Mənəvi rahatlıq məkanı – Şeyx Hacı Bulut baba piri
Ağdaşdan Göyçaya gələn hər kəs Xosrov kəndinin ərazisindəki məzarlığın yanından keçərkən ya nəzi-niyaz vermək üçün ayaq saxlayır, ya da ən azından qeyri-iradi avtomobilinin sürətini azaldır. Bura el arasında Xosrov piri adlanır. Onillər boyunca yerli əhalinin arzu-istəklərinə çatması, dərd-sərdən qurtarması üçün üz tutduğu Xosrov pirinin ziyarətçiləri son vaxtlar daha da artıb. Düzdür, hazırda koronavirus pandemiyası ilə bağlı karantin rejimi hökm sürdüyündən bura tək-tük ziyarətçi gəlir. Amma əlbəttə, bu müvəqqətidir. Çünki bəzən xəstəliyinə həkimdə şəfa tapmayan, illərlə övladı olmayıb bu dərdə son qoymaq üçün ümidini müqəddəs dəyərlərə bağlayanların yolu hər zaman buradır...
Sadə məzar
Ziyarətgah, Ağdaş-Göyçay şossesinin solunda, başı göylərə ucalan palıd, qovaq, çinar ağaclarının kölgəsində yerləşən qədim məzarlıqda yerləşir. Məzarlıq şosse boyunca mişar daşından hörülmüş orta hündürlükdə divarla əhatə olunub.
Məzarlığın içi vaxtaşırı kol-kosdan, yabanı alaqlardan təmizlənir, səliqə-sahmana ciddi fikir verilir. Şərqdən qərbə doğru xeyli məsafədə uzanan qəbiristanlığın giriş qapısı şərq hissədədir. Ziyarətgah məzarlığın ortasında yerləşir. Giriş qapısından qırmızı kərpicdən tikilmiş hündür, səkkizguşəli qədim türbəyə dar cığırla getmək olar. Türbədən azca aralıda isə dəstəmaz evi, eləcə də ziyarətə gələn zəvvarlara ehsanlıq çay ikram edilən kiçik tikili mövcuddur.
Ziyarətgahın bu kiçik tikili ansanblın çevrəsi tərtəmiz görünür, yerdə adi qurumuş yarpaq belə görmək olmur. Təmizlik işləri ilə kənd sakini olan qadınlar məşğul olurdu.
Türbəyə baş çəkirəm. Qırmızı rəngli, bişmiş kərpicdən tikilən türbənin hər guşəsində ensiz, amma xeyli hündür pəncərə qoyulub. Daş döşəmə başdan-başa xalça-palazlarla örtülüb. Tən ortada isə Şeyx Hacı Bulut baba Axtının olduqca sadə görünən məzarı yerləşir. Başdaşının ön hissəsinə ərəb dilində “Şeyx Hacı Bulut baba Axtı – Məmləkət-ül Dərbənd”, arxa hissəsinə isə “Mərhum-ül məlum Şeyx Hacı Bulut ağa” sözləri yazılıb. Sağ yanda birinin başdaşı daşdan, digərininki isə ağacdan yonulmuş daha iki qəbir var. İnanılır ki, həmin məzarlar məhz Şeyx Hacı Bulut babanın dövründə yaşamış və bu müqəddsə yaxın olan yerli sakinlərdir, öz vəsiyyətlərinə əsasən türbədə dəfn ediliblər.
Ziyarətgahda olarkən öyrəndim ki, hacı Bulut baba bir çoxlarının rəmzi olaraq 13-cü imam adlandırdığı Şeyx Şamilin yaxın silahdaşı, fikir yoldaşı olub. Hətta dövrünün çar çinovnikləri onu Şeyx Şamilin “sağ əli” kimi tanıyıblar.
Şeyx Şamilin sağ əli
Bu yerdə, hacı Bulut baba haqqında rəvayət də mövcuddur. Həmin rəvayətdə deyilir ki, bir gün çar Nikolay Şeyx Şamili həps etdirərək qolları zəncirli halda hüzuruna gətirdir. Amma Şeyx Şamili qarşısnd alçaltmaq üçün əvvəlcədən plan qurur. Deməli, giriş qapısı ucaboy adamın əyilmədən keçə bilmədiyi qədər alçaq qapısı olan otaq seçir. Qərar verir ki, Şeyx Şamili həmin otaqda mühakimə edəcək. Məqsədi də bu olur ki, Şeyx Şamil qapıdan içəri girərkən istəmədən ona baş əyib, təzim edəcək. Amma Şeyx Şamil onların niyyətini anlayır və otağa arxasını çara çevirərək girir, yəni ona baş əymir. Çar da qəzəblənərək onu Rusiya imperiyasının ərazisindən qovur. Şeyx Şamil İraqa gedir və orada da vəfat edir. Amma Şeyx Şamil İraqa sürgün edilərkən, Hacı Bulut baba Məkkədə Həcc ziyarətindəymiş. Ona görə də Şeyx Şamil son nəfəsində Hacı Bulut babanın dalıyla çapar göndərir, ona tapşırıq verir ki, vətənə qayıtmasın. Çünki çarın verdiyi əmrə əsasən onu edam cəzası gözləyir. Beləliklə, Hacı Bulut baba Çeçenistana getmir, Böyük İpək Yolunun üzərində yerləşən bu kənddə - Xosrovda məskunlaşır.
