Ağdam 2 saylı Musiqi

Məktəbinin uğurları

 

Ağdam şəhər 2 saylı Uşaq Musiqi Məktəbi Qarabağın tanınmış tarzəni Qurban Primovun adını daşımaqla, 1972-ci ildən fəaliyyət göstərir. Vaxtilə adıçəkilən təhsil müəssisəsində nəinki Ağdamdan, eləcə də ətraf rayonlardan uşaqlar gəlib musiqi təhsili alardılar. 1993-cü il iyul ayının 23-də erməni ordusu tərəfindən Ağdam şəhəri işğala məruz qaldıqdan sonra, Ağdam şəhər 2 saylı Uşaq Musiqi Məktəbi Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən 96 saylı tam orta məktəbin binasında məskunlaşaraq fəaliyyətini davam etdirir.

Müəyyən səbəblər üzündən sözügedən təhsil müəssisəsi acınacaqlı vəziyyətə düşmüşdür.

2015-ci ilin mart ayında tanınmış xanəndə, I Muğam Müsabiqəsinin iştirakçısı Qarabağın tanınmış xanəndələrindən olan Aydın Niftalıoğlunun oğlu Elşad Məmmədov təhsil müəssisəsinə direktor təyin edilir.

Musiqi məktəbinin direktoru Elşad Məmmədov “Həftə içi”nə rəhbərlik etdiyi təhsil ocağının fəaliyyətindən danışdı:

– Əvvəla deyim ki, mənə qədər musiqi məktəbinin rayonrespublika musiqi təhsil müəssisələri arasında reytinqi çox aşağı düşmüşdü. Bir sözlə, məktəb öz ağır durumunu yaşayırdı. Şagirdlərin təhsil alması və müəllimlərin fəaliyyəti üçün normal şərait yox idi, nizam-intizam pozulmuşdu. Şagirdlərin əksəriyyətinin adları jurnala yazılsa da, özləri məktəbə gəlmirdilər. Qarşıma məqsəd qoydum ki, bu məktəbdə nizam-intizamı bərpa edəcəyəm və təhsilin keyfiyyətini yüksəldəcəyəm… İlk öncə nizam-intizamı gücləndirdim. Məktəbin kollektivini çağırıb iclas keçirdim, nə qədər şagird təhsil alır, onların siyahısını, eləcə də məktəbə gəlib oxumalarını, davamiyyətlərini tələb etdim. Müəllimlərə də xəbərdarlıq etdim ki, hamı qaydalara əməl etsin, nizam-intizamı bərpa etsinlər. Bir-iki günün içində bu problem öz həllini tapdı. Yəni təhsil ocağında şəffaflığı bərpa edə bildik.

Elşad müəllim, bəs məktəbin fəaliyyəti ilə bağlı nə deyər bilərdiniz?

– Məktəbdə 5 ixtisas – xanəndə, tar, kamança, qarmonnağara ixtisasları fəaliyyət göstərir. 2015-ci ilə qədər musiqi məktəbində sinif otaqları və ixtisaslar üzrə musiqi alətləri çatışmırdı, cəmi 9 sinif var idi. Artıq 24 sinif otağında şagirdlərimiz təhsil alır. Sinif otaqları musiqi alətlərindən tutmuş, bütün avadanlıq ilə təchiz olunub. Şagirdlərin təhsil almaları üçün məktəbdə hər cür şərait yaradılıb. Bu səbəbdən də həm şagirdlərin sayı artıb, həm də təhsilin keyfiyyəti yaxşılaşıb.

– Rəhbərlik etdiyiniz məktəbin şagirdləri müsabiqələrə qatılırmı?

Son üç ildə məktəbdə istedadlı uşaqların sayı artıb. Rayonrespublikada keçirilən müsabiqələrdə şagirdlərimiz yaxından iştirak edirlər. Belə ki, 2016-cı ildə respublika musiqi məktəbləri üzrə keçirilən Xan Şuşinski adına Muğam müsabiqəsində bizim məktəbin şagirdləri də iştirak edirdilər. Zahid Hacızadə 600-dən çox iştirakçının içərisində 2-ci yerə çıxaraq, 2-ci dərəcəli diploma layiq görüldü. Digər iki şagirdimizGünay Salahova və Gülşən İmanverdiyeva fortepiano üzrə keçirilən respublika müsabiqəsində fəal iştirak edərək, Mədəniyyət Nazirliyinin Fəxri fərmanına layiq görülüb. Səməd adlı şagirdimiz isə tar üzrə keçirilən respublika müsabiqəsində yaxşı ifasına görə, Fəxri fərmanla təltif olunub.

– Məktəbinizin kolkektivi ilə tanınmış sənətçilər arasında görüşlər keçirilirmi?

– Hər şey rəhbərlikdən asılıdır. Musiqi məktəbi bazadır. Yəni istedadlı uşaqların təməli orta məktəblərdən qoyulur. Biz də çalışırıq ki, məktəbimizdə istedadlı uşaqlar yetişsinlər, yüksək təhsil alsınlar. Məktəbimizə gələcəyimizə ümidverici istedadlı uşaqları cəlb edirik. 2015-ci ilə qədər məktəbin heç bir sənət adamı ilə əlaqəsi yox idi. Sənətçilərimiz tanımırdılar ki, Bakı şəhərində Ağdamın bu cür musiqi məktəbi vardır. Özüm sənətçi olduğuma görə, ustadım – Xalq artisti, muğam bilicisi Mənsum İbrahimovu məktəbimizə dəvət etdim, şagirdlərlə onun görüşünü keçirdim. Mənsum müəllim istedadlı şagirdlərimizlə tanış oldu. Bizə öz məsləhətlərini verdi.

Eləcə də digər sənətçilər, sənət dostlarım gəlib məktəbimizlə, şagirdlərin istedadları, bilik səviyyələri ilə maraqlanıblar. Bu səbəbdən də qarşıdan gələn televiziya Muğam Müsabiqəsinə qatılmaq üçün xanəndə sinfində təhsil alan istedadlı uşaqların bir neçəsinin sənədləri təqdim edilib. İnanıram ki şagirdlərimiz müsabiqədə öz məharətlərini göstərəcək və biz müəllimlərin etmadını doğruldacaq. Rayonumuzun, eləcə də təhsil aldıqları musiqi məktəbinin şöhrətini artıracaq. Yeri gəlmişkən deyim ki, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov vaxtaşırı məktəbimizlə maraqlanır və qayğısını əsirgəmir. Başçı dəfələrlə Bakı şəhərinə gələrək, burada məskunlaşan məcburi köçkünlərlə görüşlər keçirib. Həmçinin paytaxtda fəaliyyət göstərən təhsil müəssisələrinin bugünkü durumu və problemləri ilə maraqlanıb və qarşıya çıxan məsələləri yerindəcə həll edib. Başçının bizə tapşırığı budur ki, təhsil müəssisəsində nizam-intizamı daha da artıraq, təhsilin keyfiyyətinə fikir verək, birlik olsun, dövlətimizə və dövlətçiliyimizə xidmət göstərək, ölkə başçısının ətrafında sıx birləşək, onun sərəncamlarını və göstərişlərini yerlərdə layiqincə icra edək. Vaxtilə Ağdam hər bir sahədə öndə gedib. Bu günöz işimizlə, əməlimizlə prezidentimizin, eləcə də Ağdam camaatının etimadını doğrultmalıyıq.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2019.- 31 yanvar.- S.8.