Nizami dünyada arzuedilən səviyyədə təbliğ olunmayıb  

 

 

Haqq-ədaləti tapmaq üçün dünya Nizamini oxumalıdır

 

Bu gün Azərbaycanın dünya mədəniyyətinə, svilizasiyasına  verdiyi töhfələr, milli-mənəvi dəyərlərin, soy-kökünün təbliği, bəşəri dəyərlərə münasibətimiz  Nizami dühasının simasında bir daha dünyaya təqdim olunur. Azərbaycanın mənəvi dəyərlərinin əhəmiyyəti Prezidentin sərəncamı ilə qeyd olunan “Nizami ili” çərçivəsində bir daha qabardılmaqla, dünya ictimaiyyətini yenidən silkələyir. Böyük Nizami Gəncəvinin 880 illik yubileyi Şərq bədii təfəkkürünə,elmi fəlsəfəyə, Azərbaycan adına hansı yeni çalarları gətirəcək...

 

“Nizami ili”, Nizami fəlsəfəsi fonunda “Həftə içi”nə müsahibə verən filologiya elmləri doktoru, professor Buludxan Xəlilov maraqlı məqamlara diqqət çəkib.

 

- Buludxan müəllim, “Nizami ili”nin fəlsəfəsində nə dayanır?

 

- Nizaminin yaşadığı dövrdən uzaqlaşdıqca, mənəvi cəhətdən ona yaxınlaşırıq. Gün-gündən Nizamiyə ehtiyacımız artır.  Nizamiyə olan ehtiyac onun düşüncəsinə, yaratdıqlarına, əqidəsinə olan ehtiyacdır. Bu mənada Nizami həmişə bizimlədir. Ona görə də Nizaminin yazdığı əsərlərdə, yaratdığı obrazlarda Azərbaycan xalqının qaynaqlanacağı və istifadə olunacaq çox dəyərlər var. Baxın, Nizami əsərlərində əməkçi insan surətləri yaradır, qadın obrazlarına, ağıllı, müdrik adamlara yer verir, ədalətli şah obrazı yaradır. Deməli, Nizami bizimlədir. Nizami təkcə Azərbaycan xalqı ilə deyil, dünyayladır.

 

Bu gün bütün dünyanın Nizami fəlsəfəsinə ehtiyacı var. Ona görə də dünyada mizan-tərəzinin yaranması üçün zaman-zaman Nizami oxunmalıdır, öyrənilməlidir. Onu oxuyan hər bir insan özündə olan mənfi və müsbət cəhətləri tapa bilir, özünü islah eləməyi bacarır. Nizami sənətindən, peşəsindən, milliyyətindən  asılı olmayaraq hər bir kəsin yazıçısıdır. Ona görə də Nizami bütün zamanlarda oxunacaq.  Xüsusilə son dövrlər Azərbaycanda baş verən hadisələr, Qarabağın işğaldan azad olunması, Azərbaycanın ictimai-siyasi mənzərəsindəki dəyişmələr, cəmiyyətin özündə gedən saflaşma prosesinə yaranan ehtiyac bir daha göstərir ki, biz Nizami Gəncəviyə qayıtmalıyıq. Nizami bir ədalət carçısıdır. Bu gün dünya haqq-ədalətdən uzaqlaşıb. Bu gün dünya özünün fəlsəfi kökündən qopub. Bu haqq-ədaləti tapmaq üçün dünya Nizamini oxumalıdır.

 

- Nizamini bir Azərbaycan türkü, dühası olaraq yetərincə təbliğ edə bilmişikmi?

