Sənət dostlarım

Prezidentə müraciət edib

 

Əfsanəvi «Qarabağ bülbülləri» kollektivinin yaradıcısı və bədii rəhbəri Murad Rzayevin 75 yaşı tamam oldu. Ömrünün 50 ildən çoxunu mədəniyyətimizin, milli musiqimizin, muğamımızın inkişafına həsr edən sənətkar bu günə qədər fəxri ad almayıb. Onun bəstələdiyi  “Bayatı-Şiraz” improvizasiyası Azərbaycan musiqisinin himni adlandırılır. Bu il, həm də «Qarabağ bülbülləri» kollektivinin yaranmasının 50 ili tamam olur. Hər iki yubileylə bağlı Murad Rzayevlə söhbətləşdik:

 

Murad müəllim, özünüzü oxucularımıza necə təqdim edərdiniz...

– Mən –  Murad Yunis oğlu Rzayev 1947-ci il dekabrın 7-də Ağdam rayonunda anadan olmuşam. Orta təhsilimi Ağdam şəhər 3 saylı məktəbdə almışam. Ağdam teatrında fəal iştirak etmişəm. Daha sonra Musiqi Texnikumuna sənədlərimi verdim və qəbul olundum. Musiqi Texnikumunda təhsilimi başa vurduqdan sonra, Cənubi Qafqaz komsomol məktəbinə daxil oldum. Ali təhsilimi isə Üzeyir Hacıbəyov adına İncəsənət Universitetinin Mədəni-maarif fakültəsində davam etdirdim. İlk əmək fəaliyyətimə Güllücə kəndində fəhlə kimi başlamışam. Sonralar Mədəniyyət evində bədii rəhbər olmuşam. 1970-ci illərdən başlayaraq, 50 ilə yaxın dövrdə Ağdam Uşaq Yaradıcılıq Mərkəzinin direktoru işləmişəm.

İlk yaradıcılıq gecəm Ağdam Mədəniyyət evində keçirilib. Bu tədbirlər 2007 və 2012-ci illərdə Mahnı Teatrında təşkil edilib, telekanallar vasitəsilə nümayiş olunub. Orada tanınmış insanlar, sənət adamları, millət vəkilləri iştirak edirdilər. “SSRİ Maarif xadimi”, “Respublikanın maarif xadimi”, “İlin müəllimi”, “Ustad sənətkar”, “Əmək veteranı”və s. adlara layiq görülmüşəm. Neçə-neçə beynəlxalq festivalın laureatı  adını  qazanmışam. Bu il mənim 75,  «Qarabağ bülbülləri» ansamblının isə 50 yaşı tamam olur. 

– «Qarabağ bülbülləri» ansamblı necə yarandı?

- Uşaq Yaradıcılıq Mərkəzində işlədiyim dövrdən həmişə bir kollektiv yaratmağı arzulayırdım. 1971-ci ildə, nəhayət, "Qarabağ bülbülləri" adlı kollektivi yaratmağa nail oldum. Bu kollektiv qısa zamanda böyük şöhrət qazandı. Onun haqqında çoxlu kitab yazılıb, filmlər çəkilib. "Qarabağ bülbülləri", "Əks-səda", "Uzun ömrün akkordları", "Qaçaq Nəbi", "Azərbaycan - 60", "Mən mahnı qoşuram", "Qalib səs", "Nəğməkar torpaq" və s. bədii və sənədli filmləri qeyd edə bilərəm. Anarın, Sabir Rüstəmxanlının, Nüsrət Kəsəmənlinin, Surxay Əlibəylinin, Məleykə Göyçəlinin, Elnur Baxışın, Ramiz Heydərin, Germanın kitablarında bizim haqqımızda yazılıb.

- «Qarabağ bülbülləri» ansamblının yetirmələrindən kimlərin adlarını qeyd edə bilərsiniz?

-  "Qarabağ bülbülləri"nin üzvləri olan çoxsaylı məşhur xanəndə və müğənnilərimiz var. Onların sırasında Xalq artistləri Aygün Bayramova, Nəzakət Teymurova, Cabir Abdullayev, Feyruz Səxavət; Əməkdar artistlərdən Teymur Əmrah, Sevinc Sarıyeva, Ramiz Paşayevin adlarını çəkə bilərəm. Həmçinin muğam müsabiqəsinin laureatlarından Murad Laçınlı, Səma Sultan, Zülfiyyə Cəbrayılzadə, Dürdanə Keytiyeva, Ülkər Orucova da "Qarabağ bülbülləri"nin yetirmələridir. Tanınmış müğənnilərdən Xatun, Tacir Şahmalıoğlu, Nihat Məlikli kimi adları da qeyd edə bilərəm.

- Ansamblın uğurları haqqında danışardınız...

- “Qarabağ bülbülləri” ansamblı yarandığı dövrdən bir çox ölkələrdə, o cümlədən keçmiş SSRİ-yə daxil olan 15 respublikanın hər birində konsert proqramları ilə çıxış edib. Həmçinin Almaniya, Bolqarıstan, İranda da konsertlərimiz olub. Moskvanın məşhur Qurultaylar sarayında da dəfələrlə çıxış etmişik. Bu çıxışlar gurultulu alqışlarla qarşılanırdı. Həmin zalda Sov.İKP MK-nın  Baş katibi L.İ. Brejnev qarşısındakı çıxışımız yaddaqalan idi. Konsert proqramlarının ən yaxşı hissəsinə çıxışlarımızı salırdılar.

