“Hiss etmək
üçün gərək
sən Suma olasan...”
Bəzən fiziki qüsuru olan şəxslərə bacarıqsız, cəmiyyətə yararsız insan kimi baxırıq. Xanəndə Suma Tapdıqova bu gün öz əzmi və zəhməti ilə bir çoxlarına nümunədir.
Hafta.az-ın budəfəki müsahibi görmə məhdudiyyəti VII Beynəlxalq Muğam Müsaqibəsinin xüsusi laureatı xanəndə Suma Tapdıqovadır. Buyurun, siz də oxuyun:
- Mən Tapdıqova Suma Seyidabbas qızı 1991-ci ildə mayın 8-də Şamaxıda anadan olmuşam. İlk təhsilimi 5 nömrəli orta məktəbdə almışam. 2014-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə, 2019-cu ildə isə Konservatoriyanın magistr pilləsinə daxil olmuşam. Hal-hazırda təhsilimi davam etdirirəm.
- Bu sənətdə sənə ən çox dəstək, motivasiya verən kimlərdir?
- Valideynlərim, eləcə də müəllimlərim. Valideynlərim çox əziyyət çəkib. Atam 10 ildir ki, hara getsəm yanımdadır. Müəllimlərim Gülyanaq Məmmədova, Teyyub Aslanov, Zabit Nəbizadədir. Onlardan çox razıyam, hətta belə deyərdim ki, onları özüm seçmişəm. Xüsusilə müəllimlərimdən xalq artisti, Gülyanaq xanım mənə daha çox can yandırır. Müəllim insana düzgün istiqamət göstərən şəxs olmalıdır. O da belələrindəndir. Düzdür, insanın çox ustadı ola bilər. Elə müəllimlər var ki, bir dəfə sual verirsən, ikinci dəfə deyir özün oxuyub öyrənərsən. Gülyanaq xanım isə belə deyil. Bir sualı dəfələrlə versən də yorulmur, usanmır. Digər ustadlarım da mənə hər zaman dəstək olublar. Biri əlimdən tutubsa, o biriləri də qapı açıb.
- Deyirlər, görmə qabiliyyəti məhdud olan insanlarda hissiyyat güclüdür. Sizdə hansı hiss güclüdür?
- Əvvələr gözlərim görüb deyə rəngləri ayırd edə bilirəm. Hətta geyim mağazasındakı libasları özüm seçirəm. Satıcı mənə hansısa geyimi təsvir edəndə artıq onun rəsmi gözümün qarşısında canlanır. Görmə məhdudiyyəti insanların yaddaşıda güclüdür. Məsələn, bir yolu ikinci dəfə gedirsənsə, yıxılmamaq üçün həmin yolu yadda saxlamağa məcbursan. Bəzən adamın səsindən hiss eləyirəm ki, o mənim hansı tərəfimdə dayanıb danışır. Yəni bu, hissiyyatla əlaqələnir. Hərdən qarşımdakı insan mənim gözümün zəif olduğuna inanmır. Dəfələrlə Gülyanaq xanımın evinə getmişəm. Ziya müəllim ayaqüstə olanda yer verməyə çalışmışam. O zaman dedi ki, görəsən, Suma bizi aldadır? Müəllimim məndə səhv tuta bilmir. Hissiyyatı güclü olsa belə, yenədə çox vaxt nəyisə hiss edə bilmirsən. Bir dəfə hər tərəfi dəmirlə əhatə olunan 10 metr hündürlükdən yıxılmışam. Bu, məndə heç bir fəsad yaratmadı. Bəlkə də gözüm görsəydi, yıxıldığım yerdən qalxmazdım. Elə şeylər var, onu sözlərlə ifadə etmək olmur. Hiss etmək üçün gərək sən Suma olasan, onun yaşadıqlarını yaşayasan, çəkdiyi əziyyətləri çəkəsən.
- Belə bir əngəlin olması sizdə nə vaxtsa kompleks yaradıbmı?
- Həyatım öz əlimdə olsaydı, özümə hamıdan gözəl həyat yazardım. Hərdən düşünürəm, görəsən, niyə belə oldu? Uğurlarıma baxanda sevinirəm. Bir çoxları mənim oxuduğum yerdə olmaq istəyirlər, lakin buna nail ola bilmirlər. Məsələn, mən magistrdə oxuyuram, halbuki 5 ildi hazırlığa gedən var, heç bakalavr pilləsinə qəbul olmayıb. Onda özüm-özümə deyirəm ki, Suma, sən dahisən, görürsən? Hərdən mənə yaxınlaşıb sual verirlər ki, neçənci kursda oxuyursunuz. Təəccüblənirlər. Deyirlər, sən hara, bura hara? Mənim hər şeyimi, gözümü, əlimi, ayağımı,əlimdən ala bilərlər. Amma ağlımı əlimdən ala bilməzlər.
- Sizi ən çox sevindirən hadisə nə olub?
- Ən çox sevindirən hadisə... 7-ci Muğam müsaqibəsinin iştirakçısı statusu qazanmağım. Bu müsabiqədə xüsusi mükafata layiq görülmüşəm.
- Sizin üçün uğurun bir sirri varmı?
