Milli professional vokal məktəbinin
banisi
Ecazkar səsi
ilə hamını heyran qoyan, şaqraq zəngulələri
ilə bülbülləri susduran və buna görə də
xalq tərəfindən Bülbül adlandırılan sənətkarın
əsl adı Murtuza Məşədi Rza oğlu Məmmədov
olsa da, Azərbaycanda və onun hüdudlarından
çox-çox uzaqlarda elə “Bülbül” kimi
tanınıb.
NUHÇIXAN
İnformasiya Agentliyi xəbər verir ki, bu gün Azərbaycan
vokal məktəbinin banisi, lirik-dramatik tenor səsə malik
opera müğənnisi, görkəmli xanəndə, Azərbaycan
və SSRİ Xalq artisti Bülbülün anadan
olmasının 123 ili tamam olur.
O,
Şuşada anadan olub və bu şəhərin ab-havası,
sözlü-nəğməli, muğamla nəfəs alan mühiti onun sənətkarlığı
üçün bəhrəli zəmin olub. İlk
təhsilini də burada mədrəsədə alıb, bir
çox ustad xanəndələrin ilk musiqi biliyinə yiyələndiyi
bir ocaqda – Molla İbrahimin məktəbində muğam sənətinin
qanun-qaydalarını mənimsəyib. Xüsusilə
görkəmli xanəndə Cabbar Qaryağdıoğlundan o,
sənətin çox sirlərini öyrənib. Bülbül ilk səhnə fəaliyyətinə
1916-cı ildə Məşədi Cəmil Əmirovun Gəncədə
səhnəyə qoyduğu “Seyfəlmülk” operası ilə
başlayıb.
Bülbül 1920-ci ildən Azərbaycan Opera və Balet
Teatrının (o zamanlar Birləşmiş Dövlət
Teatrı opera truppası idi) solisti olub. Fəaliyyətinin ilk illərində
Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və
Kərəm”, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib”
operalarında İbn Səlam, Kərəm, Qərib
rollarını oynayıb. O, 1927-ci ildə Bakı
Konservatoriyasını bitirib. Yüksək səs
tembrinə, məlahətli ifa tərzinə malik müğənni
təhsilini davam etdirmək üçün dövlət xətti
ilə İtaliyanın Milan şəhərinə göndərilib.
1931-ci ildə Milan Konservatoriyasında Delliponti və
R.Qraninin siniflərini bitirərək Vətənə
dönüb və Azərbaycan Dövlət
Konservatoriyasında dərs deməyə başlayıb.
Klassik vokal sənətinə ustalıqla yiyələnmiş
Bülbül milli köklərdən ayrılmayaraq, xalq
musiqisi üçün səciyyəvi xüsusiyyətləri,
ənənələri pozmayaraq, yeni üslub yaratmağa can
atırdı.
O, italyan və rus vokal məktəblərinin ən
yaxşı cəhətlərini əxz edir və onları
milli ifaçılıq üslubu ilə əlaqələndirirdi.
Qərb və Şərq oxuma üsulları arasında
qovuşma nöqtələri tapan müğənni xalq sənətkarlığı
ilə professional vokal ifaçılığının vəhdətinə
nail olurdu. Bununla da o, Azərbaycanda ilk olaraq,
professional vokal ifaçılığının
bünövrəsini qoyub. O, bunu həm nəzəri cəhətdən
işləyib, həm də praktiki cəhətdən həyata
keçirib. Belə ki, o, dəfələrlə
bu məsələyə həsr olunmuş mühazirələrlə
çıxış edib, konsertlərində isə həm
ariya və romansları, həm də xalq mahnılarını
və muğamları eyni şövqlə oxuyub. Azərbaycan musiqisində yeni səhifə açan
Bülbülün yaradıcılığı vokal sənətinin
inkişafında mühüm mərhələ olub.
