“Medianın
keyfiyyət səviyyəsi aşağıdır “
Televiziyanın uğuru məni
sevindirir, uğursuzluğu qəlbimi ağrıdır
Mətbuatın cəmiyyət
qarşısındakı əsas missiyasını yerinə
yetirmək üçün hansı bazaya malik olduğu daim
müzakirə obyektidir. Medianın nöqsanlarını aradan
qaldırmaq üçün apardığı
axtarışlar bütövlükdə dövlətin
inkişafına yönəlir.
“Həftə içi”nin
qonağı olan "Azad Azərbaycan" Teleradio Şirkəti
Bədii Şurasının sədri, Əməkdar jurnalist
Etibar Babayevlə də mediamızın bu günü və
sabahı ətrafında söhbətləşdik:
- Etibar müəllim, Azərbaycanda
müasir medianın mövcud durumunu necə dəyərləndirirsiniz,
vəziyyət necədir?
- Bu
gün dövlət Azərbaycanda medianın inkişafı
üçün hər cür şərait yaradıb. Bir
vaxtlar tək dövlətin kütləvi informasiya vasitələri
fəaliyyət göstərirdi. İndi isə çox sayda
özəl televiziyalar, internet televiziyaları, radio və qəzet,
jurnallar açılıb. Yəni hüquqi baxımdan
medianın qarşısında görünən heç bir
maneə yoxdur. Təəssüf ki, sayca çoxalan bu
medianın keyfiyyət səviyyəsi aşağıdır,
Azərbaycanın mövcud inkişafına, dünyadakı
mövqeyinə uyğun deyildir. Bunun bir çox səbəbləri
var. Birindən soruşurlar: “Müharibəni niyə
uduzdunuz?”. Cavab verir ki, barıt yox idi. Barıt yoxdursa, digər
səbəbləri sadalamağa nə ehtiyac qalır?..
Görünən odur ki, göbələk kimi artan medianın
məqsədi bəlli deyil və nə istədiyini bilmir. Bu,
media mühitində anarxik bir vəziyyət yaradıb.
Sanki, mətbuat bazardır
- Niyə azad mediamız öz
missiyasını düzgün qura bilmir, səbəbləri nədir?
-
20-30 il əvvəl insanlar üçün bir qəzet, jurnal
yaratmaq istəyi sadəcə xəyal ola bilərdi. Bu gün
isə çox asan şəkildə qeydiyyatdan keçib, onu
aça bilir. İndi insanlarla əlaqə qurmaq, müsahibə
götürmək daha asandır. Bir adamdan müsahibə
alırsansa, hədəfin bəlli olmalıdır. Əfsuslar
olsun, çoxları bunu düzgün dərk edə bilmir. Məsələ
burasındadır ki, bir çoxları mediaya verilən sərbəstliyi,
azadlığı başqa cür başa düşür. Elə
bilirlər ki, mətbuat bazardır və ora hücum edib istədiyini
ala bilər.
Milli
Mətbuatımızın banisi Həsən bəy Zərdabi
“Əkinçi”ni yaradanda özü cəmiyyətin
ehtiyacları içərisində idi və bunu duyub, onu
ödəməyə qadir olan şəxsiyyət idi. O,
xalqı öz ətrafında birləşdirə bilmişdi.
Sən də elə bir qəzet, mətbu orqanı
yaratmalısan ki, oxuculara düzgün xəbər
çatdırıb, onu maarifləndirə biləsən. Məsələn,
“reket jurnalistləri” deyirlər. Onların bir məqsədi
var, vətəndaşlıq, məsuliyyət hissi olan
jurnalistlərin başqa bir məqsədi. Məsuliyyətli
jurnalist xalqa söz demək istəyir. Və sözünü
deyir, amma onu oxuyan, eşidən yoxdursa, o qəzeti niyə
çıxardır?
- Bəziləri deyirlər ki,
yaxın gələcəkdə çap mediası öz
dövrünü bitirəcək və biz elektron vasitələrə
keçəcəyik...
- Vaxtilə radio yarananda ona “danışan qəzet”
deyirdilər və elə hesab edirdilər ki, bundan sonra qəzet
dövrü bitəcək. Qəzet də qaldı, radio da
inkişaf elədi. Günlərin birində televiziya
yarandı. Dedilər,
daha radio bitdi, amma yenə də radiolar inkişaf elədi. Televiziyaları inkişaf eləmiş Amerika kimi
dövlətlərdə də radiolarn sayı çoxdur.