- Uğurlarımın sirri Allahdadır. Ən böyük uğurum isə yaddaşımın güclü olmasıdır. Universitetə hazırlaşanda təsəvvür edin, 2 günə 7 illik dərs materiallarını öyrənmişəm. Halbuki, musiqi təhsilim olmayıb. İnsanda fil yaddaşı deyirlər. Məndə də elədir. Neçə il keçir, heç nə yaddaşımdan çıxmır. Hərdən özümü başqaları ilə müqayisə edirəm. Adi bir əşyanı belə qoyduğu yerdə unudur. Amma 10 il keçsə, yenə də unutmuram. Belə deyim, yaddaşsız Suma heç nədir.
- Xüsusi hobbin var?
- Şoppinq etməyi çox sevirəm. Geyim həvəskarıyam. Evdəkilər halımın pis olduğunu görəndə, şoppingə aparırlar.
- Deyirlər, insan arzuları tükənməzdir. Bəs Sumanın ən böyük arzusu nədir?
- Arzusuz insan ölüyə bərabərdir. Ən böyük arzum Əməkdar artist, qismət olsa, Xalq artisti adını almaqdır. Ailəmin, müəllimlərimin fəxri olmaq istəyirəm. Sənətimdə ucalmağı arzu edirəm. Hərdən tələbələr deyirlər ki, mən Nəriman müəllimin tələbəsiyəm. İstəyirəm, mən də elə olum. Gələcəkdə Suma müəllimənin tələbisiyəm desinlər. Yəni müəllimin özü qədər olmasa da, ən azı zərrəsi olmağı istəyirəm.
Ən böyük
arzum ana olmaqdır. Övladımın olmasını istəyirəm.
Bu isə həm əlçatmazdır, həm
də əlçatan...
- Gənclərə uğur
qazanan və bu yolda əzmlə
çalışan bir
gənc kimi nə tövsiyə edərdiniz?
- Vaxtlarnı mənalı işlərə sərf eləsinlər. Çox oxusunlar. Demirəm, bütün
günü oxusunlar.
Onların da gəzməyə haqqı
var. “Həyatda kim olmalıyam?”, “Kim olacam?” sualını özlərinə versinlər.
Məqsədli yaşamaq lazımdır.
Ən azından, özünə
bir yol cızmalıdır.
Çünki sən insansan.
Bilirsiniz,
mənim üstümə
ləkə düşsə,
deyəcəklər gözü
belədir deyə oldu. Amma normal insanın üzərinə
düşəndə, deyir
fikir verməyib.
- Suma, hansı sualın ona çox verilməsini istəyər?
- Elə bir zirvəyə
çatım ki, desinlər, Suma necə oldu gəlib bu bu məqama
çatdın? Mən bu
suala sevincimdən cavab tapa bilməyim.
Bu həyatda bəzilərinə
nümunə, bəzilərinə
sınaq olaraq gəlmişəm. Nümunə kimi göstərəcəklər,
sınaq kimi də deyəcəklər,
sənin nəyin ondan əskikdi. Dekabrın
3-ü əlillər günüdür.
Hami bayramımı təbrik edirəm deyir. Kiməsə ehtiyacı olan birisinin bayramı
ola bilər? Əlilin bayramı ola bilməz.
O gün qara gündür. “Təbrik edirəm...”. Nəyi?
Hansı
uğurumu? Əlil
olduğuma görə
təbrik edirsən...
Mən avtomobil qəzasından sonra belə olmuşam. Dünyaya normal insan kimi
gəlmişəm.
- Gələcəklə bağlı
planların?
- Öz sənətimdə ucalmaq istəyirəm. Hamı desin ki, Suma gəlir. Böyük mənasında yox. Mən heç vaxt özüm kimi məhdudiyyəti olan insanlarla yarışmağı
sevməmişəm. Ancaq sağlamlarla rəqabət
aparmışam. Maraqlıdır, cəmiyyətdə inteqrasiya
deyirlər, amma bizi ayırırlar. Əgər bizi belə qəbul edirlərsə, niyə bizi seçirlər? Niyə
sağlamla yanaşı
ola bilmərəm?
Nə səbəbə? Əqlimdə problem varsa, razıyam. Amma mən səndən də yaxşı duyuramsa, hiss edirəmsə,
nəyə görə
mənim problemimi önə çıxarırsan?
Hətta
elə olur ki, efirlərə dəvət edirlər.
Təqdim edəndə ilk olaraq,
“dünya işığından
məhrum olmuş Suma
Tapdıqova gəlir” deyirlər. Axı sən məni
səsə görə
dəvət etmisən.
Mənim
gözüm sənin üçün ikinci planda olmalıdır.
Yəni reklam xarakteri daşımamalıdır. Elementar bir söz belə
adamın həvəsini
öldürür. Adam var deyir ki,
məni heç görmürsən?
Sənə mənim görüb-görməməyim
lazımdır? Əgər mən
səni görməklə
nəsə dəyişiləcəksə,
bu başqa məsələ. Əsas odur
ki, sən məni görürsən.
Sən məni gör, dəyərləndir. Görüm bunu bacara biləcəksən?
Hərdən sən onsuz
da heç kəsi görmürsən
və sənə oxumaq daha asandır
deyirlər. Amma oxumaq nədir ki... Onların nəfəsini hiss edirəm.
Oxuyanların onsuz da çoxu gözünü
yumub oxuyur. Əksinə,
səhnəyə çıxanda
narahat oluram ki, birdən mikrofonum səhv olar, səslənmə yaxşı çıxmaz.
Amma
normal insan bunu düşünmür. Siz
indi fikirləşin,
mənə daha asandır, yoxsa onlara?..
Şahnun Qasımova
Həftə içi.- 2020.- 18-21
yanvar.- S.8.