Zəngəzur vaxtilə bütöv olub

 

Azərbaycanımız Ali Baş Komandanın iradəsi, qətiyyəti və rəşadətli ordumuzun gücü ilə son 30 ildə işğal altında qalan tarixi Qarabağ torpaqlarımızı vandal ermənilərin əsarətindən azad etdi. Bu gün Azərbaycan dövləti, xalqı özünün tarixi torpaqlarının müqəddəratı, millətinin öz dədə-baba torpaqlarına qayıdışı haqqında düşünür və o, Böyük Qayıdış üçün gələcəyinə məhz Zəngəzur dəhlizindən baxır... Bu istiqamətdə hafta.az-a müsahibə verən tarixçi alim Firdovsiyə Əhmədovanın araşdırmaları əsasında “Zəngəzur Dəhlizindən Tariximizə baxış” edəcək, bizi o torpaqlara çəkən milli-mənəvi, tarixi dəyərləri, bağlılığı unutqan dünyaya bir daha çatdıracağıq...

 

- Firdovsiyə xanım, bu gün belə bir fikir tez-tez önə çəkilir - “Azərbaycanın çoxəsrlik tarixində buna bənzər qələbə olmayıb”. Tarixə ekskursiya etsək, son əsrlər torpaqlarını itirə-itirə gələn Azərbaycan üçün, bir müsəlman dövləti üçün bu zəfər hansı dönüş nöqtəsi oldu. Nələrdən keçdik?

 

- 44 gün ərzində Azərbaycan torpaqlarının işğaldan azad olunması bu xalqın mübarizlik əzminin, torpaq itkisi ilə barışmayaraq əldə etdiyi dünya hərb tarixinə yazılacaq çox mühüm qələbəsidir, zəfərdir. Son iki əsr ərzində Azərbaycan torpaqları davamlı olaraq işğala, təcavüzə məruz qalıb. Bu gün Azərbaycan xalqının ərazi itkiləri ilə bağlı yaşadığı soyqırım, faciələr vaxtilə onun torpaqlarının bir imperiya tərəfindən işğal olunmasından başlayır. Demək olmaz ki, 19-cu yüz ildə Azərbaycan xalqı rahatlıqla bu işğalla barışıb. Həmin İrəvan torpaqları əzəli Azərbaycan torpaqları idi və o torpaqlarda sonradan bir erməni dövləti yaradılıb. Həmin torpaqlarda 19-cu yüz ilin ortalarında gedən savaş nəticəsində ən son işğal olunan xanlıqlar İrəvan və Naxçıvan oldu. Sonrakı dövrlərdə Azərbaycan xalqının bu istilaya qarşı üsyanları oldu. Amma 20-ci əsrin əvvəllərində elə bir vəziyyət yarandı ki, artıq Azərbaycanda milli hərəkat formalaşdı. Bu, Azərbaycan milli məfkurəsi, Azərbaycan Cumhuriyyəti adlanan bir milli dövlətin dünya siyasi xəritəsinə daxil olması ilə nəticələndi. Amma Cumhuriyyət dönəminə çar Rusiyasının qoyduğu ağır bir miras qalmışdı. Cənubi Qafqazın 150 min kvadrat kilometr ərazisində Azərbaycan əhalisi, Cənubi Qafqaz müsəlmanlarının əksəriyyətini Azərbaycan türkləri təşkil edirdi. Amma nə baş verdi. Müstəmləkəçilik siyasəti nəticəsində əzəli əhalinin yaşadığı ərazilər elə bir inzibati ərazi vahidləri arasında böldülər ki, bunlar yerli əhalinin – azərbaycanlıların rəhbər olduqları inzibati vahidlər deyildilər. Cumhuriyyət yarananda hansı əraziləri ki, milli respublikanın tərkibində görmək nəzərdə tutulmuşdu, ondan az ərazilərdə bizim respublikamız qurula bildi. Eyni zamanda İrəvan quberniyasının bir hissəsində də  erməni dövləti yaradılmış oldu. Azərbaycan hakimiyyəti baxmayaraq ki, yeni formalaşırdı, baxmayaraq ki, maliyyə baxımından çətinliyi var idi, həmin dövrdə ilk olaraq paytaxtı olan Bakı uğrunda qardaş Osmanlı dövlətinin hərbçiləri ilə birlikdə mübarizə apardılar. Bakı 1918-ci il sentyabrın 15-də azad olundu və Qafqaz İslam Ordusunun bir Qarabağ hərəkatı başlandı. Həmin dövrdə də ermənilər Qarabağ, Zəngəzur, Azərbaycanın bir sıra əraziləri ilə bağlı iddialarını davam etdirirdilər, təcavüzkar siyasət yürüdürdülər. Və xüsusən də Zəngəzur ərazisində Qarabağda Andranik, Njde, Dronun başçılıq etdiyi quldur dəstələri amansız qətliamlar törətmişdilər. Azərbaycan milli hökuməti təbii ki, diplomatik yolla mübarizəsini aparırdı. Amma 20-ci ilin yazında ermənilər çox geniş planla Qarabağ qiyamı təşkil eləmişdilər. Həmin dövrdə Azərbaycan ərazisində real qüvvə yox idi. Ona görə də 1920-ci ilin yazında Azərbaycanın gənc ordusu heç bir xarici qüvvənin köməyi olmadan, qısa müddətdə Qarabağda hakimiyyəti bərqərar edə biləcək uğurlu bir əməliyyat keçirdi.

