləşmiş Şəhər Xəstəxanasında burun-boğaz-qulaq həkimi kimi fəaliyyətini davam etdirir. Poliklinikada qısa bir vaxtda öz peşəsi və insani dəyərləri ilə kollektivin, eləcə də qəsəbə, rayon sakinlərinin dərin hörmətini qazanır. Paytaxtın hər yerindən, eləcə də rayonlardan onun yanına xəstələr gəlib şəfa tapardılar.

Təəssüflər olsun ki, belə bir nəcib insan çox yaşamadı, ömrünün 63-cü qışında haqq dünyasına qovuşdu. Yanvar ayının 12-də mərhumun nəşi Badamdar qəbiristanlığında torpağa tapşırıldı. Dəfnində yüzlərlə insan, tanınmış elm və tibb işçiləri, alimlər və yazarlar, Qarabağ qaziləri, Qarabağ Müharibəsi veteranları, yaxın dostları, onu tanıyanlar, bir qrup Ağdam sakini iştirak edirdi. Eldən gedən Əhliman həkimin də ruhu doğma Ağdama gedib, şəhidlərimizin ruhuna qovuşdu...

Allah rəhmət eləsin!

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2019.- 15 yanvar.- S.8.