Zəngəzurun
“mübahisəli ərazi”
elan edildiyi gün
Azərbaycan Parlamentinin sabiq
deputatı, Qərbi Azərbaycanda doğulub boya-başa
çatmış, işləmiş Maksim Musayevlə “Həftə
içi” üçün növbəti söhbətimizdə Zəngəzur dəhlizinin
açılmasına Ermənistandakı sadə ermənilərin,
siyasətçi və oliqarxların münasibəti, Paşinyana
yaxın telekanal və saytların bu istiqamətdə
apardığı təbliğat, Qarabağ klanının
bundan sonrakı taleyi və s. haqda danışdıq.
- Maksim müəllim, avqustun 10-da bolşevik Kommunist Partiyası tərəfindən
Zəngəzurun “mübahisəli ərazi” elan edilməsindən
101 il ötdü. Bundan
bir neçə ay sonra, yəni 1920-ci ilin noyabrında isə
Zəngəzur Ermənistana verilib. Sizin
atanız – rəhmətlik Talıb Musayev sovet dövründə
Ermənistanda müxtəlif rayonların rəhbəri, eləcə
də Ali Sovet sədrinin müavini vəzifələrində
çalışıb. Atanızın Zəngəzurun
verilməsi haqqındakı söhbətlərindən
yadınızda nə qalıb?
-
Bilirsiniz, rəhmətlik atamın kitablarında bu haqda
yazılıb. Bəzi faktları unutduğum və
hazırda atamın kitabları yanımda olmadığı
üçün sizə ətraflı məlumat verə bilmirəm. İnşAllah, növbəti dəfə
bu haqda geniş danışarıq...
Təbii ki, Zəngəzur məsələsi bu gün
xalqımız və dövlətimiz üçün ən
aktual mövzulardan biridir. O haqda söhbət edə bilərik...
- Sizin
uşaqlıq və gənclik illərinizin xeyli hissəsi Qərbi
Azərbaycan torpaqlarında, o cümlədən İrəvanda
keçib. Erməni dilində də mükəmməl
bilir və onların telekanal və saytlarını mütəmadi
izləyirsiz. Hazırda Ermənistan cəmiyyətində
Zəngəzurdan Naxçıvan və Türkiyəyə yol
açılmasına ümumi münasibət hansı məcradadır?
- Mütəmadi
olaraq “Araçi”, “Horizonto”, “Şant” və “Epikentron”
telekanallarını izləyirəm... Yenidən baş nazir seçilmiş Nikol
Paşinyanın qalib gəldiyi
20 iyun parlament seçkilərindən öncə Ermənistan
müxalifəti Zəngəzur dəhlizi məsələsində çox
aqressiv idi. Bu da, təbii ki, erməni cəmiyyətinin
ümümi ab-havasına da təsir göstərirdi. Naxçıvana yol
açılmasının xeyrinə söz söyləyən
ermənilərin dilinin kəsilməsi məsələsi də
qoyulmuşdu. Ümumiyyətlə, radikal, irqçi
müxalifətçilər “Zəngəzur”
sözünün işlənməsinin də əleyhinə
idilər, deyirdilər ki, nə “Zəngəzur”, “o
torpaqların qədim erməni adı “Sünikdir”...
Ədalət naminə demək gərəkdir ki,
Paşinyan komandası elə seçkilərdən əvvəl
də Zəngəzur yolu məsələsini Ermənistanın
gələcəyi üçün ağıllı şəkildə
həll etməyə çalışırdı. O cümlədən
çalışırdılar ki, Ermənistandakı və
xüsusən Zəngəzurdakı ermənilərin bu problemə
baxışında müsbət dəyişiklik formalaşdırmağa
çalışırdılar.
Yadınızdadırsa, Paşinyan Zəngəzurdakı
kilsələrdən birinə gedəndə ibadətgahın
keşişi onun salamını almadı və ondan kilsədən
çıxmasını tələb etdi. Sonradan
həmin keşiş, demək olar ki, kilsədən qovuldu.
