"Yaxşı
şeirlər yazmaq istəyirəm, amma yaşamaq da istəyirəm”
Azərbaycan jurnalistini, şairini itirdi. Çox kədərlidir,
illərin ağır
əzablarından qurtulub,
gəlib bir virus qarşısında qürub
etmək necə əzablı, necə ölümcül bir kədər qoyur adamın çiyinlərinin
üzərinə...
Mən onu gəlişindən, qapını
açmağından tanıyırdım. Klassik bir
ruh var idi,
çağlayırdı, elə
yazmaq, danışmaq istəyirdi.
Qapı açılıb, yüksək
səslə redaksiyanı
salamlaması, hələ
qulaqlardan getməyəcək. Avazla, kədərlə
şeir deyəndə,
bəlkə də heç ağlımıza
gəlməzdi, bizə
qalan elə onun səsi olacaq, onun kitabı
olacaq. Ölüm xəbərini aldıqda
sonra, ilk baxdığım
yer kitab rəfi oldu. Dönüb kitabların içində
susmuş kitabı görəndə, həqiqətən
inandım ki, hə, səsi ilə yanaşı bizə şeirlər kitabı da qalıb. Özü isə heç
sağollaşmadan da çıxıb gedib.
Qələndər Xaçınçaylı üç il
əvvəl ölkə
başçısının sərəncamı ilə
"Tərəqqi" medalına
layiq görülüb.
O, 5 şeir kitabının
müəllifidir. Qələndər Xaçınçaylı - Azərbaycan
Yazıçılar Birliyinin
(AYB) və Azərbaycan
Jurnalistlər Birliyinin
(AJB) üzvü, tədqiqatçı-jurnalist,
tanınmış şair
- yazıçı, publisistdir...
1981-ci ildən mətbuatda
müntəzəm olaraq
şeir və məqalələrlə çıxış
edib. Şeirləri
"Ədəbiyyat və
incəsənət", "Kommunist", "Bakı",
"Savalan", "Azərbaycan
pioneri", "Fəryad",
"Meydan", "Səs",
"Gələcək gün",
"Ədalət", "Təzadlar" qəzetlərində,
"Azərbaycan", "Ulduz", "Müxbir",
"Kənd həyatı",
"Göyərçin", "Pioner" jurnallarında ardıcıl olaraq çap edilib. Həmçinin, "Gənclik" nəşriyyatının "almanax"larında
əsərləri oxuculara
təqdim olunub.
Onun könlü
böyük arzularda deyildi, şeirlərinin çap olunması xəbəri həmişə
onu sevindirirdi. Və o qəzeti
alıb, birbaşa redaksiyaya gəlirdi.
Dünya həqiqətən amansızdır. Bir də baxırsan, ən sevdiyini, ən etibar etdiyini səndən elə alır, elə oğurlayır ki... Min ilin oğrusu heç onu bacarmaz.
Qələndər Xaçınçaylı redaksiyada tez-tez bu şeirini oxuyurdu:
Nadanlar baş alıb gedir,
Dünyanı qış alıb gedir.
Ömür qısalıb gedir,
Qoymayırlar yaşamağa
Adam kimi bu dünyanı.
Hərdən söhbət edəndə deyirdi ki, yaxşı şeirlər yazıb ölmək istəyirəm. Poema yazmışdı, hətta sinədən, bir az da uca səslə oxumuşdu.
Mənim isə ən çox darıxdığım onun mənə yazdığı mesajdır:
- Salam, şair, necəsən? Yaxşı şeirlər yazmaq istəyirəm, amma yaşamaq da istəyirəm”
- Qələndər müəllim, siz həm yazın, həm yaşayın.
- Yox, qardaşoğlu ikisi bir yerdə alınmır: yaşamaq üçün gərək yazmayasan...
Çox qəribədir ki, Qələndər müəllim buna baxmayaraq yazırdı. Jurnalistika nə qədər başını qatmışdısa, o qədər də ədəbiyyata marağı qalırdı. Həvəsdən düşmürdü, yorulmurdu. Həm ədəbiyyat, həm jurnalistika ikisi də yaradıcılıq tələb edir. Həmişə mənə maraqlı gəlib ki, görəsən, o necə bacarır? Qələndər müəllimin haqqında keçmiş zamanda danışmaq adamın iliyinə belə təsir edir.
Allah rəhmət eləsin!
Həftə içi.- 2020.- 27
avqust-2 sentyabr.- S.12.