 

- Açıq deməliyik - Nizami dünyada arzuolunan səviyyədə təbliğ olunmayıb. Onun əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunmayıb. Bu mənada Nizami fəlsəfəsi dünyəviləşə bilməyib. Onun əsərlərinin bir hissəsi rus dilinə tərcümə olunub, müəyyən dərəcədə də inglis dilinə. Amma dünyanın super beynəlxalq dilləri var. Nizami o dillərə tərcümə olunmalıdır və dünya Nizami düşüncəsini tanımalıdır. Dünya Nizami düşüncəsinin böyüklüyünü hiss edəndən sonra həm də onun Azərbaycan xalqına məxsus olduğunu dərk edəcək, Azərbaycan Respublikasını tanıyacaq. Bu, respublikanın sosial bazasında olan Azərbaycan xalqının kimliyini dərk edəcək. Bu regionun tarixini, mədəniyyətini, ədəbiyyatını öyrənmək məcburiyyətində qalacaq. Ona görə də biz Nizami yaradıcılığı istiqamətində müəyyən işlər görməliyik. Bu mənada hesab edirəm ki, Prezidentin 2021-ci ili “Nizami ili” elan etməsi zamanın özünün tələbindən irəli gəlir. Nizami keçmiş Sovetlər dönəmində sovet ideologiyasının təsiri altında öyrənilib. Biz bu gün müstəqil dövlətik və müstəqil dövlətin öz ideologiyası, öz idarəçilik prinsipləri, siyasəti var. Konkret desək, Nizami Gəncəvi azərbaycançılıq məfkurəsi istiqamətində yenidən öyrənilməlidir. Bu gün farslar Nizamini özününküləşdirmək istəyir. İş o yerə çatıb ki, ermənilər də az qala, Nizamiyə yiyə durmağa çalışırlar. Bunların hamısı ondan irəli gəlir ki, biz Nizaminin böyüklüyünü böyük səxavətlə təqdim eliyə bilmirik. Ona görə də mənə belə gəlir ki, təkcə “Nizami ili”nin qarşıya qoyduğu məqsədlərdən yox, bütövlükdə yaşadığımız illərdə mütəxəssislərin hər biri öz sahəsində Nizamini dünyaya təqdim eləməlidir. Rəssamlar onun portretlərini çəkməlidir, ədəbiyyatşünaslar onun əsərlərini araşdırmalıdırlar.

 

- Nizami əsərləri insan və bəşəriyyətə ədalətli olmağı təbliğ edir. Bu dünyanın əsl simasi isə haqq-ədalətin deyil, gücün “qanunu” ilə işləyir. Sizcə, Nizami fəlsəfəsi bu istilaçı, nizamı pozulan dünyaya hansı təsirini göstərə biləcək?

 

- Nizami fəlsəfəsi bütün zamanların fəlsəfəsidir. Biz bu gün ən böyük filosofları - əl-Farabini, İbn Sinanı, Bəhmənyarı ona görə qəbul edirik ki, onların fəlsəfi düşüncələri bütün zamanların ehtiyacını ödəyə bilir. Yəni Nizami Gəncəvinin fəlsəfəsi bütün zamanlarda fəlsəfi düşüncənin təlabatıdır.  Dünya bu fəlsəfi düşüncədən çox uzaqlaşıb. Biz bəzən Avropa fəlsəfəsini şişirdirik, böyüdürük, əzbərləyirik, təbliğ edirik, amma Şərq fəlsəfəsinin böyüklüyünü unuduruq. Şərq-türk fəlsəfəsinin ən böyük adamlarından biri Nizamidir. Nizami yaradıcılığındakı fəlsəfəni öyrənən hər bir dünya lideri özünə yenidən baxmağı bacaracaq. Sadə bir bir misal deyim: 30 ilə yaxındır ki, Qarabağ ərazisi işğal altında idi. Bu ədalətsiz dünya hara baxırdı?! Nizami əsəri, Nizami fəlsəfəsi bu ədalətsiz dünyanı silkələyir və deyir ki, ədalətli ol! Əgər kimsə hansısa bir super dövlətin lideridirsə, o, dünyada nüfuz qazanmaq üçün ədalətli idarə etməlidir. Dünya liderləri öz dövlətlərində ədalətli münasibətin formalaşmasına xidmət etməli, dünyanın ədalətli qanunlarla yaşamasına qayğı göstərməlidir. Bax, dünya bu prinsiplərdən uzaqlaşıb. Ona görə də Nizami bizə diqtə edir ki, mənim yaradıcılığımı oxuyaraq nəinki sıravi insan, dünyanın ən super qüvvələri, ən böyük liderləri, siyasət adamları məndən qaynaqlana bilərlər, məndən istifadə eliyə bilər. Nizami qədər dünyanı tarazlaşdırmaq istəyən, dünyanı nizama salmaq istəyən başqa bir fəlsəfi düşüncə sahibi yoxdur.

