Füzulidən Daşaltıya,
Daşaltıdan Şuşaya...
Şəhid polkovnik Raquf Orucovun
keçmiş əsgəri,
Vətən müharibəsi
iştirakçısı Anar Heydərovun döyüş
yolu
Qəhrəmanlıq salnamələri
ilə zəngin olan 44 günlük Vətən müharibəsi
Azərbaycanın ictimai həyatı üçün
xüsusi önəm daşıyan mühüm bir məqamı
da üzə çıxardı. Məlum oldu ki, Azərbaycan
xalqı, xüsusilə gənclər lazım olan anda bir
yumruq ətrafında birləşə və məğlubedilməz
gücə çevrilə bilir. Məhz bu birlik və həmrəylik
Ali Baş Komandanın dediyi kimi, dəmir yumruğa çevrilərək
Azərbaycan xalqına zəfər qazandırdı.
Əslində hər şey iyulun
12-də işğalçı Ermənistanın Tovuzda
törətdiyi təxribatla başlamışdı.
İşğalçı ölkə dövlət sərhədlərindən
hücuma cəhd göstərərkən general-mayor Polad Həşimovun
və polkovnik İlqar Mirzəyevin şəhid olması Azərbaycan
xalqınını səbrini daşırdı, gənclər
böyük coşqu ilə orduya dəstək aksiyalarına
başladı, cəbhəyə yollanmaq üçün
kütləvi şəkildə Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin (SHXÇDX) rayon şöbələrinə
axışdı. Elə həmin günlərdə
SHXÇDX-yə mürasciət edərək
könüllü kimi ön cəbhəyə yollananlardan biri
də 25 yaşlı Anar Heydərov idi. Onun Füzulidən
başlayan döyüş yolu Xocavənddən, məşhur
Daşaltı kəndidən,
Qarabağın baş tacı olan Şuşa şəhərindən
keçdi.
TANITIM:
Heydərov Anar Çingiz oğlu
1995-ci il aprelin 17-də Bakı şəhərində anadan
olub. 2011-ci ildə Bakının Səbail rayonunda fəaliyyət
göstərən Zəngilan rayon orta 10 saylı məktəbi
biririb. 2015-2016-cı illərdə Azərbaycan Dənizçik
Kolleçinin Gəminin idarə olunması və təşkili
fakültəsində təhsil alıb. 2013-2014-cü illərdə
Ağdamda həqiqi hərbi xidmətdə olub.
O, hərbi
xidmətini Ağdamın Orta Qərvənd kəndinə əfsanəfi
kəşfiyyatçı, şəhid polkovnik Raquf Orucovun
komandiri olduğu hərbi hissədə keçib. 2016-cı ilin “Aprel
döyüşləri”ndə şəhid olmuş Raquf Orucovu
şəxsən tanıyırdı, onun döyüş xatirələri,
işğal altındakı Ağdamda anasının qəbrini
ziyarət etdiyini də eşitmişdi. Raquf Orucovla
bağlı bir xatirəsini də xatırlayır: “Bizm
postlarımızı həmişə Raquf Orucov özü
yoxlayırdı. Bir dəfə əsgərlər maaş
alanda postda təmizlik işləri aparmaq üçün
öz pulumuzla xlor almışdıq. Beş ədəd litrlik
xloru qazana töküb işə başlayarkən hərbi
hissə komandiri Raquf Orucov, qərargah rəisi polkovnik-leytenant
Elsevər Əhmədov və təlim-tərbiyə işləri
üzrə müavin mayor Çingiz Mehdiyev gəldilər.
Gördülər ki, xlor əlimdə qazanın içərisinə
boşaldıram. Raquf Orucov nə etdiyimi soruşdu, cavabı
eşidəndən sonra manqa komandiri kimi belə bir təşəbbüs
göstərdiyimə görə məni bağrına basaraq
öpdü...”
