İnsan əllərinin möcüzəsi
–
cənnətə çevrilən Bibiheybət
Bibiheybət qəsəbəsindən
söz düşəndə ilk ağlımıza gələn qədim neft mədənləri, hə, bir
də Bakının güney girişində əzəmətlə
qonaqları salamlayan müqəddəs
ziyarətgahdır. Ziyarətgahın arxasına
sığınmış eyniadlı kiçik
qəsəbə isə heç kimdə maraq oyatmayıb – ta ki, 2019-cu ildə burada
yenidənqurma-bərpa işlərinə start
verilincə. Bu layihəyə başlayandan sonra qəsəbə
dillər əzbərinə çevrilib
desək, yanılmarıq.
Bibiheybət məscidinin
sağ tərəfindən içəri burulub üzü
günçıxana uzanan dar
küçə ilə irəlilədikcə, özümü
Aralıq dənizi sahillərində yerləşən ekzotik ölkələrdə hiss
elədim. Heç elə bil, əvvəllər gördüyüm və ya
haqqında oxuduğum baxımsız, neft çirkabına bulaşmış balaca yaşayış məntəqəsi deyilmiş. Küçələrə doğrama qara qəmbər
daşlar döşənib, bütün evlərin damı qırmızı-qonur,
qapılar, darvazalar, pəncərələrin
çərçivələri isə qara
rənglə rənglənib.
Məktəb küçəsi ilə üzü günçıxana doğru addımlayıram. Küçəboyu döşənmiş kəsmə daşların üstündə nə görməyə adət etdiyimiz çala-çuxur var, nə də zibil qırıntıları gözə dəyir, hər yan tərtəmizdir. Dar küçələrin ətrafını saran evlərin divarları da, düz sözümdür, xalı kimi bəzənib. Qəsəbənin qədim mədəniyyətini-məişətini də özündə cəmləyən təsəvvürlərin canlandırıldığı divar rəsmləri boyalarla rəssamlar tərəfindən işlənib.
Məktəb küçəsi və onunla kəsişən kiçik dalanlarda yerləşən evlərin qapısında ənənəvi, amma təəssüf ki, son illərdə ehtiyac duymadığımız poçt qutuları quraşdırılıb. Özü də elə qutular ki... Məsələn, evlərdən birinin küçə qapısında bir qutu gördüm, üzərində Cəlil Məmmədquluzadənin məşhur “Poç qutusu” sözləri yazılmış və həmin əsərdən personajın şəkli əks olunmuşdu. Yəni Qurbanəli bəy məktubu qutuya salarkən..
Qeyd edim ki, hər poçt qutusunun üzərinə fərqli şəkillər çəkilib.
Küçəboyu bir neçə yerdə, içində ərzaq məhsulları satılan ənənəvi məhlə dükanları gördüm. Adət etdiyimiz yöndəmsiz, içi meyvə-tərəvəzlə dolu yeşikləri divar boyunca düzən dükanlardan fərqli olaraq, burada incə səliqə vardı: divarların rəngi, dam örtüyü və s. qəsəbənin ümumi ahənginə uyğunlaşdırılıb, hətta dükanın adı da çox qəribə ornamentlərlə yazılıb – İtaliyada, İspaniyada olduğu kimi.
Hə, tamam unutmuşdum, qəsəbənin girişində - Məktəb küçəsinin lap yuxarı başında biri kiçik, digəri böyük olan iki qədimi üslublu köşk qoyulub, içi də kitabla dolu. Hə, deyirsiniz bu da rəssam təxəyyülüdür, ola bilər, axı bura turizmin gələcək mərkəzlərindən olacaq Bibiheybətdir...
Bir az da irəliləyirəm, nisbətən geniş meydançaya çatıram. Tən ortada uzunsov-oval şəklində, tamam yaşıllığa bürünmüş park var, ortasında da üstü günbəz kimi bağlanmış, hələlik suyu olmasa da, gələcəkdə işə salınacaq fontan. Ətrafına da bozrəngli taxta oturacaqlar qoyulub. Meydançanın sağ tərəfində qəsəbənin yeganə təhsil ocağı – Cəbrayıl Əsgərov adına 50 saylı tam orta məktəbin binası yerləşir. Hə, yuxarıdan – hələlik abadlaşdırılmasına start verilməmiş Namiq Quliyev küçəsindən üzüaşağı meydançaya bir dalan enir, meydançanın qərbindəsə ikiqatlı qəşəng bina var. Hələlik qapıları bağlıdır, amma dedilər ki, poliklinika olmalıdır. Meydançanın üç tərəfində divarların dibində isə sanki qədim atarabasına bənzəyən, qara taxtadan tikilmiş köşklər var. Yaxın gələcəkdə sənətkarlıq işləri, broşürlər, suvenirlər və s. satılacaq bu köşklər meydançanın əski görkəmini daha da qabardır.