 

- Buludxan müəllim, Nizami “İsgəndərnamə”də İsgəndərin çox yerləri fəth edərək Bərdəyə qədər gəldiyini yazır.  İsgəndər Bərdə hökmdarı Nüşabənin ağlı, dərrakəsi qarşısında təzim edir, öz qoşununu geri çəkir. Nizami ağlın qarşısında istilaçını məğlub edir. Nizaminin bu fəlsəfəsinin əsasında nə dayanır?

 

- Bu gün dünya internet, güc dünyasıdır. Topdan da, pulemyotdan da ən qüvvətli güc idrakdır, ağıldır, məntiqdir.  Bunların qarşısında hər şey acizdir. Fikir verin, 30 illik işğal dövründən sonra məntiq sübut elədi ki, Azərbaycan ərazisi işğal olunub. Dünya bizim məntiqimiz qarşısında aciz qaldı. Biz torpağımızı erməni işğalından azad eiliyərkən dünya dözmədi, başladı xosun-xosun danışmağa. İndi də danışırlar, amma açıq deyə bilmirlər. Onların fikirləri qarşısında bizim haqq işimiz dayanır. Biz işğal altında olan torpaqlarımızı işğaldan azad etmişik və edəcəyik. Bizim heç kəsin torpağında gözümüz yoxdur, heç kəsin də gözü bizim torpaqlarda ola bilməz.

 

Konkret “İsgəndərnamə”də Nizami Nüşabə obrazı ilə İsgəndərə sübut eləmək istəyir ki, sən dünyanı bu qızıl-ziynət, ləl-cəvahirat üçün işğal eliyirsənsə, tökürəm qabağına, ye. Bu qızılı yemək mümkündür, yox. Bu, böyük tərbiyədir. Nizami bununla dünyanı ayıldır ki, nə qədər qızılın, cəvahiratın olsa da, insanların, vətəndaşların, dünyanın dəyərini bilmək lazımdır.  Dünyanı yaşatmaq lazımdır. Ona görə də bu böyük məntiqin qarşısında onlar acizdirlər. Yeri gəlmişkən, bir müqayisə aparacam. Nizami Gəncəvinin kimliyini biz təkcə onun öz əsərlərində görmürük, həm də haqqında yazılan əsərlərdən  tanıyırıq. Onu Məmməd Səid Ordubadinin “Qılınc və qələm” əsərindən, Mehdi Hüseynin “Nizami” pyesindən tanıyırıq. “Nizami” pyesindən bir detalı deyəcəyəm: “... Xəzərlər hücum edirlər. Afaq bir xəzər əsgərini qılıncla yaralayır və onu məcbur edir ki, torpağı yesin. Xəzər qayıdır ki, axı torpaq yeyilə bilməz, siz xanımsız, siz mələksiz, niyə məni buna məcbur edirsiz... Deyir, biz torpağı ona görə istilaçıya yedizdiririk ki, başa düşsün ki, torpaq yeyilmirsə, onu işğal eləmək olmaz”. Görün, bunda nə qədər məna var. Torpağı yemək olmur, torpağı özünlə o biri dünyaya daşımaq olmur. O zaman torpaq uğrunda bu qan-qada nəyə lazımdır?! Dünya bu fikirlə ayılmalıdır. Baxın, dünyada nə qədər ciddi  mübarizələr, istilalar, qarətlər gedir.  Görəsən, bu qarətləri törədən güclər başa düşmür ki, bunun nəticəsi mənasızdır? Bu qarətlər üçün niyə insanlara zülm edirlər, niyə öldürürlər, niyə insanların gözünü yaşlı edirlər, anaları övladsız, gəlinləri ərsiz edirlər. Bəli, bu gün dünyanın böyük idrak mədəniyyəti çatmır. Dünyanın super qüvvələri o qədər harınlaşıb ki, onlarda idrak mədəniyyəti itib. Bu mənada Nizami Gəncəvi yaradıcılığı dünyanın idrak mədəniyyətini ona qaytarmaq istəyir. O idrak mədəniyyəti ki, onun təməlində dərketmə dayanır. İnsan nə üçün yaranıb, insanın missiyası nədən ibarətdir, insan nə işlə məşğul olmalıdır və sairə. Dünya bu mədəniyyətdən uzaqlaşıb, dünya bu mədəniyyəti özündə yaşatmalıdır.

