“Döyüşə, düşmən
üzərinə sevinə-sevinə gedirdik”
Sentyabrın 27-də düşmənə qarşı əks-hücuma keçən ordumuz 44 günlük Vətən Müharibəsini qələbə ilə başa vurdu. Azərbaycan ordusunun “Dəmir Yumru”ğu nəticəsində kapitulyasiyaya imza atan düşmənin üzərində qazanılan zəfərin əzəməti, dekabrın 10-da keçirilən Hərbi Paradda bir daha nümayiş etdirildi. Meydan Vətən uğrunda vuruşan, igidlik göstərən qalib əsgərin ayaq səsləri ilə titrədi.
Şanlı qələbəmizin əzəmətli portretini yaradan əsgərlərimizin böyük qismi öz Qələbə Paradını azad olunan torpaqlarımızda qurulan postlarda, müdafiə istehkamlarında keçirdilər. Azərbaycan əsgərinin Vətənin azadlığı uğrunda savaşı bitməyib. Torpaqlarımızda sülh, əminamanlıq tam bərpa olunana qədər əsgərimizin əli tətikdə olacaq.
Bu gün “Həftə içi” həmin igirdlərdən biri - işğaldan təmizlənən torpaqların keşiyində dayanan baş gizir Ramin Məmmədovdan danışacaq.
Daha doğrusu, Ramin bəy bizə öz döyüş yolundan söz açacaq. Hərbçini eşitmək və bir qəhrəmanın düşüncələrini oxucularla bölüşmək bizim üçün də qürurvericidir. Baş gizir Ramin Məmmədov hazırda düşməndən təmizlənən Zəngilan rayonunun müdafiəsində öz hərbi xidmətini davam etdirir.
- Ramin,
bizə döyüş yolundan danışın. Vətənin müdafiəsinə hardan
başladınız?
- Mən
hərb sənətini çox sevmişəm. Bu
sevgi ilə də 2000-ci ildən hərbidəyəm. Bu formanı geyinmək, hərbçi olmaq istəyim
elə-belə yaranmayıb. Torpaqlarımız
uzun illərdir işğal altında idi. O torpaqları
yağı düşməndən azad etmək, 30 ildir
ağlayan ana-bacılarımızın üzünü
güldürmək, az qala dərddən
beli bükülən atalarımızın qamətini dikəltmək
istəyi bütün Azərbaycan kişisinin ali məqsədinə
çevrilmişdi. Hərbi biliklərə yiyələnmək
istəyimdə əsas məqsədim, arzum vətən
torpağını düşməndən azad etmək olub.
Şükürlər olsun ki, o gün gəldi...
Sentyabrın 27-də, hardasa saat 8:00 radələri
olardı. Döyüşə Füzulinin Rüzgar postundan
başladıq və bir birinin ardınca kəndləri, şəhərləri
düşmən tapdağından azad edə-edə Cəbrayıl,
Hadrut, Hakuki kəndi, Çanaqçı, Şuşi kəndi
və digər yerlərdə döyüşlərdə
iştirak etdik. Qazandığımız qələbələr
bizi daha da irəliyə getməyə ruhlandırırdı. Şükürlər
olsun ki, qələbəyə qədər bütün
döyüşlərdə iştirak etdim.
- Sizcə,
hərbçinin döyüşdə düşmən üzərində
qələbəsini təmin edən əsas gücü nədədir?
- Ali Baş Komandanın siyasəti,
komandanlığı altında, ordumuzun güclənməsi,
xalqın birliyi və vəhdəti bu müharibəni bizə
qazandıran əsas şərtdir. Bununla yanaşı hərbçinin
döyüş ruhunun yüksək saxlanması da əsas
şərtlərdəndir. Bu müharibədə
əsgərin qələbəsi üçün nə
lazım idisə,
döyüş zamanı onu aldı. Bizim ordumuz
çox güclüdür, bu müharibəyə hər an hazır idik. Düşmən
nə qədər cəhd göstərsə belə, bizim
qarşımızı ala bilmədi. Lakin
artilleriya silahlarından bizə atılan atəşlər
zamanı itkilərimiz oldu. Ona baxmayaraq ordumuz irəlilədi,
heç nədən qorxmadan, çəkinmədən... Bizi heç bir silah, artilleriya qorxuda bilməzdi.
Çünki bizim bir niyyətimiz var idi -
torpaqlarımızı işğaldan azad etmək. Təbii ki, bu döyüşlərdə bizi əsasən
gücləndirən hiss vətən sevgisi, Ali Baş
Komandan-xalq birliyi və bu müharibədə Azərbaycanı
azad etmək məqsədi idi. Biz bu
savaşda haqlı idik. Biz öz
haqqımızı geri almalıydıq, o torpaqlarda
qırılan qürurumuzu bərpa etməliydik. Və şükürlər olsun ki,
haqqımızı aldıq. Ali Baş
Komandanın qətiyyəti və bizə verdiyi yüksək
ruh sayəsində bunu etdik. Nə qədər itki versək
də, nə qədər yaralılarımız olsa da, əsgərlərimiz
bir an belə döyüş ruhunu itirmədi.
