Azərbaycanın səsi Prezidentin simasında dünyada eşidilir
Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin doğum günüdür. Özünün də dediyi kimi, xalqın xoşbəxt lideri, dövlət rəhbəridir. Xalqı Onu sevir. İlham Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisi, ümummilli lider Heydər Əliyevin layiqli davamçısıdır. O, Ulu Öndərin müəyyən etdiyi siyasi kursla inamla addımlayır. Bu gün Xalq öz Prezidentinə sevgisini hədiyyə edir.
“Həftə içi”nə müsahibə verən Milli Məclisin deputatı Aydın Mirzəzadə bu tarixin Azərbaycanımız üçün əhəmiyyətini önə çəkib.
- Aydın müəllim, bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günüdür. Belə bir gündə qalib ölkənin qalib sərkərdəsinin siyasi portretini necə cızardınız?
- Cənab Prezidentin şəxsiyyəti tək Azərbaycanda deyil, bütün dünyada tanınır. O, özünü dünyada qurub-yaradan, milli-mənəvi dəyərləri qoruyan, yeniliyi həvəslə qəbul edən, dünyada stabilliyin, inkişafın təmin edilməsinə çalışan bir lider, tarixi şəxsiyyət kimi tanıda bilib. Cənab Prezident Azərbaycan cəmiyyətinin yetirməsidir. O, Azərbaycan xalqının min illərdən bəri gələn dövlətçilik ənənəsinə sadiqdir. İlham Əliyev milli dəyərlərə söykənən, müsbət beynəlxalq təcrübəni qəbul edən baxışlar toplusudur. Onun prinsipləri hər kəs üçün anlaqlıdır və hər kəs ondan tək ölkə üçün deyil, həm də öz şəxsi fəaliyyəti üçün asanlıqla yüksək dəyərlər götürə bilər.
Prezidentin Azərbaycan xalqının azadlıq tarixində böyük rol oynadığı bir aksiomadır. Onun fəaliyyəti dövrünün problemlərinin həllinə ciddi təsir edib və müasirləşmənin əsasını təşkil edir. O, Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Bu gün müasir, sivil, demokratik inkişaf yolunu seçmiş Azərbaycanın səsi Prezidentin simasında dünya meridianlarında daha ucadan eşidilməkdədir.
- Azərbaycan tarixinə zəfərlə yazılan 44 günlük Vətən Müharibəsi Ali Baş Komandan-Xalq, Ordu birliyini daha da möhkəmlətdi. Prezidentin də dediyi kimi, bir “Dəmir yumruq” kimi düşmənin başını əzdik. Bu 44 gün xalqa öz liderini necə tanıtdı?
- Ali Baş Komandanın qətiyyəti, iradəsi, xalq, ordu biliyi ilə ərazilərimizi işğaldan azad etdik. Bunun nəticəsində Azərbaycanın üzərindən 200 illik ağır qara yük götürüldü. Azərbaycan özünün ərazi bütövlüyünü təmin etdi. Bu gün biz həqiqətən də başımızı dik tutub gəzə bilirik. Cənab Prezidentin apardığı siyasətin nəticəsidir. İlham Əliyev xalqla hakimiyyətin bütövlüyünü təmin edə bildi. O, güclü, nüfuzlu ordu yarada bildi. Onun fəaliyyəti Azərbaycanın maraqlarının həmişə öndə olduğunu, dünya birliyində hörmətə nail olduğunu bir daha sübut etdi.
Bu gün cənab Prezident Azərbaycan və azərbaycançılığın simvolu olub. Biz bununla fəxr edirik. O, bəşər tarixinin görkəmli simaları içərisində yüksək yerlərdən birini tutub.
- Aydın müəllim, xalq öz başçısını zəfər çalmış bir komandan kimi sevdi. Onu ən böyük sərkərdələrlə müqayisə etdi və xalq öz sərkərdəsini Milli qəhrəman, ölməz sərkərdə, yeni tarix yazan sərkərdə kimi qiymətləndirdi. Bu gün bu adların real olaraq rəsmiləşməsi ilə bağlı təşəbbüslər ola bilərmi?
