“İnformasiya müharibəsində
ciddi dönüş
yaratmalıyıq”
Azərbaycan Ordusunun Ermənistana qarşı əks-hərbi hücumu uğurla davam edir. Dünya öz haqqını bərpa edən, BMT-nin qətnamələrini icra edən Azərbaycan Hökumətinin regionda ədaləti bərpa etməsinə yardım etmək əvəzinə, prosesi kölgələməyə cəhdlər var.
Bu və digər məqamlarla bağlı hafta.az-a müsahibə verən milət vəkili Asim Mollazadə diqqəti mühüm məqamlara yönəldib.
- Asim müəllim, hazırkı dönəmdə Rusiya tərəfindən “sülhməramlı” məsələsinin israrla önə çəkilməsi nə ilə bağlıdır?
- Xüsusilə qeyd etmək lazımdır ki, hansısa sülhməramlı qüvvələr münaqişə bölgəsinə gətirilərsə, orada münaqişə bölgəsinə qonşu olan ölkələrin və maraqlı tərəflərin nümayəndələri olmamalıdır. Bu, beynəlxalq hüquqda indiyədək münaqişələrin həllində hər zaman istifadə olunan bir qərardır. Belə bir qərar Budapeşt sammitində qəbul olunub və orada göstərilir ki, əgər Azərbaycan-Ermənistan münaqişəsinin həllində sülhməramlı qüvvələr istifadə olunacaqsa, burada Minsk Qrupunun həmsədr dövlətlərinin, eləcə də qonşu ölkələrin nümayəndələri olmamalıdır. Mənə elə gəlir ki, sülhməramlılar məsələsinin süni şəkildə tez-tez müzakirəyə çıxarılması Ermənistan tərəfindən gəlir. Ermənistan münaqişənin coğrafiyasının genişləndirilməsində maraqlıdır. Ermənistan KTMT-nı, yəni Rusiyanı bu məsələyə cəlb etməyə çalışır və bunun üçün bütün yollara əl atır. İlk dəfədir ki, Ermənistan döyüş meydanında Azərbaycanla təkbətək qalıb və ona işğalçı siyasətini davam etdirmək üçün dəstək lazımdır. Azərbaycan Silahlı Qüvvələri bu gün beynəlxalq hüquq normalarını bərpa edir, BMT-nin qətnamələrini icra edir, Minsk qrupunun funksiyalarını öz üzərinə götürüb və mən inanıram ki, bu proseslərin sonunda Haaqa tribunalının da funksiyaları Azərbaycan Silahlı Qüvvələri tərəfindən təşkil olunacaq. Bu gün Ermənistan çox kobud şəkildə beynəlxalq hüquq normalarını pozaraq eyni zamanda hərbi cinayətləri həyata keçirir və əhaliyə qarşı amansızcasına qadağan olunmuş silahlardan istifadə edir. Etiraf edir ki, bunu Azərbaycanda bir təşviş, xaos yaratmaq üçün qəsdən edirəm. Buna dünya tərəfindən çox ciddi diqqət yetrilməlidir. Hərbi cinayətlər məhkəmənin hökmü ilə üzləşməsə, bu, mütləq təkrar olunur. Ermənistan Xocalı soyqırımına görə cəzalandırılmadığına görə bu gün də Gəncədə, Azərbaycanın digər şəhərlərində mülki əhalini hədəf seçirlər.
- Beynəlxalq təşkilatlar bizə bu sualı verməzdən əvvəl, niyə Ermənistandan soruşmurlar ki, “Niyə işğalçı qoşunlarını geri çəkmirsən, torpaqları azad etmirsən?
- Beynəlxalq təşkilatların dünyanın bir sıra nöqtələrində olan fəaliyyəti çox ciddi problemlər yaradır. Bu gün Azərbaycan beynəlxalq təşkilatların fəaliyyətini ciddi araşdırmalıdır və müzakirəyə çıxarmalıdır. Prezident də çıxışlarında bunu ifadə elədi ki, Azərbaycan xalqının məqsədi sülhdür. Biz sülh danışıqlarına hazırıq, əslində, real danışıqlarda Ermənistanın sülhə gətirilməsini tələb edirik. 30 ildir ki, biz bu danışıqların immitasiyasını gördük və Paşinyan hakimiyyətə gələndən sonra sülh danışıqlarını pozdu. Bu danışıqlarla bağlı Azərbaycandan hər zaman bir cavab gəldi və Ali Baş Komandan bütün beynəlxalq media orqanlarında bu fikrini açıq şəkildə ifadə elədi. Azərbaycan istənilən məqamda sülh danışıqlarına hazırdır, Azərbaycan konkret olaraq sülh danışıqlarında BMT-nin qətnaməsinin icrasını, Minsk Qrupunun həll paketlərini qəbul etdi.
- Azərbaycan Ordusunda Suriyadan, Livandan müzdluların gətirilməsi ilə bağlı iddiaların fonunda Azərbaycana qarşı hansı ittihamların hazırlanması cəhdləri var?
- Ermənistan hər zaman özünün törətdiyi cinayətkar əməlləri digərilərinin üzərinə atmaq istəyir. Açıq etiraf etməliyik ki, çox zəngin, ciddi şəkildə təşkilatlanmış erməni diasporası beynəlxalq mediaya öz təsirini göstərir və Ermənistan PKK-nı, hansısa Orta Şərqdən olan terrorist təşkilatlarını bu münaqişəyə cəlb edib. Azərbaycana ləkə atmaq üçün hansısa yalanlar uydurur. Çox maraqlıdır ki, bu yalanları Ermənistanla bu prosesdə əlbir olan və beynəlxalq cinayətkar kimi tanınan əl-Əsəd ötürür. Beynəlxalq media nümayəndələrindən soruşsunlar ki, siz nə vaxtdan beynəlxalq terrorçunun sözlərinə inanmağa başlamısınız?! Bu, çox gülüncdür, çünki doğrudan da Azərbaycanın müasir silahlı qüvvələri olduğuna görə Ermənistan kimi hansısa yaraqlıları müharibədə istifadə etməyə ehtiyacı yoxdur. Hesab edirəm ki, Azərbaycana qarşı yönələn bu cür sualların mənbəyi bir sıra ölkələrdə mövud olan erməni diasporasından asılı olan korrupsiyaçı siyasətçilərdir və ermənilərdən maliyyə vəsaiti alan media nümayəndələridir. Bir sıra media orqanlarında konkret olaraq ermənilər işləyirlər. Bu gün çox ciddi təəccüb doğurur ki, ”Washinqton-post”, “Reuters”da və digər media orqanlarında qərəzli yazılar verirlər, ermənilərin verdiyi məlumatlar əsasında informasiyaları yayırlar.
Mən hər zaman demişəm ki, dünyada Azərbaycana qarşı çox ciddi informasiya müharibəsi aparılır. Bu gün biz erməni hərbi
müdaxiləsinə qarşı çox
müasir silahlardan
istifadə edirik, eləcə də
peşəkarları bu prosesə cəlb
etməklə informasiya müharibəsində
də ciddi dönüş
yaratmalıyıq.
Tahirə
Həftə içi.- 2020.- 22-28
oktyabr.- S.2.