“Şəhid olanların sağ əli mənim başıma”  

 

Azərbaycanın Şanlı Ordusu öz sərhədləri daxilində erməni işğalçılarına qarşı əks-hücumları davam etdirməklə yanaşı, həm də beynəlxalq ictimaiyyətin ədalətsiz yanaşmalarını ifşa edib öz torpaqlarını yağı düşməndən azad etməli, qorumalıdır. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ərazilərimizdə aparılan müharibə, erməni cinayətləri ATƏT-in Minsk Qrupunda olan dövlətlərin, eləcə də BMT TŞ-nin beynəlxalq hüquqa məhəl qoymayan ikili yanaşmasının nəticəsidir. Beynəlxalq təşkilatların hazırki ədalətsiz yanaşmaları bir daha sübut edir ki, Azərbaycan Ali Baş Komandanının əmri ilə həyata keçirilən əks-hücum əməliyyatı yerində atılan və geri dönüşü olmayan addımdır.

 

Bu gün kimliyindən asılı olmayaraq hər kəs öz torpağının azadlığı, düşməndən təmizlənməsi naminə Ali Baş Komandanın yanında bir əsgərdir. Azərbaycan insanı son damla qanını bu torpaq uğrunda verməyə hazırdır. Artıq O, dünyanın ədalətsiz yanaşmasına dözməyəcək. Artıq torpaqlarımız işğaldan azad edilməlidir və son sözü Azərbaycan xalqı, Azərbaycan əsgəri deyəcək.

 

Məsələ ilə bağlı hafta.az-a müsahibə verən ziyalımız, sənətkar Akif İslamzadə mövcud vəziyyətlə bağlı incə məqamlara toxunub.

 

- Akif müəllim, bu gün Azərbaycan torpağı erməni işğalı, erməni təcavüzü və onların havadarlarının laqeyd yanaşması nəticəsində od tutub yanır. Azərbaycan insanının VƏTƏN MÜHARİBƏSİ ilə bağlı bugünkü qətiyyətli mövqeyi sizdə hansı hissləri oyadır?

 

- Bu gün Azərbaycan ordusunun düşmənə qarşı uğurlu əks-hücumu mənə qürur hissi verir. Bu gün Azərbaycan Qarabağdır, bütün azərbaycanlılar sözün əsil mənasında qarabağlıdırlar. Bu, bizim üçün qeyrət, namus məsələsidir. 30 ildir ki, üstümüzdə böyük, ağır bir yük var idi. Düzdür, biz də Allahın verdiyi ömrü yaşayırdıq və istər-istəməz danışırdıq, gülürdük. Amma o yükü qaldıra bilmirdik, əzilirdik, şüuraltı gündə min dəfə ölürdük. Neçə illərimiz bu yükün altından çıxmaq üçün etdiyimiz çabalarla, hazırlıqla getdi. Amma bu günə şükr edirəm. Bu gün nəhayət ki, biz böyük bir yolun başlanğıcındayıq. Lakin bu gün istər erməni quldurlarının dünyaya yaydığı yalan informasiyalara, qaldırdığı hay-küyə, beynəlxalq təşkilatların, Amerikanın, Avropanın, Rusiyanın erməniyə verdiyi dəstəyə və digər ürək bulandıran proseslərə baxanda görürsən ki, hələ görəcəyimiz işlər çoxdur. Bizim mübarizəmiz hələ yeni başlayır, məsələmiz bununla bitmir. Biz düz yoldayıq. Bu, getməyə başladığımız uzun bir yolun başlanğıcıdır. Allahın köməkliyi ilə ordumuz qalib gələcək.

 

- Bir sənət adamı, ziyalı olaraq necə hesab edirsiz, xarici televiziyalar bizim həqiqətləri necə təqdim edir və biz hazırda müşahidə olunan hansı neqativlərə diqqət çəkməliyik və nə etməliyik?

 

- Bu gün hər kəs öz sahəsində həqiqətləri cəsarətlə çatdırmalıdır. Azərbaycanın saytları, kanalları, ümumiyyətlə sosial şəbəkələri, televiziyaları bütün xarici kanalları izləməli, onları hədəfə alıb qarşılarında bir informasiya istehkamı yaratmağa çalışmalıdır.  Demək olar ki, əsas fəaliyyəti Azərbaycana qarşı çıxış edən kanalların, televiziyalarının üzərində qurmaq, onlarla işləmək, əks hücum aparmaq lazımdır. Əsasən də Rusiya ictimaiyyəti bu gün düzgün təşviq olunmalıdır. Burda əsas məqsədlərdən biri də ondan ibarət olmalıdır ki, Ermənistanın sülhü, birliyi, bərabərliyi dağıdan xəstə cəmiyyət olduğunu onlara çatdırmalıyıq. Bu saat da Rusiyada çox insanlar var ki, SSRİ-nin dağılmağına görə çox heyfsilənirlər. Bax, biz o Rusiya xalqına bir şeyi aşılamalıyıq ki, SSRİ-nin dağılmağı məhz erməni təxribatı nəticəsində Qarabağdan başladı. Erməninin - mən onların adını da çəkmək istəmirəm, onlar haylardır, amma nə edək ki, bu adı da mənimsəyiblər, belə deməyə öyrəşmişik - işğalçı, məkirli, hiyləşgərcəsinə Azərbaycan torpaqlarında necə cinayətlər etdiklərini deməliyik.