Kommersiya xarakterli radioları da var, milyonlarla dinləyicisi
olan radioları da. Sayları isə azalıb.
Siz elə bir sual qoydunuz ki, bu sual ətrafında
böyük elmi konfrans keçirilsə belə, konkret nəticə
əldə olunmaz. Yəni dövlət sənə hər
şəraiti yaradıbsa, bundan düzgün istifadə etməlisən.
Sözünü deyə bilənlərin
qarşısı açılmalıdır.
Bəzən
güzgülər sifarişli olmaq istəyir
- Bu gün mediamız cəmiyyətin
problemlərinə nə dərəcədə güzgü
tuta bilir? Əgər cəmiyyət özü mediaya
güzgü tutursa, bu nə ilə bağlıdır?
-
Güzgülər də fərqli olur. Güzgü var ki, adam ona baxanda əyri görünür. Güzgü də var ki, güzgülük olmayan
adamın da üzünü ağardır. İndi baxaq görək, biz hansı güzgü
olmaq istəyirik. Birinci bunu müəyyən
etməliyik. Bəzən güzgülər sifarişli
olmaq istəyir, cəmiyyəti bir az
boyalı rəngli göstərir, amma buna rəng qatıldığı
bilinir. Gərək elə güzgü olasan ki,
orada hər kəs özünü tanısın. O cəmiyyəti
göstərəsən ki, orada insanlar sözlərini
pıçhapıçla danışmasınlar. Oxusunlar və suallarına cavab tapsınlar. Bu da yalnız obyektivliyi gözləməklə
olacaq. Obyekiv olmaq üçün isə gərək
obyektiv qiymət verməyi bacarasan.
Medianın içində çirkab da var, süzgəcdən
keçənlər də. Mən bu gün mətbuatda
öz sözünü deyib, 10-15 adamı arxasınca aparan
jurnalistləri görmək istərdim. Vaxtilə
jurnalistikanın da bir mayakları var idi. O insanlar cəmiyyətdə
söz sahibi idilər. İndi sayları
çox azdır. Amma mətbuatda olan 5
minin içindən 5 nəfər ortaya çıxırsa, o
da böyük nəticədir.
Qəzet məzmununda dəyişiklik
etməlidir
- Sosial media ənənəvi
medianı üstələyir və dövrün tələblərinə
əsasən çap mediasının informasiya
ötürücülüyündə geridə
qaldığı önə çəkilir. Bu
vəziyyət medianın hansı yeni bir formaya keçməsini
təklif edir?
- Bu
reallıqla barışmaq lazımdır. Əvvəllər
qəzet gecə çap olunurdu ki, səhərə məlumat
çıxsın. Səhər də
insanlar işə getməzdən əvvəl qəzetləri
köşklərdən alırdılar. O dövr
getdi. Bu isə o
demək deyil ki, çap mediası bizim həyatımızdan
getdi. İndi mən səhər dururam, açıram
interneti baxıram, görüm dünyada nə var. Baxıram
ki, 50 sayt
hamısı xəbərləri bir-birindən
köçürüb. Bəzən də məlumatlar
yalan olur. Yazırlar ki, filankəs
ölüb, sonra da deyirlər ki, təsdiq olunmadı. İndi sosial media elə
bir şərait yaradıb ki, informasiyanı dəvət eləmədən
də hamımızın həyatına girir. Bu olub bizim
operativ məlumat alma mənbəyimiz.
Tutaq ki,
“Ağac kəsilir”, “Yyol dağılır,...”-
pis dediyin bu kimi hadisələr sənin üçün bir bəhanədir.
Sən bu bəhanənin ictimai köklərini
açıb, cəmiyyətə onun mesajını
çatdırıb, ünvanlı hədəfini də
göstərirsənsə, bu oxunacaq. Yox,
elə-belə deyib keçəcəksənsə, bu xəbərçiliyin
vaxtı keçib. “Ağac kəsilən” kimi onun xəbərini sosial
şəbəkələrdə dərhal verirlər. Mən oxucu həftədə iki dəfə
çıxan qəzeti bu xəbərə görə almaram.
Qəzet bu mənada öz məzmununda dəyişiklik
etməlidir. Günlük xəbərçilikdən
çox, bir qədər araşdırmaya, açıqlamalara
yer verilməlidir.