Bundan sonra Paşinyan tərəfdarı olan jurnalistlər
yerli əhaliyə, yəni Zəngəzurun həmin ərazisindəki
ermənilərə bəhs edilən
keşişin buraya qonaq gəlmiş Paşunyana, ölkənin
faktiki liderinə qarşı özü də bizim
üçün müqəddəs bir məkan olan kilsədə
bu cür davranışına necə qriymət vermələri
haqda sual etdilər. Sorğuda
iştirak edən
ermənilərin, demək olar ki, hamısı buna
mənfi münasibət bildirərək “Sünik” əhlinin
qonaqprəvər olmasını vurğulayıb. İstər
sovet dövründə, istərsə də son onilliklərdə
buraya gələn qonaqların və xüsusən dövlət,
hökumət adamlarının yüksək səviyyədə
qarşılandığı bildirilib. Növbəti dəfə
Sünikə gedəndə də Paşinyanı qovmağa cəhd
etdilər. Nikol
buna yenə dözdü. Və
yavaş-yavaş Zəngəzurdakı ermənilərin
Paşinyana qarşı olma tendensiyası zəiflədi. Paşinyanın tərəfdarları
Zəngəzurda onun təbliğatıyla bağlı xeyli
iş apardılar. Nəticədə
Sünikdəki seçki dairələrindən Paşinyan
üçün xeyli səs toplandı... Eks-prezidentlər Köçəryan və Sərkisyanın
tərəfdarları olan namizədlərə səsvermə
zamanı saxtakarlıqlara yol verildi. Ona görə
də bir neçə vəzifəli şəxs həbs
olundu.
Bir sözlə, hesab edirəm ki, son vaxtlar erməni cəmiyyətində
aqressivlik getdikcə səngiməyə başlayıb. Məsələn, əvvəllər
“Şuşi” yox, “Şuşa” sözünü işlədən
siyasətçi və deputatlara çox sərt reaksiya
verilirdi. Parlamentdə daimi komissiyalara üzvlər
seçilərkən, bir də görürdün, deyirlər
ki, filankəsi seçmək olmaz, o, bir dəfə
“Şuşi” əvəzinə “Şuşa” deyib.
İndi getdikcə kütlə və siyasi dairələr
üçün belə şeylər adiləşir...
- Görəsən,
Ermənistandakı və xüsusən Zəngəzurdakı
sadə ermənilərin özləri necə yanaşırlar
Naxçıvana yolun açılmasına?
- Bu
günlərdə erməni telekanallarının birində Zəngəzurdakı
1929-cu ilədək Zəngilan rayonuna aid olmuş Nüvədi eləcə də
qonşu Aldərə kəndləri haqqında bir süjetə
baxdım. Yadımdadır ki, 1988-1989-cu illərdə
həmin kəndlərin köçürülməsi
zamanı o vaxt Mərkəzi Komitənin katibi olan mərhum
Musa Məmmədovla birgə həmin kəndlərə mən
də getmişdim. Nüvədi camaatı
vuruşurdu ki, biz çıxmırıq. Onda kolxoz sədri kənddə 1000 nəfərdən
çox, 300-dən çox ailəlik azərbaycanlı əhali
olduğunu bildirmişdi.
İndi o kəndin erməni icra nümayəndəsi
jurnalistlərə bildirdi ki, Nüvədidə cəmi 143 erməni məskunlaşıb.
Qonşuluqdakı
Aldərədə isə bircə ailə
yaşayır. Jurnalist
həmin ailənin nümayəndəsindən soruşur ki, əvvəl
burada kimlər yaşayıb? Cavab verir ki,
azərbaycanlılar. Deyir, bəs bundan sonra azərbaycanlılar yenə
qayıda bilərmi buraya?
Erməni kəndli cavab verir ki,
özümün, dədə-babalarımın şahid
olduğumuza görə, son 100 ildə Aldərədən azərbaycanlılar
4 dəfə çıxarılıb, 4 dəfə də geri
qayıdıblar. Belə gedəcəksə, yəqin ki, 5-ci dəfə də
qayıdacaqlar...
Hökumətə
yaxın media, sanki erməniləri dolayısı ilə azərbaycanlıların
geri dönmə ehtimalı üçün
hazırlayır...
Mehrinin keçmiş dəmir yolu stansiyasında
reportajdan bəlli oldu ki, orada bircə ədəd köhnə
vaqon və bir neçə plakat
qalıb. Stansiyanın binasında da bir erməni
yaşayır. Dəmir yolu xəttindən
əsər-əlamət qalmayıb. Zəngilan
tərəfdən Naxçıvanadək hamısı
sökülüb. Məlum oldu ki, vaxtilə
ətraf ərazidə yaşayan ermənilərdən cəmi
30 faizə yaxını qalıb. İş
yeri olmadığından əksəriyyəti
köçüb. Sakinlərin sözlərinə görə,
1990-cı illərdə hərbçilər dəmir yolunun
rels və şpallarını söküb harasa
daşıyıblar. Deyiblər ki, prezidentin
tapşırığı ilə sökülür...
Bir
sözlə, belə nəticəyə gəlmək olur ki,
Ermənistanın hazırkı hökuməti sadə erməni
camaatını psixoloji cəhətdən Zəngəzur dəhlizinin
açılması və s. ilə bağlı yeniliklərə
hazırlayırlar... Onlara dolayısı ilə anladırlar
ki, artıq belə yaşamaq olmaz, qonşularla normal
dolanıb inkişaf etmək lazımdır...