 

Mən Rusiya kanallarına çox baxıram. Və bu gün o kanallarda Qarabağ məsələsinə çox qəribə, bisavad yanaşmalar, təhlillər müşahidə edirəm. Hətta Rusiyanın “60 dəqiqə  deyilən bir verilişi var, orda biri belə dedi: imkanım olsa bunların liderini aradan götürərik. Təsəvvür edirsiz, bunu birbaşa televiziya vasitəsi ilə deyirlər. Azərbaycana qarşı belə bir cinayətkar yanaşmanı televiziya qarşısında deyirlərsə, görün səhnə arxasında nələri söyləyə bilərlər. Düşmənin apardığı əks-təbliğat və mövqe özünü xarici kanallardan açıq şəkildə göstərir. Lakin ən qorxulusu budur ki, onların açıq şəkildə bizi öldürməklə bağlı etdiyi hədələr “O” kimsələri narahat etmir. Ona görə də bizim özümüz bütün vasitələrdən yararlanaraq işğalçını, cinayətkarı, onların dəstəkləyənlərini ifşa edib, onlara qarşı kəskin hücuma keçməli və əsasən də xalqları bu ədalətsizliyə susmamağa çağırmalıyıq.

 

- Akif müəllim, son günlərdə “bbc”-yə müsahibə verən Ermənistanın baş naziri Paşinyan müxbirə utanmazcasına deyir ki, “Qarabağ Ermənistanındır”. Müxbir Fişer onun yalan danışdığını deyir, bildirir ki, yox, BMT sənədləri var və orada göstərilib ki, o torpaqlar Azərbaycanındır. Erməni bu fikirlərə əhəmiyyət vermir və deyir ki, Qarabağda gedən müharibəni Ermənistana qarşı soyqırım kimi qiymətləndirəcəklər. Görünür ki, Türkiyəyə qarşı soyqırım iddialarını Azərbaycana qarşı da təkrarlamaq istəyirlər.

 

- Bizə yaxşı məlumdur ki, Ermənistan təxribatçı bəyantları ilə Rusiyanı prosesə qatmaq istəyir. Azərbaycana qarşı atılan bombalar evlərin dağıdılması, təlafatlar, insanların öldürülməsi var, başa düşürük. Amma bütün bunlar Ermənistanın gücsüzlüyünü, qorxduğunu göstərir. Ona görə də hər dəqiqə Türkiyənin adını çəkirlər və guya Azərbaycan döyüşmək üçün özünə Suriyadan yaraqlıları gətirir. Bunlar hamısı boşdur.  Erməni öz tutduğundan əl çəkməyəcək. Bunu bilməliyik.

 

Minsk Qrupunda olan dövlətlərdən Amerika hər seçkidə dirçəlir. Paris də ki, bineyi-qədimdən ermənilərin qərərgahları olub. Rusiya da həmişə bunların yanındadır. Bu üç ölkənin adını çəkmirlər, amma tez-tez deyirlər ki, Türkiyə Azərbaycanın yanındadır. Ay balam, bizim dilimiz, dinimiz birdir, iki dövlət, bir millətik, Türkiyə bizizm yanımızda olmalıdr da. Türkiyə yanımızda olmayıb neynəməlidir.

 

Hesab edirəm ki, bu gün Türk Birliyi məsələsini də təbliğ eləmək lazımdır. Bizim MİLLƏT dediyimiz əslində çox böyük bir anlayşdır, türk milləti bir MİFDİR. Ona görə də biz bu məsələni hər zaman təbliğ etməliyik. Türk dövlətləri –Qazaxıstan, Özbəkistan, Türkmənistanı, Qırğızıstan, Karakalpaq və eləcə də Şərqdən Avropaya qədər uzanan türk ellərinin hamısını oyatmalıyıq. Bu millətin birliyini qazanmaq üçün bu türk irsini təbliğ etmək lazımdır.