Yaxud,
sabah bir yerdə yanğın baş verirsə, yanğınsöndürənlərdən
öncə küçədən keçən biri telefonla
çəkib sosial şəbəkədə paylaşır.
Bir xəbəri çəkmək üçün
televiziya ora gedincə, çəkincə kimsə telefona
çəkib paylaşır. Deməli, mətbuat
artıq bu xəbərin alt qatına getməlidir. Bunun araşdırmasını, rəy sorğusunu
verməlidir ki, sosial şəbəkə bunu edə bilmir.
Bütün internet televiziyalarında
bir forma var – debat
- İnternet televiziyaları
barədə nə söylərdiniz? İnternet televiziyalarının
çoxalması ənənəvi televiziyalardan hansı
addımlar atmağı tələb edir?
- İndi hərə özünə bəsit formada,
internet televiziya açır. Belə televiziyalar rəqabət
apara bilməz. Bütün internet televiziyalarında bir
forma var - debat. Başqa variant da yoxdur. Bu
gün üçün ya bir adam
danışır, ya da bir adam bir neçə nəfərlə
danışır. Axı nəyə görə
bu qədər təkrarçı internet televiziyaları
olmalıdır?
- Söz azadlığı var...
- Gərək
buna nəzarət edən də olsun. Bu hal
bezdirir insanı. Hamısı deyir ki, zəhmət
olmasa, abunə yazılın, paylaşın, çünki
pulumuz burdan çıxır. Əgər
pul çıxmasa, özləri də gedəcək. Hər
kəs televizoru, interneti açanda istəyir ki, fərqli bir şey
görsün. Fərqli olanda baxır.
Təbii ki, sosial media televiziyaları da üstələyir. Televiziyaların
fəaliyyət dairəsi, texniki imkanları dəfələrlə
çoxdur. Hə, dəfələrlə
çox imkanda məhdud uğur qazanırlarsa, o artıq
işlərinin öhdəsindən gələ bilməmələri
ilə bağlıdır. İnternet
televiziyalarının gələcəkdə sayları
azalacaq. Səviyyəlilər isə bəlkə
də bir gün normal televiziya formatına keçəcək,
yəni ancaq bir nəfər qonaqla yox, daha böyük formatda.
Bu isə zaman istəyir. Bu
bir pəncərədir, sən sözünü deyirsən.
Sözün bir tamaşaçı kimi mənim
ağlıma batırsa, baxacağam. Çalış
ki, onu yanlış fikirlərinlə zəhərləmə.
Ona görə də televiziyaların özündə də
bir seçim olmalıdır. Bizim itirdiyimiz
ömrümüzün saatları qiymətlidir, yoxsa,
dedi-qodunu eşitmək dadlıdır bizə. Televziyalar uğur qazanmaq istəyirsə,
auditoriyasını genişləndirib, camaatı
maraqlandıran sualların cavabını doğru tapmalıdr.
- Elə bir televiziya, sayt, qəzet
varmı ki, gündəlik xəbəri ordan alırsız?
-
Televiziyaların birinə yox, bir neçəsinə
baxıram, müqayisə edirəm. Bu da bir
peşə xəstəliyidir. AzTV-nin elə
verilişləri var ki, bəyənirəm. İctimai Televiziyanın yaxşı verilişləri
var. Şərait yaratmaq lazımdır ki, onlar
çoxalsın. Elə edilməlidir ki, rənglər
qarışmasın.
Sosial media qaçış
üçün
startda dayanan insanlara bənzəyir
- Sosial medianın
nizamsızlığını, qeyri-dəqiqliyini əsas gətirən
qurumlar bu durumu narahatlıqla qarşılayır. Əslində sosial media ictimai fikrin
formalaşmasında ənənəvi mediaya hansı dəstəyi
verə bilər?
- On il əvvəl heç təsəvvürə
gəlməzdi ki, belə şeylər ola bilər. İndi həmin o
sosial media ilə adamları mitinqlərə də
çağırırlar, dünyanın mənzərəsini
dəyişməyə çalışırlar. Bu gün bizim ağlımıza gəlməyən
bir nəsl yetişir ki, onlar kitab səhifələmirlər,
kitabları internetdən oxuyurlar. Teleqraf
dilinə keçiblər.
Bədiliyi teleqraf dilində qorumaq da
başqa bir istedaddır. İndi
bütün televiziyaların hamsının internetə
çxışı var, bunlar da sosiallaşır. Xəbər formatını daha başqa janrda dəyişəcəklər.
