“Zəfər paradı Türkiyə - Azərbaycan
qardaşlığını bütün
dünyaya göstərdi”
Dekabrın 10-da Azərbaycanda Zəfər paradı keçirildi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da həmin tədbirdə bütün rəsmi heyəti ilə iştirak elədi. Hətta türk ordusunun bölməsi, bu ölkədən alınmış strateji hərbi texnika da tribunalar önündən keçməklə “Bir millət, iki dövlət” deyimini əməldə göstərdi. Bəs bu qürurlandırıcı hadisəylə bağlı Türkiyədə və türk dünyasında nə düşünürlər? Azərbaycan-Türkiyə qardaşlığının, təbii ki, sülhü və təhlükəsizliyi təmin edəcək güc birliyinin nümayişi hesab olunan bu möhtəşəm hərbi paradla bağlı Əfqanıstandakı NATO hərbi qüvvələrinin keçmiş sözçüsü, tanınmış yazıçı, araşdırmaçı Əsədullah Oğuzla söhbətləşdim. Gəlin cənab Oğuzun dediklərini müsahibədən birlikdə oxuyaq:
- Bakıda qeyd edilən hərbi parad, Türkiyə - Azərbaycan qardaşlığının sadəcə sözdə deyil, əməldə də mövcud olduğunu dünyaya, xüsusilə də Ermənistanın əsas himayədarları olan Fransa və Rusiyaya açıq şəkildə sübut elədi. Eyni zamanda, bu parad Rusiyaya mesaj mənası da daşıyır. Yəni keçmiş Sovet respublikası olan Azərbaycan artıq Rusiyanın “arxa bağçası” deyil, Azərbaycanın 90-cı illərdə olduğu kimi, təkbaşına qalmasına yol verilməyəcək. Çünki günümüzdə artıq hər cür haqsızlığa seyrçi qalan yox, əksinə regional gücdən qlobal gücə çevrilməkdə olan Türkiyə var.
- Çox qəribədir, Zəfər paradından bir gün əvvəl Rusiya Azərbaycandan pomidor və alma idxalını yasaqladı. Səbəb kimi, guya meyvə-tərəvəzin sağlamlıq normalarına cavab vermədiyi göstərilsə də, siyasi müşahidəçilər birmənalı şəkildə bu qərarı sırf siyasi məna kəsb etdiyini deyirlər. Doğrudan da, pomidor ixracı Azərbaycana qeyri-neft sektorunda ən yüksək gəlir gətirən mənbədir…
- Moskva artıq bu cür ucuz və primitv taktikalarla Azərbaycanı heç nəyə məcbur edə bilməz. Ortalama 30 ildir davam edən işğal prosesində Azərbaycan həm keçmişdə buraxdığı xətalarından dərs alıb, həm də bu günlərə çox yaxşı hazırlaşıb. Qarabağ zəfəri bunu açıq şəkildə göstərdi. Qarabağ zəfəri, Türkiyə və ya İsraildən alınan dörd-beş dronun işi deyil, əksinə, Azərbaycan ordusunun ötən illər ərzində boş dayanmayıb özünü inkişaf etdirməsinin, maddi, mənəvi, texniki və elmi sahədə hazırlıq keçməsi, önəmli nəticələr əldə etməsinin bəhrəsidir.
- Türkiyə ordusunun Azərbaycanda hərbi baza qurması məsələsi gündəmdədir. Ruslar çox sürətlə yerləşdilər Azərbaycanın Qarabağ bölgəsində, amma türk əsgərinin gəlişi bir az yubanır. Sizcə yubanmaya səbəb nə ola bilər? Rusiyanın Azərbaycana bir az soyuq münasibət bəsləməsinin səbəbi məhz Türkiyə ilə hərbi əlaqələrin müttəfiqlik səviyyəsinə yüksəlməsi ola bilərmi?