- Hesab edirəm ki, cənab Prezident doğrudan da tarixi şəxsiyyətlərimizin, Türk dünyasının, Şərq dünyasının görkəmli şəxsiyyətlərinin obrazında olan bir şəxsdir. Bu günlər ona yüksək dövlət adlarının verilməsi ilə bağlı təkliflər səslənir. Bunlar hamısı, əlbəttə ki, xalqın ona olan məhəbbətindən, istəyindən irəli gələn hisslərdir. İlham Əliyev Azərbaycan Prezidentidir. Cənab Prezident bu gün adını tarixə yazmış bir şəxsiyyətdir. O, bu gün hər birimizə vətən sevgisi yaşadan bir dahidir. Hesab edirəm ki, o yüksək adlarını artıq alıb. Bu cür digər təkliflərin də səslənmək hüququ vardır. Belə fikirlər Milli Məclisdə də vaxtaşırı səslənir, vaxtaşırı belə müraciətlər olunur. Və cənab Prezident ən yüksək adlara layiqdir.
- Bəs Vətən savaşına şahidlik edən beynəlxalq ictimaiyyət necə, Prezident İlham Əliyevin simasında hansı lideri görə bildi?
- Beynəlxalq ictimaiyyət Azərbaycan Prezidentini tanıyırdı. Cənab Prezident ölkəni bir Azərbaycan modelinə çevirə bildi. O, Azərbaycanı diplomatik mərkəzə çevirməyi bacardı. Ayrı-ayrı ölkələr arasında aparılan ən ağır danışıqlar məhz Azərbaycanda keçirilirdi. Beynəlxalq tədbirlərin keçirilməsi, Azərbaycanın nüfuzlu yarışlara evsahibliyi etməsi də bu qəbildən olan məsələlərdəndir. Görünən odur ki, bu gün Azərbaycanı tanıtmağa da ehtiyac yoxdur. Azərbaycan tanınırdı və tanındı. Bu gün Azərbaycan deyəndə, artıq bir mübarizlik, qətiyyət, dəyərlərinə bağlı olan, eyni zamanda gələcəyə yönələn bir dövlət, bir xalq və bir məkan görürük.
- Aydın müəllim, 2018-ci il 11 aprel prezident seçkilərindən sonra aparılan genişmiqyaslı və hərtərəfli islahatlar kursu sayəsində Azərbaycanın simasında hansı dəyişimlər baş verdi?
- Cənab Prezident həmişə islahatçılığın tərəfdarı olub. Bunu zaman-zaman görürük. 2018-ci ildə isə bu islahatlar daha böyük vüsət aldı. Azərbaycanda vitse-prezidentlik institutu yarandı və ora hörmətli Mehriban xanım Əliyeva təyin olundu. Bu institutun yaranması sosial məsələlərin, artıq bir əldən həll edilməsinə gətirib çıxartdı. Bu, böyük bir məsələdir. Həmçinin, islahatlar Azərbaycanda yeniliyin həmişə bir bayraq, bir təlabat olduğunu göstərdi.
İlham Əliyev apardığı islahatları artıq bitmiş hesab etmir. O, cəmiyyətə həmişə təkmilləşmə, möhkəmlənmə əhval-ruhiyəsi verir. Həyat varsa, inkişaf var və artıq yeni mərhələyə qalxma var. Yeni mərhələlər də yeni yanaşma tələb edir. Bu, artıq Azərbaycanda həyat normasdır. Hesab edirəm ki, inkişaf etmiş ölkələr “klubunda” olmasaq da, hər halda inkişafımız göz qarşısındadır. Yüksək nüfuzlu dövlətlər qrupundayıq. Biz dostluğu arzulanan dövlətlər qrupundayıq. Biz təcrübəsi öyrənilməsi vacib olan ölkələr qrupundayıq. Bu adları qazanmaq elə də asan deyil.
- Mühüm strateji layihələrə imza atan, dünyaya böyük iqtisadi töhfələr verən dövlət başçısının xarici siyasət prioritetlərindən biri də Azərbaycanın öz qonşuları ilə çox möhkəm və qarşılıqlı maraqlar əsasında formalaşdırdığı əlaqələrdir. Ölkə başçısının bu yöndəki siyasətini necə dəyərləndirərdiz?
- Azərbaycan qonşu dövlətlərlə mehriban qonşuluq şəraitində yaşamağın nümunəsini ortaya qoyub. Ermənistandan başqa bizim bütün dövlətlərlə yaxşı münasibətlərimiz var. Hətta Vətən Müharibəsi getdiyi dövrdə cənab Prezident post-müharibə dövrünün anonsunu verdi və həmin o əməkdaşlıqda Ermənistanın da yer ala biləcəyini səsləndirdi. Seçim Ermənistanındır. Ermənistansız da regionda inkişaf olacaq, regionda yeni layihələr olacaq. Ermənistan o layihələrdə iştirak etməyəcəksə və yaxud da əsassız tələblər irəli sürəcksə, itirən o olacaq. Necə ki, 30 ildir itirə-itirə gedir. Eyni zamanda qeyd etdiyim kimi, Azərbaycanın mehriban dostlarını qiymətləndirmək təcrübəsi hamı tərəfindən izlənilir.