Hə, indicə
qeyd etdim axı. Meydançadan üzüyuxarı – Namiq Quliyev küçəsinə
doğru pilləkənlərlə
qalxan bir dalan da var. Qısa
məsafədə üstü
qara rəngə boyanmış taxta üzüm talvarı ilə örtülən həmin dalan açıq havada muzeyə bənzəyir.
Dalan boyunca hər iki tərəfdə yerləşən evlərin
divarları bir-birindən
seçilməyəcək qədər oxşar rənglənib, bəzənib.
Qapılara vurulmuş
poçt qutuları, divar boyunca düzülmüş,
qədim küp bənzəri iri saxsa qablar və
içində əkilmiş
dibçəklər, üstəlik,
üzərində qəsəbənin
qədim tarixini əks etdirən simvollar oyulmuş daş lövhələr burada adamı heyran etməkdədir.Məsələn,
həmin daş lövhələrdən birinin
üzərində fantan
üsulu ilə neft çıxaran qədim neft buruğu və yanında orada işləyən fəhlələr
əks olunub Başqa bir daş lövhənin üstündə belinə
çəlləklər yüklənmiş
dəvə karvanı
həkk edilib. Bu da onu göstərir ki, qədimdə bu qəsəbə neft çəlləkləri daşıyan
karvanın istinad yeri olub.
Digər daş lövhədə isə “Bibiheybətdə
ilk elektrik stansiyası,
1901-ci il” sözləri
yazılıb. Burada daha bir daş büstmü deyim, abidəmi, yoxsa sadəcə lövhəmi deyim, üstündə mazutla işləyən iri gəminin silueti qoyulub. Altında da yazılıb
ki, “Zoroastr” - 1878.
Dünyada neft daşıyan
ilk Azərbaycan tankeri.
Meydançanın günbatanında – məktəbin
divarı tərəfdə
çox böyük lövhə işlənib
ki, hər kəs burada ayaq saxlayıb, mütləq yadigar qalsın deyə şəkil çəkdirir. Lövhədə
hündürtağlı sütunları
olan darvaza, arxa fonda
isə Bibiheybət məscidi əks olunub. Rəngli boya ilə rəssamlar tərəfindən
3D formasında işlənən
bu lövhəyə baxan adama elə
gəlir ki, indicə həmin darvazadan keçib məscidə getmək mümkündür. Küçə
bir az
da günbatana enərək, hündür
qalanı xatırladan
otel binasının yanında başa çatır. Orada bala bir bağ salınıb, ətrafında isə yerə kəsmə daş döşəyən
ustalar işləyirdi.
Yenidən mərkəzə - Məktəb
meydanına qayıtdım. Oturacaqda oturan
ortayaşlı qadın
iki-üç azyaşlı
uşağı başına
yığıb nəsə
danışırdı. Salamlaşıb söhbətə başladım. Adı
Gülnarə olan bu xanım jurnalist
olduğumu biləndə,
maşallah, bülbül
kimi açıldı:
– Allah köməyi
olsun buranı düzəldənlərin. Nə gözəl,
nə rahat şərait yaradıblar.
Qımışdım:
– Əvvəl deyəsən,
çox əziyyət
çəkmisiniz...
– Hə, elədir, axşamçağı burada
küçəyə çıxmaq
nə idi? Hər yer qaranlıq
zülmət olardı,
adam üşənirdi.
Evim budur, düz, on addımlıqda (əlini qarşıdakı, küçənin
üstünü bağlayan
bəyazrəngli arkanın
üstünə uzadır).
Görün nə gözəldir,
yay axşamlarında çay içmək üçün əla eyvan düzəldiblər.