- Bu gün Azərbaycan muğamına göstərilən diqqətdən razısınızmı?

- Sovetlər dönəmində muğamımızı təbliğ etmək çox çətin idi. Konsertlərə gedəndə həmişə bizə deyirdilər, ancaq mahnı oxuyun, muğam ifa etməyin. Məşqlərdə onların dediyi kimi, çıxışları hazırlasam da, səhnəyə çıxanda arada muğam ifasına yer verirdim. Bu hərəkətimə görə danlansam da, muğamımızın təbliği üçün bacardığım qədər səy göstərirdim.  Kremldə Azərbaycandan ən çox çıxış edən «Qarabağ bülbülləri» olub. SSRİ-nin Böyük Teatrında, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Rəşid Behbudov, Müslüm Maqomayev, Zeynəb Xanlarova ilə birlikdə çıxış etmişik. Bəzən elə olurdu ki, onlar dəvət olunmurdu, ancaq biz çıxış edirdik. Orada olarkən Azərbaycan haqqında soruşduqda bir çoxu ölkəmizi tanımırdı. Ağdam, «Qarabağ bülbülləri» deyəndə hamı bizi və ölkəmizi tanıyırdı. Müstəqillik qazandıqdan sonra isə muğamın yenidən dirçəlməsi, onun yaşadılması və tanıdılması, təbliği Birinci vitse-prezident Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Onun muğam sənətinin inkişafı ilə bağlı müstəsna xidmətləri nəticəsində gənc nəslin unudulmaqda olan muğam sənətimizə sevgisi daha da artdı. Neçə illərdir, güclü səslərə malik muğam ifaçılarının müsabiqəsi təşkil olunur. Bu müsabiqələrdə qeyd etdiyim kimi, bizim də yetirmələrimiz iştirak edir.

- Ağdama, Şuşaya səfər etməyi planlaşdırırsınız?

- Bu illər ərzində həmişə doğma Ağdamımızda, Şuşada konsert proqramları ilə çıxış etməyi arzulamışıq. İndi bu arzumuz artıq reallaşır. Ağdama da, Şuşaya da sərbəst səfər etmək imkanlarımız var. Allah cənab Prezident İlham Əliyevə uzun ömür, cansağlığı versin. Ümummilli lider Heydər Əliyev hər zaman mənə böyük diqqət və qayğı göstərib. Heydər Əliyev ovaxtkı Lenin adına sarayda hər konsertdən sonra mədəniyyət xadimləri ilə görüşündə bir masa arxasında oturanda məni hər zaman öz yanında əyləşdirirdi. Deyirdi ki, «Qarabağlı, gəl mənim yanımda əyləş».  Ulu Öndər «Qarabağ bülbülləri»ni həddən artıq çox istəyirdi.

- üçün fəxri ad ala bilmirsiniz...

- Əgər Ümummilli Lider sağ olsaydı,  çoxdan fəxri ada layiq görülmüşdüm. İndi bu məsələdə mənə bir az ögey münasibət göstərilir.  Mədəniyyət Nazirliyinə ünvanladığım müraciətlərə 15-ə qədər cavab gəlib. Hamısında da gələn dəfə fəxri adlar veriləndə nəzərə alınacağı qeyd olunur. Neçə illərdir ki, fəxri adlar veriləndə nədənsə diqqətdən kənarda qalıram. SSRİ dövründə müxtəlif adlara layiq görülsəm , müstəqillik illərində mədəniyyətimizin inkişafındakı xidmətlərim nəzərə alınmayıb.

İyirmi günə yaxındır, bir çox mədəniyyət xadimi, deputatlar  75 illik yubileyimlə bağlı fəxri ad verilməsi üçün Prezidentə müraciət ediblər. Bu müraciətin cavabını gözləyirik.

Həmişə deyirdim ki, Şuşa qayıtsın, orada konsert verək. Səhhətimlə bağlı Şuşaya gedə bilmədim. Bununla belə, Şuşadakı festivalda ilk olaraq mənim bəstələdiyimBayatı-Şirazimprovizasiyası səsləndi. Daha sonra Prezident çıxış etdi. Özüm gedə bilməsəm , Şuşaya sənətim gedib.

Azərbaycan muğam tarixində ilk improvizasiyanı mən etmişəm. Aqil Abbas deyirdi ki, “Bayatı-Şirazimprovizasiyası Azərbaycanın misiqi himninə çevrilib. Bir çox bəstələrimi İlhamə Quliyeva, Flora Kərimova, Mirzə Babayev, Zöhrə Abdullayeva, Oqtay Ağayev kimi Xalq artistləri ifa ediblər. Mənim ən uğurlu işimBayatı-Şirazimprovizasiyasıdır. Azərbaycanın bütün tədbirlərində bu parça səsləndirilsə , çoxu onun mənim əsərim olduğunu bilmir. Hazırda tələbələrim incəsənət mərkəzlərində ustad, müəllim kimi fəaliyyət göstərirlər.

 

Azad Əliyev

 

Həftə içi.- 2021.- 9-15 dekabr.- S.7.