Anar
Heydərov hərbi xidməti başa vurduqdan sonra Bakıda
müxtəlif ticarət obyektlərində satıcı
işləyib. Ailədə iki qardaşdırlar, Anar həm də
evin kiçiyidir. Subaydır, Bakıda kirayə mənzildə
yayaşır.
Polad Həşimovun şəhadətinin
3-cü günü...
Ermənistanın
ötən yay Tovuzda törətdiyi təxribatlar zamanı
Anar Heydərov könüllü kimi cəbhəyə yollanmaq
üçün SHXÇDX-nin Səbail rayon şöbəsinə
müraciət edib. Bu, general Polad Həşimovun şəhadətə
qovuşmasının 3-cü gününə təsadüf
etmişdi. Orada ona “Könüllü
döyüşçülərə hələ ehtiyac yoxdur,
lazım olsa çağıracağıq”- deyə,
bildirmişdilər. Oktyabrın 5-də isə SHXÇDX-nin Səbail
rayon şöbəsindən gələn
çağırış əsasında Anar Heydərov bir
qrup könüllü gənclərlə birlikdə cəbhəyə
yollanıb.
“Bizi
əvvəlcə Ağcabədiyə apardılar, oradan isə
döyüşə göndərdilər. Oktyabrın 13-14-də
Ağcabədidən Füzuli istiqamətinə apardılar.
Hadrut yolu ilə getdik, Füzuli şəhərində,
Alıxanlı, Qaraxanbəyli, Aybasanlı və digər kəndlərin
azad olunması uğrunda döyüşdük. Oradan isə
gecə ilə Xocavəndin Tuğ kəndinə, bir neçə
gündən sonra Şuşaya – Topxana meşəsinə
getdik” – deyə, gənc döyüşçü bildirir.
Qruplara
bölünərək “Topxana” meşəsinin ortasından
keçərək Daşaltı kəndinə doğru irəliləyən
döyüşçülər bölük komandiri Amil
Hüseynovun rəhbərliyi altında keçilməz yollarla
döyüş mövqelərini tutmalı idilər. Baş
gizir Əhməd, snayperçi Nəzərli İlkin, gizir
Vasif Cəfərli və daha bir neçə
döyüşçünün olduğu birinci qrup qabaqda
gedirdilər. Anar Heydərovgilin qrupu isə bir qədər
arxada irəliləyirdi. Düşmən hər tərəfdən
Azərbaycan ordusunun mövqelərini atəşə tuturdu. Sərt
dağlıq ərazilər, soyuq iqlim şəraitində
Daşaltıya enmək o qədər də asan deyildi: “O
cür yollarla irəliləmək çox çətin idi. Həm
də düşmən sağımızı-solumuzu vururdu. Hətta
orada itkilərimiz də oldu, şəhid və yaralananlar
vardı. Amma biz nəyin bahasına olursa-olsun,
tapşırığı yerinə yetirilməli, lazım
olan mövqeləri tutmalı idik. Bölük komandirimiz Amil
Hüseynov yüksəklikdə erməni barağını PK
ilə vuraraq dağıtdı. Sonradam onu özü də
Xankəndi yolunun üstündə ayağından
yaralanmışdı. Biz dağa çıxanda gördüm
ki, döyüş yoldaşlarımız onu da özləri ilə
çıxarıblar. Yəni, hamı bir-birinə kömək
edirdi. Mən fəxr edirəm ki, elə bir komandirin
bölüyündə xidmət etdim. Cox mehriban
döyüş yoldaşlarım vardı, hamı bir-birinə
ruh verirdi, “Hər şey yaxşı olacaq” deyə bir-birini
döyüşə ruhlandırırdı”.
Anar
Heydərovla eyni tağımda xidmət edən snayperçi
İlkin Nəzərli həmin vaxt qarın boşluğunun
yuxarı hissəsindən yaralanmışdı. Beyləqanlı
döyüşçü, çavuş Bəyişli isə
Anarın lap yaxınlığında düşmən
gülləsinə tuş gəlmişdi.
“Çox
mehriban oğlan idi, boş vaxtlarımızda dərdləşirdik.
