Rusiya Azərbaycanın ona verdiyi bu
şansı qaçırtmamalıdır
Qarabağın işğaldan azad edilməsi prosesində yeni bir mərhələnin başlaması paralel olaraq Azərbaycan siyasi cameəsində də dəyişikliklərin əsasını qoydu. Siyasi partiyaların bu yeni mərhəldə sərgilədiyi mövqelərin mövcud vəziyyətə nə dərəcədə adekvat olması indi daha çox müzakirə mövzusudur.
Bu və digər məsələlərlə bağlı hafta.az-a müsahibə verən Ağ Partiyanın sədri Tural Abbaslı maraqlı nüanslara diqqət çəkib.
- Tural bəy, 44 günlük Vətən Müharibəsi ölkəmizin ictimai-siyasi gündəmini hansı anlamda dəyişə bildi və siyasi kursu hansı əsas istiqamətə yönəltdi?
- Təbii ki, 44 günlük müharibə Azərbaycanda yeni bir mərhələnin başlanğıcı oldu. İstənilən şəxs bunu istər müsbət, istər mənfi anlamda yoza bilər. Amma bütün hallarda artıq Azərbaycan 27 sentyabrdan əvvəlki Azərbaycan deyil. Dəyişmiş yeni Azərbaycandır. Bu dəyişiklik bütün sahələrə, xüsusilə də siyasi yanaşmalara, siyasi münasibətlərə təsirini göstərməkdə davam edəcək. 44 gündə gördük ki, biz siyasi arena olaraq bir araya gələ, ümumi maraqlar naminə bir mövqedən çıxış edə bilərik. Bizim bu birliyimiz nəyinki ictimai-siyasi sabitliyin bərpa olunması idi. Həm də hərbi uğurların əldə olunmasında açarlardan biri ola bildi. Şahidi olduq ki, daxildəki siyasi həmrəylik bizi beynəlxalq aləmdə, Amerika, Fransa, ATƏT, BMT-nin Təhlükəsizlik Şurası kimi qurumların, dövlətlərin təzyiqləri qarşısında güclü elədi. Birlik və əsgərlərimizin fədakarlığı sayəsində bugünkü nailiyyətləri əldə elədik. Siyasi səhnə olaraq 44 günlük müharibədən nəticə çıxartmalıyıq. Artıq əvvəlki kimi daha çox şəxsi siyasi ambissiyalar deyil, dövlət maraqları güdülməlidir. Bu məsələdə iqtidar da, müxalifət də eyni məsuliyyəti daşımalıdır. Çalışıb müharibə dövründə əldə etdiyimiz həmrəyliyi, bir araya gəlmək bacarığını qoruyub saxlamalıyıq, o qədər də önəmli görünməyən məsələlər üzərində ilişib qalmalıyıq. Milli birlik, milli barışıq əldə eləməliyik. Bu milli barışıq sayəsində artıq müharibədən sonrakı dönəmin də uğurla başa çatması üçün istifadə olunmalıdır.
Qeyd etdiyimiz kimi, Qarabağ müharibəsi Azərbaycanda yeni ictimai-siyasi dönəmin başlanğıcını və təməlini qoydu. Bundan sonra bu təməllər üzərində binanın necə qurulacağı bizdən asılıdır.
- Necə hesab edirsiz, siyasi partiyaların prosesə yanaşmasında əsas diqqət çəkən nüans nə oldu və bu təcrübə siyasi təşkilatların fəaliyyətində onlara hansı üstünlüyü qazandırdı?
- Əslində birləşmək, vahidləşmək barədə fikirləri hər bir partiya üzvü hər zaman səsləndirirdi. Heç kəs o məsələlərə sözdən artıq yanaşmırdı. Hər kəs bunun önəmini sözdən o tərəfə hiss eləmirdi. Amma müharibə dönəmində görüldü, bilindi ki, haqq-ədalət uğrunda dünyaya car çəkən, özünü demokratiyanın beşiyi adlandıran ölkələr belə, bu məsələdə Azərbaycanı yalnız qoydu. Təbii ki, biz siyasi partiyalar, siyasi dairələr də bundan özümüzə dərslər götürdük, nəticələr çıxartdıq. Bu təcrübə göstərdi ki, hətta lazım gələndə ümid bəslədiyin, nümunə kimi götürdüyün dövlətlər belə qərəzli mövqedən çıxış edə, səni meydanda təkləyə bilər. Bu təcrübədə o ifadə yerinə düşür ki, sənə səndən başqa dayaq olan yoxdur. Düzdür, biz burda Türkiyə, Pakistan kimi dövlətlərin dəstəyini inkar edə bilmərik. O dövlətlər bizi birmənalı şəkildə əvəzolunmaz qaydada dəstəklədi. Amma söhbət dünyaya yön verən böyük güclərdən gedir. 2-ci dünya müharibəsindən sonra qurulan dünya düzənində hegemon, ədalət çarçıları olan dövlətlər haqq-ədalətin yanında dayanmadı. Bu da bizim üçün əyani təcrübə oldu. Düşünürəm ki, o təcrübədən yararlanmaq lazımdır.
