Hazırda karikaturaya
görə müəllifə qonorar verən
mətbuat orqanı yoxdur
İnnovasiya inkişaf etdikcə, texnologiya dövrü keçmişi əvəzlədikcə bir çox peşələrə də maraq azalır. O peşələr ki, onlar daha çox istedad tələb edir. Dövrümüzdə marağın azaldığı sahələrdən biri də rəsm, karikatura sahəsidir. Hafta.az-ın budəfəki müsahibi karikaturaçı Soltan Soltanlıdır. Müsahibəni təqdim edirik.
- İlk öncə oxucular üçün özünüz haqqında məlumat verməyinizdən başlardınız...
- 1976-cı ildə Ağsu rayonunun Kalva kəndində müəllim ailəsində doğulmuşam. Atam zəngin kitabxana yaratmışdı. Bütün bunlar mənim dünyagörüşümün formalaşmasına təsir edib. Rəsm çəkməyə başlayanda hələ məktəbə getmirdim. Orta məktəb illərində içimdə rəssamlığa qarşısıalınmaz istək vardı. Rəssamlıq üzrə təhsil almaq istəyirdim, amma baş tutmadı. Nə yaxşı ki, rəssamlıq təhsili almadım. Yoxsa öz yolumu tapmazdım.
- Niyə baş tutmadı, mane olan nə idi?
- Atam rəssam olmağıma qarşı
idi. Bunun da səbəbləri
vardı. Deyirdi, elə
sənət seç ki, ac qalmayasan. Doğrudan da, rəssamlıq yolunda hər sayaq çətinliyi gördüm, ancaq usanmadım.
- Karikatura çəkirsiniz.
Bu sahə amma
hazırki dövr üçün sanki öləziyir. Buna səbəb
nə ola
bilər?
- Peşəkar yaradıcılığa
karikaturaçı kimi
başlamışam. Amma təkcə
karikaturaçı deyiləm.
Mən rəngkarlıq, qrafika və karikatura ilə məşğul oluram. Bu üç
sahənin hər biri ayrıca yoldur. Hələ ki, hər üçünü bir arada apara bilirəm.
Karikatura
hazırda dünyada ən yayğın janrdır. Hər il bu sahədə onlarla beynəlxalq yarışma,
sərgi və festivallar keçirilir. Mən 1997-ci
ildən bu yarışmalarda iştirak
edirəm və bir sıra beynəlxalq
mükafatlar qazanmışam.
- Azərbaycanda karikatura sənəti hansı səviyyədədir?
- Azərbaycanda karikatura sənətinin böyük
tarixi ənənəsi
var. “Molla Nəsrəddin”
jurnalını nəzərdə
tuturam. Ölkəmizdə indi barmaq sayda rəssam karikatura ilə məşğul olur.
Bunun başlıca səbəbi
bizdə müstəqil
mətbuatın yoxluğudur.
Dünya
mediasında karikatura önəmli yer tutur. Hazırda bizdə heç
bir qəzet karikatura çap etmir. Üstəlik, ayrıca satirik
mətbuat yoxdur.
Düzdür, “Kirpi”ni hələ də köşklərdə
görmək olur, ancaq sovet dönəmindəki
təsiri indi yoxdur. Bunun da başlıca
səbəbi odur ki, indi eybəcərlik
o qədər artıb
ki, artıq heç kimdən və heç nədən qorxmur. Tərsinə, indi eybəcərlik
adamın üstünə
gəlir.
- Əvvəllər bu
sahəyə maraq olduğuna görə, karikatura çəkənlərə
ehtiyac çox idi. İndi sizə müraciət
edən varmı?
- Hazırda Azərbaycanda
karikatura çap edən və buna görə müəllifə qonarar verən mətbuat orqanı yoxdur. Mən başlıca
olaraq beynəlxalq yarışmalar üçün
çəkirəm.
- Sizi əsasən hansı mövzular sizi cəlb edir?
- Ağla gəlməyən
mövzularda çəkirəm.
Hamının ağlına gələn
kimə gərəkdir
ki? Çox zaman öncədən
hansı mövzuda çəkəcəyimi bilmirəm.
Sadəcə gərgin düşünməliyəm.
Karikatura
düşüncə sənətidir.
Düşüncədən yaranmayan hansısa
əsərim yoxdur.
