“...Xankəndində bizim
bayraq dalğalansın”
Azərbaycanın bütün ərazilərində, o cümlədən də Xankəndində Azərbaycan qanunları, idarəçilik orqanları işləməlidir.
2020 Azərbaycanın hərbi, siyasi, ruhi həyatında çətin və yaddaqalan mərhələ oldu. Ölkə ictimaiyyəti artıq özünün zəfər tarixinə yeni rakusdan baxır. Pandemiya və bu bəladan az itki ilə çıxmağa çalışan qlobal dünyanın formalaşdırdığı müasir münasibətlər sistemində Azərbaycanın yeri və rolu xüsusilə diqqətlə izlənir.
30 illik işğal faktından sonra ərazilərini hərblə bərpa edən, sonrakı diplomatik gedişdə dünyaya regionun yeni tablosunu təqdim edən Azərbaycanın bu prosesdən tam qalibiyyətlə çıxmasının kontrları artıq cızılıb. Bölgədə hadisələrə yanaşma zərgər dəqiqliyi tələb edir. Belə bir ərəfədə kütləvi informasiya seqmentlərinin prosesdə rolu və əhəmiyyəti xüsusilə önəmli hesab olunur.
Bu və ya digər məsələlərlə bağı “Həftə İçi”nə müsahibə verən “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru, publisist Elçin Şıxlı maraqlı nüanslara diqqət çəkib.
- Elçin müəllim, istərdim ilk növbədə Azərbaycanın son bir illik tarixinə nəzər salıb qiymətləndirmə aparasız. Cəmiyyət olaraq son bir ildə hansı ictimai-siyasi mərhələyə şahidlik edirik. Qarabağ müharibəsi ilə regionda hansı dəyişimlər baş verir və proseslərin gedişi nəyi göstərir?
- Azərbaycanın həyatında baş verən ən mühüm hadisəni bir ildə yox, son bir neçə ayda müşahidə elədik. Mən 44 günlük müharibəni nəzərdə tuturam. Çünki biz sentyabrın 27-ədək sadəcə bir xalq, millət idik. Sentyabrın 27-dən sonra tamam dəyişdik. Yəni dirildik, dirçəldik, ayaq üstə qalxdıq, özümüzə güvənimiz artdı. Hazırda regiondakı, bölgədəki vəziyyət dəyişməkdədir, hələ tam formalaşmayıb, Türkiyənin bu bölgəyə gəlişi və möhkəmlənməsi prosesi gedir. Ümidvaram ki, bu proses bizim vasitəmizlə öz yerini tutacaq. Bundan sonra bütün dünyada bizim bölgəyə və azad olunmuş ərazilərin bərpasına maraq artır. Türkiyə başda olmaqla, İtaliyadan tutmuş Amerikaya qədər, İran da daxil olmaqla bərpa işlərində iştirak etmək istəyən şirkətlər çoxdur. Təbii ki, Türkiyənin regionda möhkəmlənməsi və digər proseslərin daha yaxşı istiqamətdə inkişafı bizim özümüzdən asılı olacaq. Çünki 44 günlük müharibə canımızda, qolumuzda nə kimi təpərin olduğunu göstərdi. Hələ görüləcək işlərimiz çoxdur, çətin vəziyyətlərimiz olacaq. Narahatlıq yaradan məsələ əsasən Rusiya sülhməramlılarınin bölgədə yerləşməsi və onların fəaliyyətləri ilə bağlıdır. Düzdür, sülhməramlılar gəlib və bu, diplomatiyanın tələbi ilə baş versə də, ictimaiyyət tərəfindən narazılıqla qarşılandı. Amma yəqin ki, onların gəlişinə əngəl olsaydıq, itkilərimiz çox olardı və qazandıqlarımızı itirmək təhlükəsi ilə üzləşə bilərdik. Bu reallığa açıq gözlə baxmaq lazımdır ki, gerçəkliyi daha aydın şəkildə anlaya biləsən. Bu reallığı ölkə rəhbərliyi bilirdi. Fakt budur ki, sülhməramlılar gəliblər və bu dəqiqə bizim əsas məsələmiz onların imzalanmış bəyannamənin bəndlərindən kənara çıxmalarına imkan verməməkdir. Çünki imkan versək, burda çox şeylər edəcəklər. Artıq sülhməramlılarla bağlı insanları qıcıqlandıran məqamlar var. Əslində sülhməramlılar