Və biz bu torpaqları ermənilərin
tapdağından qurtardıq.
Biz bu gün Şəhid qardaşlarımızın
qarşısında baş əyirik. Bu gün də Ali
Baş Komandan orduya hər hansı bir komanda versə,
can-başla hazırıq.
Bizimlə
birlikdə döyüşüb qəhrəmancasına şəhid
olanların xatirəsini əbədi yaşatmaq
üçün hər an döyüşə
hazırıq.
-
Adlarını çəkin, qoy insanlarımız bu adları
yaddaşlarına həkk etsinlər.
- Qəhrəman
qardaşlarımın adını çəkməyə
çalışacam. Məndə bir az
yaddaş pozğunluğu yaranıb.
-
Yaddaş pozğunluğu nədən yarandı?
- Top mərmisinin
dağıntıları altında qalmışam, üstəlik
mərmi atılanda onun dalğası adamı tutur. Bir dəfə də qəlpə yarası
almışam. Bədənimdə qəlpə
var. Bundan məndə yaddaş pozuntusu yaranıb.
- Harda
yaralandın, qəlpəni çıxartmaq mümkün
olmadı?
- Hadrut
istiqamətində, ayaq nahiyəmdən yaralanmışam. Hələ qəlpəni çıxarmağın
vaxtı deyil. Müdafiə xəttini buraxıb heç
yana çıxa bilmərəm. Nə vaxt məzuniyyətlər açılar, gəlib
onu bədənimdən çıxararam. Bu
sonranın işidir. Mən şəhid qəhrəmanlarımızdan
yadıma düşənlərin adını çəkmək
istərdim. Onlar kapitan Həmid, baş leytenant
Telmanlı Allahyar, İsmayılov Elvin, gizir Qurbanov Ramin, mənim
əsgərim Məmmədov Fəxri, bizim qərərgah rəisimiz,
kapitan Ülvi Hüseynov... Ülvü
Hüseynov döyüşlərdə çox böyük fədakaqlıq
göstərdi. Onun döyüşdəki
qəhrəmanlığını düşünəndə,
bu gün də qanımız coşur. Onun
qəhrəmanlığını sözlə ifadə edə
bilmirəm. Ülvi Hüseynov Şuşi
kəndində snayper atəşinə tuş gəldi.
O, ikinci Fəxri Xiyabanda dəfn olunub. Ona elə
sağlığında İgidlik Ordeni vermişdilər.
Amma əfsuslar olsun ki, o, medalı yaxasına
taxmadı, görmədi. Əfsuslar olsun... Buna baxmayaraq, Allaha şükürlər olsun ki, biz
o igidlərin canını qurban elədiyi o torpaqları azad elədik.
Şəhidlərimizin qanı yerdə qalmadı... Allah
bütün şəhidlərimizə rəhmət eləsin...
- Amin... Mühribə, qan-qada, ölüm-itim, əzablı
bir prosesdir. İgid əsgərimizi
düşmən, çətinliklər heç bir halı ilə
qorxuda bilməz. Amma bu müharibədə
ən əziz əsgər yoldaşını
gözünün qarşısında itirmək ən çətin
məqamdır məncə... bu anlarda hisslərə
qapılma halları olurdumu?
-
Müharibə çətindir, bəli. Ən ağır məqamı
da siz dediyiniz kimi, əsgərinin, can qardaşının
gözünün qabağında yaralanması, şəhid
olmasıdır. Amma Allaha and olsun ki, biz
döyüşə, düşmən üzərinə sevinə-sevinə
gedirdik. İnanırdıq, bilirdik ki, biz zəfər
çalacağıq. Bu müharibədə bizim əsgərlər
hamısı bir qəhrəman kimi nə olsa da irəliyə
doğru can atırdılar. Bu müharibədə
komandirlər hamısı əsgərin yanında idi. Bu, əsgərə böyük ruh yüksəkliyi
verirdi. Döyüşlərdə Azərbaycan əsgərində
nədənsə qorxmaq, çəkinmək ola
bilməzdi. Şəhidlər versək də,
yaralımız olsa da, irəliyə, ancaq irəliyə
gedirdik. Hər bir döyüş
yoldaşımızın, qardaşımızın Şəhid
olması, yaralanması əsgərlərimizə düşməndən
qisas almaq üçün əlavə güc verirdi bizə.
Düzdür, biz çox məyis olurduq. Amma məyus
olub hisslərə qapılmağa ixtiyarımız yox idi.
Biz hər bir şəhidimizin qisasını
ikiqat almaq üçün daha da irəliyə getmək istəyirdik.