- Rəsm çəkənlə,
karikatura çəkən
adam arasında
fərq nədir?
- Rəsmi bütün rəssamlar çəkə
bilər. Karikaturanı hər rəssam
çəkə bilməz.
İçində satira ruhu olmayan rəssam karikatura çəkə bilməz.
- Karikatura çəkmək
üçün rəsm
çəkmək bacarığından
əlavə hansı bilikləri bilməlisən?
- Karikatura sadəcə təsvir deyil, baxmayaraq ki, sadə cizgilərlə böyük düşüncələri
ifadə edir. Karikatura fərqli düşüncə
biçimi, sənətidir.
Düşünməyi bacaran yaxşı
mövzular tapa bilir. Burada düşüncə işi ayrıca bir bacarıqdır. Mən düşünməyə daha
çox vaxt sərf edirəm, nəinki karikatura çəkməyə. Düşünmək mənə fərəh, zövq verir. Hər bir əsərimi bədii kəşf, tapıntı sayıram.
Boş yerdən də düşünmək olmur.
Təbii
ki, geniş dünyagörüşü də
əsas şərtdir.
Beləliklə, dərin düşünmək,
sadə çəkmək
gərəkdir. Elm sübut edib ki, ən sağlam
düşüncə yumorlu
düşüncədir. Çünki burada həyata
sağlam münasibət
var. Həyata, gerçəkliyə
münasibəti olmayan
sənət kimsəyə
gərək deyil.
- Hansı əsəriniz var ki, o ölkə
üçün əhəmiyyətli
sayıla bilər?
- Bütün əsərlərimi
təkcə Azərbaycan
üçün yox, dünya təsviri sənəti üçün
önəmli hadisə
sayıram. Amma Azərbaycanda təkcə
Müasir İncəsənət
Muzeyində əsərim
var. Başqa muzeylərimizdə
əsərlərim yoxdur.
Dünyanın çox ölkəsində
muzey və şəxsi kolleksiyalarda əsərlərim saxlanılır.
- Bu sahədə kimi ideal hesab edirsiniz və onun çəkdiləri
sizə işıq yolu olur?
- Sənətdə heç
kimi yamsılamıram,
öz yolumla gedirəm. Bütün əsərlərimdə tamaşaçını dərin
düşüncə və
təəssüratla üz-üzə
qoymağa çalışıram.
Tamaşaçını aldatmıram, “sən
məni başa düşmürsən” cəfəngiyyatından
uzağam. Rəssamlıqda anlaşılmayan əsər
yoxdur, müəllifin
idraki yetərsizliyindən
yaranan əsər var.
Ona görə tamaşaçını həmişə
haqlı sayıram.
- Çəkilməyən karikatura
varmı, siz çəkməyi planlaşdırırsınız.
Hansı
ki, o karikaturanı çəkmək sizin özünüz üçün
də maraqlıdır.
-Həm rəngkarlıqda, həm də karikaturada çəkilməyən
yüzlərlə mövzularım
var. Bunlar hər zaman etdiyim qaralamalardır.
Mən tez-tez oradakı ideyalara qayıdır, onları yenidən işləyirəm.
- Bir karikatura çəkmək üçün
nə qədər vaxt sərf edirsiniz?
- Bu karikaturanın ölçüsündən
də asılı olur. Bayaq dediyim kimi, daha çox vaxtım düşünməyə
gedir. Çəkmək 1-2 saat vaxt aparır.
- Kimsə sifariş verəndə, o mövzu ürəyinizə yatmasa maddiyyat üçün çəkmisiz heç?
- Karikaturada demək olar yalnız öz düşündüyümü
çəkirəm. İki
il öncə
Azərbaycan Milli Elmlər Akademiyası ilə Dövlət Nef Şirkətinin birgə layihəsi əsasında “Molla Nəsrəddin lətifələri”
kitabı nəfis tərtibatla çap olundu. Həmin kitaba 48 karikatura
çəkdim.
- Bu sahəyə marağı
artırmaq üçün
hansı yeniliklər etmək olar?
-Azad mətbuat olsa, hər şey düzələr.
Azərbaycanda hələ ki bu, mümkün deyil.
Ruzbeh
Həftə içi.- 2020.- 24-30
sentyabr.- S.12.