Sosial media öz işini görəcək.
İndi sosial media qaçış
üçün startda dayanan insanlara bənzəyir. İşarə verən kimi hamı qaçır.
Sonda finişə çıxan qalib bir nəfər
olur. İndi bu da bir startdır.
- Mətbuatımızın
inkişafı və boşluqların aradan
qaldırılması üçün hansı məsələlər
qanunda yer almalıdır. Medianın
İnkişaf Agentliyinin yaranması nə vəd edir?
- Elə
bilirəm ki, medianın nizamlanması üçün kifayət
qədər qanunlar qəbul olunub. İndi o
qanunlara dəyişikliklər edilir. Bu
qurum da yeni yaranıb. Özündən əvvəlkiləri
təkrarlamasa, yaxşı olacaq.
Bizdə
hökumət, dövlət elə bir şərait yaradıb
ki, istənilən adam gedib media sahəsində
fəaliyyət göstərə bilir. Bu Agentliyin yaranması
belə bir çoxluğun içərisində
nizamlayıcı ola bilər və mediaya
köməkçi ola bilər. Tutaq ki, qəzet
açılır, pul verən də şərt qoyur, reklam
verən də. Necə etmək olar ki,
heç kəsdən asılı olmayaraq millətinə,
dövlətinə, xalqına xidmət eliyəsən. Bundan da çıxış yolu var. Bu da başqa
bir elmdir.
Televiziyalar bir-birini təkrarlayır
- Etibar müəllim, qismən
medianın ayrı-ayrı seqmentlərinə toxundunuz. Bəs
klassik televiziyalarımızın vəziyyəti necədir,
hazırda özünü daha çox necə ifadə edir?
- Azərbaycanda
televiziya ilk dəfə 1956-cı il, fevral
ayının 14-də açılıb. Bu
günlərdə Azərbaycan Dövlət Televiziyası 65
illiyini qeyd edəcək. Mənim fəliyyətimin 50 ili televiziya ilə bağlıdır. Mən Əməkdar
artist olan Gülşən Əkbərova ilə birlikdə “Tələbə
klubu” adlı bir veriliş
hazırlayırdıq. Hər dəfə
bir universitetdə studiyadan kənar verilişlə
çıxırdıq. O vaxt ikimiz də tələbə
idik. Bu, o dövr üçün böyük
nailiyyət idi. Bu, Azərbaycan televiziya
tarixində ilk tok-şou idi. Ona görə
də televiziyanın uğuru məni sevindirir,
uğursuzluğu qəlbimi ağrıdır. O zaman bir
televiziya var idi, onun da fəaliyyəti çox məhdud idi. Bizim müstəqillik dövründə isə
özəl televiziyalar çoxalıb. Say
çoxalıb, səviyyə yoxdur. İnternet əsri
dünyanın coğrafiyasını kiçildib. Dağda əyləşən insan çox
asanlıqla kabel televiziyası ilə yüzlərlə
televiziyanı izləyə bilir. Yəni
milli televiziya üçün rəqabət çox
böyükdür. Sən kimisə məcbur
edə bilmərsən ki, otur mənə bax. İndi hamı deyir ki, biz bir nömrəli
televiziyayıq, ən baxımlı bizik. Həmin
kanallar insanların nə düşündüyünü, nə
istədiklərini bilməlidir. İndi
televiziyalarda, qeyd etdiyim kimi əsas format müsahibədir.
Biri sual verir, o biri cavab verir. Yaxud tok-şouları götürək. Siz bu tok-şonun formasını Amerikadan
götürmüsüz, amma nə millidir, nə beynəlmiləldir,
çox vaxt lağ-lağıdır. Televiziyalar
bir-birini təkrarlaya-təkrarlaya gedirlər. Ona görə də o verilişələr
doğmalaşmır. Yaxud nəyisə təbliğ
eləyəndə, onu o qədər göstərirlər ki,
artıq ikraha səbəb olur. Baxırsan
xəbər bloklarına, demək olar ki, bütün kanallar
eyni xəbərləri verir, fərqlilik yoxdur. Yaxud, filmlərin nümayişini götürək.
Bir film bir həftədə 4 kanalda gedirsə,
bu artıq anlaşılmır. Televiziyaların
belə olmaması üçün sayını çoxaltmaq
yox, səviyyəsini artıran məhsulu olmalıdır.