Bülbül sənətinin gücü onun geniş
diapazonlu, məlahətli səsində idi. Səlis bədii
diksiyaya, böyük səhnə mədəniyyətinə
malik olması onun ən ümdə xüsusiyyətlərindən
idi. Daim axtarışda olan, yeni zirvələrə can
atan Bülbülün repertuarı çox zəngin idi. O,
xarici ölkə bəstəkarlarının opera
ariyalarını və romansları, Azərbaycan bəstəkarlarının
vokal əsərlərini, muğamları, xalq mahnı və təsniflərini
özünəməxsus üslubda, aydın tələffüzlə
ifa edirdi. Klassik əsərləri bir neçə
dildə ifa edən Bülbül ən çox Azərbaycan dilinə
böyük fikir verirdi və həmişə deyirdi ki,
“öz dilində elə oxumaq lazımdır ki, bu dili başa
düşməyənlər də ondan zövq ala bilsinlər”.
Bülbülün
yaradıcılığını yüksək qiymətləndirən
dahi bəstəkarımız Üzeyir Hacıbəyli qeyd
edirdi ki, “Bülbül kimi musiqi təhsili alan,
həm şərq üslubunda, həm də operalarda
oxumağı bacaran ifaçılar musiqi sənətimiz
üçün qiymətli kadrlardır”.
Təsadüfi deyildi ki, Bülbül Üzeyir Hacıbəylinin
şah əsərində – “Koroğlu” operasında baş
rolun ilk, həm də ən yaxşı ifaçısı
olub. Koroğlu onun yaratdığı obrazların zirvəsidir.
Bu operanı Üzeyir Hacıbəyli məhz
Bülbül üçün yazıb. İndi
də “Koroğlu”dan söhbət düşəndə
gözümüz önündə Bülbül canlanır.
Burada aşıq sənəti xüsusiyyətləri
ilə professional vokal ifaçılığını
qovuşduran Bülbül əfsanəvi xalq qəhrəmanının
monumental obrazını yarada bilib. Bununla
yanaşı, Bülbül həm də digər Azərbaycan
bəstəkarlarının operalarında yaddaqalan obrazlar
yaradıb.
Azərbaycan müğənnilərinin böyük bir nəslinin
yetişməsində Bülbülün xidmətləri əvəzsizdir. O, görkəmli pedaqoq olub,
öz təcrübəsini, sənətin sirlərini
istedadlı gənclərə öyrədib. Bülbülün
sinfini bitirmiş bir sıra vokalçılar hazırda teatr və
kamera ifaçılığı sahəsində layiqli yer
tutublar.
Bülbül vokal sənətinin əsaslarını və
öz pedaqoji prinsiplərini elmi-nəzəri və metodik cəhətdən
də işləyib.
Milli professional vokal məktəbinin yaradıcısı
Bülbülün ənənələri bütün Şərq
vokal sənətinə böyük təsir göstərib,
müasir ifaçılarımız üçün gözəl
örnəyə çevrilərək bu gün də
yaşamaqdadır.
Bülbülün musiqi tariximizdəki xidmətlərindən
danışarkən, onun folklorşünaslıq sahəsindəki
fəaliyyətini də qeyd etmək lazımdır. O, xalqın hafizəsində
qorunan musiqi folklorumuzu toplamaq, onu bir zərgər səliqəsi
ilə cilalamaq və fövqəladə bir ifa ilə xalqa
qaytarmaq istəyi ilə yaşayırdı. İndi
əzbər bildiyimiz bir çox xalq mahnılarına
Bülbül yeni həyat verib. Bülbülün
rəhbərliyi ilə Azərbaycan Dövlət
Konservatoriyasının nəzdində Elmi-Tədqiqat Musiqi
Kabinetinin təşkili və burada Azərbaycan xalq musiqi incilərinin
bəstəkarlarımız tərəfindən məşhur
xalq sənətkarlarının ifasından nota
köçürülməsi musiqi tariximizdə mühüm
hadisə kimi qiymətləndirilməlidir. Bu kabinet 1932-ci ildən 1943-cü ilədək fəaliyyət
göstərib, xalq musiqi nümunələrinin toplanması,
sistemləşdirilməsi, nota köçürülüb
çap olunması ilə məşğul olub.
Bülbül
o dövrdə konservatoriyada təhsil alan tələbələri,
sonradan musiqimizi dünyaya tanıtmış bəstəkarları
– Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov,
Səid Rüstəmov, Tofiq Quliyev və bir çox
başqalarını musiqi kabinetində fəaliyyətə cəlb
edib ki, bu da xalq yaradıcılığına dərindən
nüfuz edən bəstəkar və musiqişünasların
yetişməsində, eləcə də Azərbaycan musiqi
irsinin öyrənilməsində və yayılmasında
böyük rol oynayıb.
