“Nəsiminin nəşinin ölkəmizə
gətirilməsi
Ulu Öndərimizin arzusu idi”
“2019-cu ilin cənab prezidentimiz tərəfindən
Nəsimi ili elan edilməsi Ulu Öndərin qoyduğu ənənənin
gözəl davamıdır. Nəsiminin yubleyini
ilk dəfə rəhmətlik Heydər
Əliyev keçirib. Özü
də həmin yubley bir
il davam elədi. Bir dəfə soruşduq ki, yubley tədbirləri
niyə bir il davam edir? Çünki
o vaxt belə şey yox idi.
Yubley tədbiri bir dəfə
keçirilirdi.
Ulu öndərimiz də dedi ki, istəyirəm Nəsiminin haqqında çox danışsınlar. Kitablarını çox buraxsınlar. Baxın, indi həmin ənənə davam edir. Mən bu fərmanı imzaladığı üçün möhtərəm prezidentimizə minnətdarlığımı bildirirəm. Çox böyük hadisədir”.
Bunu hafta.az-a açıqlamasında Xalq şairi Nəriman Həsənzadə deyib. Xalq şairinin sözlərinə görə, belə bir fərmanın verilməsi bütün xalqımızın sevincinə səbəb olub: “Müharibə gedən ölkədir. Öz mənəviyyatımızı artırmaq, Nəsimiyə yüksək qiymət vermək çox böyük dəyərdir. Füzuli var idi, Nəsimi də yenidən ruhən təzələndi. Onlar həmişə var və olacaqlar. Bilirsiniz, yubley olanda, belə fərmanlar imzalananda elə tədqiqat işləri ortaya çıxır ki, bu da ədəbiyyatımızın daha da zənginləşməsinə səbəb olur. Bütün bunlara vəsilə olduğu üçün ölkə başçımıza ancaq minnətdar ola bilərəm. Çox razıyam”.
Nəriman Həsənzadə 650 illik yubley ilində İmadəddin Nəsiminin nəşinin qalıqlarının ölkəmizə gətirilməsinə də münasibət bildirib. Xalq şairi deyib ki, bu haqda qəti söz söyləyə bilmir: “Füzulinin qəbrini gətirmək istəyirdilər. Allah rəhmət eləsin, bir dəfə Ulu Öndər dplenumda yazıçılara müraciət elədi ki, Füzulinin nəşini mən gedib gətirə bilmərəm. Çünki o vaxt Heydər Əliyev Moskvada idi və siyasi büronun üzvü idi. Dedi ki, Səddam Hüseyn məni qoymaz. Güldü, bizimlə zarafat edirdi, ardınca da bildirdi ki, amma siz – yəni, yazıçılar – gətirsəniz, sizə bir şey olmasına razı olmaram, imkan vermərəm, qoymaram. Bu məsələni ilk dəfə o vaxt Heydər Əliyev cənabları qaldırıb. Sonra yerindən duran xeyirdə-şərdə dedi ki, belə bir təklifi guya başqaları səsləndirib. Ulu öndər sonradan həmin adamlara sual verdi ki, niyə öz adınıza çıxırsınız?! O vaxt Ulu Öndərin təklifini öz adına çıxan yazıçılarımız da var idi. Bunu heç kim bilmirdi, indi dedim. Yəni, Nəsimi, Füzuli ilə bağlı bu addımlar, onların nəşinin gətirilməsi Ulu Öndərimizin çoxdankı arzusudur. İndi bu işlər həyata keçirilir. 650 illiyində Nəsiminin orada qəbrini təmir etmək də mümkündür. Şah İsmayıl Xətainin dövründə oralar Azərbaycan torpaqları olub. Düşünürəm ki, o vaxt Nəsiminin burada heykəlini Ulu Öndərimiz qoyub. İndi də Hələbdəki qəbrinin üstünü götürtmək mümkündür. Cənab prezidentin bu sərəncamı Nəsimi ilə bağlı çox işlərin görülməsinə səbəb olacaq”.
Nəriman Həsənzadə deyib ki, ölkə başçısının belə bir sərəncam imzalaması mədəni mühitdə çox böyük hadisədir: “Fərman hələ ki, təzə imzalanıb. Düşünürəm ki, fərmandan irəli gələn məsələlərlə bağlı çox böyük tədbirlər görüləcək. Yazıçılar Birliyi və başqa təşkilatlar da üzərinə nə düşürsə, onu edəcəklər. Yəqin, planları da var. Hələ o vaxt Nəsimidən yaxşı əsərlər yazılıb. Qəzənfər Paşayev o vaxt İraqa gedib gəlmişdi. Prezidentin bu fərmanı bütün ədəbi ictimaiyyəti sevindirib. Hər kəsin ürəyindəndi. Cənab prezident bütün bunların hamısını yaxşı yadında saxlayır. Ulu öndərin qoyduğu işləri gözəl davam etdirir. Nəsiminin 600 illiyini Heydər Əliyev keçirmişdi. O zaman bütün Rusiyadan tökülüb gəlmişdilər, yubley geniş şəkildə qeyd olundu. Özü də həmin tədbirlər bütün SSRİ miqyasında baş tutmuşdu. Biz də o tədbirlərin iştirakçısı olmuşuq. Həmişə başımız uca olub. Böyük sənətkarların yubleyinin keçirilməsi bizi bir-birimizə daha da yaxınlaşdırır. Belə bir fərman imzaladığı üçün cənab Prezidentə ürəkdən minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, bir neçə gün öncə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə 2019-cu il Azərbaycanda Nəsimi ili elan edilib. Dünya şöhrətli şairin 650 illiyi ilə bağlı ölkəmizdə silsilə yubley tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Tural Turan
Həftə içi.- 2019.- 17
yanvar.- S.3.