Təzyiqlərin məqsədi
işğalçı dövləti xilas
etməkdir
Beynəlxalq vasitəçilər Cənubi Qafqazda təhlükəsizliyin bərqərar olunmasında maraqlı deyillər
Ermənistan oktyabrın 25-də BMT və ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə imzalanan 3-cü atəşkəsə də məhəl qoymadı. Beynəlxalq təşkilatlar isə Ermənistana deyil, Azərbaycana qarşı təzyiqlər göstərir, işğalçını tərk-silah etməkdənsə, silahlandırırlar.
Bu və digər məsələlərlə bağlı hafta.az-a müsahibə verən millət vəkili Naqif Həmzəyev maraqlı nüanslara diqqət çəkib.
- Prezident İlham Əliyev xalqa son müraciətində Azərbaycana qarşı xaricdən çoxsaylı təzyiqlərin olduğunu dedi. Maraqlıdır, əgər ordumuzun zərbələrindən acınacaqlı vəziyyətə düşən Ermənistanı xilas etmək istəyirlərsə, niyə ona dur deyilmir, məqsəd nədir?
- Dağlıq Qarabağla bağlı beynəlxalq vasitəçilərin tutduğu mövqe hər zaman qərəzli olub. Belə münasibət isə münaqişənin, işğalın müddətinin uzanmasına və bölgənin təhlükəsizliyinin təhdid edilməsinə səbəb olur. Bu da onu göstərir ki, beynəlxalq vasitəçilər Cənub Qafqazda əmin-amanlıq və təhlükəsizliyin bərqərar olunmasında maraqlı deyillər, yaxud qarşıdurma yaratmağa çalışırlar. Ermənistanın havadarları tərəfindən ölkəmizə təzyiqlər, beynəlxalq təşkilatların qərəzli hesabatları, təcavüzkarın vaxtında cəzalandırılmaması, törətdiyi terror aktlarına biganəlik, dünyada mövcud olan ikili standartlar Ermənistanı daha da quduzlaşdırıb. Ölkəmizə qarşı yönələn təzyiqlərin daha bir nümunəsini son günlərdə Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalının, Fransanın “Figaro” qəzetinin jurnalistlərinin Prezident İlham Əliyevə ünvanladıqları suallarda da gördük. Dövlət başçısının jurnalistin çaşdırıcı, sətiraltı məzmunlu suallarına səbr, təmkin və iti siyasi-diplomatik zəka ilə verdiyi cavablar hər birimizdə qürur hissi yaratdı. Haqq, ədalət naminə savaşa qalxan ölkəmizə xaricdən edilən çoxsaylı təzyiqlərin də məqsədi müzəffər ordumuzun zərbələrindən acınacaqlı vəziyyətə düşən işğalçı dövləti xilas etməkdir, siyasi oyunda oyuncağa çevrilən Ermənistanı məkrli niyyətlərinə alət etməkdir.
- BMT Təhlükəsizlik Şurasında məsləhətləşmələr zamanı Təhlükəsizlik Şurasının daimi üzvləri, həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsinə 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrə istinadı daxil etməmişdilər. Üstəlik, bir sıra ölkələrin həmin qətnamələrə istinadın mətnə salınması ilə bağlı təkidli mövqeyini də qəbul etmədilər. Bu, nəyin göstəricisi idi və Qoşulmama Hərəkatı ölkələrinin bizə dəstəyini necə qiymətləndirirsiz?
- Hazırda iki ölkə arasında üçüncü humanitar atəşkəs imzalanıb. ABŞ Dövlət Departamenti və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 25 oktyabr tarixli bəyanatı dünən saat 08-dən qüvvəyə minib. Əvvəlki humanitar atəşkəsdə olduğu kimi, bu dəfə də Ermənistan tərəf vədinə xilaf çıxdı, ilk olaraq atəşkəsi pozdu, müxtəlif istiqamətlərdən ölkəmizi atəşə tutdu. Döyüş meydanında olduğu kimi, diplomatik arenada da döyüşməyə məcbur olan Azərbaycan bu təzyiqlərə siyasi iradəsi ilə layiqincə cavab verir.
Qeyd etdiyiniz məqamda da Azərbaycana Prezident İlham Əliyevin illər ərzində həyata keçirdiyi diplomatik siyasət, uzaqgörən addımlar kömək etdi. Qoşulmama Hərəkatına üzv olan dövlətlərin BMT Təhlükəsizlik Şurasının bəyanatını təsdiqləməməsi nəticəsində həmin bəyanat geri götürüldü.
O ki qaldı İslam Əməkdaşlıq Təşkilatının Azərbaycana dəstəyinə, bu təşkilat da Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəsə rəğmən, davamlı hücum etməsini və dinc əhalini hədəfə almasını pisləyir, bəyənat yayaraq, Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını qeyd edir.
- Ermənistanın qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmasına, eyni zamanda işğal olunmuş ərazilərimizə silah, canlı qüvvə daşınmasına nəzarət olunmasını həyata keçirə biləcəklərmi? Bu gün Azərbayacana təzyiq göstərən həmin o güclər buna gedəcəkmi?
- Atəşkəsin monitorinqi üzrə parametrlər məsələsi münaqişənin müfəssəl həlli prosesi ilə paralel getməlidir. Bu o deməkdir ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı konkret vaxt cədvəli müəyyən edilməlidir. Bəyanatda öz əksini tapmış “vaxt cədvəli” ifadəsi məhz bunu nəzərdə tutur. Bir neçə gün əvvəl “münaqişənin diplomatik həlli yoxdur” deyən Nikol Paşinyan artıq məğlubiyyətinin qaçılmaz olduğunu anlayır, Rusiyadan əlini üzərək, bu dəfə danışıqlar üçün ABŞ-a yalvarır. İşğalçı ölkəyə havadarlıq edən himayədarlar yəqin ki, Cənub Qafqazda əmin-amanlıq və təhlükəsizliyin bərqərar olunmaması üçün yardımlarını əsirgəməyəcəklər.
Azərbaycan işğalçı Ermənistanı
təkcə döyüş meydanında deyil, siyasi-diplomatik sferada da məğlubiyyətə
uğratdı. Dünya ictimaiyyəti də,
ATƏT, BMT də bunu görür.
Tahirə
Həftə içi.- 2020.- 29
oktyabr.- 4 noyabr.- S.8.