Gülnarə xanım bir anlıq susaraq ətrafı süzdü. Gözlərində
sevinc işıldayan bu qadın məni
arxadakı üstüşəkilli
lövhənin yanına
çəkdi:
– Şəkillərə baxın, özünüz
hər şeyi hiss edəcəksiniz. Bu evin
əvvəlki halıdır,
bu isə (əlini qarşıdakı
evə uzadır) indiki vəziyyətidir (şəkillərin müqayisəsinə
başlayır). Çox evlər vardı
ki, dam örtüyü
köhnəlmişdi, qapı-pəncərələri
yararsız idi, amma görün nə qəşəng düzəldiblər. Haradasa
2 il olar
başlayıblar buraları
düzəltməyə, bu
qısa vaxtda qəsəbəmiz tamam dəyişib. Ayağımızın altına döşənmiş
daşlara baxın, Bakının mərkəzindən
seçilmir buralar.
Əvvəl bilirsiniz, buralar
nə gündəydi?
Yol-riz çala-çökək,
yağış yağanda
su dolurdu, get görüm necə gedirsən? Xüsusilə də axşamlar
hər yer qara zülmətə bürünürdü. Yer də
ki, çala-çökək.
Hələ iş gedir, yəqin, hökumət burada daha çox iş görəcək, qəsəbəmiz daha gözəl olacaq...
Üzümü oturacaqda oturub günəşlənən Əli
adlı balaca oğlana tutub, yaşadığı bu yerlərin xoşuna gəlib-gəlmədiyini soruşdum.
– Yaxşıdır, çox
yaxşıdır... Mənim xoşuma
gəlmir, - deyib üz-gözünü turşutdu.
Əlinin bu gözəlliyə əvvəl “yaxşıdır”
deyib, sonra isə üz-gözünü
turşutması məni
çox heyrətləndirdi. Səbəbini
soruşdum, açdı
ürəyini:
- Mən Qubada yaşayıram, burada nənəmgildəyəm. Doğrudan da
qəşəng düzəldiblər,
amma bu, böyüklərə daha
çox lazımdır.
Mənim
11 yaşım var, oynamaq istəyirəm, amma qoymurlar. Burada topla oynayıram, deyirlər olmaz, yaşıllığa ziyan
vura bilərsən.
Orada (əlini məktəbin divarına sarı uzadır) oynayıram, deyirlər,
top divara dəyir, üzlük daşlar zədələnir. Hamı
balaca olduğumu görüb üstümə
qışqırır, hamı
məni günahkar görür, amma oynamaq üçün yer
ayırmaq heç kimin yadına düşmür...
Özümdən asılı olmayaraq
balaca Əlini dilə tutmaq istədim:
- Bax, işlər hələ yekunlaşmayıb,
sizin üçün
oyun meydançası
da düzəldəcəklər,
amma bir az səbirli olun, nə divarları
qoparın, nə də güllərə ziyan vurun, hər
şey yaxşı olacaq.
- Biz heç yana
ziyan vurmuruq, güllər mənim də xoşuma gəlir, axı bütün günü oturacaqda oturub qala bilmərik...
Haqlı etiraz idi. Balacalar üçün
məxsusi yerin olmasını layihə müəllifləri yaddan
çıxarmamışdılar. Səbail
Rayon İcra Hakimiyyəti
başçısının müavini Vüqar Şıxməmmədovun sözlərinə
görə, hələlik
tikinti-bərpa işlərinin
ilkin mərhələsi
başa çatdırılır.
İkinci mərhələdə burada uşaqlar üçün oyun meydançalarının inşasına
başlanılacaq. Burada ən
vacib məsələ
(iş yerlərinin yaradılması nəzərdə
tutulur) – əl sənəti nümunələrinin
istehsalı ilə məşğul olacaq sexlər açılacaq ki, bu da
neçə sakinin işlə təmin olunması deməkdir.
Sadəcə, balaca dostlarımızın
bir qədər səbirli olması, gözləməsi lazımdır.
...Azan sədaları məni sakinlərlə söhbətdən
ayırdı. Əslində, danışılacaq sözlərimiz
nə qədər desəndi, amma geri qayıtmaq lazım idi. Sağollaşıb kəsmə
daşlar düzülmüş
küçə ilə
üzüyuxarı səmt
aldım, gündən-günə
cənnətə çevrilən
bu ekzotik qəsəbənin ənginliklərindən
uzaqlaşdım...
Vüsal Tağıbəyli
Həftə içi.- 2021.- 11-12
fevral.- S.8.