- Siyasi partiyalara o da aydın oldu ki, ona öz dölətindən başqa hansısa kənar qüvvə dayaq duran deyil.
- Ağ Partiya olaraq biz həmişə bu mövqedə olmuşuq. Elə partiyalar var idi ki, kənardan dəstəyin olacağını, proseslərin kənardan başlanılmasını məqbul hesab edirdilər. Amma onlar üçün də bir dərs oldu ki, hər kəsin öz maraqları var. Göründü ki, hansısa güclərin “ümummilli dəyərlər, beynəlxalq dəyərlər, beynəlxalq hüquq” deyilən ifadələri sözdən başqa bir şey deyilmiş. Çünki özlərini demokratiyanın beşiyi, insan haqlarının müdafiəçisi adlandıran ölkələr 1 milyon qaçqınımzın haqqını kənara qoyub, Şuşada dağılan hansısa kilsənin davasını elədilər. Bu, bizim kimi partiyaların mövqelərini möhkəmlətdi, kənardan dəstək axtaran partiyalara da bir dərs oldu.
Deyə bilərik ki, həmin partiyalar daxili proseslərdən də çox kənarda qalmadılar. Ona görə yox ki, onlar ümummilli maraqları öz siyasi ambissiyalarından öndə qoydular. Xeyr, mən buna inanmıram. Çox güman ki, ictimai təzyiqdən, ictimai qınaqdan çəkinən bəziləri prosesdə iştirak etdilər. Amma bununla belə tam iştirak etmədilər. Yəni biz ən ağır günümüzdə şəhidlərin, qazilərin gəldiyi, döyüşlərin getdiyi bir məqamda hansısa bəyanatda «kiminsə adı çox hallanır, kimsə tərif edilmir» kimi xırda nüanslara fikir verməli deyilik. Bizim üçün siyasi prioritet Qarabağın qaytarılması idi. Bunun üçün istənilən digər siyasi ambissiyalarımızdan, hədəflərimizdən güzəşt eləməyə hazır idik, bu nümunəni də göstərdik. İndən sonra da belə olacaq. Yəni Azərbaycanın ərazi bütövlüyü bizim üçün qırmızı xətdir və bunun üçün heç bir siyasi maraq güdmürük. Buna görə bütün siyasi maraqlarımızdan keçməyə hazırıq. Amma bəziləri hələ də o baryeri aşa bilmirlər. Hələ də şəxsi ambissiyaları, şəxsi münasibətləri böyük amallar uğrunda aşıb keçə bilmirlər.
- Dövlət, torpaq bütövlüyü məsələsi iqtidarla-müxalifəti bir araya gətirdi. Nəzəra alsaq ki, hələ torpaqlar tam təmizlənməyib, ərazilərimizdə sülhməramlılar yerləşib və bu gün də hansısa dövlətlərdən Azərbaycana qarşı təzyiqlər var, o zaman siyasi ictimaiyyət hansı addımları atmalıdır və nəyə diqqət yetirilməlidir?
- Burada bir çox
nüanslar var. Artıq
müharibənin aktiv
fazası bitdikdən sonra mübarizə başqa format alıb. Artıq iqtidarla müxalifətin üzərinə düşən
rollar və funksiyalar fərqlidir.
Müxalifət təbii ki,
öz tənqidlərini,
iradlarını, neqativ
gördüyü nüansları
işıqlandırmalıdır. Əks təqdirdə əldə
olunan qələbəyə
kölgə düşə,
bu uğurlar heç də qalıcı olmaya bilər. Yəni müxalifət özünün
obyektiv tənqidlərini,
iradlarını davam etdirməlidir. Amma nəzərə
almalıdır ki, biz
müharibədən yeni
çıxmışıq, hələ mübarizəmiz
davam edir, bizi istəməyən qüvvələr var, təzyiqlər var. Ağ Partiyanın məsələlərə
tənqidlə yanaşmasında
məqsəd iqtidarı
gözdən salmaq deyil. Tam əksinə,
iqtidarın görmədiyi
boşluqları göstərmək,
bu prosesi bütöv şəkildə
həll etməkdir.
Mövcud boşluqları hansısa
xarici güclərə
rəvaclar vermədən
doldurmaqdır. Bəzən iqtidar
da görməli olduğu, atmalı olduğu addımları atmadığı üçün
belə rəvaclar yarana bilər. Məsələn, qeyd etdiyimiz
siyasi məhbuslar məsələsinin öz
həllini tapması müsbət haldır və kənardan olan müdaxilələrin
qarşısını aldı.
Biz bu iradları
bildiririk. Amma bu zaman kiməsə bəhanə verməmək,
siyasi divident qazanmamaq üçün edirik. İqtidar da bu məsələyə eyni
niyyətlə yanaşmalıdır.
