Kinomuzun ilk
qadın aktrisası
Ölkəmizə ilk səsli
kinonu böyük dramaturq Cəfər Cabbarlı özünün
Sevili ilə gətirdi
və baş qəhrəman roluna çox gənc bir qızı - İzzət Orucovanı
çəkdi. Beləliklə, İzzət Orucova
ilk Azərbaycan səsli kinosunda
rol aldı. O, ilk azərbaycanlı
qızı olaraq, Sevil
və Almaz filmlərində baş rollarda çəkilib,
azadlığa çıxan Azərbaycan qadınının lirik, canlı obrazını yaratmağa
müvəffəq olub.
Bu qadın Azərbaycanın ilk kino aktyoru olmaqla yanaşı, həm də ikinci xanım akademikidir. İlk xanım akademikimiz Validə Tutayuq 1968-ci ildə AMEA-nın həqiqi üzvü seçilib. Ondan 4 il sonra İzzət xanım da bu ali elmi dərəcəyə layiq görülüb. Kimyaçı akademikin həyatı həm də müəyyən dərəcədə acılarla, məşəqqətli günlərlə dolu olub.
Cəfər Cabbarlının tövsiyəsi ilə ilk dəfə kinoda
İzzət Orucova öz aktrisalıq karyerasını və Sevil filminin çəkilişlərində Cəfər Cabbarlının rejissorluq fəaliyyətini belə xatırlayırdı: Cəfər çox tələbkar idi. Bəyənmədiyi kadrların dəfələrlə yenidən çəkilməsinə israr edərdi. Məsələn, Sevilin çarşabını başından atması epizodu bir neçə dəfə təkrar çəkildi, amma bu səhnə yenə də Cəfərin xoşuna gəlmədi. O, hər dəfə əllərini bir-birinə vurub deyərdi: - Yox, İzzət, olmadı. Çarşabı başından atmağın çox süni çıxır. Əsərin kulminasiya nöqtəsi də elə buradır. Sən çarşabı başından elə atmalısan ki, bu səhnə tamaşaçıda cəhalətin və mövhumatın qara pərdəsi olan çarşaba nifrət və qəzəb oyatsın. Nəhayət, Sevil filminin çəkilişi tamamlandı. Film 1929-cu ildə ekranlara buraxıldı. Həmin gün anam da, qohumlarımın çoxu da filmə baxmağa gəlmişdilər. Hamının biletini Cəfər Cabbarlı özü almışdı. Həmin gün çoxlu azərbaycanlı qadın öz çarşabını həmişəlik tulladı. O gün çarşabını atanlardan biri də mənim anam idi.
İzzət Orucova o zaman 20 yaşında, gənc bir xanım idi. Onu təsadüfən görən Cəfər Cabbarlı çoxdan bəri axtardığını tapdığı üçün sevinib. Kinoşünas Aydın Kazımzadə xatirələrində həmin hadisəni bu cür nəql edir: Sevil filmi istehsalata buraxılanda, Cəfər Cabbarlı küçəbəküçə gəzib Sevil roluna qız axtarıb. Günlərin birində o, Təyyarə kinoteatrında bu qızla rastlaşıb. Qızın xarici görünüşündə Sevil obrazının cizgilərini görüb. Tanımadığı qızın arxasınca düşüb, harada yaşadığını müəyyənləşdirib. İsmayıl Hidayətzadəni götürüb onlara gedib. Atası, qardaşları heç cür onun filmdə çəkilməsinə, şübhəsiz, razı olmurlar. Düzdür, o zamanlar aktrisalar ilk addımlarını atmağa başlamışdılar, amma İzzət aktrisa deyildi. Ürəyindən olsa da, özü xəbərsiz çəkilməyə qorxurdu. Amma Cəfər Cabbarlı da Cəfər Cabbarlı idi... Cavan olsa da, onun ilanı yuvasından çıxaran şirin dili vardı. Çox gəlib-gedəndən sonra ailənin razılığını alıb. O, bir şərtlə razılıq alıb ki, hər gün qızı faytonla evindən götürüb məşqə aparacaq və faytonla da geri gətirəcəkdi.
Həmin filmdə başqa maraqlı hadisələr də yaşanıb. Cəfər Cabbarlı çəkiliş zamanı hər an, hər dəqiqə İzzətin yanında olub. Xoşbəxtlikdən bu filmin bütün çəkilişləri C.Cabbarlının iştirakı ilə baş verib. Bəzi epizodlar barədə İzzət xanım öz xatirələrində yazıb və insanlara da danışıb. Çəkilişdə hətta elə anlar olurmuş ki, İzzət xanımı öyrətmək üçün Cəfər Cabbarlı çadranı öz başından açıb onu Balaşın sifətinə çırpırmış... Cəfər Cabbarlı dediyi sözə əməl edib. Hər gün İzzəti faytonla evdən götürüb, axşam da ailəsinə təhvil verib. Film çəkilib və ekranlara çıxanda böyük uğur qazanıb. Bundan ruhlanan Cəfər Cabbarlı Almazın da ssenarisini yazıb. Baş rola da yenə İzzət xanımı təsdiq etdirib. Amma amansız ölüm böyük sənətkarı aramızdan tez aparıb. Filmin çəkilişlərini onun həmkarları - Ağarza Quliyev və Braginski davam etdiriblər. Ölümünün bir illiyində film ekranlara çıxıb.