Şəhid qardaşlarımızın da, bizim
də məqsədimiz torpaqları azad etmək idi. O məqsədin
qarşısında heç bir hissə qapılma ola bilməz. Hamımızın
bir məqsədimiz var idi, torpaqlarımızı azad etmək,
heç nə bizi ruhdan sala bilməzdi. Bizim
kədərlənib, hisslərə qapılmağa
haqqımız yox idi. Biz o dəhşətin
sevincini torpaqlar azad olunandan sonra ikiqat yaşadıq. O
sevinci heç nə ilə müqayisə etmək
mümkün deyil. Biz canını qirban verən
əsgərlərimizə görə də sevinirdik.
Sevincimizin həddi-hüdudu yox idi...
- Cənab
baş gizir, dekabrın 10-da hərbi parad oldu, sizin qələbə
paradınız...
- Hə,
biz hamımız o paradda iştirak etmək istəyərdik. Əslində ruhən biz də ordaydıq. Amma həm də biz postlarımzın müdafiəsində
qalmalıydıq. Bizim üçün vətənin
müdafiəsində dayanmaq elə özü bir paraddır.
Bizim parad səngərdə. Elə Zəngilanın azad olunması və əsgərlərimizin
öz torpağını düşməndən azad etməsi
də bir paraddır və biz də ruhən O paraddan
keçdik.
Meydanda baş tutan o möhtəşəm Hərbi Parad
mən deyərdim ki, Azərbaycanın, bizim yeni doğan ay
ulduzlu, günəşimizdir. Mənim
üçün bu parad illərlə itirdiyimiz şərəfin,
ləyaqətin, özünü dərk etməyin bərpasıdır,
Qürurdur. İnsanlarımızın
özünə güvənidir. Bir sözlə,
kimliyimizin qayıdış günüdür! Allah
ordumuza güc versin. Şəhidlərimizin ruhu şad
olsun! Bu gün şəhidlərin də
ayağa durduğu gündür. Allah
yaralı əsgərlərimizə şəfa versin. Onlar bizim qürurumuzdur. Allah Azərbaycanımızı
qorusun, Ali Baş Komandana güc versin. Çox sevinirəm,
çox qürurlanıram...
- İndi vəziyyət necədir Zəngilanda?
- Şükürlər olsun ki, sakitlikdir. Hazırda Zəngilan
rayonunun müdafiəsindəyik. Düşmən
bundan sonra bizim torpaqlara addımını ata bilməz, buna
cürət etməməlidir. Düşmən
tərəfindən hansısa bir əks hərəkət
olarsa, igid əsgərlərimizlə istənilən həmlənin
qarşısını almağa tam hazır vəziyyətdə
dayanmışıq. Torpaqlarımızı
uğurla işğaldan azad etməyimiz bizə daha da güc,
ruh verib. Qalib olan, illərdir öz torpağının
azdlığı məqsədi ilə yaşayan
döyüşçü üçün bundan gözəl
gün ola bilməz. Düşünürəm
ki, bu hissi hər bir əsgər, hər bir vətənini sevən
insan yaşayır. Amma əsgərin qələbə
sevinci bambaşqadır.
- Qalib əsgər
bu gün hansı hissləri yaşıyır, nə
sözü var?
- Əlbəttə ki, böyük qürur hissi
keçiririk.
Bütün əsgərlər, hamı
özü ilə qürur duyur. Bu, bizim vətən
qarşısında, ana-bacılarımızın
qarşısında namus, şərəf borcumuz idi. Allaha şükr edirəm ki, o borcumuzdan
çıxdıq.
Hamımızın gözü aydın olsun. Analarımızın,
bacılarımızın üzü gülsün. Biz əsl Azərbaycan əsgəri kimi ləyaqətlə
vuruşduq və düşməni susdurduq. Ordumuz göstərdi ki, biz güclüyük və
düşmənin başını əzməyə qadirik.
Sağ olsun xalqımız, sağ olsun Ali Baş Komandan, daim
ordunun yanında oldu. Xalqımız hərbiyə çox
böyük mənəvi dəstək verdi.
Bu vətən savaşında kiçikdən
böyüyə qədər hamının ürəyi
müharibədə döyüşən əsgərlə
bir yerdə döyündü. Əsgərlərimiz
də şir kimi döyüşdü, düşmən Azərbaycan
əsgərinin yumruğunun zərbəsini gördü.
Cinayətkar, işğalçı erməni bundan sonra
ağlını başına yığıb, mənim
torpaqlarımda at oynatmağa qalxa bilməz. Əgər
çaşıb yenidən hərbi təxribatlara əl
atarsa, müzəffər ordunu - bizi qarşısında
görəcək.
Əsgərlərimiz döyüşə-döyüşə kəndlərı, dağları, meşələri keçib gəliblər, yorulmayıblar. Bu gün də əsgərlərimizdə çox gözəl əhval-ruhyə var.
Böyük ruh yüksəkliyi ilə Vətənin
müdafiəsində dayanıblar.
Tahirə
Həftə içi.- 2020.- 17-23
dekabr.- S.10.