bu gəlişləri ilə erməniləri xilas elədilər. Təbii ki, bu, erməni sevgisindən irəli gəlmir, Rusiyanın burda özünün maraqları var. Azərbaycan bəlkə də yeganə postsovet ölkədir ki, onda Rusiyanın hərbi kontingenti yoxdur. Sonuncu hərbi bazası Qəbələdə idi, onu da 10 ilə yaxındır çıxartmışıq. Rusiya neçə illərdi sülhməramlı şəklində bölgəyə gəlməyə çalışsa da, biz buna razı deyildik. Amma yenə “sülhməramlı” bəhanəsi ilə regiona daxil oldu. Buna baxmayaraq biz Qarabağla bağlı “status-kvo” deyilən məsələni kökündən dəyişdik. Biz - ölkə rəhbərliyi, cəmiyyətimiz burda yaşayan ermənilərə heç bir statusun verilməyəcəyinə israrlıyıq. Bu gün bizim əsas məqsədlərimizdən biri odur ki, ruslar və digəriləri Xankəndiyə “stepanakert” deməyi buraxsınlar və Xankəndində bizim bayraq dalğalansın. Azərbaycanın bütün ərazilərində, o cümlədən də Xankəndində Azərbaycan qanunları, idarəçilik orqanları işləməlidir. Dövlət rəhbərimizin də dediyi kimi, əgər erməni bizim vətəndaşdırsa qalsın və bütün Azərbaycan vətəndaşlarının hüquqlarından istifadə eləsin. Yox, əgər istəmirlərsə, qapı açıqdır, gedə bilərlər, onlar üçün dəhliz də saxlamışıq.
İndi burda Rusiya sülhməramlıları saylarını artırmaq istəyirlər, arada söz-söhbər yayırlar ki, Qarabağın “statusunu” gündəmə gətirəcəklər. Biz bütün bu məsələlərə elə ilkin mərhəldə cavab verərək, qarşısını almalıyıq. Bunun qarşısının alınması üçün də Türkiyə Hərbi Kontingentinin Azərbaycanda olması, möhkəmlənməsi, güclənməsi vacibdir. Təbii ki, Azərbaycan öz işlərini özgələrinin öhtəsinə buraxmaq istəmir. Sadəcə olaraq regionda güclərin balans məsələsi qorunmalıdır. Biz çox yaxşı bilirik ki, Rusiya çox iridir. Güclü demirəm, sadəcə iridir, onun miqyası qarşısında tək durmaq bizim üçün çətin olar. Amma Türkiyənin burda olmağı rusları həddən artıq sərbəst olmaqdan çəkindirməlidir və çəkindirir də. Artıq o “irilik” bizim gözümüzü böyüdə bilməz.
- 30 illik işğal faktı, üstəgəl son ilin ağır pandemiya dövrünü yaşayan Azərbaycan cəmiyyətinin bundan aldığı ən böyük dərs və çıxardığımız nəticələr nə oldu. Cəmiyyət olaraq nəyi dərk edə bildik?
- Cəmiyyət olaraq artıq onu dərk edə bilirik ki, nizam, intizam və birlik olan yerdə biz hər bir məsələni həll edə biləcəyik. Mənim gəldiyim nəticə bundan ibarətdir ki, Azərbaycan xalqı, Azərbaycan milləti “qəflət yuxusunda” deyil daha, sadəcə yuxudaymış. Bizim o damarımızdakı qanın dövranının sürəti xeyli azalıbmış. İndi bu qan oyanıb, bizim türk qan yaddaşımız oyanıb. Biz nə qədər bir-birimizə çox hörmət eləsək, bir-birimizin haqını nə qədər az yesək, bir-birimizi insan yerinə qoysaq, inanıram ki, Azərbaycan xeyli inkişaf edəcək və qarşısındakı vəzifələrin böyük bir hissəsini həll edəcəkdir. Həyat elə bir şeydir ki, o heç bir vaxt dayanmır. Bir mərhələyə qalxırsan, qarşında yeni bir mərhələ başlayır. O mərhələləri mətin addımlarla keçmək üçün dediyim məqamlar olmalıdır.
Eləcə də pandemiyanın öhdəsindən gəlmək istəyiriksə, bir olmalı, həddindən artıq intizamlı olmalıyıq. Biz bir-birimizin qeydinə qalmalıyıq. Bir-birimizin qeydinə qalmasaq, dünyanın canına düşən bu bəladan rahatlıqla canımızı qurtara bilməyəcəyik.