 

Bir məsələni bilmək lazımdır və bu tarixən də sübut olunub ki, müharibəni heç vaxt ordu, silah, mərmi ilə udmaq olmaz. Müharibəni əsgərin döyüş ruhu, millətin azadlıq ruhunun yüksək olması qazanır. Döyüş meydanında silahla uduzmaq olar, amma milli ruhun yüksəkdirsə, qalibsən. Ona görə də bu gün erməninin bizim kəndlərə, evlərə atdığı mərmilərin, atəşlərin heç bir təsiri ola bilməz. Tanklar kəndlərimizi dağıda bilər, toplar evimizi uçurda bilər, insanlarımıza xəsarət verə bilər, şəhidlərimiz də olar, lakin azadlıq, ləyaqət, döyüş ruhumuz yüksəkdirsə, düşmənin bu həmlələrinin heç bir əhəmiyyəti qalmaz. Dəfələrlə də sübut olunub ki, döyüşü əsgərin, xalqın ruhunun yüksəkliyi qazanır. Belə olmasaydı, 20 il Vyetnamla müharibə aparan Amerika qalib gələrdi. Bu gün Azərbaycan xalqının döyüş ruhu yüksəkdir. Torpaq bizim qeyrət papağımızdır, namusumuzdur. Ona görə də bayaq dedim ki, biz bu gün hamımnız qarabağlıyıq.

 

 

 

- Akif müəllim, Türk Birliyi ideyasından, türk irsindən danışaraq, türklərin bu prosesdə daha çox ayaqlanmasını arzu etdiniz. Qarabağ müharibəsində Türkiyə bizə böyük mənəvi dəstək verir, eləcə də Pakistan, Əfqanıstan və başqa dövlətlər haqq işimizdə yanımızda olduğunu bəyan etdi. Amma adlarını çəkdiyiniz Orta Asiya türkləri nədənsə yanımızda deyil... Deyəsən  SSRİ-nin təsirindən hələ də çıxa bilməyiblər.

 

- O problem var. Məhz Rusiya başda olmaqla Kollektiv Təhlükəsizliyi Müqaviləsi deyilən təşkilata da onların yığıntıları yığışıb. Doğrudur, təsir altında olduğuna görə heç nə edə bilmirlər. Bəlkə televiziyada çıxıb rəsmi danışa bilmirlər, amma saytlarda, digər onlayn kanallarda türk xalqı başq cür düşünür. Mən təkcə türk dövlətlərini demirəm. Rusiyanın özündə türk millətindən olanlar var, müsəlmanlar var. Onları oyatmaq lazımdır.

 

- Ermənilərin bizə qarşı bu məkirli niyyəti nədən qaynaqlanır, ona dəstək verən hansı gücdür?

 

- Ermənilər tutduqlarından əl çəkmirlər. Eyni zamanda, bu gün dünyanın özündə bir sonun yaxınlaşması prosesi gedir. Bu proseslər göstərir ki, biz dünyanın axır zamanlarında yaşayırıq. Mən bu gün Azərbaycanda gedən müharibəyə də Qarabağla Ermənistanın arasında gedən problem kimi baxmıram. Mən buna, şər qüvvə ilə xeyirin mübarizəsi kimi yanaşıram. Lakin biz haqqın yanındayıq, biz yolun başındayıq.

 

Baxın, SSRİ dağıldı, ondan sonra gələn demokratiya, liberal dəyərlər də can verməkdədir. SSRİ-nin özü də milli zəmində dağıldı. Çörçil mühazirələrinin birində demişdi ki, SSRİ-ni iki halda dağıtmaq olar: onun biri milli zəmindir ki, bunu da təxribatçı ermənilər etdilər. İkinci də, liberal dəyərlər demokratiyadır ki, bunu da beynəlxalq hüququ, ədaləti heçə sayan böyük dövlətlər gerçəkləşdirir. Ona görə də mən deyirəm ki, demokratiya can verməkdədir. İndən sonra bəşəriyyət insanların yaratdığı təzə qayda-qanunla yaşayacaq. Gəlib bəşəriyyətin əxlaqsızlıq, ədəbsizlik, ədalətsizlik saçdığı bir günə... Deməli, insanlar bundan sonra ya Allahın göndərdiyi qayda-qanunla yaşayacaqlar, ya da ki, bu cür qaydalarla bəşəriyyəti yox eliyəcəklər. Bundan sonrakı mərhələdə, yəni demokratiya, liberal dəyərlər çökəndən sonra dinlərin müharibəsi gələcək. Yeni dönəmdə problemlər din qarşıdurması kimi ortaya çıxacaq. Əslində isə din qarşıdurması deyil, bu,  xeyirlə şər arasında gedən davadır. Bunun üçün də Allahın yanında olmaq, ona inanmaq lazımdır, heç bir problem yoxdur.

