Şəhid  Niyamin Niftalızadə

 

  20 əsgərin xilaskarı  

 

44 günlük Vətən müharibəsində şəhid olanların ata-analarının bir çoxu söhbətə “Tovuz hadisələrindən sonra…” ilə başlayır. Bu da təsadüfi deyil. Düşmən 2020-ci ilin iyul ayında qəfildən ordumuzun Tovuz istiqamətindəki mövqelərinə hücum edəndə dörd gün ərzində davam edən şiddətli döyüşlərdən sonra İkinci Qarabağ müharibəsi bir çox hərbçilərimiz üçün həm də qisas məqamının gəlib çatması idi. Axı Tovuz döyüşləri zamanı düşmən xaincəsinə ordumuzun bir neçə yüksək rütbəli zabitini-ordu korpusunun qərargah rəisi, general Polad Həşimovu, korpusun artilleriya rəsi, polkovnik İlqar Mirzəyevi və digərlərini də şəhid etmişdi. Bu xain hücum o zaman Azərbaycan xalqının düşmənə qarşı qəzəb və hiddətinin daha da artmasına səbəb oldu, müharibə çağırışları artdı, düşməni Qarabağdan qovuq çıxarmaq məqamının gəlib çatdığı yəqinləşdi.

 

 

 

2 düşmən tankını vurub, “taborun ürəyi” adını qazanıb

 

İkinci Qarabağ müharibəsində  igidlik, şücaət göstərən, qəhrəmanlıq salnaməsinə imza atanlardan biri — şəhid Niyami Niftalızadənin atası da oğlu haqda danışarkən elə ilk sözləri “Tovuz hadisələrindən sonra…” olur.

 

İki erməni tankını vuraraq taboru, 20 nəfər döyüşçü yoldaşını xilas edən, özü isə şəhid olan 23 yaşlı Niyamin Niftalızadə məhz Tovuz hadisələrindən sonra könüllü olaraq orduya yazılıb. Müharibə başlayan gündən döyüşlərə qatılıb. Fizuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində erməni hücumunun qarşısını alarkən böyük qəhrəmanlıq göstərib, xidmət etdiyi taboru xilas edən Niyaminə “taborun ürəyi” adını veriblər.

 

 

 

Niyamin Niftalızadə 1997-ci ildə Şahbuz rayonunu Nursu kəndində anadan olub. Valideynləri onun 3 yaşı olanda paytaxta köçüblər. Xətai rayonundakı 191 saylı orta məktəbin məzunu olub. 2015-ci ildə hərbi xidmətə yollanıb. Hərbi xidmət zamanı göstərdiyi şücaətə görə dəfələrlə mükafatlandırılıb. Hətta hərbi hissə komandiri onun valideynləri əlaqə saxlayaraq bu cür vətənpərvər övlad böyütdüklərinə görə onlara təşəkkür edib. Hərbi xidmətdən qayıdandan sonra Niyamin aşpazlıq peşəsinı yiyələnib. Atası Xaliq Məhərrəmov neft şirkətində mühafizəçi, anası Zəminə Məhərrəmova isə 194 saylı körpələr evində texniki işçi olub. Ailədə iki uşaq olublar- Niyamin və bacısı Nərmin.

 

Polkovnik Mirzəyevin əsgəri onun qisasını almağa can atır

 

Şəhid atası Xaliq Məhərrəmov virtualaz.org-a açıqlamasında deyir ki, oğlu Vətənini sevən, vətənpərvər, mərd bir uşaq olub. Hərbi xidmətdə zamanı komandiri polkovnik İlqar Mirzəyevin Tovuz döyüşlərində şəhid olması Niyaminə çox pis təsir edib. O, könüllü cəbhəyə yazılıb və komandirinin qisasını alacağı deyib.

 

 

 

Oğlum İlqar Mirzəyevin əsgəri olmuşdu. Komandirinin ölümü Niyaminə pis təsir etmişdi. Cəbhəyə də könüllü yazılmışdı ki, komandirimizin qisasını almalıyıq. Sentyarbın 21-də səfərbərliyə alındı, bir həftə Bakıətrafı kəndlərdə təlimlərə getdi. Sentyabrın 27-dən Füzuli – Cəbrayıl istiqamətində cəbhəyə yollandı. İki dəfə yanına da getmişdim. Danışanda harda olduğunu demirdi, deyirdi arxa cəbhədəyik. Cəbrayıldakı döyüş zamanı Niyamin düşmənin hərbi texnikasını, yüksəklikdən iki erməni tankını vurub, taboru xilas edib deyə döyüş yoldaşları onataborun ürəyi”adını veriblər”,-Niyaminin atası söhbətə davam edir.

