Ümumdünya
Quraqlıq və Səhralaşma ilə Mübarizə Günüdür
17 iyun – Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günüdür. Qeyd edək ki, bu günün qeyd edilməsi 1994-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən elan olunub. Elə həmin il Birləşmiş Millətlər Təşkilatı tərəfindən səhralaşma ilə mübarizə haqqında Konvensiya qəbul edilib. Sənəddə dövlətlərə səhralaşma ilə mübarizədə beynəlxalq səviyyədə əməkdaşlığın zəruriliyi, o cümlədən bu barədə maarifləndirmənin artırılması təklif olunur.
Səhralaşma quraq, yarımquraq və nisbətən rütubətli ərazilərdə torpağın deqradasiyaya uğraması nəticəsində yaranan qlobal ekoloji və sosial-iqtisadi problemdir. Səhralaşmanın yaranmasının əsas səbəbi antropogen faktorlar və iqlim dəyişkənliyidir. Səhralar planetin quru ərazisinin beşdəbirindən çoxunu əhatə edir və hər qitədə mövcuddur. Hər il dünyada təxminən 12 milyon hektar məhsuldar torpaq yararsız vəziyyətə düşür. Məhsuldar torpaqlar ağır səhra ərazisinə çevrilir və problem böyüyür. Səhralaşma bütün dünyada təxminən 1,5 milyard insana təsir göstərir. Hər il səhralaşma və quraqlıq kənd təsərrüfatında təxminən 42 milyard dollar itkiyə səbəb olur.
Qeyd edək ki, quru iqlim şəraitində yerləşən Azərbaycan üçün də səhralaşma problemi son dərəcə aktualdır. Buna görə Azərbaycan Respublikası ölkənin ekoloji durumunun yaxsılaşdırılmasını, təbii resurslardan səmərəli və ziyansız istifadə olunmasını, o cümlədən milli maraqları nəzərə alaraq 1998-ci il 24 aprel tarixində "Səhralaşmaya qarşı mübarizə" Beynəlxalq Konvensiyasına qoşulub. Dünyanın 170 ölkəsinin qoşulduğu Konvensiyada dövlətlərə səhralaşma ilə mübarizədə beynəlxalq səviyyədə əməkdaşlığın zəruriliyi, o cümlədən bu barədə maarifləndirmənin artırılması təklif olunur.
Birləşmiş Millətlər Təşkilatının Konvensiyasında tərəflərin ümumi öhdəliklərinə gəlincə, tərəflər bu Konvensiya üzrə öhdəliklərini, əsas diqqəti bütün səviyyələrdə uzunmüddətli strategiyanın hazırlanması və cəhdlərin əlaqələndirilməsinin vacibliyinə yönəldərək, şəraitdən asılı olaraq və mövduc və yaxud gələcək iki tərəfli və çoxtərəfli müqavilələrdə, yaxud belələrinin qarşılığında fərdi və yaxud birlikdə yerinə yetirir.
Konvensiyanın Tərəflərinin xüsusi öhdəlikləri də var. Belə ki, bu ölkələr səhralaşma ilə mübarizə və quraqlığın nəticələrinin zəiflədilməsinə birinci növbəli diqqət yetirmək və onları özünəməxsus şəraitləri və imkanlarına uyğun olan bərabər ehtiyatlar ayırmaq, səhralaşma ilə mübarizə və quraqlığın nəticələrinin zəiflədilməsi üzrə sabit inkişaf planları və strategiyası çərçivəsində strategiya hazırlamaq və prioritetləri müəyyənləşdirmək, səhralaşmanın əsasını təşkil edən səbəblərin aradan qaldırılması məsələlərinə baxmaq və səhralaşma prosesinin inkişafına şərait yaradan sosial-iqtisadi amillərə xüsusi fikir vermək, yerli əhalinin məlumatlandırılmasının təmin edilməsinə yardım etmək və səhralaşma ilə mübarizə və quraqlığın nəticələrinin aradan qaldırılmasında onun, xüsusilə də qeyri-dövlət təşkilatlarının yardımı ilə qadınların və gənclərin iştirakını təmin etmək kimi öhdəliklərə malikdirlər.