 

“Dünya durduqca Nizami fəlsəfəsi olacaq”

 

- Nizami fəlsəfəsi, əsərləri dünən, bu gün və gələcəyimizə gedən yolda hansı körpünü yaradır?

 

- Nizami Gəncəvi kimi adamlar bizim dünənimiz, bu günümüz və sabahımızdır. Nizami dünən mövcud olanlar əsasında bu günümüz üçün körpü yaradıb. Bu gün isə yaşadıqlarımızın içərisindən gələcək üçün körpü yaradır. Dünya nə qədər mövcuddursa, bir o qədər Nizami fəlsəfəsi olacaq. O, dünənimizə işıq salacaq, bugünümüzü işıqlandıracaq və gələcək  perspektivlərimizə yol çəkəcək.  Nizami Gəncəvi dünyanın, bəşəriyyətin yaranmasından başlamış, bəşəriyyətin yaşamasını və indən belə necə yaşayacağının proqramını cızan bir sənətkardır. Onu o adamlar cıza bilər ki, onların yüksək intellektual səviyyəsi olsun. Nizami Gəncəvi belə bir şəxsiyyətdir.

 

- Nizami fəlsəfəsi nə qədər ali, bəşəri olsa da, bugünkü dünyanın reallıqlarından çox-çox uzaqda dayanır. Düşünürsən ki, necə ola bilir ki, belə br dühası olan millət əsrlər boyu istismara məruz qalıb, soyqırımlar yaşayıb. Nizami fəlsəfəsi niyə bizi düşmən hücumlarından xilas edə bilmədi?

 

- Nizami fəlsəfəsi real bir dövrün fəlsəfəsi ilə bitib-tükənmir.  Onun fəlsəfəsi bütün dövrlərin fəlsəfəsidir. Bütün dövrləri başa düşən insanlar da çox azdır.  Bir real həyat var, bir də reallıqdan kənar olan həyat. Nizami ideal bir həyat axtarışındadır. O həyat ki, orda hər şey haqq-ədalət, vicdan üzərində qurulub. Bax, belə bir cəmiyyəti o kəslər arzulaya bilər ki, onlar kifayət qədər düha sahibləri olsunlar. Gəlin real həyata baxaq. Real həyatda düha sahibləri çoxdurmu, yox. Demək ki, Nizamini istər onun yaşadığı dövrdə, istər indiki, istərsə də gələcəkdə başa düşən adamlar az olacaq. Ona gərə də Nizami bizə reallıqdan çox romantik görünəcək. Cəmiyyət inkişf eləməlidir. Cəmiyyətdəki insan düşüncəsi, insan təfəkkürü inkişaf eləməlidir. Cəmiyət onlarla, yüzlərlə idrak və dahilərin düşüncəsi üzərində qurulmur. Cəmiyyət bütövlükdə düşünməyi bacardıqda cəmiyyət olur. Ona görə də Nizami Gəncəvinin fəlsəfəsi o qədər zamanların fövqündə duran  bir fəlsəfədir ki, onu başa düşmək və o fəlsəfəyə riayət etmək üçün cəmiyyətin özü inkişaf eləməlidir. Bugünkü dünyanın səviyyəsi çox bəsit və sadədir, Nizami fəlsəfəsinə uyarlı düşüncə tərzində deyil. Ona görə Nizami fəlsəfəsi çox romantik görünür. Nizami fəlsəfəsini reallaşdırmaq üçün dünya inkişaf eləməlidir, özünü islah eləməlidir, bütün çirkablıqlardan, xəbisliklərdən uzaqda dayanmalıdır. Hələ dünyanın Nizamiyə çox böyük ehtiyacı var.

