3 May Beynəlxalq
Günəş günüdür
3 May Beynəlxalq Günəş günü kimi qeyd olunur. Dünya ekoloqlarının rəyinə görə, Günəş olmadan bizim planet mövcud ola bilməzdi. Günəş bitki və heyvanlar aləminə lazım olan istiliyi və işığı verir, yer Kürəsinin atmosferini formalaşdırır.
Məlumat üçün bildirək ki, Günəş göydəki milyardlarla ulduzdan biridir. O planetlərin təşkil etdiyi Günəş sisteminin mərkəzində yerləşir. Günəş orta ölçülü ulduz olmaqla Günəş sisteminin kütləsinin 99,8 faizini təşkil edir. Günəşdən yayılan enerji Yerdəki həyatın var olmasına və iqlimə əsaslı təsir göstərir. Süd Yolu qalaktikasında bilinən təqribən 200 milyard ulduzundan biri olan Günəş isti qazlardan ibarətdir. Günəş ətrafına istilik və işıq şəklində radiasiya yayır. Yerlə müqayisədə Günəşin diametri 109 dəfə, həcmi 1,3 milyon dəfə, kütləsi isə 333000 dəfə çoxdur. Yer səthinə düşən Günəş enerjisinin miqdarı bütün neft, təbii qaz, daş kömür və digər yanacaq ehtiyatlarından çoxdur. Onun 0,0125 faizinin istifadə olunması ilə bugünkü dünya energetikasının bütün ehtiyaclarını təmin etmək olar. Günəş enerjisinin istifadəsinin üstünlüyü ondadır ki, günəş qurğuları parnik effekti yaratmır, havanın çirklənməsi baş vermir, istilik aşağı atmosfer qatlarına yayılmır. Günəş enerjisinin yalnız bir çatışmazlığı var – o da atmosferin vəziyyətindən, günün və ilin vaxtından asılılıqdır.
1978-ci ildə ABŞ Prezidenti Cimmi Karter tərəfindən təsis edilən “Günəş Günü”nün qeyd edilməsində də əsas məqsədlərdən biri günəş enerjisindən istifadəni dəstəkləməkdir. Beynəlxalq Enerji Agentliyinin “Qlobal enerji və CO2 statusu hesabatı”na görə 2018-ci ildə qlobal günəş enerjisi gücü 2017-ci ilə nisbətən 24 faizi və ya 94 GVt artaraq 485 GVt-a çatıb. Hazırda bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalında günəş enerjisinin payı 20 faizdən yuxarıdır. Azərbaycanın günəş enerjisi üzrə iqtisadi potensialı 23 min MVt-dan çoxdur. Respublikada günəş elektrik stansiyalarının ümumi gücü 37 MVt təşkil edir və daha 50 MVt gücün istifadəyə verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (İRENA) dərc etdiyi yeni araşdırmaya görə qlobal günəş enerjisi gücü 2050 ilə qədər hər il 9 faiz artacaq. "Future of Solar Photovoltaic - Günəş PV-nin gələcəyi" adlı hesabata əsasən, 2018-ci ildə 480 QVt olan qlobal günəş enerjisi gücünün 2050-ci ilə qədər 8000 QVt-a qədər artacağı proqnozlaşdırılır. 2050-ci ilə qədər dünyada yeni bazarlar formalaşdıqca qlobal elektrik enerjisi tələbinin dörddə biri günəş enerjisi ilə təmin ediləcək. Xüsusilə Latın Amerikası və Karib dənizi bazarının 2050-ci ilə qədər 40 dəfədən çox artacağı gözlənilir.
Araşdırmalara görə, günəş enerjisi paylanmasını sürətləndirmək enerji qaynaqlı karbon tullantılarını 2050-ci ildə 21 faiz azalda bilər. 2050-ci ilə qədər Asiya qlobal quraşdırılmış günəş enerjisi gücünün 50 faizdən çoxuna, Şimali Amerika 20 faizinə, Avropa isə 10 faizinə sahib olacaq. Proqnozlara nail olmaq üçün günəş enerjisinə illik investisiya qoyuluşları 2018-ci ildəki 114 milyard dollardan 2050-ci ildə 192 milyard dollara qədər artırılmalıdır. Günəş PV üçün qlobal səviyyələndirilmiş elektrik enerjisinin dəyəri (LCOE) 2018-ci ildə bir kVtsaat üçün orta hesabla 8,5 sentdən 2030-cu ilə qədər hər kVtsaat üçün 2-8 sent, 2050-ci ilə qədər isə hər kVtsaat üçün 1,4-5 sent arasında dəyişəcək.
Günəş enerjisi bazarı sənayedəki yeniliklər sayəsində sürətlə inkişaf edən bir sənaye olmağa davam edəcək. Qlobal günəş enerjisi sənayesi məşğulluq qabiliyyətini 4 qat artıraraq 4,4 milyon nəfərdən 18 milyon nəfərə çatdırmaq potensialına malikdir. Son 10 ildə dünya üzrə şəbəkəyə qoşulmadan istifadə edilən günəş PV quraşdırılmış gücü 10 dəfədən çox artıb, 2008-ci ildə təxminən 0,25 QVt olan güc 2018-ci ildə 3 QVt -a çatıb.