Yeri gəlmişkən, Azərbaycanda da torpaqlar müxtəlif dərəcədə erroziyaya məruz qalıb. Respublikada ümumi torpaq fondunun sahəsi 8,641 milyon hektardan artıqdır. Bunun 4,47 milyon hektarı kənd təsərrüfatına yararlı, o cümlədən 1,43 milyon hektarı suvarılan torpaqlardır. Respublika ərazisinin 3,240 milyon hektarı və ya 37,4 faizi istifadə olunmayan (şoranlaşmış, bataqlıqlaşmış, güclü eroziyaya uğramış, daşlı çay yataqları, qayalıqlar və s.) torpaqlardır. Ərazinin geoloji quruluşundan, relyefindən, iqlim şəraitindən, torpağın rütubətlənmə şəraiti və mexaniki tərkibindən, sukeçirmə qabiliyyətindən, strukturundan və s. asılı olaraq yaranan ekocoğrafi problemlər də müxtəlif olur.
Azərbaycanda torpaqların 36,4 faizi müxtəlif dərəcədə eroziya prosesinə məruz qalıb. Onun 14,1faizi zəif, 10,7 faizi orta, 11,6 faizi şiddətli dərəcədə yuyulmuş torpaqlardır. Azərbaycanın ayrı-ayrı regionlarının təbii şəraitindən və antropogen təsirlərdən asılı olaraq eroziya proseslərinin intensivliyi və forması müxtəlif dərəcədə inkişaf edib. Odur ki, Mil və Qarabağ düzlərində torpaqların 30,8 faizi, Quba-Xaçmaz zonasında 48,2 faizi, Abşeron yarımadasında 40,3 faizi, Şirvan düzündə 27,7 faizi, Şəki-Zaqatala zonasında 55,7 faizi eroziya proseslərinə məruz qalıb. Bura su, külək və irriqasiya eroziyasına məruz qalan bütün torpaqlar aiddir.
Su eroziyası dağlıq ərazilərdə, xüsusilə Böyük Qafqazın cənub və qismən şimal-şərq yamacında geniş yayılıb. Meşə örtüyü zəif olan yamaclarda, xüsusilə Şinçay, Kişçay, Girdimançay, Pirsaat və Qozluçayda dağıdıcı sellər daha tez-tez müşahidə olunur. Qeyd olunan çaylar qədər daşqınlara məruz qalan Katex, Mazımçay və Balakən çaylarının hövzələri Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində yerləşir və ona görə də buradakı meşələr, subalp və alp çəmənlikləri çox yaxşı mühafizə olunduğundan eroziya prosesi zəif gedir və adı çəkilən çaylarda sel hadisələrinə təsadüf edilmir. Meşə zonasından yuxarı subalp və alp çəmənliklərdə eroziya prosesinin inkişafına təkan verən əsas amil mal-qara və qoyun sürülərinin göstərdiyi antropogen təzyiqin getdikcə güclənməsidir. Bu səbəbdən yaranan eroziya proseslərinə məruz qalan torpaqlar Quba, Xızı, Şamaxı, İsmayıllı, Qəbələ, Gədəbəy, Daşkəsən və işğal olunmuş Kəlbəcər və Laçın rayonlarının dağ çəmənliklərində daha çox sahə tutur.
Su eroziyası ilə yanaşı külək eroziyası da torpaqlara ziyan vurur. Onun ən çox yayıldığı yerlər Abşeron yarımadası, Qobustan, Samur çayından başlamış Qızılağac körfəzinə qədər Xəzər dənizinin sahil zonası, Mil və Muğan düzləri, Ceyrançöl, Acınohur düzü və Bozdağ sistemidir. Buradakı təsərrüfat sahələrinə külək eroziyasının vurduğu ziyan çox böyükdür. Məsələn, küləklərin hakim olduğu ərazilərdə torpaq örtüyü sovrularaq öz münbitliyini itirir, məhsuldarlıq dəfələrlə azalır və bəzi hallarda tamamilə sıradan çıxır. Respublikada külək eroziyasına məruz qalan torpaqların ümumi sahəsi 200 min hektardır.