Bülbül
1938-ci ildə SSRİ Xalq artisti adını alıb, 1940-cı
ildə Azərbaycan Dövlət Konservatoriyasının
professoru seçilib, 1950-ci ildən SSRİ Dövlət
mükafatı laureatı adına layiq
görülüb. Eyni zamanda, I və V
çağırış Azərbaycan SSR Ali Sovetinin
deputatı olub, 2 dəfə Lenin, 2 dəfə
“Qırmızı Əmək Bayrağı”, “Şərəf
nişanı” ordenləri, İtaliyanın “Haribaldi” ordeni və
medallarla təltif olunub.
Bülbül
1961-ci il sentyabrın 26-da Bakıda vəfat
edib və birinci Fəxri xiyabanda dəfn olunub.
Hazırda Bakı şəhərində mərkəzi
küçələrdən biri Bülbülün
adını daşıyır. Onun adına Bakı
Musiqi Akademiyası nəzdində musiqi məktəbi fəaliyyət
göstərir.
Bülbülün vətəni olan Şuşada xanəndənin
bürünc büstü qoyulub. 1992-ci ilin may ayında
Şuşanın ermənilər tərəfindən
işğalından sonra bu büst (şairə Natəvanın
və bəstəkar Üzeyir Hacıbəylinin büstləri
ilə birlikdə) düşmən tərəfindən
Gürcüstana metal kimi satılıb, sonradan Azərbaycan
hökuməti tərəfindən geri alınaraq Bakıya gətirilib.
1976-cı ildə Şuşada, 1982-ci ildə Bakıda
Bülbülün memorial muzeyi açılıb. Hazırda Şuşa
erməni işğalı altında olduğundan buradakı
muzeyin taleyi məlum deyil.
Ölkəmiz ikinci dəfə müstəqillik əldə
etdikdən sonra bu böyük sənətkarın
yaradıcılığına diqqət daha da
artırılıb. Belə ki, zəngin yaradıcılıq
yolu keçmiş və çoxşaxəli fəaliyyəti
ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində
silinməz izlər qoymuş böyük sənətkar
Bülbülün xatirəsi əziz tutulub, yubileyləri
dövlət səviyyəsində qeyd edilib. Ulu öndər
Heydər Əliyev tərəfindən 1997-ci il
avqustun 20-də “Bülbülün 100 illik yubileyinin
keçirilməsi haqqında” Sərəncam imzalanıb. Bülbülün 100 illik yubileyi həm
xalqımız, həm də Bülbül sənətinə pərəstiş
edən bir çox xalqlar tərəfindən geniş qeyd
olunub. Həmin ildən başlayaraq, mütəmadi
olaraq, vokalçıların Bülbül adına
beynəlxalq müsabiqəsi keçirilir, bu müsabiqəyə
dünyanın bir çox ölkəsindən gəlmiş
vokalçılar qatılırlar.
Prezident İlham Əliyevin “Bülbülün 110 illik yubileyinin keçirilməsi haqqında” 16 aprel 2007-ci il tarixli Sərəncamına əsasən müğənninin yubileyi dövlət səviyyəsində qeyd edilib. 2012-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Bakıda, Bülbül prospektində Bülbülün xatirəsinə ucaldılmış abidənin açılışı olub.
Bülbülün anadan olmasının 120 illiyi münasibətlə ölkə başçısı 2017-ci il mayın 11-də “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən hazırlanan tədbirlər planına uyğun olaraq milli musiqi mədəniyyətinin inkişafı, tədqiqi və təbliği işinə misilsiz töhfələr vermiş Xalq artisti Bülbülün yubileyi il ərzində müxtəlif tədbirlərlə geniş qeyd edilib.
Azərbaycan mədəniyyətində
özünəməxsus yeri olan Bülbül özündən
sonra zəngin bir irs qoyub gedib və mənsub olduğu
xalqın qəlbində əbədiyaşarlıq qazanıb.
Həftə içi.- 2020.- 23-24
iyun.- S.8.