 

- Ermənilərin yerlə yeksan etdiyi Azərbaycanın şəhər və kəndləri, dağıdılmış qəbirlər, məscidlər “ermənilərin qədim tarixə və mədəniyyətə malik olması, Qafqazda mədəniyyət ocağı olması” ilə bağlı mifləri necə dağıtdı?

 

- Ermənilər həmişə özlərini svilizasiyanın yaradıcıları, nümayəndələri kimi təqdim etməyə çalışırlar. Amma müasir, şüurlu bir insan bu gün Azərbaycan ərazilərində ermənilərin törətdikləri vəhşiliklərə baxanda onların hansı səviyyədə “mədəni xalqın” nümayəndələri olduğunu görür. Hansı mədəni xalqın nümayəndəsi bu vəhşiliyi edə bilər. İstər təbiətə, istər insanlara qarşı törədilən, insanlığa sığmayan qətliamı heç bir bəşər övladı eləməz ki, biz bunu qonşularımızdan gördük.   Bu, 100 il əvvəl də belə idi, indi də belədir. 1918-ci ilin yazında Şərqi Anadoluda, Cənubi Azərbaycanda, Cənubi Qafqazda müsəlmanlara qarşı ermənilərin törətdiyi soyqırımlar, 100 il sonra Xocalı və yaxud da 44 günlük savaş dövründə və savaşdan sonra törətdikləri vəhşiliyə baxaraq görürük ki, heç nə dəyişməyib. Eyni ssenari, eyni hiyləgərlik, eyni riyakarlıq davam edir. Ermənilər nəinki şifahi sözə, heç yazdıqları imzaya, sazişə belə əməl eləməyiblər. 1918-ci ilin mayında İrəvanın siyasi mərkəz kimi ermənilərə keçməsi müqabilində Qarabağın dağlıq hissinə iddia etməyəcəkləri öhdəliyini götürmüşdülər. Amma qısa müddətdən sonra geniş ərazi iddiaları ilə çıxış elədilər. 1919-cu il noyabrın 23-də tərəflər arasında saziş imzalandı ki, Zəngəzur ərazisindən qoşunları geri çəkəcəklər. Azərbaycan tərəfi qoşunları çıxartdı, ermənilər isə nəinki qoşunu çıxartmadılar, Zəngəzurun ərazisində böyük qətliamlar törətdilər. Orada ərazinin əsas hissəsi müsəlman azərbaycanlılarından ibarət idi, sadəcə Rusiyanın köçürülmə siyasəti nəticəsində  Zəngəzurda da erməni ailələri yerləşdirilmişdi. Bütün bunlara baxmayaraq demoqrafik baxımdan miqyasa gəlməyən üstünlük azərbaycanlılar tərəfdə idi. Amma elə bir situasiya yaratdılar ki, məhz Andranikin başçılığı ilə sovet illərində Zəngəzur ərazisində ermənilər demoqrafik vəziyyəti dəyişmək, torpaqları işğal etməklə yanaşı, eyni zamanda strateji baxımdan türk dünyasının bir-biri ilə əlaqəsini qırmaq üçün Zəngəzur ərazisini erməni hakimiyyətinə tabe etdirməyə nail olmuşdular. Ona görə də beynəlxalq səviyyədə ermənilərin hər hansı bir  sivil yolla hərəkət etməsi təcrübəsinin olmadığı müasir dövrümüzdə baş verən proseslər də özünü göstərdi. Ermənilər tərk elədikləri yerlərin təbiətinə divan tutdular, abidələrini məhv elədilər. Əgər bunlar özlərini sivil xalq hesab edirlərsə, özlərini Cənubi Qafqaza xristianlığı gətirən ilklərdən sayırlarsa, o zaman o monastırlara, alban abidələrinə tutduqları divanı nəylə izah etmək olar. Əgər sən bu yerləri özünün hesab edirsənsə, onda niyə orta əsrlərə mənsub olan “yandırılmış torpaq” taktikasından istifadə edirsən. Təbiətini yandırır, məzarlarını qazıb yox edirsən. Əgər sənin burda izin varsa, niyə onda öz izini məhv edirsən?