- Təbii ki, Rusiya ilə Türkiyə bu bölgədə nüfuz uğrunda yarışırlar. Rusiya bölgədə hər şeyi itirib öz ictimaiyyəti arasında gözdən düşmək istəmirdi. Bu səbəbdən də Azərbaycan ordusu erməniləri tamamən əzib bütün Qarabağda zəfər qazanmasına az qalmış, Rusiya bölgəyə yerləşərək öz etibarını qurtardı. Türkiyə ilə Rusiyanın gizli anlaşması mənə görə bu idi: iki böyük güç dünya və öz ictimaiyyətlərinin gözü önündə nüfuzlarını itirmədən Qarabağda ortaq yol tapmağa çalışıb. Ruslar Qarabağa girməklə Rusiyanın hörmətini qorunmuş oldular. Azərbaycan torpaqlarının böyük qisminin azad edilməsiylə Türkiyə və Azərbaycan da istədikləini hardasa 80-90 faiz əldə etdilər. Hansı ki, dünya ictimaiyyətinin fikrincə, qazanan Azərbaycan-Türkiyə birliyi, itirən isə Rusiya-Ermənistan cəbhəsidir.
- Ərdoğan paradda çıxış edərkən mərhum şair Bəxtiyar Vahabzadənin şeirindən sitat oxudu: Arazı ayırdılar, qum ilə doldurdular... İran çox rahatsız olub və anındaca XİN başçısı Cavad Zərif sərt qarşılıq verib. Amma çox təəssüf ki, 44 günlük müharibənin ilk yarısında Cavad Zərif erməniləri işğalçılıq siyasətinə son qoymağa dair bircə dəfə açıq-aşkar və birbaşa işğalçının adını çəkməklə fikir bildirmədi. Yalnız müharibə yekunlaşana yaxın, qələbənin Azərbaycanın tərəfində olduğu aşkar hiss edildikdən sonra İranda müxtəlif səviyyələrdə Ermənistana torpaqlardan çıxmağa dair çağırışlar edildi. Bəs nə oldu ki, Ərdoğanın şeirdən bir bənd oxuması onların anındaca dilini açdı, axı bu şeir onillərlə öncə yazılıb, hətta ona mahnılar da qoşulub, bəyəm İranda bunu bilmirdilərmi?
- İranın narahatlığı, bu ölkədə yaşayan azərbaycanlıların Azərbaycana meyllənməsi və gələcəkdə Azərbaycanla birləşmək istəməsindən qaynaqlanır. İran, bilirsiniz ki, min il türklər tərəfindən idarə olunub. Öncə Səlçuqlar, ardıyla da Monqollar, Səfəvilər, Nadir Şah Əfşar və Qacarlar İranda hökmranlıq edib. Farslar İranda ilk dəfə ötən əsrin əvvəllərində iqtidarı ələ keçirib. Bu səbəbdən də İran hakimiyyəti türklərin qarşısında dərin bir kompleks və qorxu içindədir. İran azərbaycanlıları ayağa qalxsa, bəlkə də İran adlı bir ölkə qalmayacaq, bir neçə yerə bölünə bilər ölkə. Azərbaycan iqtisadi, texniki və demokratiya sahəsində bütün problemlərini aradan qaldırsa, İrandakı azərbaycanlılar üçün çox güclü cazibə mərkəzinə çevriləcək.
- Naxçıvanla Azərbaycanın əsas ərazisini birləşdirən birbaşa dəhlizin yaradılacağı deyilir. Sizcə bu dəhlizin geosiyasi önəmi Türkiyə, İran, Azərbaycanın özü, Orta Asiya və Əfqanıstanın maraqları baxımından nədir?