- Yəni
belə çıxır ki, əgər Robert Köçəryan,
Serjik Sərkisyan və s. kimi
Rusiya və digər ölkələrin agentləri hakimiyyətə
gəlmək və s. məqsədlər üçün
aranı qızışdırmasalar, adi ermənilərin
çoxu Zəngəzur dəhlizinin və ümumiyyətlə,
Azərbaycan və Türkiyə ilə sülh münasibətlərinin
yaranmasına etiraz etməz...
-
Düzdür, müxalif liderlərin təbliğatı və
öz içlərində türklərə olan nifrət sayəsində
Zəngəzurdan yol açılmasına etiraz edənlər
xeylidir. O da var ki, yavaşca “Axı bu işlərin bizə,
Ermənistana da faydası olacaq, buradan dəmir yolu, avtomobil
yolu çəkilsə, burada stansiya tikiləcək, yeni iş,
qazanc yerləri açılacaq” deyənlər də
artır... Erməni kanalları Naxçıvan
və Zəngilan istiqamətindən Zəngəzur dəhlizinə
tərəf yolların çəkilib asfaltlanmasının
peykdən çəkilmiş kadrlarını nümayiş
etdirirlər. Və Zəngəzurdan keçəcək
41 kilometrlik yolun da, yəqin ki, müəyyən
razılaşmalar, müqavilələr əsasında çəkiləcəyini
bildirirlər. Naxçıvan
tərəfdən gələn asfalt yolun Ermənistan sərhədinə
çatan yerində bir neçə bina tikilib. Erməni müxbirlər
sual edir ki, bəs bu binalar hansı məqsədlə tikilib?
Bəlkə Ermənistanla Azərbaycan
arasında hansısa gizli razılaşma var? Sonda iki
versiya irəli sürürlər: “Əgər Zəngəzur
dəhlizi açılsa, orada gömrük məntəqəsi
olacaq. Yol açılmadığı halda isə həmin binalarda hərbi
hissə yerləşəcək”...
- Yəqin,
daha bundan sonra köçəryanların, sərkisyanların
başçılıq etdiyi Qarabağ klanı Paşinyana
qarşı ciddi bir iş görə bilməz?
-
Çox güman ki... Bilirik ki, Köçəryan
da, Sərkisyan da Moskvanın adamıdır. Kreml
1988-1990-cı illərdə onların vasitəsilə Azərbaycana
zərbə vurmağa çalışırdı. İndi hələlik belə bir məqsəd
olmadığından onların o qədər də rolu yoxdur.
Ona görə etiraz çıxışlarından başqa
Paşinyana qarşı heç nə edə bilməyəcəklər...
- Maksim
müəllim, bəs görəsən, Ermənistanın
oliqarxları Zəngəzur dəhlizinin açılmasına
necə baxırlar?
- Ermənistandakı
oliqarxlar hələ ki səslərini içlərinə
salıblar. Paşinyan
hələ 2018-ci ildə hakimiyyətə gələndən
onlardan çoxunun qanunsuz əməllərini, cinayətlərini
aşkarlayıb. Ermənistanda əsas oliqarx “Çiçəklənən
Ermənistan” partiyasının lideri Qagik Sarukyandır. Onun da səsi batıb. Hər dəfə
erməni idmançıları xaricdən qayıdanda
onların qarşılanmasında şəxsən iştirak
edir, onlara müxtəlif mükafatlar təqdim edirdi. Bu
günlərdə Tokiodakı olimpiadadan dönən
gümüş, bürünc medal almış erməni
idmançıları qarşılamadı...
Bilirsiniz, artıq Ermənistanda siyasətçi
oliqarx məfhumu getdikcə sıradan çıxmağa
başlayır. Paşinyan
hökuməti belə qəarar verib ki, ya siyasətlə məşğul
olsunlar, ya da bizneslə.. Belə nəticəyə gəlmək
olur ki, Sarukyansız Paşinyanın da vəziyyəti
yaxşı olmayacaq. Onun əlinin altında, şirkətlərində
azı 20 minə yaxın işçi var. Onları istənilən
vaxt hakimiyyətə qarşı qaldıra bilər... Sarukyan da anlayır ki, Paşinyanla
razılaşmasa, onun üçün də çətin
olacaq... Seçkilərdəki qələbədən və
parlament formalaşdıqdan sonra Paşinyan da özünü
inamlı hiss etməyə başlayıb. Belə getsə, hələ
xeyli müddət hakimiyyətdə qalacaq...
Sultan Laçın
Həftə içi.- 2021.- 12-18
avqust.- S.3.