Xüsusi Təyinatlı Qüvvələrin
ən gənc çavuşu – şəhid
Elnur Əliyev
"Ana mən hərbiçi olmalıyam. Alnımızda Xocalı faciəsi boyda ləkə var. Biz o ləkəni üstümüzdən götürməliyik". Bu sözlər Böyük Vətən Müharibəsinin qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin 20 yaşlı şəhidi kiçik çavuş Elnur Əliyevə aiddir.
O, 10 fevral 2000-ci ildə Göyçay rayonunun Potu kəndində anadan olub. Məktəbə
yaşıdlarından əvvəl, 5 yaşında gedir. 2017-ci ildə Göyçay
şəhər 7 nömrəli
orta məktəbi bitirir. Elnur ailənin sonbeşiyi,
yeganə oğlan övladı, 2 bacının
bir qardaşı idi. Ürəyi Vətən eşqi
ilə döyünən
qəhrəmanımız Xüsusi
Təyinatlı Qüvvələrin
ən gənc çavuşu olub.
O, 7 oktyabr, Füzuli istiqamətində gedən
qeyri-bərabər döyüşdə
qəhrəmancasına şəhidliyə
ucalır.
Hafta.az-ın əməkdaşı
şəhidimizin anası
Tahirə xanımla həmsöhbət oldu. Həmin müsahibəni
sizlərə təqdim
edirik.
-Tahirə xanım əvvəlcə sizi və ailənizi, Elnuru yaxından tanıyaq.
-Oğlum uşaq olanda xəstə olub, boynunda, daxili orqanında əyrilik var idi. Bakıda uzun müddət
müalicə alıb.
6 yaşına kimi günlərimiz demək olar ki, xəstəxanalarda keçirdi. Çox çılğın
uşaq idi, yaşıdlarından öncə
birinci sinifə başladı. Mən də
həmin məktəbdə
müəllimə işləyirdim.
Uşaqlıqdan o qədər
böyük bayraq, vətən sevgisi var idi ki,
2 dəfə sənədlərini
Heydər Əliyev adına Ali Hərbi
məktəbinə verdi.
Hər dəfəsində
müsabiqələri keçsə
də, imtahan fobiyası var idi deyə, balı aşağı
olurdu. Məktəb vaxtından hərbi
dərsinə xüsusi
marağı var idi, müəllimini həvəslə dinləyirdi.
Xocalı faciəsini heç
vaxt yaddan çıxara bilmirdi.
Hələ uşaq olanda
bacısı ona dünya uşaq ədəbiyyatının incilərini
oxuyurdu. O da, özünü qəhrəmanlara
bənzədirdi.
-Dediniz çox vətənpərvər idi.
Yəqin
elə hərbidə işləməyi də buna görə istəyib?
-Bəli, əvvəlcə
qarşı çıxdıq,
dedik bəlkə başqa sahəyə yönəldə bilək.
Nə atası, nə də mən onu bu
fikrindən daşındıra
bilmədik. Hərbi xidməti Fövqaladə
Hallar Nazirliyinin bölməsində keçirdi.
Gələndən sonra
da dedi ki,
mən hərbidə işləməyə gedirəm.
Qarşı çıxanda da
cavabı bu oldu. "mən
hərbiçi olmalıyam,
ana bizim alnımızda Xocalı faciəsi boyda ləkə var, adam xəcalət çəkir. Biz o ləkəni üstümüzdən
götürməliyik". Yaşı az olsa da, amalı böyük idi. Onu tanıyan hər kəs düşüncələrinə
məəttəl qalırdı.
Həmişə özündən yaşca böyüklərlə
dostluq edərdi.
Pis vərdişlərdən daim
uzaq olub. Bizi, bacılarını çox
düşünən, biri
idi. Bir dəfə Murovda təlimdə olanda soruşdum, "oğlum çətindir sizə təlim" dedi ki, "Yox ana,
bir görəsən buranı, buludlar ayağımın altındadır.
Təsəvvür et nə qədər
yüksəkdəyəm". Arzuları xəyalları
vardı balamın... Ən böyük istəyi də, akademiyaya qəbul olmaq idi.
Uşaq olanda boyu balaca
idi, fikirləşirdi
ki bu ona
hərbiçi olmaqda
meneə yarada bilər. Atasına turnik düzəltdirdi,
o qədər məşq
etdi ki, boyu 173 sm oldu.
Boynundan əməliyyat keçirmişdi,
onun da, izi qalmışdı.
Həkim
kommisiyasından keçəndə,
cərrah bunun əməliyyat yeri olub olmadığını
soruşub. O da həkimə yalvarıb ki, əməliyyat deyil mən yıxılmışam. Həkim yoxlamadan
sonra Elnuru yanına çağırıb
"Bala mən 30 ilin cərrahıyam, yıxılmaqla, əməliyyat
yerini ayıra bilmirəmmi? Əgər bu
narahatlıq yaradırsa,
səni hərbiyə
yazmayaq". Oğlum orada
yalvarıb ki, bu mənim arzumdu,
yara izi heç bir maneə törətmir.