Bizim ən yaxın dostumuz, qardaşımız Türkiyədir və Türkiyə ilə münasibətlərimiz istənilən iki dövlət arasında qurulan münasibətlərə bir nümunədir.
Cənab Prezidentin beynəlxalq tədbirlərdə, görüşlərdə Türkiyəni müdafiə etməsi, Türkiyənin hansısa problemlə üzləşəndə Azərbaycanın birinci onun yanında olması artıq qəbul edilmiş bir normadır. Bunun əsasında Azərbaycanın Atatürkə, Türkiyənin ulu öndər Heydər Əliyevə sevgisi durur. Bu gün Azərbaycan və Türkiyə prezidentləri – cənab İlham Əliyev və hörmətli Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluğu və bu dostluğu möhkəmləndirmək siyasətləri hər iki ölkənin, o cümlədən regionun xeyrinə işləyir. Azərbaycan dostluğa möhkəmdir. Biz bunu Türkiyədən başqa Rusiya, Gürcüstan, İran və digər ölkələrlə qurulan münasibətlərdə də görürük. Uzaq ölkələr belə Azərbaycanla dostluğa can atırlar. Azərbaycanın qapısı dostlar üçün həmişə açıqdır.
- Aydın müəllim, xarici güclərin ölkəmizə qarşı təsirləri, təzyiqləri qalmaqdadır. Vətən Müharibəsi və diplomatik müstəvidə gedən proseslər xalqla Prezidentin birliyini, sevgisinı sınaqdan çıxartdı. Bu, Azərbaycana xor baxan, qənim kəsilən, iftira və yalanla çıxış edən qüvvələrə hansı mesajını verdi?
- Dünyaya verdiyimiz ən böyük mesajımız, bizim Qarabağda qazandığımız zəfərimiz oldu. Torpaqlarımızın böyük bir qismini işğaldan azad etməyimiz, məcburi köçkünləri evlərinə qaytarmaq üçün apardığımız işlər, Azərbaycan həqiqətlərinin dünya tərəfindən qəbul edilmısi bizim dünyaya verdiyimiz mesajdır. Həmişə uğur qazanana kölgə salmaq istəyənlər olacaq. Ona qara ləkə yaxmaq istəyənlər olacaq. Amma bütün bunlara baxmayaraq xalq öz liderini sevir, Azərbaycan öz yolunu seçib. Dünya birliyində Azərbaycanın yüksək nüfuzu var və hansısa qara qüvvələrin nə deməsindən asılı olmayaraq, biz irəlidəyik, biz müstəqilliyimizi möhkəmləndiririk, inkişafımızda maraqlıyıq, bundan sonra da dünyanı bu nümunələrlə sevindirəcəyik.
- Bu gün Ali Baş Komandanın xalqın qarşısında verdiyi sözlər hansı aspektlərdə özünü doğruldur və ümumiyyətlə, dövlət başçısının gələcək üçün müəyyənləşdirdiyi hədəflər hansılardır. Hansı hədəflərə çatmalıyıq?
- Cənab Prezident
sözünün sahibi
olan insandır. O, xalq qarşısında açıq
bir siyasətçi, dövlət xadimidir. O, verdiyi sözə həmişə əməl
edən bir şəxsdir və cəmiyyət bunu görür, qiymətləndirir.
Cənab
Prezidentimiz konkret işi ilə tanınan bir dövlət xadimidir.
2003-cü illə 2020 arasında yerlə-göy
qədər fərq
var. Bir neçə ildən sonra biz indiki səviyyənin özünü də artıq yüksəlmiş
səviyyədə müşahidə
edəcəyik. Cənab
Prezidentin həmişə
söylədiyi, müstəqilliyimizin
qorunması, dövlətimizin
güclənməsi, əhalimizin
sosial vəziyyətinin
yaxşılaşması, iş
yerlərinin yaradılması,
insanların gəlirlərinin
artması, onların mənzillə, keyfiyyətli
səhiyyə ilə təmin olunması və sair məsələlərdir.
Heç
şübhə yoxdur
ki, əvvəl verdiyi vədləri yerinə yetirdiyi kimi onları da yüksək səviyyədə yerinə
yetirəcək.
Tahirə Qafarlı
Həftə içi.- 2020.- 24
dekabr.- S.2.