Televiziyanın yaxşı kadrı
olmalıdır. Düzdür, televiziya sahəsində
işini bilən insanlar var, istedadlı cavanlar da gəlir,
aparıcılar yetişir. O, efirə kal
çıxmamalıdır, tam yetişməlidir. Buna görə də məktəb keçməlidirlər.
- Yüngül, əyləncəli
verilişlərə, şoulara üstünlük verən
televiziyalar bunu xalqın təlabatı kimi təqdim edir. Buna
münasibətiniz...
Sovet vaxtı bir televiziya var idi,
qarşısındakı məqsəd də dövlətin
siyasətini yaymaq, vətəndaşı maarifləndirmək,
xəbərlər çatdırmaq və əyləndirmək
idi. Dövlətin standartı nə ididsə, bu
standartı dövlət televiziyası yerinə yetirirdi.
İndi o dövrün televiziyasının
üzərindən xətt çəkmək olmaz. Çox gözəl mütəxəssislər, o
zaman üçün gözəl verilişlər var idi.
Böyük səfərbəredici gücü
var idi. İndi televiziyalar ayrı-ayrı
qurumlara, ayrı-ayrı şəxslərə aiddir. Televiziyaların fəaliyyətinə nəzarət
edən Milli Teleradio Şurası var və o qurum verilişlərə
nəzarət etməlidir.
Məsələn, istərdim ki, televiziya
çoxluğunda ayrıca bir kanal məktəbəqədər
uşaqların yetişdirilməsinə həsr olunsun. Bu kanalın
da olması üçün məhsul olmalıdır. Yaxud, bizim uşaqlar cizgi filminə baxmalıdır.
Gəlin görək, Azərbaycanda cizgi filmi
istehsal edən varmı? Tərcümə
üçün elə filmlər seçilir ki, ailə ilə
oturub baxmağa xəcalət çəkirsən. Tərcümə üçün uşaqlara qorxulu,
nifrət, aqressiya yaradan filmlər seçirlər. Mən istəmirəm uşaqlar o filmlərlə
böyüsün, amma uşaqlar ona bizsiz də baxırlar.
Texnika bu imkanı onlara yaradıb. Yəni televiziyalar üçün məhsul, o məhsulu
yetişdirən kadr, o kadrı seçən rəhbər lazımdır.
- Bugünkü aparıcının
tamaşaçı, dinləyici ilə səmimiyyəti nədən
başlamalıdır? Həddən artıq
açıqlıq səmimiyyətin göstəricisi ola bilərmi?
- Səmimiyyət
başqa bir anlayışdır. Mən deyərdim
ki, bəzi aparıcılar o səmimiyyəti yaratmağı
yaxşı bacarır, amma bunlar tək-təkdir. Hər kanalın aparıcı seçimi də onun
öz işidir, lakin televiziyalara nəzarət edən qurum var
və o da bu işlərə qarışmır. Televiziya da bilməlidir
ki, əgər bu xalqa xitab edirsə, xalqın ümumi
anlayışlarına əsasən aparıcıları
seçməlidir. Aparıcılar nitq mədəniyyəti,
danışıq qabiliyyəti, ünsiyyət, geyim mədəniyyətini
gözləməlidir. Bəziləri var,
ancaq sual verməklə məşğuldur, heç
qarşındakına verdiyi sualın cavabı onu
maraqlandırmır. Tamaşaçı hiss eləməlidir
ki, sual verən adam üçün də
cavab maraqlıdır. Efirdə də gərək bu səmimiyət
hiss olunsun. Xüsusən də tok-şularda buna
ciddi riayət olunmalıdır.
Tok-şou aparıcısı orkestri
idarə edən dirijordur
- Tok-şoular özünü nə
dərəcədə düzgün ifadə edə bilir?
-
Tok-şou televiziyalarda çox baxılan janrdır və bəlkə
də indi buna daha çox tələbat var. İnsanların
çoxlu sualları var ki, ekrandan ona cavab almaq istəyir. Tok-şounun hazırlığı bir qədər
mürəkkəb məsələdir. Mürəkkəblik
məkanla deyil, bu məsələnin qoyuluşu və onun həllinə
gedən yolla bağlıdır. Tok-şou
aparıcısı orkestri idarə edən dirijora bənzəyir.