- Elçin müəllim, türkün birliyi, gücü haqqında çox miflər var. Belə bir fikir də formalaşıb ki, türk yatağandır, durdusa, onun qarısında heç bir güc duruş gətirə bilməz. Yaxud, deyilir ki, heç kəs döyüş zamanı türkün qarşısında dayana bilməzkən, diplomatiyada uduzur. Buna fikriniz nə olar?
- Bilirsiz, biz sözü “kəsəsi”nə deyən millətik. Amma son zamanlar, məsələn elə bu 44 günlük müharibə, ondan əvvəlki, indi yaşadığımız mərhələ onu göstərir ki, nə qədər sözü “kəsə” deyən olsaq da, indi onu vaxtında deməyi öyrənmişik. Artıq nə zaman nəyi demək olar, olmaz, öyrənmişik. Bu baxımdan biz bu müharibədə sözümüzü “kəsəsi” deyəsi olsaydıq, son üç rayonu da Rusiyanın sözünə baxmadan müharibə ilə azad edərdik. Amma burda diplomatiya, gerçəkliyi anlamaq məqamı işlədi. Bu gerçəkliyi anlamasaydıq, bayaq da dediyim kimi, çox itkilər verə bilərdik. Dediyim kimi, Rusiya həddindən artıq iridir, biz bunu anlayırıq və burda diplomatiya işləməliydi. O diplomatiyanın nəticəsində biz o üç rayonu demək olar ki, güllə atmadan qaytardıq. Amma şahmat oyununda da belə bir qayda var: deyir, Şah olmaq istəyirsənsə, gərək piyadanı qurban verəsən. Sən piyadanı qurban verib irəliləməyə imkan qazanrsan. Biz bu prosesdə hələ Xankəndini götürməmişik. Biz Xankəndinin bir neçə kilometrliyində idik, amma bir günün içində götürə bilərdik. Amma anladıq ki, artıq burda diplomatiya işləməlidir. Anladıq ki, burda “balaca piyadanı” qurban verib, təşəbbüsü ələ almaq lazımdır. Onu da ələ almışıq və üstünlüyü genişləndirməliyik. “Balaca piyadanı qurban vermək” -deyərkən, mən sülhməramlı qüvvələrin regiona gəlməsi məqamını nəzərdə tuturam...
- Azərbaycan mediası təbii ki, cəmiyyətin əsas aparıcı fəaliyyət istiqaməti olaraq bu proseslərdən kənarda qala bilməzdı və heç qalmadı da. Tariximizə zəfərlə yazılan Vətən Müharibəsinə baxanda mətbuatımızın bu sınaqdan necə çıxdığını söyləyərdiz?
- Mətbuatımız əlindən gələni elədi. Amma mən mətbuatımızın imkanları daxilində tam gücü ilə işlədiyini deyə bilmərəm. Mətbuatımız tam gücü ilə işləmədi. Çünki mətbuatımızda problemlər çoxdur. Mən bunu deyəndə bizim həmkarlar məndən inciyirlər. Amma bu belədir, həqiqəti söyləmək lazımdır. Xarici mətbuat nümayəndələrinə, türk jurnalist həmkarlarımıza cəbhədə yaradılan imkanları bizə vermirdilər, özümüz-özümüzə vermirdik. Məsələn, türklər bizim qardaşlarımızdır, sağ olsunlar, hadisələri işıqlandırıb dünyaya çatdırdılar. Amma özümüz, operativlik nöqteyi-nəzərindən geridə qaldıq. Biz çox məlumatları Türkiyə mətbuatından öyrənirdik. Əslində biz də o məlumatı bilirdik, amma deyilirdi ki, rəsmi mövqe bildirilməyibsə yazma. Rəsmi mövqe də 5-6 saat gecikir...
- Müharibədən gələn xəbərləri səbirsizliklə gözləyən itimaiyyətdə də belə narazılıq yaranırdı ki, bizim media işləmir. Filan məlumatı Türkiyə çoxdan yayıb...