- Naxçıvan dəhlizi real fəaliyyətində nə qədər vacib əhəmiyyətli olacaq, indidən bir söz deyə bilmərəm. Amma nəzərə alsaq ki, Ermənistan ərazisindən keçir, geosiyasi əhəmiyyəti böyükdür. Bu dəhliz işə başlayarsa, Türkiyə ilə türk dünyasının fiziki yaxınlaşması və hətta birləşməsi baxımından çox önəmli olacaq. Xüsusilə də, Azərbaycanla Türkiyə arasında mənəvi yaxınlıq və birləşməni tamamlamaq lazımdır ki, bu, digər türk dövlətlərinə də örnək olsun. O cümlədən, Azərbaycanın Rusiyanın maraqları qarşısında Qarabağda zəfər qazanması da digər türk cümhuriyyətlərinə nümunə olmalıdır. Artıq Rusiyadan qorxmalarına gərək yoxdur, Rusiyadan qorxub hərəkət etməkdənsə, başda Türkiyə olmaqla Avropa Birliyi və ABŞ kimi ölkələrlə yaxın əlaqələr qursunlar və azad şəkildə dünyaya inteqrasiya olunsunlar. Bu, onların demokratikləşməsinə də yardım edəcək. Azərbaycan, Türkiyə və digər türk dövlətlərinin mənəvi yaxınlaşmasına kömək göstərə bilər. Çünki Azərbaycan rus düşüncəsini və mədəniyyətini daha yaxşı bildiyi üçün digər türk cümhuriyyətləri ilə çox asanlıqla anlaşıb bu birliyi təmin edə bilər. Hətta türk dövlətləri güclü bir iqtisadi və hərbi blok formalaşdırsalar, məncə Türkiyə ilə birlikdə Avrasiya bölgəsində Rusiya və Çinə qarşı blok da qura bilərlər.
- Türkiyənin birbaşa olaraq Azərbaycana yol tapması və oradan da Orta Asiyaya açılması, NATO-nun və ABŞ-ın Qafqaza, oradan da Orta Asiyaya, yaxın yolla Əfqanıstana gəlməsi kimi dəyərləndirilə bilərmi?
- Türkiyənin strategiyası dəyişir məncə. Çünki proseslər onun tədricən NATO və Qərbdən uzaqlaşdığını göstərir. Bu səbəbdən də müttəfiq yerinə rəqib toplamağa başlayıb. Çünki NATO və xüsusilə Qərb son bir neçə ildir sürəkli şəkildə Türkiyənin əleyhinə işlər görməkdədir. Bu səbəbdən də Türkiyə, alternativ olaraq Rusiya ilə yaxınlaşdı. Rusiya ilə yaxşı münasibətləri olan Türkiyənin Qafqazdakı varlığı Moskvanı çox da narahat etməyəcək. ABŞ-a gəlincə, onların Orta Asiyada zatən hərbi bazaları mövcuddur. Məsələn, Əfqanıstandakı bazaları hamı bilir. Məncə türk dövlətləri bölgəyə ABŞ və Avropa İttifaqının timsalında daha çox xarici hərbi qüvvə gətirərək Rusiyaya qarşı tarazlıq yaratmalıdır. Beləliklə, böyük güclərin rəqabəti kiçik ölkələrin işinə yarayacaq.
- Təxminən iki həftədən sonra 2021-ci il başlayacaq və bu yeni ildə Türkiyə - Azərbaycan qardaşlığını və ümumilikdə Türk Birliyi üçün hansı uğurlu addımların atılacağını gözləyirsiniz?
- Türklər, 1990-cı illərdə türk birliyinə qəti hazır deyildilər
- Azərbaycandan başqa digər türk respublikalarını və onların
xalqlarını yaxşı tanımırdı. Elə bu gün də yetərincə
tanımırlar. Mükəmməl şəkildə qazaxca, qırğızca, özbəkcə və
ya uyğurca
danışa bilən türk alimlərin saysan yüz nəfər
etməz - ən çox 20-30 nəfərdir.
Amma Orta Asiyada Türkiyə türkcəsində
danışa bilən milyondan çox adam görə
bilərsiniz. Yəni birliyi yaratmaq üçün
türklərin də digər tərəfləri çox yaxşı tanıması
lazımdır, sadəcə qardaşıq-soydaşıq deməklə
nəticə əldə etmək mümkün
deyil. Əgər ruhən bir-birimizi
anlaya biləriksə və dünyaya eyni pəncərədən
baxa biləriksə, o
zaman birləşmək asan olacaq.
Vüsal Tağıbəyli
Həftə içi.- 2020.- 17-23
dekabr.- S.5.