 

- Nizami fəlsəfəsi reallaşacaq?

 

- Reallaşacaq, yoxsa yox, bu başqa bir mövzudur. Nizaminin böyüklüyü ondadır ki, o, ideal bir həyat, cəmiyyət  uğrunda mübarizə aparıb. O, ideal cəmiyyətin simvolikasını, necə olacağını təqdim eliyə bilib. Onun dahiliyi bundadır. İndi Nizami neyləsin ki, insanlar, cəmiyyət onun dediyini başa düşmür. Bu artıq Nizaminin problemi deyil, insanın bəşəri problemidir.

 

- Əslində, dünyanı insan obrazında görən Nizami onu   ədalətə, humanstliyə, düzgünlüyə dəvət edir. Nizami özü azərbaycanlıdır, türkdür və əsərlərində Azərbaycanın genefondunu təqdim edir. Dünya niyə bunu dərk edə bilmir?

 

- Nizami fəlsəfəsində insan konsepti aparıcı rol oynayır. Konsep sözü genişdir, insanın davranışı, bir-birinə münasibəti, kişinin qadına, qadının kişiyə münasibəti, torpağa, dövlətə, bəşəriyyətə münasibəti. Bu mənada insan konsepti Nizamidə açılır. Nizami insan konseptinə kamillik zirvəsindən baxır. O belə hesab edir ki, dünyanın düzəlməyi üçün insanlar kamil olmalıdır. Amma real həyat başqadır. Nizami Gəncəvi o real həyatla barışmır.  Nizami Gəncəvi  dünyaya bir şeyi təbliğ edir, başa salır və istiqamət verir ki, nə qədər biz real həyatın təsiri altına düşəcəyik, dünyada ədalətsizlik baş alıb gedəcək. Nə vaxt biz mənəvi dünyanın kamillik zirvəsinə yüksələcəyik, onda dünyada hər şey öz yerində olacaq. İndi barışmaz mövqelərin olması Nizaminin problemi deyil. Bu artıq cəmiyyətin ziddiyyətləridir ki, həll olunmalıdır. Ona görə də Nizami bu gün dünya ilə birlikdədir. Yetər ki, biz o fəlsəfəni dünyanın beynəlxalq dillərinə tərcümə edək və təbliğ eliyək.

 

- Buludxan müəllim, Nizaminin kimlik məsələsi tez-tez müzakirə olunur. Bu barədə nə deyərdiniz?

 

- Nizaminin kimlik məsələsinə yanlış yanaşırlar. Axı Nizaminin özü deyib ki, “Əsil-nəcabətim türkdür mənim, İnam-etiqadım qurddur mənim”. XII əsrdə Azərbaycan türklərinə türk deyirdilər. Nizaminin yaradıcılığında türk sözünün 50-yə yaxın mənası işlənir. Bu, müqayisəyə gəlinməyəcək analoqdur. Bu o deməkdir ki, Nizami Gəncəvi qədər türkə bağlı olan, sədaqətli olan ikinci bir ədib yoxdur. Ona görə də biz öyünməliyik ki, Azərbaycanın türk məfkurəli, düşüncəsini və fəlsəfəsini yaşadan Nizami Gəncəvi kimi ədibimiz var.

 

“Əsərlərində yaratdıqları Azərbaycan türkünün düşüncə tərzidir”

 

- Nizamini bizdən oğurlamaq istəyənlər nəyə nail olmağa çalışırlar?

