Baxışlarıyla milyonları kövrəldən
Şəhid Elvin Abdurahmanov
Tarixi haqq-ədalət qeyrətli Azərbaycan oğulların qanı ilə bərqərar oldu. Bu gün əsgər demək, şəhid demək Vətən deməkdir həm də...
2-ci Qarabağ müharibəsi bizə üzərinə şəhid qoxusu sinmiş tarixi zəfər bəxş etdi. Bu torpaqlar, millət yarandığı gündən, vətən, xalq, ölkə formalaşandan qəhrəmanlar yetişdirib. Elə haqqında söz açacağımız Elvin Abdurahmanov da belə oğullardan biridir. Yorğun baxışları ilə milyonların ürəyinə dağ çəkən şəhidimiz, 1996-cı il 1 oktyabrda Qəbələ rayon Əmirvan kəndində dünyaya göz açıb, burada böyüyüb.
Ailənin ortancıl övladıydı. 2-il idi ki nişanlanmışdı. 25-ci yaşının ilk günü şəhid oldu. 2 oktyabr 2020-ci il... Bəli, cəmi 1 gün yaşadı 25-indən, hələ çox gənc idi, nə xəyallar nə arzular dəfn etdi cavan qəlbində, amma onun vətən sevgisi, mərdliyi dastanlara mövzu olacaq qədər qədimdir.
Hafta.az şəhidin kiçik qardaşı, Elçin Abdurahmanov ilə həmsöhbət oldu. O qardaşı ilə bağlı xatirələrini bizimlə bölüşdü...
-Elçin bəy bizə Elvini daha yaxından tanımağımız üçün nələri deyə bilərsiz?
-Elvin 2014-cü ildə orta məktəbi bitirib, əsgərliyə yollandı. Heç vaxt yadımdan çıxmaz. 2016-cı il aprel döyüşləri ərəfəsi idi. Qardaşım hərbi xidmətdən təxris edilmişdi. Həmin vaxt evə gələndə çox əsəbi və məyus olmuşdu. Deyirdi ki, məni tez buraxdılar, qalıb döyüşmək istəyirdim. Hərbi xidməti Naxçıvanda Xüsusi Təyinatlı olaraq başa vurub, burada qalmaq istəsə də, valideynlərimiz icazə vermədilər.
Qayıtdıqdan sonra bir müddət Rusiyada işlədi. Uşaqlıqdan çox cəsur idi, xüsusi təyinatlılara da həvəsli olub, elə buna görə də, 2017-ci il iyulun ortalarında Bakıda yerləşən gizirlik kursuna daxil oldu. Buranı bitirdikdən sonra kəşfiyyat bölüyündə işlədi. Həmin il, noyabrda xüsusi təyinatlıların təlimlərinə qatıldı. Təlimlərdə 500 nəfər iştirak etmişdi ki, 6 ayın tamamında onlardan cəmi 42-nəfəri seçildi ki, Elvin də burada 3 cü yerə layiq görülmüşdü. Ölkəmizə, torpaqlarımıza bağlı idi, sonuncu dəfə Polad Həşimov şəhid olanda çox pis olmuşdu.
-Yəqin ki, sizin də sosial şəbəkələrdə yayılan videodan xəbəriniz var. Görüntülərlə bağlı nə deyə bilərsiz, Elvin burada yaralı idi?
-Bəli, sosial şəbəkələrdə yayılıb ki, guya Elvin həmin videonu çəkəndə yaralı olub, amma, görüntü daha öncə qeydə alınıb. Hətta, bəzi saytlardan mənə deyildi ki, “İcazə verin biz də, o başlıqla paylaşaq, onda daha çox tanınar. Onsuzda bütün qəhrəmanları bədii obraz şəklində yayırlar”. Buna razı olmadım. Mənim üçün önəmli olan qardaşımın ruhunun şad olmasıdır. Buna baxmayaraq, çox yerdə xəbərsiz şəkildə bu başlıqla paylaşıldı ki, “Elvin 4 saat yaralı və köməksiz vəziyyətdə qalıb, sonra xatirə olsun deyə həmin videonu çəkib”. Əslində isə, ayın 1-i aldıqları təpədə çəkib həmin görüntünü. Məlum səbəblərdən üzündə yorğunluq ifadəsi var. Telefonuna ilk mən baxdım, elə videonu da birinci dəfə görəndə, məndə də elə təəssürat yarandı ki, yəqin burada yaralıdır. Daha sonra tarixinə baxdım 1-oktyabr saat 15:07...