 

“Oktyabrın 4-də şəhid xəbərini aldıq…”

 

Şəhid atası deyir ki, sonuncu dəfə oktyabrın 4-də oğlu onlarla əlaqə saxlayıb və hər şeyin yaxşı olduğunu deyib. Lakin üç gün sonra oğlunun  şəhid xəbəri gəlib: “Bizə döyüş barədə heç nə danışmırdı. Deyirdi ki, hər şey yaxşdı. Oktyabrın 8-də şəhid olduğunu öyrəndik”.

 

 

 

Axşam növbəsinə işə yollanmaq istəyən ata qapının döyüldüyünü eşidib. Tanımadığı şəxslər ona oğlunun yaralandığını deyiblər: “İnanmadım, həyətdə adam çox idi. Ürəyimə dammışdı… Tək təsəllim odur ki, oğlum torpaq uğrunda şəhid olub. Bununla təskinlik tapırıq. Şəhid ailələrinə mənəvi dəstək hər şeydın üstündür”.

 

Niyamin uşaqlıqdan idmana da xüsusi maraq göstərib. Məşhur “Fənərbaxça” klubunun fanatı olub. Dəfn edilərkən dostları onun məzarı üstünə “Fənərbaxça”klubunun formasını və bu formanın rənglərini əks etdirən güllər qoyub. Klub öz səhifəsində bu barədə yazı dərc edilib və şəhidimizə Allahdan rəhmət diləyib.

 

Bağça müdirəsinin şəhid anasına qarşı alçaqlığı

 

Şəhid atası deyir ki, övladının dəfnindən sonra həyat yoldaşı Zəminə Məhərrəmovanı işlədiyi Xətai rayonu 194 saylı Körpələr evinin müdirəsi Tovuz Cəbiyeva iki aylıq məzuniyyətə göndərib: “Pandemiyaya görə bağça oktyabrın əvvəli açılmışdı, sonra yenidən bağlandı. Oktyabırn 9-da bağçanın müdiri həyat yoldaşımı çağırıb öz hesabına məzuniyyətinə göndərib. Sonra iclas keçirib, müəllimələrə deyib ki, daha bundan sonra Zəminə işləyə bilməyəcək, məzuniyyəti bitəndən sonra işdən çıxaracağam. Yoldaşıma dedim ki ,sən deyilənlərəfikir vermə,  heç bir azərbaycanlı bunu etməz, belə bir şey ola bilməz. Yoldaşım onsuz da sarsılıb, biz o cür oğul itirmişik, dərdimiz onsuz da böyükdür, çox ağırdı”.

 

 

 

Şəhid atası əvvəlcə Xətai rayon icra hakimiyyətinə, sonrasa Bakı şəhər icra hakimiyyətinə və Təhsil Müəssisələri və Uşaq evləri İdarəsinə müraciət edib. Onanarahat olmayın, yoldaşınızı heç kim işdən çıxara bilməz, çıxartsalar belə özümüz işlə təmin edərik” deyiblər.

 

“Axı bizim indi mənəvi dəstəyə daha çox ehtiyacımız var…”

 

Şəhidin atası sözlərinə davam edir: “Mənə dedilər ki, o müdirənin əvəzinə sizdən üzr istəyirik. Dedim axı siz heç nə etməmisiz. Yoldaşımın işdən çıxarılması ilə bağlı əmri ləğv elədilər, iki aylıq maaşını da bərpa elədilər. Bakı şəhər icra hakimiyyətinə müraciət etdikdən sonra müdirə özü bizə gəldi, dedi ki, sənəddə yanlışlıq olub, üzr istəyirəm. Dedim üzr istəməyə gərək yoxdur, belə ağır günümüzdə siz bizə mənəvi, psixoloji gərginlik yaşatmısınız”.

 

Niyaminin atası deyir ki, bütün şəhid ailələrinə mənəvi dəstək lazımdır. Çünki onların ən çox  ən çox mənəvi dəstəyə ehtiyacı var.

 

Düzdür, bağça müdirəsinə töhmət də verdilər. Məni düşündürən odur ki, əgər belə bir hərəkəti bu adam şəhid anasına qarşı eləyirsə gör başqalarına nə eləyər. Bu cür insanları bağışlamaq olmaz”- şəhid atası bildirir

 

İnarə Rafiqqızı

 

Həftə içi.- 2020.- 10-16  dekabr.- S.10.