 

- Bəs necə olur ki, öz yalanları ilə dünyaya meydan oxuyur bu erməni?

 

- O yalanı təşviq edən, işləməsi mexanizmini dəstəkləyən, yönəldən qüvvələr də olub. Həmin qüvvələr bunu erməni xalqına canı yandığı üçün eləməyib. Ermənilərdən bir alət kimi istifadə olunub. Osmanlı imperiyası dönəmində ermənilər “sakit millət” elan olunmuşdu. Ermənilərə ən yüksək status verməklə hörmətli bir münasibət göstərilmişdi. Bunun müqabilində Osmanlı dövlətini parçalamaq istəyən qüvvələr dini-etnik amildən istifadə etmək üçün bir alət kimi ermənilərdən istifadə edilib. Erməni millətçiləri də özlərinin sayqı gördükləri bir dövlətə qarşı ölkə daxilində ikinci bir cəbhə təşkil elədilər, hətta bu hakimiyyətə qarşı terror törətdilər. Biz ermənilərin zaman-zaman Azərbaycan torpaqlarından nəsə qoparmaq niyyətində olduğunu görmüşük. Bunun aktiv şəkil alması isə 19-cu əsrdən başlayır. 19-cu əsrdə Qafqazda müsəlman sərhədləri çərçivəsində bir xristian dalanı yaratmaq istəyən Rusiya imperiyası osmanlı, İran və Cənubi Qafqazın hüdudlarından erməniləri bizim ərazilərə köçürdülər. Erməni separatizmi artıq 19-cu əsrin sonlarında Qafqazda özünü açıq biruzə vermişdi.

 

- Biz qalibik və Prezident İlham Əliyev çıxışlarında deyir ki, “biz Zəngəzurda yerləşmişik və orada möhkəmlənirik. Bu, bizim torpağımızdır” və “Biz harada lazım bilsək, orada da duracağıq”. Bu fikirlərin gücü və qətiyyəti hansı tarixə, kökə əsaslanır, söykənir?

 