Hacı Bulut baba bəzi özəlliklərinə görə, İslam hümmətinin nadir evliyalarındandır. O, öz nəfsini Allaha qurban edərək, ömür boyu evlənməyib – ölüncə Allaha ibadət edib.
Dildən-dilə keçərək günümüzə gəlib çatan məlumatlara əsasən Şeyx Hacı Bulut baba savadlı, dünyagörüşlü və mehriban xasiyyətliliyi ilə yanaşı, həm də müqayisəsiz dərəcədə ünsiyyətcil olub. Məhz bu keyfiyyətlərinə əsasən qısa vaxt ərzində yerli camaatla qaynayıb-qarışıb, onların hörmətini, etibarını qazanıb. Aradan az vaxt keçsə də, hörməti bütün Azərbaycana yayılan Bulut babanın yanına ölkənin hər yerindən ziyarətçilər axışır. Müdrikliyi və Allaha dərin imanı sayəsində insanlar onu müqəddəsləşdirir, evliyya adlandırır. Hətta deyilənlərə görə, Göyçaydan, Şamaxıdan, Mərəzədən, Gürcüstan və Dağıstandan onu ziyarətə gələn bəziləri bir daha geri qayıtmayaraq bu kənddə məskunlaşıb.
Hacı babanın dairəsi
Yeri gəlmişkən, ziyarətgahda olarkən məlumat aldım ki, türbənin ətrafı “Hacı babanın dairəsi” adlanır və bu dairənin içində dəfn olunanların hamısı gəlmələrdir. O cümlədən, vaxtilə Qobustanda yaşayan və yerli camaatın böyük məhəbbətlə sevdiyi evliya Məhəmməd Tağı, Hacı Bulut babanın şöhrətini duyaraq Xosrova gəlir və burada vəfat edir. Hazırda onun da məzarı burada – “Hacı babanın dairəsi”ndədir.
Bu gün də Şeyx Hacı Bulut baba ziyarətgahı ora inanıb gələnlərə şəfa verməkdədir. Əslində iki yüz ildən artıqdır ki, bu ziyarətgah ora pənah gətirən zəvvarların ürəyini işıqlandırıb. Yerli qocalar öz ata-babalarından eşitdikləri rəvayətə əsasən deyirlər ki, çar imperiyası zamanı Çeçenistan və Dağıstandan bura hər dəfə 40-50 atlıdan ibarət zəvvar heyətləri gələr, günlərlə qalar, ibadətlərini edib geri qayıdarlarmış. Hətta ateist dövlət kimi tanınan Sovet İttifaqı zamanı da Şimali Qafqaz respublikalarından saysız-hesabsız zəvvar mütəmadi şəkildə avtobuslarla bura gələrlərmiş. Amma yaşadığımız son onillikdə Rusiyadan, məlum olmayan siyasi, texniki səbəblərdən ziyarətə gələnlərin sayında ciddi azalma hiss olunur.
Dəyərlərə sayğı
Sonda bildirim ki, Şeyx Hacı Bulut baba XIX əsrdə yaşayıb. Məhz həmin əsrin 70-ci illərində vəfat edib və qəbri üzərində gördüyümüz türbə tikilib. Àmma sovet illərində türbə az qala uçulub-dağılma təhlükəsi ilə üz-üzə qalıb. Düzdür, yerli imkanlı, mömin sakinlər onu öz hesablarına təmir-bərpa etmək istəyiblər, amma bunun üçün rəsmi qurumlar icazə verməyiblər. Nəhayət, 1998-ci ildə Nurəddin Camal oğlunun təşəbbüsü əsasında mingəçevirin keçmiş icra başçısı Süleyman Rəşidov türbənin bərbası üçün işə başlayır. Onun şəxsi vəsaiti ilə tikilən türbənin hündürlüyü 8 metr, içinin genişliyi isə 25 kvadratmetrdir (5x5).
Məlumat üçün
qeyd edim ki, Süleyman Rəşidov
türbənin tikintisində istifadə olunan
qırmızı rəngli bişmiş kərpicləri
xüsusi sifariş əsasında
Gürcüstandan gətirdib. Türbənin
içinə döşənən xalça-palaz
isə kənd camaatının vəsaiti və pirə verilən
nəzir-niyaz hesabına alınıb.
:Vüsal
Həftə içi.- 2020.- 2-4
may.- S.4.