Mən bir də ölümündən
sonra bilmişəm ki,
sən demə
balam Azərbaycanda Xüsusi Təyinatlı Qüvvələrin ən
kiçik MAXE-si imiş. O çətin təlimləri böyük
həvəslə keçirdi.
Formasını geyinən gün
elə bilirdi ki, dünyanın ən xoşbəxtidir.
Kürəkənim də xüsusi
təyinatlı qüvvələrdə
baş leytenantıdır.
Mənə demişdi ki
narahat olma, o təlimlər o qədər
çətindir ki, Elnur onsuzda keçə
bilməyəcək. Ancaq
Vətənə xidməti
o qədər çox
sevirdi ki, bu yolda heç
bir çətinlik ona mane ola
bilmədi. 4 aydan
çox təlimlərdə
oldu. Ana ürəyidir, hər dəfə soruşurdum ki, bala çətindir.
Gəl müqavilən bitən kimi çıx işdən. Formasını, bayrağını, vətənini
bizdən üstün
tutdu, fikirlərimizə
məhəl qoymadı.
Bayrağı özü ütüləyib
ürəyinin üstündə
saxlayırdı, “ana sən yaxşı ütüləyə bilməzsən”
deyirdi.
Balam evi seçmədi, eli seçdi...
-Müharibəyə getməmişdən
yəqin ki sizinlə danışıb.
Nə deyirdi?
-Sentyabrın 26-sı axşam
zəng vurdu, halallıq istədi. "Uşaqlıqda sizi çox incitmişəm, haqqınızı
mənə halal edin. Allah qoysa
salamat gəlim, həyətimizin torpağından
öpəcəm". Hara getdiyini də
demədi. Öz işi
barədə danışmırdı
heç vaxt. 1-2 saatdan sonra
eşitdik ki müharibə başlayıb.
Birbaşa Murova gediblərmiş. Bir də ayın
1-i bizimlə əlaqə
saxladı. Tabeliyində 10-12 uşaq var idi.
Çox
pis vəziyyətdə
idi.
-Ana uşaqlar şəhid olublar.
-Bala sən Allah özündən muğayat
ol.
-Ana sən bir biləsən burda necə "lay divar" oğlanlar gedir. Sonra da mənə
tapşırırsan ki
özümdən muğayat
olum. Allahın yazısıdır.
Mən inanmırdım
ki, balama nə isə olar. Elnuru heç vaxt
yuxumda görməzdim,
ayın 6-sı yuxuma girdi, çox pis idi. Səhəri
gün bu xəbəri aldıq.
Sən demə oktyabrın 7-si oğlum Füzuli istiqamətində gedən
qeyri-bərabər döyüşdə
qəhrəmancasına şəhid
olub. Birdə ordan nəşini
ayın 18-i götürə
bildilər. Ayın
19-u da biz onunla vidalaşdıq...
Oğlum vətəni bizdən üstün tutdu. Bizi tək qoydu, tək...
Bilirəm oğul vətən üçündür, oğul
düşmən çəpəridir. Ancaq, məni də başa düşün yeganə oğlumu itirdim...
Onun arzuları ürəyində
qaldı, sevdiyi var idi... Ona
şeirlər yazırdı...
Nə xonça tutdum, nə də bir qapıya getdim. Tək qaldım, tək...
Gedişi ilə atasının da, mənim də belimizi bükdü. Arzusu var idi, övladları olsun istəyirdi. Kiçik bacısı
hamilə olanda Elnur cəbhədə idi. Təsadüfən soruşdu ki,
ana uşaq qızdı ya oğlan? Cavab verdim ki qızdır. O da dedi ki, mənim
də qızım olsa adını Zəhra qoyaram, oğlum olsa Ümid...
Ümidləri puça çıxdı balamın. Oğlum ölümündən sonra Vətən Uğrunda medalı ilə təltif olundu. Balamla, göstərdiyi xidmətləri ilə fəxr edirik, o həm öz adını, həm də, bizim adımızı ucaltdı.
-Övladınızdan sonra hər hansısa bir probleminiz varsa, deyin işıqlandıraq.
-Sağ olsun dövlətimiz, Mehriban xanımın nümayəndəsi 2 dəfə gəlib, bizlimə maraqlanıb, heç nəyə ehtiyacımız yoxdur. Rayonun müxtəlif idarələrindən də həmçinin. Elə işlədiyim məktəbin kollektivi də, hər zaman yanımızda oldu. Bizdən də ağır vəziyyətdə olan insanlar var, inşallah dövlət hər birinə yardım göstərər. İstəyirəm ki, onlara dəstək olunsun.
Elnur Əliyev və onun kimi yüzlərlə xalq qəhrəmanı,
zülmətləri yararaq, xalqı
işıqlı sabaha aparan,
ölümləri ilə ölməzlik qazanan
bəxtiyar insanlardır. Bayraq yerə
düşməsin deyə, torpağa
düşən bütün şəhidlərimizə
Allah rəhmət eləsin. Biz sizinlə qürur duyuruq, igid Vətən
övladları.
Banu
Həftə içi.- 2020.- 24
dekabr.- S.10.