Tanınmış alim əbədiyyətə qovuşdu

  

 Dostsuz insan səhralıqda tənha qalmış bir ağaca bənzəyir. Bu gün  mənim də həyatım  həmin o tək ağaca bənzəyir.  Əsl dost insana arxadır, dayaqdır. Həyatda üç dost olmuşuq. Mənim də dostlarım doğulub, boya-başa çatdığımız Kolanı elinin dağlarının havası,  bulaqlarının suyutək təmiz və saf idi.

Hər iki dostum dəyərli insan idi, el adamları olmaqla, eyni yaşda, çox erkən itirdim. Dostumum biri tanınmış həkim Əhliman Bayramov keçən il yanvar ayının 12-də  62 yaşında əbədiyyətə qovuşdu. İknci dostum və əmimoğlu, tanınmış alim Məcid Əhmədov da  bu il  fevralın 15-də, 62 yaşında  vaxtsız dünyasını dəyişdi. Hər iksi də gözəl, mehriban, qayğıkeş, vətənpərvər, dostluğa sədaqətli insanlar idi. Həyatımın ən ağır, çətin  günlərində yanımda olublar, mənə maddi və mənəvi  dayaq, arxa  durdular. Təmənnasız dostlar idilər…

Tanınmış alim, fizika üzrə fəlsəfə doktoru Məcid  Əhmədovun vaxtsız ölümü hər birimizi sarsıtdı, həm də Azərbaycan elmi üçün bu,  ağır itkidir. Görkəmli alimin nəşi  fevralın 16-da “Qurd qapısı” kimi tanınan  qəbiristanlıqda torpağa tapşırıldı. Dəfn mərasimində alimin yoldaşları, elm adamları, ziyalılar, onu tanıyanlar, sadə adamlara kimi iştirak edirdilər.

Məcid Əhmədov böyük və şərəfli  həyat yolu keçib. 1957-ci il fevral ayının 28-də Ağdam rayonunun Qalayçılar kəndində anadan olub. 1974-cü ildə orta məktəbi bitirdikdən sonra,  Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsinə qəbul olunub və 1980-ci ildə oranı bitirib.

1980-1984-cü illərdə Ağdam rayonunun Abdal və Salahlı kəndlərində Fizika-riyaziyyat fənləri üzrə müəllim işləyib.

1985-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnistitutunun (RPİ) Kimyəvi fizika laboratoriyasında əmək fəaliyyətinə başlayıb. 1997-ci ilədək kiçik elmi işçi, 2009-cu ilədək böyük elmi işçi vəzifələrində çalışıb.

M.Əhmədov 1986-1990-cı illərdə AMEA  Radiasiya Problemləri İnstitutunda Dielektriklər və yarımkeçiricilər fizikası ixtisası üzrə aspiranturada oxuyub və 1997-cı ildə “Asetonitrilin alovsuz boşalma plazmasında polimerləşməsindən alınan nazik təbəqələrin elektrikfotoelektrik xassələri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 

2000-ci ildə təşkil olunan Ətraf mühitə zərərli təsirlərin fizikası və kimyası laboratoriyasında əmək fəaliyyətini davam etdirən M.Əhmədov  orada aparıcı elmi işçi vəzifəsində çalışmışdır. atom absorbsiya spektrometriyası və İCP-MS metodlarını tətbiq etməklə laboratoriyanın planına uyğun olaraq, ətraf mühitə atılan ağır metalların akkumulyasiyası və daşınması prosesləri mövzusunda tədqiqat işləri aparıb.

Məcid Əhmədov müxtəlif beynəlxalq layihələrdə – beynəlxalq "İSO 17025" akkreditasiyasında,  LGC (İngiltərə) və SETOC (Hollandiya) test metodlarının müqayisəsi, həmçinin TEMPUS ECONANO və  "MARINE CHECK - OCEAN 2013" proqramlarında, eləcə də “American Chemical Society” (ACS) təşkilatının, “Society of Environmental Toxicology and Chemistry” (SETAC) təşkilatının, SFP 977991 - Şimali Atlantika Alyansının (NATO) Elm Fondu layihəsinin davamı üzrə (Kür-Araz layihəsi) fəaliyyətində fəal iştirak edib.

Görkəmli alim 70-dən çox elmi əsərin müəllifidir. Elmi əsərlərinin  35-i xaricdə, 10-u beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunub. Müntəzəm olaraq, beynəlxalq və yerli elmi konfranslarda, simpoziumseminarlarda iştirak edib, müxtəlif qrant layihələrinin iştirakçısı olub.

Tanınmış alimin kifayət qədər elmi nailiyyəti olub. Asetonitlin alovsuz boşalma plazmasında polimerləşməsindən nazik polimer təbəqələrinin alınması, alınmış nazik təbəqələrin optik, elektrikfotoelektrik xassələrinin tədqiqi ilə elektrikfotoelektrik keçiricilik mexanizmlərinin müəyyənləşdirilməsi, ilk dəfə olaraq müxtəlif texnoloji sikllərdən keçən lay sularında ağır metalları tədqiq etmiş, onlar üçün dəyişmə intervalları təyin etmişdir.  Alınmış konsentrasiyalar fon qiymətləri və ekoloji standartlar ilə müqayisə olunnuşdur.

Məcid Əhmədov bir alim kimi Azərbaycan elmini dünyaya tanıtmaqla kifayətlənməyib. Vətənin qeyrətli oğlu kimi, Azərbaycanın siyasi aləmində də  böyük xidmətləri olub. 1988-ci ildə Azərbaycanda baş verən Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri olub.  Vətənin qeyrətli oğulları ilə birlikdə sutkalarla Azadlq meydanında ac-susuz qalaraq,  sovet imperiyasına qarşı öz etirazını bildirmişdir. Dəfələrlə sovet rejiminin təqib və təzyiqlərinə məruz qalsa da, dünyanın hər bir yerində keçirilən konfranslardakı tribunalardan çox cəsarətlə, qorxmadan,  Qarabağ həqiqətlərini, erməni vəhşiliklərini dünya ictimaiyyətinə çatdırmışdır. Müstəqilliyimiz elan olunduqda Məcid müəllimin sevincindən uşaq kimi ağladığının şahidi olmuşam. Və dərindən nəfəs alıb dedi: “Axır ki, azadlığımıza nail olduq. 20 Yanvar şəhidlərimizin qanı yerdə qalmadı. Məcid müəllimin qəlbində bir Vətən yanğısı, Qarabağ ağrısı, el-oba nisgili  var idi. Arzusu doğulduğu Qalayçılar kəndini görmək idi. Həmişə deyərdi ki, Allah bizə ömür versin, gedib öz torpaqlarımızda ölək. Doğma torpaqlarının işğalına dözməyən Məcid müəllim son nəfəsində də  Qarabağa  azadlıq”  deyərək əbədiyyətə qovuşdu.

Allah rəhmət eləsin!

 

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2020.- 18-19 fevral.- S.8.