Bu zaman aparıcı insanları yönəltməməlidir
ki, “sən bunu de, yaxud mən deyəni de”. Burada aparıcı ancaq istiqamətverici insan
olmalıdır və nəticəni o yox, tamaşaçı
çıxartmalıdır. Yəni hər
kəsə fikrini ifadə eləmək üçün şərait
yaratmalıdır. Bilərəkdən
orada qıcıq yaratmaq, bu auditoriyanın diqqətini çəkməkdir.
Qəsdən kimisə pərt eləmək də
etik qaydaları pozmaqdır. Aparıcı
hər kəsə hörmətlə yanaşmalıdr. Burada aparıcı hakim deyil, aparıcı heç
kimə müttəhim kimi baxmamalıdır. Reallıqda bir neçə aparıcı var ki,
danışmağa imkan yaradır, dinlmə mədəniyyəti
var və mövzunu bildiyi üçün müzakirəyə
çıxarır. Adam da var, gündəmdə
olan məsələni müzakirəyə
çıxarır, amma bunun kökündə nə
dayanır, bilmir. İstəyir ki, olay
yaratsın. Elə bir verilişlərə
də daimi dəvət olunan adamlar var. Bütün kanallara
çıxırlar, elə bil kiminsə
sözçüsüdürlər. Buna
görə də Milli Teleradio Şurası var və belə
hallara nəzarət eləməlidir.
- Sadaladığınız səbəblər
mediada kadr islahatını nə dərəcədə
gündəmə gətirir?
- Vaxtilə
belə deyilirdi ki, kadr hər şeyi həll edir. O, bu gün
də gündəmdədir. Şair Qabil də
yaxşı deyib ki, “Müsibət oluruq biz, səhv
düşəndə yerimiz”. Bu, kadr siyasətinin
poetik ifadəsidir. Televiziyanın rəhbərindən
tutmuş, qapıçısına qədər düzgün
seçilməlidir. Qapıçı
yerində elə ünsiyyət qurmalıdr ki, insan bir mədəniyyət
məbədinə gəldiyini hiss eləsin. Efirin də mədəniyyəti orda yaranan daxili mənəvi
sağlam yaradıcı mühitdən asılıdır.
Azərbaycan televiziyasının ən uğurlu işlərindən
biri olan “Arşın mal alan” filmini
götürək. O film elə texnika ilə çəkilib
ki, indi həvəskar kino xadimləri də ona müraciət
eləməz. Oradakı sənət, rejissor
işi, filmin yaradıcı heyəti elə seçilib ki, bu
gün də o filmlərə baxılır. Sovet dövründə çəkilən filmlərin
ideologiyası bugünkü ideologiya ilə düz gəlməsə
də, hamı ona sevə-sevə baxır. Ona görə də bu gün televiziyalarda sağlam
yaradıcı mühit, texniki mühit, əqidə birliyi
olmalıdır. Dövlətin siyasətini
təbliğ eləmk özü siyasət qədər
mühümdür. Dövlətin siyasətini
xalqa elə çatdırmaq lazımdır ki, O, həmin siyasətin
davamını həyata keçirsin.
Reklamçı gəlib səviyyəsiz
verilişlərə sponsorluq edir
- Bəzən ziyalı da deyir ki, biz
yerli kanallara baxmırıq...
Bəyəm bu qəhrəmanlıqdır? Biz bu
televiziyaya baxmasaq, milli şüurumuz da dəyişəcək.
Nə qədər pis olsa da, bu televiziya ən
azı azərbaycanca danışır. Azərbaycan
dilini bizdən başqa
dünyanın heç bir kanalı yaymayacaq. Deməli, biz bu dilin saflığını
bütün televiziya kanalları üçün vacib bilməliyik.
Dilin aliliyi, saflığı qorunmalıdır.
Televiziyalarda milli şüurumuzu
formalaşdıran verilişlər olmalıdır. Yəni, bəli, kadr məsələsi bir nömrəli
məsələdir, ikincisi texniki avadanlıqlar
olmalıdır. Bu da maddi duruma
bağlıdır. İndi baxaq görək,
bu televiziyalar haradan qaynaqlanır, hansı maddi bazası var?
Biz bəzən dünya ilə müqayisələr
aparırıq.
Dünya bazarında reklam qiymətləri
başqadır. Azərbaycandakı reklamla
ağıllı-başlı televiziya saxlamaq çox çətindir.