Yeri gəlmişkən, 2000-ci illərdən etibarən dünyanın qabaqcıl ölkələrində enerjidən səmərəli istifadə edən və ekoloji cəhətdən əlverişli texnologiyaların – “yaşıl” texnologiyaların tətbiqi geniş vüsət alıb. “Yaşıl” texnologiyalar təbiətdən yararlanan qurğuların hazırlanması, işə salınması və bu zaman ətraf mühit üçün tam zərərsiz və ya minimal zərərlə çalışan texnologiyalardır. Bunu nəzərə alaraq, bir sıra ölkədə “yaşıl” texnologiyaların tətbiqi göstərilən problemlərin həll edilməsi yollarından biri hesab edilir.
Mütəxəssislərin apardıqları tədqiqatların nəticəsinə əsasən, son 50 ildə dünya üzrə təbii resurslara tələbat ekoloji fəlakətləri də özüylə gətirib. Müvafiq hesablamalar görə, 1961-ci ildə təbii resurslara tələbat yer kürəsinin bioloji bərpaetmə gücünün 70 faizinə barabər idi. 1980-ci illərə sözügedən tələbat artıq yer kürəsinin gücünü üstələməyə başlamış və 1999-cu ildə istifadə edilən təbii resurslar yer kürəsinin yenidən bərpa gücünün 120 faizini təşkil etmişdir. Yəni, istehlak edilmiş resursların bərpa olunması üçün 1,2 ədəd Yer kürəsi tələb olunur.
Ekspertlər bildirirlər ki, “yaşıl” iqtisadiyyat, əslində yeni iqtisadiyyat anlayışı olaraq da ifadə edilə bilər. İnsanın və təbiətin dəyərinin bilinməsi, insanların rifahını yüksəldib yoxsulluğun azaldılması, məhdud təbii ehtiyatların effektiv və optimal şəkildə istifadə edilməsi bu yeni iqtisadi anlayışın təməlini meydana gətirir. Hazırda “yaşıl” iqtisadiyyat anlayışının nəyi əhatə etdiyinin dəqiq olaraq müəyyənləşmiş və hamı tərəfindən qəbul edilən tərifi yoxdur. Bu səbəblə, ayrı-ayrı ölkələr özlərinin xüsusi şərtləri çərçivəsində fərqli təriflər ortaya qoyurlar.
Qeyd edək ki, bu gün dünya ölkələrinin keçid etməyə çalışdığı “yaşıl” iqtisadiyyat təşəbbüslərini Azərbaycan höküməti də dəstəkləyir. Məsələn, 2012-ci ildə qəbul edilən “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyası “yaşıl” iqtisadiyyatın inkişafına geniş imkanlar yaradır. Konsepsiyanın əsas hədəflərindən biri ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nail olmaqdır. Sənəddə göstərilib ki, biomüxtəlifliyin qorunması, yanacaq-enerji kompleksinin ətraf mühitə mənfi təsirinin neytrallaşdırılması, dənizin və onun akvatoriyasının çirklənməsinin aradan qaldırılması və qorunması, yaşıl ərazilərin bərpası və mövcud resursların səmərəli mühafizəsi istiqamətində zəruri tədbirlər gələcəkdə də davam etdiriləcək. Konsepsiyanın əhatə etdiyi dövrdə Azərbaycanda orta hesabla bir vahid ÜDM istehsalı üçün istifadə edilən enerjinin və emissiya olunan karbon dioksidin miqdarı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri üzrə müvafiq göstəriciyə yaxınlaşdırılacaq.
Bundan başqa, “yaşıl” iqtisadiyyata keçid və resurslardan səmərəli istifadə məsələsi Azərbaycanda qəbul olunmuş 4 strateji yol xəritəsində də öz əksini tapıb. Belə ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə konkret olaraq, “Aqrar sahədə “yaşıl iqtisadiyyat”a keçid potensialının qiymətləndirilməsi və istixanaların istilik təchizatında alternativ enerji mənbələrindən istifadə edilməsi” məsələsi qoyulub. “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” nin 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışında isə vurğulanır ki, KOS subyektlərinin alternativ və bərpaolunan enerji mənbələrinə cıxışının stimullaşdırılması və “yaşıl iqtisadiyyat”a kecidi ilə əlaqədar olaraq hüquqi çərçivə və maliyyələşdirmə təşəbbüsləri ilə bağlı tədbirlər həyata keçiriləcək.
“Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”ndə isə beynəlxalq məsləhətçilər cəlb edilməklə qənaətli istehsal metodları üzrə təhlil aparılması ilə bağlı tədbirlər nəzərdə tutulub. Digər tərəfdən, hazırda hidroenerji də daxil olmaqla bərpa olunan enerjinin ümumi ilkin enerji istehlakındakı payı 18 faiz təşkil edir ki, bu rəqəmin də 2030-cu ilə kimi 30 faizə çatdırılacağı proqnozlaşdırılır.
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Sevinc
Həftə içi.- 2020.- 2-4
may.- S.6.