Yaratdığı komik və
dramatik rollarla yaddaşlarda yaşayan aktyor
Azərbaycanın görkəmli teatr və kino
aktyoru, Xalq artisti Siyavuş Aslanın anadan olmasının 85-ci ildönümü
tamam olur.
Onun milli teatr və kino
sənətinin inkişafına
dəyərli töhfələri,
çoxsaylı tamaşalarda
və bədii filmlərdə öz improvizə məharəti
sayəsində ustalıqla
xarakter səviyyəsinə
qaldırdığı obrazları
incə yumoru və dərin psixoloji yozumu ilə səciyyələnib. Əvəzolunmaz sənətkarın təkrarolunmaz
fərdi ifadə üslubu və manerasında teatr mədəniyyətimizin yumor
ənənələri bütün
yaradıcılığı boyu bədii-estetik prinsiplərə uyğun,
novatorcasına davam etdirilib. O, yaratdığı
obrazlarla təkcə tamaşaçını güldürməyib,
eyni zamanda, onu düşündürməyi
bacarıb. Xalq artisti, unudulmaz
sənətkar Siyavuş
Aslan yaratdığı
obrazlarla cəmiyyətin
diqqət mərkəzində
olan problemləri bütün dərinlikləri
ilə tamaşaçının
yaddaşında həkk
etdirə bilib.
Müasir Azərbaycan mədəniyyətində
özünəməxsus yer
tutan görkəmli aktyor zəngin yaradıcılıq axtarışları
ilə milli teatr və kino
sənətinin inkişafına
dəyərli töhfələr
verib.
Azərbaycan realist aktyor məktəbinin
görkəmli nümayəndələrindən
olan Səyavuş Aslan 1935-ci il
sentyabrın 5-də Bakıda
dünyaya göz açıb. Aktyorluğa həvəskar kimi
dram dərnəyindən başlayıb.
O, 1963-1969-cu illərdə Azərbaycan
Dövlət İncəsənət
İnstitutunda musiqili komediya aktyorluğu ixtisası üzrə ali təhsil
alıb.
Əmək fəaliyyətinə 1957-1958-ci illərdə Azərbaycan
Dövlət Estrada Birliyində
başlayan Siyavuş Aslan 1958–1959-cu illərdə
Quba Dövlət Dram Teatrında, 1959-1984-cü illərdə
Azərbaycan Dövlət
Musiqili Komediya Teatrında, 1984–1994-cü illərdə
isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi çalışıb.
1994-cü ildə o, Azərbaycan Dövlət Musiqili Komediya Teatrına bədii rəhbər təyin edilib. 1996-cı ildə Siyavuş Aslan yenidən Akademik Milli Dram Teatrına qayıdaraq ömrünün sonunadək
taleyini bu sənət ocağı ilə bağlayıb.
O, həmişə səhnədə
öz ifa tərzinə xüsusi incəliklərlə yeni çalarlar əlavə edib, çıxışlarını
teatrsevərlər və
kinosevərlər üçün
estetik zövq mənbəyinə çevirməyi
bacarıb.
Teatr aktyorluğu
sahəsində görkəmli
sənətkar kimi tanınan Siyavuş Aslan həm də məşhur kino ustası olub. Onlarla filmdə müxtəlif
xarakterli sadə insanların, müftəxorların,
fırıldaqçıların obrazlarını kinolentin yaddaşında yaşadıb.
Siyavuş Aslanın teatr
və kino sənətinə həsr
etdiyi mənalı yaradıcılıq yolu neçə-neçə gənc
aktyor nəsli üçün əsl sənət məktəbidir.
Onun üçün
oynaya bilməyəcəyi
rol yox idi. O, “Hamlet”, “Böyük
Romul”, “Ax, Paris, Paris”, “Mənim
sevimli dəlim”, “Hicran” , “Poçt şöbəsində xəyal”,
“Varlı qadın”, “Sevgililərin cəhənnəmdə
vüsalı”, “Bizim qəribə taleyimiz” tamaşalarında, “Ulduz”,
“Bəyin oğurlanması”,
“Yol əhvalatı” filmlərində, “Yaşıl
eynəkli adam”, “Qaynana əməliyyatı”
və digər teletamaşalarda yaratdığı
bir-birindən yaddaqalan
obrazlar qalereyası ilə böyük tamaşaçı sevgisi
qazana bilib.
Azərbaycan teatrı və kino sənətinin inkişafında xüsusi
xidmətlər göstərmiş
Siyavuş Aslanın əməyi daim yüksək qiymətləndirilib. O, bir çox mükafat və fəxri adlar alıb, müstəqil Azərbaycan
Respublikasının ali
dövlət təltifləri
olan “Şərəf”,
“Şöhrət” ordenlərinə
və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.
2013-cü ilin iyunun 27-də dünyasını dəyişən
unudulmaz sənətkarımız Siyavuş Aslan
yaratdığı parlaq obrazlar
qalereyası ilə sənətsevərlərin qəlbində,
o cümlədən teatrımızın,
kinomuzun tarixində əbədi olaraq qalacaq.
Həftə içi.- 2020.- 10-16
sentyabr.- S.11.