- Prezidentin dediklərinin tarixi əsası var. Çünki Zəngəzur zaman-zaman Azərbaycan ərazilərində mövcud olmuş dövlətlərin ərazisində olub. Cumhuriyyət dönəmində isə nəinki Zəngəzur, heç Qarabağla bağlı hər hansı mübahisə görünmürdü. Bu torpaqları əzəli Azərbaycan torpaqları idi. Ona görə də hökumət başçısı Nəsib bəy Yusifbəyli də çıxışlarında deyirdi ki, bizim Qarabağ xüsusunda hər hansı bir mübahisəmiz yoxdur. Bu torpaqlar birmənalı şəkildə Azərbaycanındır. Xosrov Paşa Sultanovun başçılığı ilə xüsusi bir Qarabağ general Qubernatorluğu yaradılmışdı və Zəngəzur da onun tərkibində idi. Ona görə də 1920-ci il Azərbaycan Cumhuriyyəti işğal nəticəsində devrildi sonra qonşu erməni ərazisindəki daşnaq hökuməti sovetləşmək niyyəti ilə Azərbaycan torpaqları üzərindən möhtəkirlik etdi. Və Azərbaycan sovet hökumətinin başçısı Nərimanov davamlı olaraq Şərur, Dərələyəz, Ordubad, Naxçıvan, Qarabağ, Zəngəzurun əzəli Azərbaycan torpaqları olduğunu birmənalı şəkildə Rusiya hakimiyyəti qarşısında qoyurdu. Belə bir paralel aparmaq olar. Bugünkü Ermənistan hakimiyyəti, dünənki himayədarı, indi də onu öz cazibəsinə çəkmək istəyən Rusiyadan üzünü çevirib Qərbə meyllənir. Bunun müqabilində isə Rusiya onu yenidən öz ağuşuna çəkmək üçün bir sövdələşmə prosesinə başlayıb. 20-ci ildə də eyni məsələ idi. 20-ci ildə də Daşnaq hökumətini Antanta qanadından ayırıb öz nüfuzuna çəkmək üçün noyabrda bir sovet hökuməti elan edildi. Bundan sonra artıq Azərbaycan ərazisi olan Zəngəzurun bir hissəsi Azərbaycan adından Ermənistana “hədiyyə” edildi. Ona görə bu gün Prezident “Şərqi Zəngəzur”, Qərbi Zəngəzur sözlərini işlədir. Bunun tarixi əsası ondan qaynaqlanır ki, vaxtilə bütöv bir Zəngəzur olub və o da Azərbaycan qəzası olub. Zəngəzur qəzası Gəncə Quberniyasının tərkibində idi. Əhalisinə və ərazisinə görə ən böyük qəzalardan biri idi. Amma 20-ci ildə onun dağlıq hissəsi Azərbaycan xalqının iradəsi əleyhinə olaraq ermənilərə verildiyinə görə Azərbaycanda qalan hissəsini bu gün Şərqi Zəngəzur adlandırmaqla Prezident açıq mesaj verdi ki, Zəngəzurun şərqi varsa, Qərbi də var. O Qərb də Azərbaycanın iradəsi əleyhinə ermənilərə verilmiş torpaqlardır. Azərbaycan xalqının həmin torpaqlara qayıtmaq haqqı həm tarixi əsasa, həm mənəvi əsasa söykənir, siyasi baxımdan da bu gün aktualdır.

 

Bu gün Azərbaycan müstəqildir, öz iradəsinə özü sahibdir və Azərbaycan hakimiyyəti xalqın iradəsini təmsil edərək, vaxtilə onun iradəsi əleyhinə ermənilərə verilmiş torpaqların geri qaytarılması və Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi yönündə haqlı davasını aparır.

 

- İstərdim Qaragöl və ətraf bölgələrin vaxtilə ermənilərin nəzarətinə keçməsinin tarixinə diqqət çəkəsiniz. Qaragölün ermənilərin nəzarətinə verilməsi hansı sənədlər əsasında verilib?

 