Həmişə deyirdi ki, müharibə bitən kimi evlənəcəyəm.
Amma onun da arzusu gözündə qaldı, şəhidlik zirvəsinə
ucaldı” – deyə, Anar Heydərov Beyləqan rayonundan olan
çavuş Bəylini ehtiramla xatırlayır.
Göyçaylı
Qüdrət də Anarın yanında şəhid olmuşdu.
Ermənilər Azərbaycan əsgərlərini minomyotla atəşə
tutarkən Qüdrət düşmənin hədəfindən
yayınmaq üçün aşağı əyilsə də,
özünü qoruya bilməmişdi. Arxaya çəkilən
zaman atılan növbəti güllədən sonra əbədiyyətə
qovuşmuşdu.
Erməniləri
qorxuya salan “Allahu Əkbər” sədaları...
Hərbi
bölmələrimiz çətinlik bahasına olsa da,
“Topxana” meşəsindən keçib Daşaltı kəndinə
daxil ola bilmişdi. Amma kəndin girişində
işğalçıların cəhrayı boya ilə rənglənmiş
abidəsi önündə hansısa bir canlanmanın
olduğu onların diqqətindən
yayınmamışdı. Hamı yerə uzanaraq ətrafı
diqqətlə müşahidə etməyə başlayır.
Leytenant Fərid Əliyev, gizir Elşad, Orxan Məmmədov
döyüşçüləri tələsik addım
atmamağı tövsiyə edir. Elə bu vaxt düşmən
minomyotla onları atəşə tutur. Qızğın
döyüş başlayır, əsgərlərdən biri
yaralansa da, hərbi bölmələrimiz döyüşə-döyüşə
Daşaltının mərkəzinə doğru irəliləməyə
çalışır. Düşmən əsgərlərinin
gizləndiyi mövqelər lap yaxınlıqda idi – cəmi
100-120 metrlik məsafədə. Buradan ermənilərin
çoxlu itkilər verdiyi aydın görünürdü,
abidənin ətrafı yaralılarla dolu idi. Düşmən
Azərbaycan ordusunun hücumları qarşısında tab gətirməyərək
qaçmağa başlamışdı. Anargilin
bölüyü döyüş mövqelərini tərk edib
qaçan ermənilərin arxasına düşüb
onları təqib edir, daha çox itkilərə mərz
qoymağa çalışırdı. Məqsəd
düşmənin bütün canlı qüvvəsini məhv
etmək idi.
“Qaçan
erməniləri təqib edərkən ətrafdakı yüksəkliklərdən
minomyotla bizi vurdular. Yəqin onları tamamilə məhv edə
biləcəyimizi başa düşmüşdülər, həmin
istiqaməti aramsız atəşə tuturdular. Buna görə
də biz istiqamətimizi dəyişib dağa tərəf
qalxdıq. Biz ermənilərin nə qədər qorxaq
olduğunu burada bir daha gördük. “Allahu Əkbər” sədaları
altında düşmənin üzərinə
şığıyırdıq, onlar isə “Allahu Əkbər”
sözlərini təkrarlamaqla guya, Azərbaycan əsgərləri
olduqlarını hiss etdirmək, qaçıb canlarını
qurtarmaq üçün imkan qanmaq istəyirdilər. Hər dəfə
“Allahu Əkbər” sədaları ilə hücuma keçəndə
düşmənin necə təşvişə
düşdüyünü, qorxub qaçdıqlarını
görürdük...” – Anar Heydərov böyük iftixar hissi
ilə danışır.