Ona görə də televiziya açan adam
ona qazanc kimi baxacaqsa, o elmin, mədəniyyətin təbliğində
yoxdur. Bu gün qazanc başqa şeylərin təbliğində
var, ona görə də reklamçı gəlib səviyyəsiz
verilişlərə sponsorluq eliyir. Sifariş
verir ki, filan aparıcı filan yerdə aparsın. Yanlış anlamayın, bizim nazirliklərimizə
dövlət çox böyük vəsait ayırır.
Məsələn, bir silahın pulu olsa, onunla
gözəl vətənpərvərlik verilişləri
hazırlamaq olar. Və o verilişə
görə yüzlərlə qəhrəman yetişər. Elə verilişlər
olar ki, səviyyəsinə görə insanların
bütün fikrini dəyişər. Gündəlik
televiziyanın xərclərini çıxartmaq
üçün bəzən lazım olmayan adamlar da efirə
çıxır. Lazım olmayan reklam məhsulunu
da efirə çıxarırlar.
Biz bu müasir
dünyanın yadına düşürük?
- Müasir mediamız qlobal
dünyanın tələbləri ilə ayaqlaşa bilirmi?
- Gəlin
görək, biz bu müasir dünyanın yadına
düşürük? Bu 30 il ərzində
Qarabağ problemimiz var idi, 44 gündə həll olundu. Prezidentimiz xaricdən gələn onlarca jurnalistə
vəziyyəti çox aydın şəkildə göstərdi.
Dünya bundan nəticə çıxardı?
Yenə də ermənipərəst qüvvələr
necə gəldi danışırlar. İndi
ki, hər şey aydındır, işğaldan azad olunan ərazilərimizi
görürlər, niyə səsimizi duyurmurlar?
- Dünyanın bizi necə göstərməsindən
asılı olmayaraq öz haqqımızı dünyada qorumaq
üçün beynəlxalq sferada media əlaqələrimiz
necə qurulmalıdır?
- Bəli,
beynəlxalq əlaqələrimiz genişlənməlidir. Burda şəxsi əlaqələr də çox
geniş rol oynayır. Mən Türkiyədə
olanda rəhmətlik Barış Manço ilə
dostlaşdıq və bu dostluğumuz sona qədər davam elədi.
Bu dostluğun nəticəsində, Barış
Manço 1992-ci ildə birnci dəfə Bakıya gəldi.
Biz birinci verilişi Şəhidlər
Xiyabanından hazırladıq. Barış
orda göz yaşlarını saxlaya bilmirdi. Bakıda 4
proqram çəkdik, həmin verilişlər may ayında 4
bazar TRT-də getdi. O vaxt Azərbaycan verilişlərini
ölkə daxilində ancaq görürdülər, amma
Türkiyədən dünyaya çıxa bilirdi. Yəni bu şəxsi tanışlıq əsasında
Barış sonralar da Azərbaycana gəldi və birgə
verilişlər hazırladıq. Onun son gəlişi
də 1998-ci ildə Azərbaycana oldu. Yəni bizim
jurnalistlərin şəxsi əlaqəsinin də Azərbaycan
həqiqətlərinin tanıdılmasında böyük əhəmiyyəti
ola bilər.
- Bizim jurnalistlərin dünyaya
çıxışı niyə zəifdir?
-
Dünyaya çıxmaq üçün dili bilmək
lazımdır. Dildən də qabaq gərək
sənin içində deməyə sözün olsun. Bu mühümdür. Mən
Fransada olanda çox böyük adamlarla
görüşmüşəm. Fransız
dilini bilmirdim, yanımda tərcüməçi olub,
danışmışam. Eləcə də Almaniyada,
İngiltərədə...
- Etibar müəllim, bu gün Azərbaycanın
problemlərinin dünyaya çatdırılması prosesində
media və lobbiçilik fəaliyyətinin qurulması nə
dərəcədə vacibdir?
- Bir
neçə il qabaq mən kanalların
birində rəhbər olanda Amerika ilə Telekörpü
qurduq. Heç elə böyük vəsait də
tələb olunmurdu. Texniki imkanlar elədi
ki, bunu internet üzərindən də yaymaq olar. Yaxud o vaxtlar Türkiyə ilə telekörpülər
qurmuşdum. Yəni bunların asan
yolları var və elə də böyük xərc də tələb
eləmir. İndiki halda ölkə rəhbərliyi
buna daha açıqdır.