-Sonuncu dəfə qardaşınızı nə vaxt görmüsüşdüz?
-Sonuncu dəfə Elvin sentyabr ayının 19-u evə gəldi. Dedi ki darıxmışam sizi görüb gedəcəm. Bircə gün qaldı, ayın 20-si, günorta saat 5-dən sonra qayıtdı.
-Bəs sonuncu telefon zəngi?
-Evə sonuncu zəngi, sentyabr ayının 30-u gecə saat 12-də oldu. Elə bil bizimlə vidalaşırdı. Anama, “mənim üçün ağlama”, mənə isə “əgər mənə nəsə olsa möhkəm ol” dedi. Şəhid olmamışdan 1 gün öncə, oktyabırın 1-i, həm də özünün 24-cü doğum günündə sevdiyi xanıma zəng vurub. Ad günündə atam təbrik etmək üçün azı 100 dəfə ona zəng etdi, döyüşdə olanda telefonu bağlı olurdu deyə zəng çatmırdı. Səhəri gün isə, şəhidlik xəbəri gəldi...
-Elçin, deyilənə görə qardaşınızın sizə vəsiyyəti də var idi.
-Bəli, sonradan telefonundan mənə və böyük qardaşıma etdiyi vəsiyyəti də tapdım. Yazmışdı ki, anamıza, atamıza layiqli, vətənimizə, millətimizə, bayrağımıza bağlı, namuslu, qeyrətli oğullardan olun, inşallah. Hər kəsin həyatda bir arzusu var, mənimdə qəlbimdəki ən böyük arzum, bir gün vətənim üçün şəhid olmaqdır. Canım qardaşlarım Allaha əmanət olun sizi çox sevirəm...
-Dediniz ki, uşaqlıqdan mərd olub, elə həyatını danışanda da, hiss olunur ki, Vətən üçün doğulub Elvin...
-Qardaşım sanki bir gün arzusunun çin olacağını, şəhidlik zirvəsinə ucalacağını bilirdi. Hər zaman çalışırdı ki, anamla gec-gec danışsın. Deyirdi ki, öyrəş, öyrəş yoxluğuma, sənin 3 yox, 2 oğlun var, mən Vətənin övladıyam...
-Bizdə olan məlumata görə, əminiz də Böyük Vətən Müharibəsində şəhid olub.
-Milliyyətcə Ləzgiyik. Kənddə demək olar ki, hamı bir-biri ilə qohumdur. Abdurahmanovlar sülaləsi var ki, əmioğlu dediyimiz, Əfqan Abdurahmanovla atalarımız əmi oğludur. O da qardaşımdan 8 gün sonra şəhid oldu. Əfqan polkovnik-leytenant olduğundan Suqovuşanın azad edilməsində böyük əməyi olub.
- Qardaşınızı itirmisiz, bu cür möhkəm dayanmağı necə bacarırsız?
-Elvinin tabutu gətiriləndə də, son mənzilə yola salınanda da, qətiyyən səs küylü ağlaşma olmadı. Çünki mən özüm də tapşırmışdım ki, canımızdan bir parça getsə də, burda hay-küy salmağımızı Elvin özü heç vaxt istəməzdi. Belə etməklə onun ruhunu incitmiş olarıq. Bu onun arzusu idi, ona görə də ailəmiz möhkəmdir, bütün ağrıları içimizdə yaşayırıq.
-Qardaşınız şəhid olduqdan sonra kimlərin dəstəyini hiss etdiniz?
-Qardaşım şəhid olduqdan sonra həm yerli icra orqanlarından, həm də Heydər Əliyev Fondundan gəlmişdilər, hər birindən çox razıyıq. Bizə kömək etmək, yardım göstərmək istəyirdilər. Şükürlər olsun ki, köməyə elə də ehtiyyacımız yoxdur. Kəndimiz balaca olsa da, 4 şəhidimiz var. Ona görə də biz dedik ki, yaxşı olardı maddi imkanı çox zəif olan ailələrə yardımlarınızı yönəldəsiniz.
Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Xəmiri Elvinlərin, Cəbrayılların, Mübarizlərın qanı ilə yoğrulmuş Ana Torpaq daima qələbələrə layiqdir. Şəhadətin mübarək olsun Elvin Abdurahmanov! Allah bütün şəhidlərimizə rəhmət etsin!
Banu
Həftə içi.- 2020.- 26
noyabr.- 2 dekabr.- S.10.