“Əgər cəbhə bölgəsinə düşsəm, daha bir Mübariz mən olacağam” – Şəhid İlqar Burcəliyev

 

 

 

Böyük Vətən Müharibəsinin 19 yaşlı qəhraman əsgəri, Şəhid İlqar Burcəliyev. Gedişi ilə adını əbədi olaraq şanlı tariximizə həkk etdi. Ancaq neçə-neçə arzuları yarımçıq qaldı, istəkləri özü ilə birlikdə torpağın qoynuna köçdü. İgid Vətən övladı İlqar Burcəliyev 11 mart 2001-ci ildə Moskva şəhərində anadan olub.  Ailənin ilk övladı idi, özündən kişik bir qardaşı var. Ailə bir müddət Rusiyada yaşasa da, daha sonra Vətənə qayıdır.

 

Uşaqlar  burada, Bakıda məktəbə gedir, böyüyüb boya-başa çatır. İlqar Yasamal rayon 308 saylı məktəbin məzunudur. Uşaqlıqdan futbola böyük marağı olub, elə bu səbəbdən də, 13 yaşında “Vətən” Futbol Məktəbinə yollanır. 2 il burada oynadıqdan sonra, Gəncənin “Kəpəz” klubuna keçir. Kəpəzdə 1 mövsüm respublika çempionatında forma geyinir, ardınca isə Zirə futbol klubuna transfer olur. Qəhrəmanımızın 17 yaşı olanda, U18 yığma komandaya cəlb olunub. Zirədə U19 liqasını əsgərliyi səbəbi ilə tam bitirə bilmir və hərbi xidmətə yollanır... 19 yaşlı gənc İlqar Burcəliyev Vətən Müharibəsinin ilk günlərində, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.

 

Hafta.az şəhid İlqar Burcəliyevin qardaşı, Tamerlan Burcəliyev ilə müsahibəni sizə təqdim edir.

 

- İlqar futbolçu idi. Yəqin ki, hərbi xidməti başa vurduqdan sonra da, karyerasına davam etməyi düşünürdü?

 

- Ən böyük arzusu, bu sahədə uğur qazanmaq  olub. Futbolda istədiyi yerə yüksələ bilməsəydi, işləyib ailəmizə dəstək olmağı planlaşdırırdı.

 

 

 

Sonuncu görüşünüzü necə xatırlayırsınız?

 

- İlqar cəbhə bölgəsində, Tərtərdə xidmətdə idi. Axırıncı dəfə yanvar ayında ayağı şişdiyi üçün qospitala gətirilmişdi, onda görüşdük. Gündəliyi var idi, həmin vaxt bizə vermişdi. Bu yaxınlarda oxudum, orada yazıb ki, “Əgər cəbhə bölgəsinə düşsəm, daha bir Mübariz də mən olacağam”.

 

- Müharibə başlayanda, yəqin ki, sizinlə əlaqə saxlamışdı, bu barədə nə isə deyirdi?

 

- Qardaşım, sentyabrın 26-dan 27-nə keçən gecə, atama mesaj yazdı, orada qeyd etmişdi ki, “Haqqınızı halal edin. Anama heç nə demə, mən döyüşə gedirəm”. Səhər atam həmin nömrəni axtarıb tapdı, zəng etdi.  Saat, təxminən, 11:00 olardı, bir az danışdıq. Arxadan atəş səsləri açıq-aydın eşidilirdi. Səsindən isə heç bir narahatlıq hiss olunmurdu. Əksinə, böyük qürursevinc hissi ilə dedi ki, artıq Talış kəndini azad etmişik. Torpaqlarımızı işğaldan azad edə-edə irəli gedirik”. Elə bu zəng bizim İlqarla sonuncu danışığımız oldu...

 

 

 

- Hansı xatirələri bizimlə bölüşə bilərsiniz?

 

- 2016-cı ilin Aprel döyüşlərində İlqarın sinif yoldaşının qardaşı Mahir Quluyev şəhid oldu. Onu son mənzilə yola salanda, dəfndə qardaşım öz dostlarına deyib ki, “Bir gün mən də şəhid olsam, məni də belə yola salarsınız”. Ölkəmizə, bayrağımıza çox bağlı idi. İlqar şəhid olduqdan sonra, valideynlərimlə birlikdə, xidmətdə olduğu hərbi hissəyə yollandıq. Burada həm onun əşyalarını təhvil aldıq, həm də döyüş yoldaşları ilə görüşdük. Əsgər yoldaşları deyirlər ki, İlqar odun-alovun içindən şəhidlərimizi çıxarıb, bundan başqa, yaralı dostunu da xilas edib. Özü isə  1 saata yaxın yaralı vəziyyətdə qalıb, tez-tez onlardan su istəyirmiş. İki tibbi yardım maşını köməyə gəlməyə çalışsa da, hər ikisi düşmən tərəfdən vurulub. Yoldaşları ona tək getməyi təklif ediblər. Gedə bilərdi, amma bildirib ki, burada onların yanında qalacaq. Döyüş yoldaşları da onu bir an belə yalnız buraxmayıb. Daha sonra aldığı yaradançoxlu qan itirdiyindən, şəhid olub.

 

- Şəhid xəbəri sizə nə zaman deyildi?

 

- Sentyabrın  28-i, saat 5-də atamı Hərbi Komissarlığa çağırdılar. Burada ona qardaşımın şəhid olduğu xəbəri verildi. Komandirinin dediyinə görə, 27 sentyabr saat 5-6 radələrində İlqar snayper gülləsinə tuş gəlib və beləcə, şəhidlik zirvəsinə ucalıb.

 

- Qardaşınız şəhid olduqdan sonra, rəsmi qurumlardankimi dəstək gəldi?

 

- Heydər Əliyev Fondundan bizə dəstək oldu, hətta onu da bildirdilər ki, İlqarın adını yaşatmaq üçün o, küçələrdən birinə veriləcək.

 

Qeyd edək ki, Tamerlan Burcəliyev də qardaşı kimi futbolçudur. O, hazırda Zirə futbol klubunun əsas komandasında forma geyinir. Bu yaxınlarda İlqarın yaşıl meydanlarda adının yaşaması ilə bağlı olaraq, “Zirə” klubunun rəhbərliyinə müraciət edib. Onun formasında həm öz adı, həm də qardaşının adı yazılacaq. “Zirə” futbol klubunun əsas meydanında isə hazırda şəhid İlqar Burcəliyevin portreti asılıb. Tamerlan deyir ki, bundan sonra vuracağı bütün qolları igid qardaşına həsr edir...

 

İlqar həyatının ən gözəl çağlarında, canını Vətənə fəda edən yüzlərlə qəhrəmanımızdan biridir. Özündən sonra gələcək nəslə örnək olacaq mərdlik hekayəsi, birki, xoş xatirələri qaldı.

 

İlqar öz şərəfli ölümü ilə ölümsüzlük qazandı. Şəhidliyin mübarək olsun, Vətənimin qəhrəman oğlu. Təki Vətən yaşasın!

 

Banu

Həftə içi.- 2020.- 10-16  dekabr.- S.10.