"Silahdaşlarla
birlikdə olmaq başqa bir hissdir”
Noyabrın 6-da gecə ikən Daşaltıdan
çıxıb 2-3 saata qədər çayın içərisi
ilə Şuşaya doğru irəliləyən bölük
Xankəndi yolunun yaxınlığında düşmənin
qəfil həmləsi ilə qarşılaşır. Ermənilər
hər tərəfdən minomyotla atəş açır, Azərbaycan
ordusunun irəliləməsinin qarşısını
almağa çalışırdı. Anargilin
bölüyü həmin döyüşlərdə ikti versə
də, namla irləliyir, döyüş
tapşırığını yerinə yetirmək və
müəyyən edilmiş hədflərə çatmaq
üçün vuruşmaqda davam edirdi. Həmin
döyüşlərdə Anar Heydərov da yüngül xəsarət
almışdı. Amma o, yaralandığını
keç kəsə deməmiş, bunu gizlətməyə
çalışımışdı: “Orada zabitlər
vardı ki, qolunun yarısını güllə sivirib
qoparmışdı, sümüyü görsənirdi. Bununla belə, yarasının üstünü
bağlayıb döyüşə davam edirdi.
Bölük komandirimiz ayağından yaralansa da, “Mən
yaxşıyam, heç kim narahat
olmasın!” deyib onu döyüş zonasından
çıxarmağa çalışan əsgərlərin
köməyindən imtina edir, “Mən özüm gələcəyəm,
siz mümkün qədər irəliləyin” söyləyirdi
(İndi –həmin komandir qoltuq ağacı vasitəsilə
yeriyir – müəl.) Amma
döyüşçülər yaralı komandirə kömək
edərək onu təhlükəli zonadan çıxara
bilmişdi. Səhərəyaxın
çayın içərisi ilə irəlləyib Xankəndi
yoluna çatanda ermənilər kasetli bomba atdı, ardınca
BTR-lərin köməyi ilə hücuma keçdilər.
İtkilərimiz olsa da, mövqelərimizi
qoruyub saxlaya bildik, düşmən qaçmağa məcbur
oldu. Biz Xankəndi yolunun üzərindəki
“Şuşa” istirahət mərkəzinin
yaxınlığında ələ keçirilmiş postunda
möhkəmləndik. Ertəsi gün erməni
snayperləri bizi atəşə tuturdu. Ancaq
snayperin hansı istiqamətdən atıldığını
müəyyən etmək çətin idi. Döyüşçü yoldaşlarımızdan
bir neçəsi aşağıdakı bulağın
yanına enərək düşmənin yerini müəyyənləşdirmiş,
biri qadın olmaqla 4 erməni snayperçisini yerindəcə
məhv etmişdi”.
Anar Heydərov
hərbi hissə komandirinin təlim-tərbiyə işləri
üzrə müavini leytenant Şamxal Əliyevi da ehtiramla
xatırlayır: “Şamxal Əliyev döyüşə girəndə
bizi əli ilə arxaya itələyirdi ki, qabaqda mən gedəcəyəm.
Eynilə bölük komandirimiz kimi. İlkin Nəzərli, gizir Vasif Cəfərli
(müharibədən sonra Ali Baş Komandanın sərəncamı
ilə ona leytenant rütbəsi verilib) isə zarafatla deyirdi
ki, sən subaysan, məndən qabaqda getmə. Çox sağ olsun, hər biri balaca qardaşı qədər
qayğıma qalır, çətinliyə düşəndə
köməklik edirdilər. İndi təəssüratlarımı
bölüşdükcə anlayıram ki, döyüş
şəraitində silahdaşlarla birlikdə olmaq tamamilə
başqa bir hissdir”.
Xankəndi
ovucun içərisində...
Noyabrın 8-də Anargilin bölüyü
Daşaltıdan qalxaraq Şuşaya daxil olmuşdu. Artıq düşmənin
müqaviməti qırılmış, Şuşa
şəhəri işğaldan azad edilmişdi. Azərbaycan ordusu Xankəndi şəhərinin lap
yaxınlığında – Xankəndi-Şuşa yolunun
üstündəki meşəlik ərazidə mövqe
tutmuşdu. Artıq Xankəndi şəhərinin
işğalçılardan təmizlənməsi bir an məsələsi
idi. Şəhərdə mülki əhali
demək olar ki, görünmürdü.