- Bəli, mənim də altından xətt çəkmək istədiyim məqam elə budur. Yəni türk jurnalistləri öz işlərini gözəl şəkildə görürdülər. Bizim məmurlara tabe olmadıqları üçün onlar çevik işləyirdi. Eyni zamanda bizim başımızdan basıb geri itələyən məmurlar onların qabağında özlərini tamam başqa cür aparırlar. Məsələn, “Xəbər Qlobal”-ın müxbiri Gəncəyə, Bərdəyə raket atılanda o hadisələrdə fəal iştirak elədi. Xüsusən, etik normaları qorumaqla gözəl reportajlar verdi. Ölkə Prezidentindən müsahibə aldı, hətta burda COVİD-ə də yoluxdu. Sağ olsun, indi Kəlbəcərə də getdi və birinci reportajı o elədi. Yaxşı, niyə biz gedə bilmirik, çünki bizə o imkanı vermirlər. Getmək istəyən və reportaj hazırlaya biləcək, kifayət qədər jurnalistimiz var. Düzdür, 4 gün sonra uşaqlar Şuşadan, Vaqifin Məqbərəsindən milli reportaj veriblər. Amma bunlar hamısı dünən, bu gün yox, gərək 10 gün qabaq olaydı. Hərbi sirr, döyüşçülərin təhlükəsizliyi baxımından informasiyanı dərhal vermək olmazdı, bununla razıyam. Amma bizdə Müdafiə Nazirliyinin peşəkar hərbi jurnalistləri və operatorları olmalıdır. Hanı onlar? Bizim cəbhə bölgəsindən, döyüş məqamlarından hansı çəkilişlərimiz olub. Bəs biz sabah hansısa bir faktı ortaya çıxarmaq istəsək, hansı materiallara istinad edəcəyik. Telefonla çəkilmiş əyri-üyrü çəkilişlərdən başqa heç nəyimiz yoxdur.
- Bəlkə dediyiniz həmin çəkilişlər olub, hələ ortaya çıxarılmır.
- Mən görməmişəm. Bəlkə də var, amma çətin...
- Dediyiniz bu problemi hərbi repartyorlarımız belə ifadə edirdilər ki, xarici medianın üstünlüyü onların informasiyaları daha çox dünyaya çıxarmaq imkanlarının olması ilə bağlıdır.
- Bunun heç bir dəxli yoxdur, bizim jurnalistlər də çəkə bilərdilər. Azərbaycan dilində reportajı hazırlayıb üstündəki titerləri ingiliscə verib yaymaq olardı. Türkiyəli jurnalistlərimiz onsuz da ingiliscə danışmırdılar ki, türkcə danışırdılar da. Burda başqa məqam var. Bizim jurnalistikaya daxildə sözün əsl mənasında hörmət yoxdur. Jurnalistlərin içində də jurnalistikaya aid olmayan ünsürlər çoxdur.
- Cəmiyyətimizdə qonağa münasibətlə bağlı qəribə bir “adət” var. Bizimkilər başqa yerin insanını, yaxud qonağı həddən artıq önəmsiyir. Ona elə hörmət olunur ki, özününkü yaddan çıxır. Bu niyə belədir?
- Bu, mədəni şəkildə dediyimiz tolerantlığın mənfi hissəsidir. Tolerant olmaq yaxşıdır, amma biz həddən artıq qonaqpərvərik. Adam qonaqpərvər olar, amma əvvəl özün-özünə hörmət etməlisən ki, qonağına da normal hörmət eliyə biləsən. Qonağının qarşısında ona hörmət elə, amma əyilmə.
- Elçin müəllim, bir çox ekspertlər pandemiyada və müharibədə ideoloji mübarizə aparanları da qəhrəman hesab edirlər. Bəllidir ki, hər bir prosesin, işin sonunda mənəvi, psixoloji stimulvermə baxımından mükafatlandırma mərasimləri olur. Məsələyə bu aspektdən yanaşılsa, arxa cəbhədə çalışan insanların, elə media orqanlarının mükafatlandırılması məsələsi ortaya çıxa bilərmi? Buna necə yanaşırsız?