Öz iqtidarını, siyasi mövqeyini daha da möhkəmləndirmək
üçün yox, dövlətin maraqlarının
möhkəmlənməsi, daxili stabilliyin daha da möhkəmlənməsi,
həmrəyliyin qorunması
üçün addımlar
atmalıdır. İqtidarı geri aparan kadrlardan
imtina eləməlidir.
Bu baxımdan iqtidar, müxalifət öz üzərinə düşən funksiyanı
niyyətləri milət
vətən olaraq icra eləsələr yaxşı olar. Milli birliyi qorumasaq hansı vəziyyətə
apara biləcəyini də bilməliyik. Buna da heç
kəsin haqqı yoxdur. Burda siyasi partiyalar
xalqın marağını
hər kəsdən, hər şeydən öndə tutmalıdır.
- Rusiya sülhməramlılarının regionda sərgilədiyi mövqe sülhün təminatı ilə bağlı ziddiyyədli məqamları ortaya çıxartdı. Belə bir ərəfədə Türkiyə sülhməramlılarının gəlişinin gecikməsi də ölkə ictimaiyyəti tərəfindən narahatlıqla izlənir. Sülhməramlılarla bağlı cərəyan edən mövcud vəziyyəti necə dəyərləndirərdiz?
- Müharibə başlayandan bu günə qədər Azərbaycan cəmiyyətində ilk narazılıq, nigarançılıq məhz Rusiya sülhməramlılarının gəlişi ilə bağlı oldu. Amma yenə də həm xalq olaraq regiondakı vəziyyəti, qonşularımızın aqressiyasını, siyasətini, gücünü nəzərə alaraq reallıqla barışmağa məcbur olduğumuzu etiraf elədik və yaranmış situasiyada çıxış yollarının aranmasının tərəfdarı olduq. Biz gözləmirdik ki, rus sülhməramlıları gələcək və Azərbaycanın maraqlarını birmənalı şəkildə müdafiə edəcək və yaxud da haqqın-ədalətin yanında olacaq. Hamımızın nigarançılığı o idi ki, rus sülhməramlıları gəlib burda yenə ermənilərin mövqeyini müdafiə edəcək, öz maraqlarını güdəcəklər. Çünki Rusiyanın maraqları bir çox hallarda Azərbaycan maraqları ilə üst-üstə düşmür. Biz təbii ki, bu nigarançılığımızı daim dilə gətirməliyik, diqqətdə saxlamalıyıq, Rusiya tərəfi, ictimaiyyəti Azərbaycan tərəfinin qətiyyətini bilməlidir. Mən düşünürəm ki, Rusiya bunu nəzərə alacaq, əks təqdirdə Azərbaycan o qoşunları öz ərazisindən çıxartmasını bilir. 1991-92-ci illərdə Azərbaycanda 150 min rus hərbi kontingenti var idi. Biz o qoşunaları Azərbaycandan çıxartmış xalqıq. Bu gün də 2000 civarında olan rus sülhməramlısını öz ərazilərimizdən çıxarda biləcək qüvəyə, qüdrətə malikik. Amma Rusiya da Azərbaycanın ona verdiyi bu şansı qaçırtmamalıdır. Nəhayət Rusiya özü barədə yaranmış aqressor, işğalçı, cığal obrazından çıxmaq üçün Qarabağdakı sülhməramlıların düz gün fəaliyyət göstərməsi onun üçün şansdır.
Türkiyə sülhməramlılarına gəlincə,
Türkiyə zatən istər sülhməramlı, istərsə
də ordu kimi həmişə
biznən olub, indi də
bizimlədir. Biz bir
millət iki dövlətik və
onların nümayəndələri burdadır. Artıq minatəmizləmə bölmələri gəliblər.
Əslində, Türkiyə sülhməramlılarının
gecikməyi Rusiya və Türkiyə
arasındakı danışıqlardan da
asılıdır. Çünki analizlər
onu göstərir ki,
Türkiyə bura yarımçıq
şəkildə gəlmək istəmir. Türkiyə
elə bir formada gəlmək
istəyir ki, Azərbaycana dəstək
verə bilsinlər. Azərbaycan iqtidarı da
bunu başa düşür. Ona
görə də Türkiyə sülhməramlılarının
gecikməsindən narahat deyiləm. Bilirəm
ki, gələcəklər və ən
yaxşı formada da
Azərbaycanın maraqlarını müdafiə edəcəklər.
Onun tərəfdarıyam ki,
Türkiyə sülhməramlıları kontingenti
ən azı sayı 15 mindən çox
olmalıdır. Birbaşa Qarabağ
ətrafındakı rayonlarda, işğaldan azad olunmuş ərazilərdə, həmçinin
o 4 rayonda yerləşdirilməldidir.
Uzunmüddətli və böyük
kontingentlə gəlməli və Azərbaycan tərəfindən
ona böyük imkanlar yaradılmalıdır. Türkiyə
sülhməramlılarının bu formatda Azərbaycanda iştirakı, həm də
Rusiya sülhməramlılarının destruktiv addımlarının
qarşısını alacaq.
Tahirə
Həftə içi.- 2020.- 24
dekabr.- S.7.