 

- Onlar bilirlər ki, artıq buna nail olmaq mümkün deyil. Nizami Gəncəvidə müəyyən tayfa adları, yer-yurd adları, hətta bizim bədxah qonşularla bağlı olan məqamlar var. Nizamidə işlənən ərmən sözünü sovet dövründə düzgün başa düşməyiblər. Nizamidə işlənən ərmənlər qədim türklərdir. Bu, indiki rus dilində dedikləri “armen və Armeniya” deyil. Bu sözü sovetlər dönəmində təhrif ediblər. Nizami əsərində ərmənləri tərifləyir. O, bizim indi başa düşdüyümüz erməniləri heç vaxt tərifləməzdi. Ərmənlər qədim türk tayfalarıdır və onun yaşadığı yer Ərməniyyədir. Ona görə də dünya Nizamini oğurlamaq gücündə deyil.  Nizami Gəncəvi əsərlərində deyir ki, Azərbaycan türküdür, yaşadığı ərazi də Gəncədir. Nizaminin əsərlərində yaratdıqları Azərbaycan türkünün düşüncə tərzidir. Ona görə də dünya gizlənib bizə ox atır. Fars atır, hətta erməni də o oxu atmaq istəyir.

 

Təbii ki, dünyanın ortaq mədəniyyətləri olub. Bu gün Orta Asiya türkləri də Nizamini özlərinki hesab edir. Bu ola bilər. Məsələn, “Dədə Qorqud” dastanı bütün türk xalqlarına məxsus mənəvi abidədir, amma daha çox kimindir, azərbaycanlıların. Bax, Nizami də belədir və türk xalqları ona görə ona yiyə dururlar ki, ondan qaynaqlana bilsinlər. Türklər oğurlasınlar. Təki dünya, mənfur güclər, bizi istəməyən qüvvələr oğurlamasın.

 

- Nizami bundan sonra necə tədqiq olunmalı və onun yeni  portreti necə təqdim olunmalıdır?

 

- Mən çox istərdim ki, Nizami Gəncəvinin yeni portretini yaratsınlar. Onun ilk portretinin necə yaranması barədə danışmaq istərdin. Nizaminin fəlsəfi düşüncələrini görkəmli tədqiqatçı Heydər Hüseynov, ədəbi-bədii görüşlərini Həmid Araslı və tədqiqatçı Bertels araşdırıblar. Bunlar 40-cı illərdə Nizaminin yubileyi ilə bağlı onun obrazını əks elətdirən bir şəklinin yaradılmasını istəyiblər. O zaman Üzeyir Hacıbəyov deyib ki, Ağcabədidə bir axund var, onun görünüşü, oturuşu-duruşu 12-ci əsrə məxsus idrak sahibinin portretini yaratmaq üçün nümunə ola bilər. Ağcabədidə olan bir axundun görkəmi əsasında Nizaminin portretini yaradıblar. Beləliklə, Nizaminin şəklinin çəkilməsində Nizamini tədqiq edən Bertelsin, Həmid Araslının, Heydər Hüseynovun rolu olub.

 

Hesab edirəm ki, Nizami Gəncəvi yenidən dünyaya təqdim olunmalıdır. O, təkcə ədəbiyyatçıların tədqiqat obyekti olmamalıdır.

 

...Bu gün Filologiya fakültəsində Nizami Gəncəvini 7-8 saat tədris edirik. Bu, çox məhduddur. Nizaminin təkcə “Xəmsə”si bir semestr tədris olunmalıdır. Çünki orda öyrəniləcək çox şey var. Nizami Gəncəvi təkcə filologiya fakültələrində yox, bütün universitetlərin bütün fakültələrində öyrənilməlidir. Ona görə ki, Nizamini bilmədən yaxşı mütəxəsis ola bilməz, yaxşı vətəndaş ola bilməz, milli kimliyini dərk edə bilməzsən.

 

 

 Tahirə Qafarlı

 

Həftə içi.- 2021.- 6-7 aprel.- S.8.