 

- Akif müəllim, siz Qarabağda aparılan müharibəyə, beynəlxalq aləmin ədalətsiz yanaşmasına əslində xeyirlə şərin davası kimi yanaşdız. İnşallah o yeni mərhələdə dediyiniz kimi xeyir qələbə çalacaq, millətimiz şər üzərində qələbə çalacaq...

 

- İnşaallah siz onu görəcəksiz. Biz o vaxt cavan idik, inanmırdıq ki, nə vaxtsa SSRİ dağılar. Buna inanın. Ona görə də yadınzda saxlayın ki, proseslər başladı və onu dayandırmaq mümkün olmayacaq. Mən bunu özümdən demirəm, bu, hədislərdə yazılıb. Azərbaycan şərlə apardığı mübarizədə qalib olacaq.

 

- Dediyiniz Xeyirin torpaqlarımızda çaldığı o qələbəsindən sonra,  yeri bir dövr başlayacaq. Onu necə təəsvvür edirsiz.

 

-Qarabağ, bizim şərəf-qeyrət məsələmizdir. Amma dediyim kimi biz yolun başlanğıcındayıq. Ona görə də cəmiyyətdə özünü təsdiq etmiş insanlar bu gün birliyimizdən istifadə edərək, Qarabağ naminə mütləq təşkilatlanmalıdırlar. İndi baxırsan ki, tez-tez deputatları çıxardıb televiziyada danışdırırlar. Bir qədər fərqli formatlı çıxışlara yer verilməlidir, cəmiyyətdə özünü təsdiq etmiş insanlar önə çəkilməli və fikirlərini insanlara çatdırmalıdırlar. Mən bu gün bir məsələdən də narahatam. Müharibə gedən bir ərəfədə qadınların televiziyalarda önə çıxarılmasının tərəfdarı deyiləm. Nə vaxt baxırsan müharibədən qadınlar danışır. Müharibənin özünün qayda-qanunları var. Hesab edirəm ki, cəbhədən gələn xəbərləri kişilər verməlidir. İnşaallah Qarabağ problemi həll olunacaq. Ona görə də televiziyalarımız savadlı, bilikli aparıcılarla əhatə olunmalı və Azərbaycan həqiqətlərini daim dünyaya çatdırmaq qabiliyyətinə malik olmalıdır. Televiziyalarımız daim bunu təşviq etməlidir. Bunun üçün də təhsil sistemimiz ciddi yenilənməlidir.

 

Həqiqətləri cəsarətlə, açıq şəkildə söyləmək qabiliyyəti formalaşmalıdır. Mən bu yaxınlarda televiziyaların birində Amerikanı –Trampı, Fransanı - Makronu bölgədə apardığı siyasətinə görə kəskin tənqid etmişəm. Amma efirə vermirlər. Birdəfəlik bizi qorxudan steriatiplərdən xilas olmalıyıq. Öldürürsə, öldürməyə də hazır olamalıyıq. Biz neçə ildir bu işin içindəyik və ona görə də deyirəm, son dərəcə qətiyyətli olmalıyıq. Çünki bunlar əl çəkməyəcəklər. Putinlərin bizə qarşı münasibəti dəyişməyəcək və bu gün Azərbaycanda münaqişəni yaradan da özləridir.

 

Bir də düşünürəm ki, torpaqlar azad olunan kimi, bütün vuruşan əsgərlərimizin, zabitlərimizin hamısını o torpaqlarda mülkədar eləmək lazımdır. Hamısına böyük torpaq sahələri verilməlidir. Daha 30-50 sot yox, hekratlarla torpaq vermək lazımdır. Qoy xalq o yerlərə köçsün və uğrunda döyüşən əsgər orda tiksin, yaratsın... İnsanlarımız o yerlərdə yaşadıqca onun qədrini, qiymətini daha çox biləcək. Tezliklə Allah qoysa sevindirici xəbərlər alarıq. Türk millətinin mifi Şərqdən başlayıb Avropaya qədər gəlir. İstər-istəməz milli irsimiz, türk mifi bizə dayaq olacaq. Bu gün Azərbaycanda  hərbi elitanın yaranması vacibdir.

 

- Akif müəllim, bu ərəfələrdə nədən qorxmalıyıq?

 

- Biz qorxmamalıyıq. Qorxan gözə çöp düşər. Alnımıza nə yazılıbsa, o da olacaq. Şəhid olanların sağ əli mənim başıma. Şəhidə qiyamətdə sorğu-sual olmaz. İnsan üçün bundan böyük qələbə nə ola bilər?!. Dünya malında gözü olan cihad edə bilməz. Cihad edən adamın malda, mülkdə gözü yoxdur. Cihad insanın özündən başlayır. Cidadımız uğurlu olsun!

 

Tahirə

 

Həftə içi.- 2020.- 15-21 oktyabr.- S.9.