Mir misal
çəkim: Barış Manço 150-dən çox
ölkəyə getmişdi. Təkcə
Yaponiyada onun 1 milyon diskini satdılar. Bu 1
milyon yaponun evində türk musiqisinin diski deməkdir. 1 milyon vətəndaşın evinə türk mədəniyyətinin
sirayət etməsi deməkdir. Deyirlər
tək əldən səs çıxmaz, amma bəzən tək
əldən də səs çıxır. Biri var xaricdə ayrı-ayrı adamlarla əlaqə
qurmaq, biri də var ki, ayrı-ayrı adamları orda təşkilatlandırmaq.
Bəzən bizim insanlar gedir Almaniyada bir almanla
söhbət edir, danışır. Bunu
jurnalist edə bilər. Hələ bu
diaspora, lobbiçilik deyil. Lobbiçilik
özü ayrıca bir təşkilatlanma məktəbidir.
Bu, ancaq “al pulu, tədbiri keçir” deyil. Bu gün Azərbaycan lobbiçiliyinin güclü
olması Azərbaycanın güclü olması deməkdir.
İndi xaricə gənclər gedir, təzə nəsil
yetişir. Orada təkcə mənşəyi Azərbaycanla
bağlı deyil əqidəsi də azərbaycançılıq
ideologiyası ilə dolu insanların sayı artdıqca, o təşkilatlar
da güclənəcək. Yoxsa mən
görmüşəm ki, 5-3 nəfər guya
yığışıb “Azərbaycan evi”nə, hamısı
da bir-biri ilə didişir. Adını
çəkmək istəmirəm, vətən xəttinin
adı ilə biri gəlmişdi, mən də bu adamdan
müsahibə almağa getdim. Dedim, Almaniyada filankəs də
var idi, dedi əşşi o, belə... Sonra həmin
adamı tapdım. Ondan bunu soruşanda, o
da bunu pislədi. Belə...
Dövlət marağı
üçün xorda oxumağı bacarmalıyıq
- Deyəsən, elə bizim ən
böyük problem bir-birmizin ayağından basmaq, bir-birimiz
“baltalamaq”dır...
- Məsələn,
biz komanda oyunlarında uduzuruq, amma fərdi yarışlarda
birincilik qazana bilirik. Bizdə
ifaçılıqda yenə hər janrda solo oxuyanlar
yaxşı uğur qazanır, xora gələndə
alınmır. Təəssüf ki, bu var.
Biz dövlət marağı üçün xorda
oxumağı bacarmalıyıq.
- Etibar müəllim, söhbətimizi
ümumiləşdirsək, medianın indiki durumunun hansı
portretini cızardınız?
-
Hazırda aktual sual budur: 30 idən sonra böyük bir qələbəmiz
var – bu, 44
günün qələbəsi adlanır bu. Bu, bir xalqın
tarixində böyük bir qələbədir ki, adına da Vətən
Müharibəsi dedik. Birinci Vətən
müharibəmizdir. Müharibə
diplomatik cəbhədə davam edir. Həsən
Seyidbəylinin bir əsəri var idi – “Cəbhədən cəbhəyə”. İndi biz “Cəbhədən
cəbhəyə” formatındayıq. Silahlar
susub. Orada düşmən
qarşıdaydı, indi isə hər tərəfə yayılıblar.
Biz onları diplomatik yolla susdurmalıyıq,
amma silahımız da hazır olmaldır. Güclü
olmalıyıq. Müharibədə alınmış
torpaqları – hansı ki, yerlə-yeksan olub, Prezident dedi ki, biz
bunu mərhələli şəkildə həll etməliyik. Ağıllı şəhərlər
salmalıyıq. Ağıllı şəhər
salmaq üçün ağıllı vətəndaş
olmalıdır. Ağıllı vətəndaş
da vəziyyəti olduğu kimi qəbul etməlidir. Media da anlayışlı olmalıdır. Medianın savadı artmalıdır. Qışqıra-qışqıra yox, vətənpərvərlik
hissi ilə işini görməldir. Elementar
mədəniyyət, mənəviyyat baxımdan hərə
öz işində öz senzoru olmalıdr. Hazırda arxa cəbhədə olanlar da var.
Bunları gündəlik həyata daşımaq olmaz, insanlar
maarifləndirilməlidir.
Tahirə Qafarlı
Həftə içi.- 2021.- 6-8
fevral.- S.3; 5.