- Sovet hakimiyyəti illərində Məhəmməd Əmin Rəsulzadənin gözəl bir ifadəsi var. O deyir ki, Rusiya hökuməti üçün önəmli deyildi ki, bu torpaq ermənidədir, gürcüdədir, yaxud azərbaycanlıdadır. Yetər ki, hamısı özünün nəzarəti altında olsun. Ona görə də sovet hakimiyyəti illərində çox zaman yaylaq, qışlaq məsələsi ilə bağlı Ermənistan SSR, Azərbaycan SSR arasında müəyyən ərazilər yenə də rəsmi olaraq, sənədləşdirilmədən mərkəzi qüvvələrin dəstəyi altında bu və ya digər şəkildə ermənilərin də faydalanması, istifadəsi üçün verilirdi. Amma bu o demək deyildi ki, rəsmi olaraq ermənilərin nəzarəti altındadır. Ona görə də 70 il ərzində Azərbaycanın iradəsi əleyhinə hansısa partiya sərəncamları ilə Azərbaycandan qoparılmış torpaqların geri alınması üçün bu gün mütləq mənada iddia qaldırılmalıdır. Çünki bu torpaqlar sovet hakimiyyəti dövründə qanunsuz olaraq mərkəz tərəfindən dəstəklənərək ermənilərə istifadəyə verilmişdi. Bu, partiya qərarları ilə edilirdi və bu da bizim üçün hüquqi statusa malik deyil. Azərbaycan respublikası müstəqilliyini elan edəndə özünü Azərbaycan Xalq Cumhuriyyətinin varisi elan edib. Cumhuriyyətin torpaqları isə birmənalı şəkildə mübahisəsiz 114 min kvadrat kilometrdir. Bu gün biz BMT səviyyəsində tanınmış 86-6 min kvadrat sərhədimizin tam olaraq bərpa olunması, vaxtilə xalqımızın iradəsi əleyhinə verilmiş torpaqlarn geri qaytarılması üçün zəmin qururuq. Bu, erməni hakimiyyətinin bugünükü davranışından qaynaqlanır. Məğlub ermənilərin imzaladıqları kapitulyasiya aktına riayət etməmələri, yenidən təcavüzkar hərəkətlərini davam etdirmələri əsas verir ki, kompensasiya olaraq Azərbaycan ərazisinə dəymiş zərər, Azərbaycan xalqının mənəvi, cismani baxımından yaşadıqlarının müqabilində beynəlxalq səviyyədə araşdırılsın və təzminat olaraq vaxtilə ona məxsus ərazilərin də qaytarılması məsələsi öz həllini tapsın.  Zəngəzur dəhlizinin açılması məsələlsi də məhz elə ermənilərin sənəddə qoyduğu imza ilə təsbit olunub. Bundan geri çəkilmək isə Azərbaycan tərəfindən danışıqlar masasında yox, yeni zəfərlə nəticələnə biləcək əməliyyatın keçirilməsinə əsas verə bilər.

 

- Prezident deyir ki, “Zəngəzur və Göyçə mahalından zorla qovulan vətəndaşlarımızın tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar”. İstərdim tarixə baxış edək ki, bilməyənlər də bilsin. Azərbaycanlılar Zəngəzur və Göyçə mahalından hansı mərhələlərdə qovulublar?

 

- 100 ilə nəzər salsaq, 1905-6-cı illərdə həmin adını çəkdiyiniz ərazilərdə və ondan da geniş coğrafiyada Azərbaycan xalqı o vəhşəti yaşıyıb. 1918-20-ci illərdə İrəvan quberniyasının xeyli hissəsi Azərbaycan Cumhuriyyətinin nəzarəti altında qalmışdı. Və sərhəd Göyçə gölünün ortasından keçirdi. 20-ci ildə xüsusi bir qərar verilmişdi ki, Şəmkir qəzasının yaradılması ilə bağlı Göyçə gölünün ətrafında 34 kəndin daxil olduğu ərazidə bir qəza yaradılsın. Stalin buna imkan vermədi. Ona görə də 20-ci ildə daşnaq hökuməti ilə olan sövdələşmə Göyçə ətrafnda Azərbaycan hakmiyyətindən çıxmasına gətirib çıxardı. 1948-53-cü illərdə isə Ermənistan SSRİ-də yaşayan azərbaycanlıların deportasiya olunması, azərbaycanlıların sıxışdırılmasına gətirib çıxartdı. Sonuncu mərhələdə 1988-ci ildən başlayaraq 300 minə yaxın azərbaycan türkləri ordan qovuldu. Hesab edirəm ki, o məsələ də qaldırılmalıdır ki, Göyçə Zəngəzur ərazisində azərbaycanlılara muxtariyyat statusu verilsin. Azərbaycanlılar o statusda öz torpaqlarına qayıtsınlar.

 

 

 

 

Firdovsiyə Əhmədova

 

 

 Həftə içi.- 2021.- 19-25 avqust.- S.3.