Beynəlxalq köçəri quşlar günü

 

 

10 may - Beynəlxalq Köçəri Quşlar Günüdür. Bu təqvim 2006-ci ildən beynəlxalq səviyyədə qeyd edilən məlumatlandırma kampaniyası və ekoloji bayramdır. Bir çox ölkələrdə, bu təqvim, həmçinin KanadaABŞ-da hər il 10-11 may tarixlərində qeyd olunur. Amerikalı ornitoloqlar tərəfindən 1993-cü ildən etibarən bu gün bayram edilir. 1906-ci ildə isə “Köçəri quşlar haqqında beynəlxalq Konvensiya” qəbul olunub. Günün əsas məqsədi dünya ölkələrinin diqqətini qlobal ekoloji problemlərdən biri olan köçəri quşların köçü zamanı onların sərbəstliyini və təhlükəsizliyini təmin etməkdir.

 

Məlumat üçün bildirək ki, quşların miqrasiyası, əsasən, yazda və payızda olur. Yaz miqrasiyasının səbəbi reproduksiya instinktinin oyanması, payız miqrasiyasının səbəbi isə qidanın azalması və ya ona işarələrdir. Azərbaycanda 400 quş növü qeydə alınsa da, həqiqətdə onların sayının çox olduğu bildirilir. Belə ki, bu günədək mövcud bütün növlər hələlik müəyyən edilməmişdir. Bu da ilk növbədə, miqrasiya edən və ötüb keçən növlərə aiddir. Bundan başqa bir çox növlər ölkə ərazisinə gələrək öz areallarını genişləndirməkdə davam edir. Məsələn, kiçik və halqalı qur-qur quşu kimi. Azərbaycanda qeydə alınan növlər 18 dəstə və 61 fəsiləyə mənsubdur. Bunların 40 faizi oturaq növ olmaqla, Azərbaycanda ilboyu müşahidə edilirlər, 27 faizi qışlayan və 10 faizdən çoxu köç vaxtı qeydə alınan növlərdir.

 

Ümumiyyətlə, Azərbaycan ornitofaünası çox zəngindir. Xüsusilədə su-bataqlıq quşlarının növ tərkibi və ekoloji qrupları daha zəngindir (144 növ). Azərbaycan ərazisindən bütün Avrasiyada ən böyük miqrasiya yollardan biri keçir. Şərqi Avropa və Qərbi Sibirdən cənuba və Şərqi Afrikaya, Cənub - Qərbi Asiyaya və əksinə milyonlarla quş köç edir. Hər il Azərbaycan ərazisindən, təqribən, 20 milyon təkcə su-bataqlıq quşu keçir, istirahət və yemlənmək üçün dayanacaq kimi buradan istifadə edir.

 

Hələ 60-cı illərdə qış mövsümündə 2 milyondan çox su-bataqlıq quşu, xüsusilə də ördək, qaşqaldaqqaz ovlanıb. 36 növ quş Azərbaycanın Qırmızı Kitabına daxil edilib. Azərbaycan ornitofaunasından 23 növ Dünya Qırmızı Kitabına daxil edilib. Azərbaycanda quşlar üçün əsas təhlükə yaşayış yerlərinin azalması (meşələrin qırılması, su sahələrinin qurudulması, əkinlərin genişləndirilməsi, quşların qanunsuz ov edilməsi, adalardakı yuvalama düşərgələrindən yumurtaların yığılması, narahatçılıq amilləri (intensiv mal-qara otarılması, insanların yuvalama yerlərinə getməsi, istirahəti və s.), neft çıxarılması və daşınması, elektirik xətləri və başqalarıdır.

 

Quşların, ilk növbədə, su-bataqlıq quşlarının qorunması üçün Qızılağac və Ağgöl qoruqları təşkil edilmişdir ki, burada 500 mindən çox quş qışlayır. Bundan başqa, Samux qoruq-ovçuluq təsərrüfatında, GilŞahdili yasaqlağında və digər yasaqlıqlarda quşlar qorunub mühafizə edilir. Sarısu (400-500 min qışlamada), Mahmudçala (40 min), Kürün deltasında (miqrasiyada 75 min), Abşeron-Qobustan sahillərində (Pirallahi-Pirsaat kəsiyində - 200 min ) və digər sahələrdə daha çoxdur. Azərbaycanda ekoturizm kimi istiqamətin, xüsusilə də quşların müşahidəsinin inkişaf etdirilməsi üçün əlverişli imkanlar var. Quşları burada ilboyu həm qışlamada, həm köç, həm də yuvalama zamanı müşahidə etmək

 

mümkündür. Burada vağların, ilbizlərin, qarabattaqların qamışlıqda, qağayı və sternaların adalarda, hətta istifadəsiz neft özüllərində çoxsaylı koloniyalarını müşahidə etmək olur. Qışda bəzgəglərin nəhəng sürüləri, qartallar, kərkəslər yemlənmək üçün düzənlərə gəlir. Xəzər sahillərində və daxili su hövzələrində su quşlarının nəhəng sürüləri toplaşır.

