3 bacının 1 qardaşı, noyabrda nişanı olacaqdı - Şəhid Elnur Vəliyev
Azərbaycanın bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda canından keçən şəhidlərimizin ömür yolu bütün gənclərə örnəkdir. Onları tanımaq, xatirələrini əbədi tutmaq isə, hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Bu gün haqqında söz açacağımız qəhramanımız 2-ci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan, Xüsusi Təyinatlı Qüvvələrin Leytenantı Elnur Vəliyevdir.
Şəhidimiz 14 aprel 1997-ci ildə Ucar rayonunda anadan olub. Elnur Vəliyevlər
ailəsinin sonbeşiyi,
3 bacının bir qardaşı idi. O, orta məktəbi burada bitirdikdən sonra, 2014-cü ildə Heydər Əliyev adına Ali Hərbi
Məktəbə qəbul
olur. 2018-ci ildə universiteti bitirdikdən sonra isə, Xüsusi Təyinatlı Qüvvələrin(XTQ) təlimlərinə qatılır. Beləcə Elnurun hərbi
həyatı başlayır,
uşaqlıq arzusu çin olur.
Hafta.az-ın əməkdaşı
şəhidimizi daha yaxından tanımaq üçün, ailəsi
ilə həmsöhbət
oldu.
Qeyd edək
ki, ailə Elnurun tam olaraq hansı şəraitdə
şəhid olduğunu
bilmir, dostlarının
dediyinə görə
tank minasına düşüb. Elə şəhidin kimliyi də, DNT analizi vasitəsilə təsdiqlənib...
Elnurun atası Əli dayı deyir ki, bala, dərdimiz
böyükdür, gözümün
ağı-qarası bir
oğlum var idi, onu da
itirdim, amma, Vətən sağ olsun:
“Oğlum bildiyimiz
qədəri ilə Şuşa döyüşlərində
iştirak edib. Düzü bu
haqda dəqiq məlumatımız yoxdur.
Axırıncı dəfə sentyabr
ayının 23-ü evə
gəldi, 2 saat oturub getdi. Ondan bir neçə
gün sonra isə, zəng edib dedi ki,
təlimə gedirəm. Biz nigaran
qalmayaq deyə, döyüşə getdiyini
gizlətdi”.
Şəhid atası söyləyir ki, oğlum ailəsinə və Vətəninə olduqca bağlı olub.
“Tək bizim övladımız yox, elə, XTQ-in bütün əsgərlərinin Vətən
sevgisi bir başqa idi. Həmin əsgərlərdən
bir neçəsi
rayon xəstəxanasına yaralı halda gətirilmişdi. Hələ, heç
tam sağalmamışdılar, deyirdilər ki, burada dayana bilmirik,
döyüşə qayıtmaq
istəyirik”.
Ata oğlunun evə
sonuncu zəngindən
də söz açdı. O dedi ki, Elnur axırıncı
dəfə zəng edəndə sevincini dəstəyin bu biri ucundan açıq-aydın
hiss etmək olurdu:
“Oğlum bizə, ən son 25 oktyabrda zəng etmişdi. Füzulidə qazandıqları uğuru fəxrlə danışırdı. Deyirdi ki, düşməni hər iki tərəfdən sıxışdırıb, məhv edib öz əsgərlərimizlə üz üzə gəldik, o an sevincimizdən qucaqlaşdıq, zəfərimizi qeyd etdik. Burada Azərbaycan əsgərinin görüşü, qələbəsi təntənəli olub. Ermənilərin çəkdiyi beton istehkamı keçmişdilər. Daha sonra isə oğlumdan səs-soraq çıxmadı. Düzü biz düşünürdük ki, burada həm set yoxdur, həm də, döyüş gedir deyə zəng edə bilmir. Noyabırın 3-ü oğlumuzdan xəbər gəldi, dedilər ki, şəhid olub, əvvəlcə inanmadıq. Axı kim övladının yoxluğunu qəbul edər? İçimizdə bir ümüd var idi, ta ki, rəsmi xəbər gələnə qədər. ..”
Bacısı Gülnarə xanım da qardaşı haqqında kövrələrək, lakin qürurla bəhs etdi. O deyir ki, qardaşımın 6 il idi ki, sevdiyi var idi. Hərisi alınmışdı, noyabrda nişan edəcəkdik qismət olmadı:
“Pandemiya ilə bağlı olaraq məzuniyyətə gələ bilmirdi, ona görə də nişan ləngiyirdi. Sentyabr ayında 2 saatlıq gəlmişdi, biz də deyirdik ki, bir dəfə elə gəl ki, heç olmasa iki gün qal, nişan edək sənə. Arzularımız, istəklərimiz var idi Elnurla bağlı... Çox istiqanlı övlad olub. Axırıncı dəfə gələndə də anama hədiyyələr, -televizor tozosoran almışdı. Təzə ev tikdirmişdi, onun içini doldururdu”.
Gülnarə xanım söyləyir ki, tək oğlan övladı olduğu üçün, evdə Elnurun hərbiyə getməyini istəməyiblər:
“Məktəb vaxtı dərslərində yaxşı idi, 3 il hazırlığa qoyduq. Fövqaladə Hallar Nazirliyinin Akademiyasına qəbul olmağını istəyirdik, amma, balı çatmadı. O həmişə deyirdi ki, “siz mənim haqqımda xəyallar quranda, mən artıq 5-ci sinifdən öz planlarımı cızmışdım”. Hərbiçi olmaq uşaqlıqdan arzusu idi”.
Şəhidin böyük bacısı Lalə İbrahimova da, qəhərli, titrək səsi ilə qardaşı haqqında xatirələrini bizimlə bölüşdü. Lalə xanım deyir ki, qardaşımın yoxluğunu biz qəbul etsək də, nişanlısı qəbul etmir, edə bilmir, hələ də sevdiyinin yolunu gözləyir...
“Elnur heç vaxt bizi nigaran qoymaq istəməyib, buna görə elə danışırdı ki, valideynlərimizin ürəyi rahat olsun. Nə keçdiyi ağır təlimləri bizə bildirirdi, nə də ki ağrılarını... Axırıncı dəfə gələndə hiss olunurdu ki, nə isə narahatdır. Gedəndə heç vaxt görüşüb, ağlamırdı, amma bu dəfə gedəndə, təkrar qayıdıb anamı bir də qucaqladı. Halbuki anama həmişə deyərdi, “mən gedəndə arxamca ağlama”. Oktyabr ayının ortalarına kimi, bizə müharibədə olduğunu bildirmədi. Dediyim kimi, istiqanlı və düşüncəli insan olub, onunçün Vətən və ailə hər şeydən öncə gəlirdi...”
Torpaq uğrunda
ölən varsa Vətəndir deyirlər.
Bəli, qaraca torpağı
Vətən edən, yüzillər, minillər boyunca üstünə hopmuş
Elnurların qanıdır. Əcdadlarımızdan bizə miras qalan milli
ruh bu gün
hər bir Azərbaycanlının qəlbində
şəhidlərimizin qanı ilə bir daha möhkəmləndi. Biz
də hafta.az olaraq Elnur Vəliyevin timsalında bütün
şəhidlərimizə rəhmət, ailələrinə
isə səbr diləyirik.
Banu
Həftə içi.- 2020.- 26
noyabr.- 2 dekabr.- S.10.