İşğalçı ordu bölmələrinin
çaşqın vəziyyətdə olduğu açıq
hiss olunurdu. Qarabağın mərkəzi şəhərinin
tezliklə ordumuzun tam nəzarətinə keçəcəyinə
heç bir şəkk-şübhə yox idi. Amma...
Anar Heydərovgilin bölüyü Şuşa-Xankəndi
yolunun üzərindəki mövqelərdə möhkəmləndirmə
işləri apararkən müharibənin dayandığı,
Rusiyanın vasitəçiliyi ilə üçtərəfli
razılaşma əldə edildiyi və
işğalçı Ermənistanın kapitulyasiya aktına
imza atdığı barədə məlumatlar yayılmağa
başladı.
Sıravi əsgərlər və
könüllü döyüşçülər bu məlumatın
doğruluğuna inanmasalar da, bu həqiqət idi. Bölük komandiri “Müharibə dayanıb, atəşkəs
elan olunub. Ali Baş Komandanımız
xalıqa müracət edərək Ermənistanın Baş
nazirinin kapitulyasiya aktına imza atdığını bildirib”
deyə, şəxsi heyətə elan etdi.
Bundan sonra hərbi bölmələrimiz yaralı əsgərlərimizin,
şəhidlərin təxliyəsi ilə məşğul
olmağa başladı. Şuşa və Xankəndi ətrafında şəhid
və yaralıların təxliyəsi başa
çatdıqdan sonra Anargilin bölüyü Şuşa
türməsində cəmləşdi. Əsgərlər
burada ermənilərin 2014-ci ildən girovluqda
saxladığı Dilqəm Əsgərov və Şahbaz
Quliyevə məxsus olduğu güman edilən şeir dəftərçəsi
və gündəlik tapmışdılar. Saxlama qameralarının birində Azərbaycan xəritəsi
və Azərbaycanın “Əlifba kitabı” da vardı.
“Dilqəmlə
Şahbazın saxlanıldığı kameradan
tapdığımız əşyaları əsgərlərdən
biri götürdü, dedi ki, onların ailəsinə
çatdıracaq. Azərbaycan xəritəsi və
“Əlifba” kitabını komandirə də göstərdik.
Dedi ki, Şahbazla Dilqəmin “Əlifba” kitabına ehtiyacə
olmaz, yəqin ermənilər özləri
Azərbaycan dilini öyrənmək istəyirmişlər.
Bizim xüsusi təyinatlılarımız Şuşa
türməsində bir erməni zabiti də tutmuşdular. Həmin erməni zabit Şahbaz Quliyevlə Dilqəm
Əsgərovun bir neçə gün əvvəl Ermənistana
aparıldaqlarını söyləmişdi” – deyə, Anar
Heydərov bildirir.
Şuşanın azad
edilməsinin 10-cu günündə Anargilin bölüyü
Şuşanın Qaybalı kəndinə qalxaraq dəniz səviyyəsindən
2500-3000 metr yüksəklikdə yerləşən bu məntəqədə
möhkəmləndi. Hərbi bölmələrimiz
həmin ərazilərdə möhkəmlənmə işləri
apararkən müşələrə doluşmuş erməni
silahlı qüvvələrini nəzarət altında saxlaya
bilmək üçün 3 yerdə keşikçi postu
qurmuşdu. Hər üç post Xankəndi
yolunun üzərində yerləşirdi, şəhərin
küçələrində hərəkət edən hərbi
və ya mülki şəxslər buradan aydın şəkildə
görünürdü. Buna görə də
ermənlər Xankəndi yolundan yalnız Rusiya sülhməramlılarının
müayiəti altında istifadə edirdilər.
İki medalla evə dönən
qazi...