 

Yeri gəlmişkən, bu ilin əvvəlində nadir quş növlərindən sayılan durna (Sibir durnası) son 10 il ərzində Azərbaycan təbiətində ilk dəfə görünüb. "Bird Guides" jurnalının məlumatına görə, martın 1-də israilli ornitoloq Rami Mizrahi durnanı Şirvan Milli Parkında müşahidə edib. Bu, həmin quşların miqrasiya dövründə özlərinə yeni durma nöqtəsi tapmasından və təbii şərait yaxşılaşdığı üçün Azərbaycana qayıtmasından xəbər verir.

 

Xatırladaq ki, hazırda ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması Azərbaycan Respublikasının dövlət siyasətinin prioritetlərindən biridir. Ölkəmizdə ekoloji problemlərin həlli məqsədilə ardıcıl olaraq dövlət proqramları qəbul və icra olunur. Bunun nəticəsidir ki, ekoloji təhlükəsizliyin təminatı sahəsində mühüm nailiyyətlər əldə edilib. Azərbaycanda davamlı inkişaf konsepsiyasının müddəalarına uyğun olaraq iqtisadi inkişafın ekoloji tarazlıqla vəhdət təşkil etməsi, üstünlüyün ətraf mühitin qorunmasına verilməsi, ekoloji problemlərin, ilk növbədə həlli, gələcək nəsillərin imkanları məhdudlaşdırılmadan çağdaş nəsillərin rifahının yaradılması önə çəkilib. Buna nail olmaq üçün, ilk növbədə, iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsi və ətraf mühitin qorunmasının təmin olunması istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirilir. Ölkədə iqtisadiyyatın bütün sahələrinin inkişafı ilə bağlı mövcud olan ekoloji problemlərin həll edilməsi üçün təmiz texnologiyaların tətbiqinə böyük yer verilir. "Yaşıl iqtisadiyyata” sərmayələrin cəlb olunması üçün ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadə etmək, istilik effekti yaradan qazları azaltmaq üçün sənaye, nəqliyyat, tikinti və digər sahələrdə enerjidən səmərəli istifadə üzrə tədbirlər həyata keçirilir. Ölkəmizdə "yaşıl iqtisadiyyatakeçid mərhələsində ekolojiiqtisadi tələblərə cavab verməyən çoxlu sayda müəssisələr bağlanıb, digərləri yenidən qurularaq modernləşdirilib, yeni aztullantılı və tullantısız texnologiyalar tətbiq olunub. Bütövlükdə ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaranıb, təbii ehtiyatların, o cümlədən faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliliyin mühafizəsi sahəsində mühüm tədbirlər həyata keçirilib. Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri Elçin Sultanov açıqlamasında deyib ki, əslində son illər antropogen təsirlər nəticəsində ölkəmizə miqrasiya edən quşların sayı ciddi şəkildə azalıb: “Müşahidələrə əsasən, son 50-100 il ərzində Azərbaycana miqrasiya edən quşların sayının azaldığını söyləmək olar. Sözsüz ki, 50-100 il əvvəl Azərbaycana daha çox sayda quş miqrasiya edirdi. Bu, birbaşa dünyada baş verən iqlim prosesləri, antropogen amillərlə bağlıdır. Məsələn, 80-ci illərdə Azərbaycanda təkcə 2 milyona yaxın ördək ovlanırdısa, indi heç bu rəqəm 200 mini keçmir. Ümumilikdə, hazırda ölkəyə miqrasiya edən quşların sayı 1-1.5 milyon civarındadır. Bu müqayisə özü göstərir ki, ölkəmizdə qışlayan quşların sayı dəfələrlə azalıb”.

 

Ekspert bununla yanaşı vurğulayıb ki, Azərbaycanda ornitologiya ilə maraqlanan turistlərin sayı artdıqca, daha çox qeyri-adi quş növləri aşkarlanır: “Köçəri quşlar iki cür olur: uzaq məsafəyə və yaxın məsafəyə köç edənlər. Son illər Azərbaycana gələn əcnəbi turistər artır və onların içərisində quşlarla maraqlananlar, elm adamları da olur. Bəzi turistlər isə müşahidələr aparırlar və Azərbaycanda yeni quş növlərini aşkarlayırlar. Həmin turistlərin müşahidələrinə əsasən, köçəri, Azərbaycanda müvəqqəti məskunlaşan quş növləri aşkar edilir. Bəziləri təsdiqlənir, bəziləri isə şübhəli qalır. Azərbaycanda 15-20 il qabaq quş növlərinin sayı 368 idisə, indi bu rəqəm 425-ə çatır. Yəni ornitologiya ilə maraqlanan turistlərin axını artdıqca, daha çox qeyri-adi quş növləri aşkarlanır”.

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Sevinc  

 

Həftə içi.- 2020.- 9-13 may.- S.6.