Ağır repressiya təhlükəsi,
1937-ci ilin qara kabusu
O zaman aktyor sənətinə
qəti aid olmayan bir xanım Sevil və Almaz filmlərində uğur qazanmasından sonra ulduzu parlasa
da, çox keçmədən sənət
karyerasını başa
vurmalı olub. O dövrdə heç kim bilmirdi
ki, 1929-cu ildə Sevil obrazını canlandıran və uğurlu rolu ilə bütün xanımların (hətta öz anasının belə) çarşabını
yerə atmasına səbəb olan aktrisa 1937-ci ildə müəyyən mənada
Sevilin taleyini yaşayacaq. Həyat yoldaşı - həkim
və dövrünün
tanınmış ziyalısı,
Hüseyn Cavid və başqa ziyalılarla yaxın dostluq əlaqəsi olan və millətçilik
ruhuna sahib olan Mövsüm İsmayılov
güllələnmədən möcüzəli şəkildə
xilas olur. Lakin bununla qurtula bilməyəcəyini anlayıb
təcili şəkildə
İzzət xanımdan
boşanır. Səbəb isə
yeni ailə qurduğu həyat yoldaşının və
bir yaşlı oğlu Yılmazın təhlükəsizliyi olur.
Əks halda, onlar da
1937-ci ildə başqa
repressiya qurbanlarının
arvad-uşaqları kimi
uzaq Sibirə sürgün olunacaqdılar.
Lakin bu, baş vermir.
İzzət xanım ömrünü
yeganə övladına
və elmi fəaliyyətə həsr
edərək sənətdən
ayrılır.
Azərbaycanın ilk xanım neft
mühəndisi
İzzət Orucova 1932-1959-cu illərdə
V.Kuybışev adına
Azərbaycan Elmi-Tədqiqat
Neft Emalı İnstitutunda işləyib,
1959-1967-ci illərdə həmin
institutun əsasında
yaradılan Neft Kimyası Prosesləri İnstitutunun laboratoriya müdiri, 1967-1997-ci illərdə
Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun
direktoru, 1971-1983-cü illərdə
isə Aşqarlar Kimyası İnstitutunda
motor yağları üçün
aşqar kompozisiyaları
hazırlama laboratoriyasının
müdiri vəzifələrində
çalışıb.
Onun əsas
tədqiqatları sürtkü
yağlarının istehsalının
artırılmasına və
keyfiyyətinin yüksəldilməsinə
aiddir. Orucova neft yağlarının
yeni çeşidlərinin
alınma texnologiyasının
işlənib hazırlanmasında,
selektiv təmizləmə
və parafinsizləşdirmə
proseslərinin təkmilləşdirilməsində,
alkil-fenol və sulfonat tipli yeni aşqar növlərinin istehsalında
yaxından iştirak edib. O, fəaliyyəti
dövründə alim
olmaqla kifayətlənməyib,
yüksəkixtisaslı kadrlar
hazırlanmasında adını
akademiyanın tarixinə
qızıl hərflərlə
yazdıra bilib.
Sonuncu iş yeri AMEA-nın Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri olub. Hətta indi də, bəzi zavodlarda İzzət Orucovanın kəşf etdiyi üsullar tətbiq olunur və belə üsullara görə xeyli alimlər vaxtilə yüksək mükafatlar alıblar.
Milli kinomuzun ilk qaranquşu Sevil AMEA-nın akademiki oldu
1972-ci ildə İzzət
Orucovanın elmdə ən yüksək elmi dərəcə - akademik adını alması həqiqətən
də çoxlarının
təəccübünə səbəb olub. Çoxları
inanmır ki, İzzət xanım Cəfər Cabbarlının
hər gün kino çəkilişindən
sonra faytonla evinə gətirib təhvil verdiyi, hazırda Nizami metrostansiyasının qarşısındakı
Azad qadın heykəlinin
prototipi olan bir xanım olub. Onların buna inanmamağının
da əsas səbəbi İzzət Orucovanın elm sahəsində
məhsuldar gördüyü
işlər olub.
Onun elmi-tədqiqat işlərinin
əsas obyekti müasir neft kimyasında ən mühüm problemlərdən
biri olan sürtkü yağlarının
istehsalı və onların keyfiyyətinin yaxşılaşdırılması olub. 1970-ci ildə
İzzət Orucova elmi fəaliyyətinə görə Azərbaycan Dövlət Mükafatına
layiq görülüb,
bir sıra orden və medallarla
təltif edilib, o cümlədən dörd
dəfə deputat seçilib.
Akademik İzzət
Orucova Kanada, Almaniya, Macarıstan, Portuqaliya kimi ölkələrdə Azərbaycanın
kimya elmini yüksək səviyyədə
təmsil edib. Akademikin ictimai
fəaliyyət dairəsi
də geniş olub. O, Azərbaycan-Almaniya
dostluq cəmiyyətinin
sədri, Azərbaycan
Sovet Ensiklopediyası baş redaksiya heyətinin üzvü olub. O, dövrünün ən nüfuzlu ordenləri və bir sıra medalları
ilə təltif edilib.
İzzət Orucova
1983-cü il aprelin
22-də 73 yaşında dünyasını dəyişib. Amma o, yaratdığı rollar, yazdığı elmi
əsərlərlə mənsub olduğu
millətin tarixində əbədiyaşarlıq qazanıb.
Həftə içi.- 2020.- 17-23
sentyabr.- S.11.