Şuşanın ətraf ərazilərindəki
bütün döyüş nöqtələrində Anar Heydərovun
ayaq izləri var. Döyüşlərdən sonra manqa
komandiri kimi təkcə Qaybalıda 26 gün postda dayanıb. Burada birinci
taborun ikinci bölüyündə (komandir leytenant
Müşfiq Həsənli) xidmət edib, sonradan isə xidmətini
ikinci taborda davam etdirib. O, Ali Baş Komandan İlham
Əliyevin sərəncamları ilə “Füzulinin azad olunmasına
görə” və “Qubadlının azad olunmasına görə”
medalları ilə təltif olunması xəbərini də elə
Qaybalıda postda olarkən eşidib: “Mən təltif
olunduğumu eşidəndə postda döyüş növbətçisi
idim. Manqa komandiri kimi dəstəni
döyüş postuna çıxaran zaman tağım komandirimiz,
baş leytenant Samir Paşayev “Füzulinin azad olunmasına
görə” təltif edilənlər arasında mənim də
adımın olduğunu söylədi. Bunu
eşidəndə hansı hisslər keçirdiyimi sözlə
ifadə edə bilmirəm. Təltif olunmağımdan
qürur hissi keçirdim, özümü qəhrəman kimi
hiss edtdim - Allahverdi Bağırov, Polad Həşimov, Raquf
Orucov, Mübariz İbrahimov, Fərid, Xudayar kimi. Mənim ağlıma gəlməzdi ki, Vətən
müharibəsi tezliklə başlayar, həmin müharibədə
iştirak edər və sonda düşməni məğlub edərək
qələbə qazanar və mən də bu döyüşlərdə
iştirakıma görə Ali Baş Komandanın sərəncamı
əsasında təltif olunaram. Bu, həqiqətən
mənim üçün sürpriz oldu. Özümü
çox şanslı sayıram ki, İkinci Qarabağ
müharibəsində iştirak etmişəm və ordumuzun
qazandığı bu zəfərdə mənim də
payım var”.
Anar Heydərov “Şuşanın azad olunmasına görə”
medalı daha çox gözləyirdi. Axı, onun 44 günlük
Vətən müharibəsindəki döyüş xidmətlərimin
çoxu Şuşa və Şuşaətrafı
kəndlərdə olmuşdu. Hətta komandirləri
də onun adını “Şuşanın azad olunmasına
görə” medalı ilə təltif olunanların
siyahısında axtarırdılar.
Amma bu, o
qədər də vacib deyil, əsas odur ki, torpaqlarımız
düşmənin işğalından azad edilib: “Mən
döyüşə yollananda hansısa medalla təltif oluna
biləcəyimi ağlıma belə gətirmirdim. Biz yalnız torpaqlarımızı işğaldan
azad etmək, qələbə qazanmaq barədə
düşünürdük və bu amalla döyüşlərə
qatılmışdım. Tərxis olunandan sonra
müharibəd iştirak etdiyinizə görə 906 manat
aldım, həmin vəsaitin demək olar ki,
hamısını şəhidlərin məzarları üzərinə
əklil almağa, evlərinə ziyarət və bu kimi
işlərə xərclədik. Şəhid
ailələrinə hansı dəstəyi göstərsək
də, yenə azdır. Ona görə
dövlət bizə verdiyi pulları da bu işlərə sərf
etdik ki, şəhid qardaşlarımızın ruhu şad
olsun. O pulu verməsələr də, biz onu edərdik. Yəni, biz vətəni qorumağa getmişdik, orden
və ya pul almaq barədə düşünmürdük”.
Yanvarın
1-də Qaybalı kəndində möhkəmləndirilmiş
mövqelərdə xidmətdə olan 35 nəfər
könüllü ordu sıralarından tərxis olunmaq
üçün Şuşa şəhərinə
gətirilir. Həmin axşam onları Beyləqana
gətirdilər. Hərbi biletlərimin
yazılması, sənədlərin təsdiqlənməsi
üçün iki gün Beyləqanda qaldıqdan sonra
Anarın da daxil olduğu 35 könüllü
döyüşçü evə buraxıldı.
Qalib qazi
kimi evə qayıdan Anar Heydərovu Bakıdakı dostları
gül-çiçəklə, böyük çoşqu ilə
qarşıladı...
Elxan Salahov
Həftə içi.- 2020.- 30
yanvar-1 fevral.- S.8.