Ömrünün 19-cu payızında şəhid olan Elvin Babayev

 

44 günlük Böyük Vətən müharibəsi  bizə qələbə sevinci yaşatdı, xalq bu müddətdə öz qəhrəmanlarını bir daha tanıdı. Neçə-neçə igid Vətən övladı ərazi bütövlüyümüz, milli kimliyimiz uğrunda qazi oldu,  şəhidliyə ucaldı...

 

Elə haqqında bəhs edəcəyimiz Elvin Babayev belə qəhrəmanlarımızdan biridir. O,  28 fevral 2001-ci ildə, Gəncə şəhərində anadan olub. Özündən kiçik bi qardaşı var. Daha sonra ailə Bakıya köçür. Elvin orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. Təxris edilməsinə cəmi 3 ay vaxt qalmışdı. Lakin onu qarşıda şərəfli bir missiya gözləyirdi. 2 oktyabr 2020-ci il, əsgər Elvin Babayev Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur...

 

Hafta.az  şəhidimiz Elvin Babayevin qardaşı Emil Babayev ilə həmsöhbət oldu. Həmin müsahibəni sizə təqdim edirik.

 

-Emil,  əvvəlcə ailənizi bir qədər yaxından tanıyaq. Özünüz qardaşınız haqqında deyə bilərsiz?

 

-Ailədə 5 nəfər olmuşuq. Anam, nənəm, xalam mən qardaşım. Uşaqlıqan valideynlərimiz ayrılıb, anamız bizi çətinliklə böyüdüb, bu günlərə qədər gətirib çıxarıb. Özü yeməyib bizi yedirib. Hər ehtiyacımızı tək başına təmin edib. Qardaşımın şəhid olmasında, onun belə bir övlad kimi yetişməsində ən böyük dəstəkçisi anamızdır. Elvin çox mehriban, qayğıkeş bir insan idi. Hələ hərbi xidmətdə olanda komandirləri "başına and içirdi". Getdiyi hər yerdə özünə hörmət qazanmağı bacarırdı. Heç bir pis vərdişi olmayıb, idmanla məşğul olmağı sevirdi.

 

 

 

-Elvin müharibədən öncə yəqin ki sizə bu haqda isə deyirdi...

 

-Müharibə 4 gün olardı ki başlamışdı, zəng etdik. Mənə dedi ki, evdəkilərdən muğayat ol, artıq evin kişisi sənsən... Elə bu bizim onunla sonuncu danışığımız oldu. Oktyabr ayının 2-si şəhidlik xəbəri gəldi. Anama isə o nigaran qalmasın deyə ön cəbhədə olduğunu bildirmirdi. Elə hey deyirdi ki, narahat olma biz arxadayıq.

 

-Qardaşınızın keçdiyi döyüş yolu haqqında nələri bilirsiz?

 

-Yaxın dostu Cavidan Ağayev ilə birlikdə döyüşüb, eyni anda da şəhid olublar. Bildiyimizə görə, Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak ediblərmiş. Komandiri ilə danışdım, onun sözlərinə görə, Elvin ancaq istəyirmiş ki, biz atəş açaq. Dostları ilə tez-tez zarafatlaşarmış, deyərmiş ki, " oldu elə bir-iki atəş açan kimi yorulursuz".

 

Şəhid olmamışdan bir gün öncə əsgər yoldaşına deyibmiş ki, "Sən evin tək, övladısan, özünü qoru, sığınacaqdan çox çıxma, lazım olsa(mərmi, silah-sursat daşımaq) mən özüm edəcəm, sənə bir şey olsa anana kim baxar, mənim isə qardaşım var". Belə mərd, igid oğlan idi mənim qardaşım.

 

 

 

-Gələcək haqqında nələri planlayırdı, arzuları idi?

 

-Həmişə deyirdi ki, xidmətimi bitirib gələcəm, ailə quracam, işləyib ailəmə, sizə baxacam. Ən böyük arzusu hərbiçi olmaq idi. Hələ məktəb vaxtı Nəsimi rayonunda bütün hərbi təlimlərə özü komandirlik edərdi.

 

-Qardaşınız böyük şücaət göstərib, hisslər keçirirsiz?

 

-Mən onunla fəxr edirəm. İnanın hiss etdiyim bu qüruru heç bir cümlə ilə izah edə bilməyəcəm. Onun yüksəldiyi zirvə hər insana nəsib olmur. Döyüş yoldaşları deyir ki,  o qədər əsgərdən qəlpə Elvinə tuş gəldi. Allah onu seçdi, bu zirvəyə onu layiq gördü. Qardaşım elə bir insan idi ki, ondan ürəyini istə, çıxarıb verərdi... Elvinlə qürur duyuram, amma, onsuz yaşamaq da çox çətindir. Bilirəm ki, yeri gözəldir.

 

Şəhidin Anası Kəmalə xanım ilə azda olsa danışa bildik. O övladı haqqında titrəyən səsi ilə bu cümlələri dedi.

 

"Balam çox mehriban vətənpərvər övlad idi. Onunla fəxr edirəm. Oğlum Vətəni uğrunda sevinə-sevinə döyüşürdü".

 

-Oğlum özündən muğayat ol. Ana qurban, sən mənim nəfəsimsən, sənə bir şey olsa mən edərəm?

 

-Ana mən canavar kimi oğlanam, ermənidən qorxacam?

 

Elə bu söhbət ana ilə oğulun sonuncu danışığı olur. Özündən sonra anasını kiçik qardaşına əmanət edən 19 yaşlı şəhidimiz əbədiyyətə qovuşur. Bu gün çox şadıq ki, Elvinonun timsalında digər bütün şəhidlərimizin qanı yerdə qalmadı. Torpaqlarımızın azadlığı uğrunda döyüşənlər, şəhid olanlar, yaralananlar daim qəhrəmanlar kimi anılacaq. Allah bütün şəhidlərimizə rəhmət etsin.

 

 

Banu  

 

 

Həftə içi.- 2020.- 24 dekabr.- S.10.