Azadlıq uğrunda çarpışan 42 illik

qəhrəman ömrü – Xose Marti

 

Azərbaycan - Kuba Dostluq Assosiasiyası Kubanın ölkəmizdəki səfirliyi ilə birlikdə uşaq rəssamların əsərlərindən ibarət sərgi təşkil ediblər. Tədbir kubalı məşhur yazıçı-şair, inqilabçı, milli qəhrəman Xose Martinin anadan olmasının 166 və Kubada qələbə çalmış inqilabın 60 illliyinə həsr olunub.

Sərgilənən rəsm əsərlərində balaca rəssamlar Kubanın tarixini, milli-mənəvi dəyərlərini, inqilab ruhunu öz əsərlərində təcəssüm etməyə çalışıblar. O cümlədən, Kuba xalqının milli qəhrəmanı və inqilab lideri Fidel Kastro da rəssamlara öz əsərlərini yaratmaqda stimul verib.

Kubanın Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo Azərbaycanda ölkəsi ilə sıx həmrəyliyin olduğunu qeyd edib və Kuba xalqının milli dəyərlərinə göstərilən hörmətə görə təşəkkür edib. Diplomat X.Martinin keçdiyi şərəfli ömür yolundan, Kubada yeni nəsillərə aşıladığı ədalət və azadlıq idealarından söz açıb. O, uşaqları çox sevdiyini də diqqətə çatdırıb.

Azərbaycan - Kuba Dostluq Assosiasiyasının prezidenti Arif Hüseynov da çıxış edərək, Azərbaycan xalqının Kubaya və kubalılara, o cümlədən onların qəhrəmanı olan Fidel Kastroya böyük hörmət və ehtiramından bəhs edib. A.Hüseynov bildirib ki, X.Marti özündə qeyri-adi şəkildə yazıçılıq və şairlik istedadını birləşdirən, yaxşı düşünmək qabiliyyətli böyük filosof olub. O, çıxışının sonunda iştirakçısı olduğu sərginin ölkələrimiz və xalqlarımız arasında dostluğun göstəricisi adlandırıb.

Bəs Xose Marti kim olub, Azərbaycan oxucusu onu tanıyırmı? Qısaca məlumat verək:

X.Marti 1853-cü il yanvarın 28-də Havana şəhərində doğulub. Atası ispan (Valensiyadan), anası isə Tenerifidəndir (Kanar adaları). Marti hələ 17 yaşındaykən müstəmləkəçiliyə qarşı çıxıb və bu səbəbdən də İspaniyaya sürgün edilib. Ancaq bu, onun siyasi fəaliyyətini əngəlləyə bilmir. O, İspaniyada yaşadığı dönəmdə də Kubada azadlıqsevər insanların məruz qaldığı təqiblərdən bəhs edən broşürlər çap etdirib, yayır.

Marti siyasi mübarizəsi ilə yanaşı elmini-təhsilini də inkişaf etdirir. Saraqosa Universitetini bitirir və Meksikaya köçərək orada ədəbiyyatla məşğul olmağa başlayır.

Marti Meksikada da çox qalmır – ölkədə yaranan hərbi-siyasi vəziyyət onu Qvatemalaya köçməyə vadar edir. Ancaq burada da çox qala bilmir, yerli hökumətin təzyiq və təhdidlərini görüb ölkədən ayrılır. 1878-ci ildə elan olunan böyük əfvdən dərhal sonra vətəni Kubaya gəlir. Acınacaqlı haldır ki, vətəndə çox qala bilmir. Çünki o, dayanmadan torpaqlarının ispan işğalından qurtulması üçün mübarizə aparırdı və hətta bu müstəvidə ətrafına böyük azadlıqsevər ordusu toplaya bilmişdi. Ona görə də ispan işğalçılar narahat olur və onu yenidən Kubadan sürgün edirlər. Öncə İspaniyaya, ordan da ABŞ-a gedir. Nyu Yorkda bir il yaşadıqdan sonra Venesuelaya gəlir. Amma o dövrdə burada hakim olan diktator rejimi sərt mövqe tutur və nəticədə Marti yenuidən ABŞ-a qayıdır. 1895-ci ildə azadlıq mübarizəsinə qatılmaq üçün ABŞ-ı tərk edən Marti 11 aprel 1895-ci ildə, aralarında general Maksimo Qomez də olmaqla bir qrup vətənpərvərlə birlikdə Kubaya gəlir. Lakin bu onun vətənə son qayıdışı olur. Marti 19 may 1895-ci ildə Dos Rios döyüşlərində İspaniya əsgərləri tərəfindən öldürülür.

Cəmi 42 il çox şərəfli ömür sürən milli qəhrəmanın məzarı hazırda Santiaqo de Kuba şəhərindəki Santa Efigenia qəbiristanlığındadır.

Marti özü bu gün həyatda olmasa da, qısa ömür yolundan yadigar qalan şeirləri hələ də oxunur.

Şairin “İki yurd” şerində belə deyilir:

İki yurdum var mənim Kuba və gecə.

İkisi də bir sayılır əslində. İtərkən

günəşin görkəmi, Kuba

üzgün bir dul kimidir

uzun örtüklər altında, susqun, əlində qərənfil.

Bilirəm nədir əlində ürpəşən

bu qanlı qərənfilin! Bomboş

sinə qəfəsim, bomboş, paramparça

ürəyimin içində çırpınırdı. Vaxtıdır

ölümə getməyin. Uyğundur gecə

əlvidalara. İşıq əngəlləyər bizi.

Sözlər də. Dünya

insandan daha ustadır danışmaqda.

Bayraq kimi

Mübarizəyə çağıran bir bayraq kimi

işıldayır qızıl alovu mumun, açıram

pəncərələri. Sıxılır ürəyim.

Kuba, dul Kuba, göyü qaraltan

bir bulud kimi səssizcə keçir

qopararaq yarpaqlarını qərənfilin...

Onun “Quantonamolu qadın”, “Gözəl ətirli əllər”, “Ruhumun oğlu”, “Çiynimdə”, “İki yurd”, “Mənim cəngavərim”, “Balaca şahzadə”, “Göylərdə əriyib itmək istərdim”, “Yalnızlıq sakitləşdirmir” və sair əsərləri, eləcə də uşaq hekayələri, məhəbbət şeirləri illər boyu onu yeni nəsillərə xatırladacaq...

 

Vüsal Tağıbəyli

 

Həftə içi.- 2019.- 30 yanvar.- S.8.