Doğum günündə torpağa tapşırılan, cüdoçu
şəhidimiz Yusif Nəcəfov
Havası vətən eşqi ilə qoxan Azərbaycanımızın hər qarış torpağında ya şəhid qanı var ya da məzarı... Bu torpaqlar yüzillərdən bəri uğrunda can alıb can verənlərin sayəsində Vətən olub. Dünən qəhrəmanlıq hekayələri ilə yuxuya dalan körpələr, bu gün Qarabağda dastan yazdılar. Belə igidimizdən biri də Böyük Vətən müharibəsinin 19 yaşlı şəhidi Yusif Nəcəfovdur.
O, 2001-ci ilin 13 oktyabr tarixində Yasamal rayonunda anadan olub. Burada 52 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailənin ortancıl övladı idi, böyük qardaşı hazırda əsgərdir, bacısının
isə 12 yaşı
var.
Şəhidimiz 5-6 il cüdo idman növü ilə məşğul olub. Bu müddətdə
İran, Türkiyə
Gürcüstan və
Azərbaycan Respublikalarının
şəhərlərində keçirilən çoxsaylı
idman yarışlarının
iştirakçısı olub,
yüksək nailiyyətlər
əldə edib. Bayrağımızı dəfələrlə xarici arenalarda dalğalandırıb.
Yusif tam orta məktəbi bitirdikdən
sonra hərbi xidmətə yollanır. 2020-ci il oktyabr ayı, əsgər Nəcəfov xidmətinin
1 ilini tamamlamışdı,
gəlməyinə isə
hələ 6 ay var idi. Lakin, o, oktyabrın 13-ü, Böyük Vətən müharibəsinin 16-cı günündə
qəhrəmancasına şəhid
olur. Ayın
14-ü, özünün 19-cu doğum günündə
isə, torpağa tapşırılır.
Yusifin hərbi xidmətdə vəzifəsi ilk olaraq manqa komandiri, daha sonra sanitar
təlimatçı və
top komandiri olub. Hərbi xidmət dövründə
əsgər yoldaşları
və rəislərinin
hörmət, sevgisini
qazanmışdır. Müharibəyə qədərki dövrdə
həmişə bir çox əsgərlərdən
təlim, tərbiyəsinə
görə seçilmişdir.
Hafta.az şəhidin anası
Flora Nəcəfova ilə
həmsöhbət oldu,
o öz xatirələrini
bizimlə bölüşdü.
Ana deyir ki, sonuncu dəfə övladını 8 ay öncə,
yanvar ayında görüb. Pandemiya ilə əlaqədar
görüşməyə imkan yox idi.
Bu müddətdə tez-tez telefonla danışıblar.
Sentyabr ayının
27-si cəbhədə şiddətli
döyüşlər başlayanda
ailə narahat olur. Yusif valideynlərinə ön xəttə olduğunu desəydi onların necə nigaran qala biləcəyini
yaxşı bilirdi.
Buna görə də hər dəfə, yaxşı olduğunu, hələ döyüşə aparılmadıqlarını
söyləyirdi.
"Oğlum oktyabrın 1-i, cəbhədə yaralanıb
daha sonra 12 gün müalicə alıb, ardınca
13-cü gün təkrar
döyüşə qayıdıb
elə həmin gün də, cəbhənin Kəlbəcər
rayonu istiqamətində
şəhidliyə ucalıb.
Döyüşə aparıldığını belə bizdən gizlətmişdi, elə
hey deyirdi ki, hələ arxadayıq, məndən nigaran qalmayın.
Hətta, yaralandığını da bizə bildirmədi. Bircə xalasına deyib, ona da and içdirib
ki, evdəkilərdən heç
kəsə bununla bağlı bir söz deməsin. Boynundan və ayağından yaralanmışdı. Atası şəkər
xəstəsi idi, onu qorxutmaq istəməyib.
Mən iki gün sonra
bildim ki, balam xəstəxanadadır.
Bu günlərdə də bizimlə danışırdı, amma,
heç nə hiss etdirmirdi".
-Məni Allah öldürsün,
burda isti evimdə oturmuşam, siz isə soyuq
torpağın üstündə
yorğan-döşəksiz yatırsız, bizim üçün döyüşürsüz.
-Ay ana, niyə elə deyirsən? Dua et sağ-salamat
torpaqlarımızı düşməndən
azad edək.
Bu da şəhidin
anası ilə son danışığındandır.
"Qonşuluqda yasin
oxuyan seyid qadın var idi. Yusif şəhid
olmamışdan bir gün öncə mənə dedi ki, ana, Hökümə
xalaya deyərsən, Əbəlfəz ağa ilə şəhidlərimizə
yasin oxusun. Dinə çox bağlı uşaq idi. Namaz qılır, mütəmadi
olaraq məscidə gedib ibadət edirdi. Elə onun səhəri
gün şəhid xəbəri gəldi".
Flora xanım oğlunun necə istiqanlı və sevgi dolu
gənc olduğunu da vurğuladı:
"Burda bizi tanıyan
kim varsa,
Yusifin gedişi ilə sarsıldı. 19 illik ömründə
bir dənə də olsun qəlb
qırmayıb, hər
kəsin xətrini əziz tutardı".
Qeyd edək
ki, hazırda ailənin böyük övladı da əsgərdir. O qardaşının
şəhid xəbərini
eşidəndən sonra,
psixoloji sarsıntı
keçirib, hospitalda müalicəsi davam edir. Vəziyyəti ilə maraqlandıq,
ana yaxşı olduğunu bildirdi.
İndi ailənin bir istəyi, övladının
məzarının köçürülməsi. Ana deyir
ki, Yusiflə birlikdə 17 şəhid məzarı var ki, valideynlər ora getməyə çətinlik çəkirlər:
"Düzüdür, biz onların ailəsiyik, nə qədər ki sağıq, gedib ziyarət edəcəyik. Qorxuram ki, bizdən
sonra, həmin məzarlar unudulsun. Ora elə bir yerdir
ki, taksilər belə çətin tapır. İndi bununla bağlı
bir neçə yerə müraciət etmişik, məsələyə
baxılacağına söz
veriblər".
Biz də ümid edirik ki, aidiyyəti orqanlar məsələ ilə bağlı lazımi tədbirlər görəcək. Şəhid ailələrinin problemi tezliklə öz həllini tapacaq.
Vətən sevgisi vətənə
xidmətlə olur deyirlər. Onlar Vətən üçün
yaşayıb, Vətən üçün
ölənlər, torpağa deyil, milyonların qəlbinə gömülənlərdir.
Gedərkən isə, bizə bir gələcək
buraxıblar. Mərdliklə yazılı tarixin
gələcəyi... Məkanın cənnət olsun şəhid Yusif Nəcəfov.
Banu
Həftə içi.- 2020.- 24
dekabr.- S.10.