- Əgər biz düzü düz, əyirini əyri desək, hesab edin ki, biz qələbə çalmışıq. Yəni pis bir şeyin üstünü malalayıb onu yaxşı bir şey kimi təqdim ediriksə, hesab edin ki, sabah onun üstü açılacaq və biz uduzacağıq. Düzü desək, nə qədər acı olsa da, qalib olacaqsan. Çünki sən öz səhvlərini anlamasan, sabah daha böyük səhvlərə yol verəcəksən. İndi trafaret sözlər deyirəm, amma bunlar həqiqətdir. Biz jurnalistlər də öz işimizi görmüşük. Bunu kimdənsə mükafat almaq üçün etməmişik, sadəcə işimizi görmüşük. Amma kimsə bundan sonra işimizə qiymət verəcəksə, o qiymət də hörmət olmalıdır. Özgəsinə yox, ilk növbədə özümüzə hörmət eləyək, özgəsini buraxdığımız yerə ilk növbədə özümüz gedək, özümüzə əngəl olmayaq. Bir şeyi də anlamalıyıq ki, hardasa tənqid yazılırsa, obyektiv, samballı söz deyilirsə, bu heç də o demək deyil ki, onu söyləyən, yazan, işıqlandıran, səsləndirən adam sənin düşmənindir. Düşmən deyil o adam. Mən nəyisə tənqid edirəmsə, nədənsə narahatlığımı ifadə edirəmsə, bu o deməkdir ki, mən övladlarım, qonşum, özüm üçün daha yaxşı həyat istəyirəm. Məsələn, görürəm ki, bir yerdə ağacları qırırlar və mən də deyirəm ki, onun yerində bazar, dükan olmaqdansa, yaşıllığın olması daha yaxşıdır, etməyin. Bu o deməkdir ki, mən çalışıram ki, sabaha övladlarıma problem qoymayım. 30 ildir ki, torpaqlar işğal altında qalmışdı. Övladlarım olanda bu problem təzə başlayırdı. Mənim beynimdə bir şey var idi - düşünürdüm ki, bunlar böyüyənə qədər məsələ həll olunar. Həll olunmadı. Uşaqlar əsgərliyini çəkdilər, amma bu, dava vaxtına düşmədi. Sonra düşünürdüm ki, nəvəm var, demək bu problemi nəvəmə qoyub gedirəm. Şükür Allaha ki, qoymadıq...
- Azərbaycan mətbuatı 145 illiyinin tamamını müharibə və koronovirs sınağı ilə qarşıladı. Bu il ərzində mediamızda nələr çatışmadı, nələr görünmədi. Media olaraq nədə geridə qaldıq? 2021-ci ildə daha böyük uğurlar əldə etmək üçün mətbuatımıza nələr lazım olacaq?
- Bircə kəlmə ilə deyə bilərəm ki, Azərbaycan mediası təbliğat, təşviqat vasitəsi olmadan yaxasını qurtarsa, hesab edin ki, biz qalib gəldik. Media təbliğat, təşviqatla məşğul olmamalıdır. Çünkü bunu bizim beynimizə, canımıza, qanımıza yeridən Lenin olub, sovet quruluşu olubdur. İndi Rusiyanın özündə də belədir. Onların televiziyalarına, tok-şoularına baxın. Başdan-ayağa təbliğat, təşviqatdır. Gah Ukraynanı aşağılıyırlar, gah Türkiyəni, gah da Azərbaycanı. Sıra ilə kimdən xoşları gəlmirsə, ona qarşı təbliğat qururlar. Həqiqəti deyən yoxdur. Heç bunlar demədilər ki, niyə Azərbaycanın torpaqlarını erməni gəlib işğal edib. Elə hey “hə, azərbaycanlılar erməniləri qırırlar”, “azərbaycanlılar kilsələri dağıtdı” kimi yalan informasiyalar yayırlar. Axı mən nəyə görə o kilsələri dağıtmalıyam. O da mənim tarixi irsimdir. Qafqazda ən birirnci xristian məbədləri və xristianlıq bizim ərazilərdə olub. Niyə dağıtmalıydım?!.
Yəni,
jurnalist düzü düz, əyrini əyri desin. Təbliğat üçün reklam var. Pulunu verir və deyir
ki, mənim malım onun malından yaxşıdır.
Təbliğat reklamdır və
açıq şəkildə
pullu olmalıdır.
Biz öz işimizi
görməliyik, nəticədə
bundan qazanacağıq.
Təbii
ki, bunlar da etik normalar
çərçivəsində olmalıdır. Bir də
görürsən ki,
deyir, filankəs rüşvətxor, korrupsionerdir.
Soruşursan ki, nəyə
görə belə deyirsən. Deyir, bahalı maşın
sürür, ona görə.
Yaxşı, başa düşdüm,
sənədlərlə, kağızlarla
sübut edə bilərsənmi, deyir ki, yox. Deyirəm, onda adama niyə
rüşvətxor deyirsən.
Başa düşürəm,
maşını 100 minlikdir,
500 manat maaş
alır. Amma bu fakt deyil, düşünmək
lazımdır. Sən
ehtimal irəli sürə bilərsən,
amma faktların yoxdursa, sabah
səni məhkəməyə
verə bilər. Təbii ki, mən idealdan
danışıram. Lakin
mətbuatla bağlı
bu proses dünyanın hər yerində çəkişmələrlə
gedir və belə də davam edəcək...
Tahirə
Həftə içi.- 2020.- 24
dekabr.- S.9.