Torpaqların şoranlaşması isə Azərbaycanda
ən böyük ekocoğrafi
problemlərdən biri hesab
edilir. Ölkədə şoran
torpaqların ümumi sahəsi 2 milyon hektardan
artıqdır və bunun 1,32 milyon hektarı Kür-Araz
ovalığındadır. Müəyyən edilib
ki, respublikanın suvarılan
torpaqlarının (1,43 milyon. ha) 600 min hektardan
çoxu şoranlaşıb və bunun 224 min hektarı daha şiddətli şorlaşmış
torpaqlardır. Beləliklə, ən çox
şorlaşmaya məruz qalan
torpaqlar Kür-Araz
ovalığındadır. Bundan əlavə
Siyəzən, Xızı rayonlarında, qismən Abşeron yarımadasında, Naxçıvan MR-da, Ceyrançöldə, Acınohur
düzündə və s. yerlərdə
də şoran torpaqlar
mövcuddur. Məhsuldarlığı xeyli aşağı salan şorlaşmaya qarşı vaxtında tədbirlər
görülmədikdə onun sahəsi
genişlənərək daha böyük ərazidə torpaq
və həm də bitki örtüyünün
deqradasiyasına gətirib çıxarır. Digər tərəfdən
mütəxəssislərin fikrincə, suvarma
qaydalarına düzgün əməl
olunmadıqda əvvəlcədən şor
olmayan, yaxud əsaslı
yumadan sonra düzgün istifadə olunmayan
sahələr şorlaşır. Bu prosesə
təkrar şoranlaşma deyilir.
Şoranlaşmış torpaqların meliorativ
vəziyyətini yaxşılaşdırmaq üçün
əsas vasitə onların su ilə yuyularaq duzlardan təmizlənməsidir.
Yuma aparmaq və yuyulacaq sahələrdən
duzları çıxarmaq üçün
yeni kollektor-drenaj
şəbəkəsinin yaradılması və köhnə
şəbəkənin tam bərpa edilməsi
əsas məsələdir. Çoxillik tədqiqatların
nəticələri göstərir ki, respublikada torpaq sərvətlərinin
deqradasiyası əsasən, üzvi maddənin
(humus) itkisi, bioloji fəallığın
zəifləməsi, fiziki aşınma, torpaq eroziyası (külək, su
eroziyası vasitəsilə), torpaqların
şorlaşması və şorakətləşməsi, qida çatışmamazlığı,
rütubət çatışmamazlığı, texnogen və kimyəvi çirklənmə,
torpağın-sənaye, şəhər, yol,
kanal, aeroport, oyun meydançaları, kanal,
su hövzələri, tikintilər, zibilxanalar, borular, neft mədənləri, bataqlıqlaşma, subasma və s. amillərdən
asılıdır. Mütəxəssislər hesab
edirlər ki, Azərbaycanda torpaq örtüyünün
ekocoğrafi vəziyyətini
yaxşılaşdırmaq üçün
bir sıra tədbirlərin həyata
keçirilməsi tələb olunur. Buraya istehsal vasitələri və torpaq
ehtiyatları üzərində mülkiyyət
formasının dəyişdirilməsi, torpaq
və su ehtiyatlarının dəqiq
inventarizasiyası, torpaq kadastrı,
torpaqların keyfiyyətcə qiymətləndirilməsi, kompleks meliorativ tədbirlərin
həyata keçirilməsi, eroziya təhlükəsinə
qarşı mübarizə, torpağın münbitliyi və suvarma
sularının keyfiyyəti üzərində monitorinq
aparılması və s. aiddir.
Sevinc
Həftə içi.- 2020.- 18-19
iyun.- S.6.