Xatirəsi ürəklərdə
yaşayan böyük
sənətkar
Azərbaycan musiqisinə
şöhrət gətirən məşhur sənət
korifeyləri sırasında böyük bəstəkar,
tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq
artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və
Azərbaycan Dövlət mükafatları laureatı, akademik
Qara Qarayevin xüsusi yeri var. Onun əbədiyaşar musiqisi
neçə-neçə illərdir
ki, dünyanın nəhəng konsert salonlarında səslənir. Hər bir əsərinin premyerası
musiqi həyatımızın
xüsusi hadisəsinə,
bayramına çevrilib,
mədəni həyatımızda
bir dönüş yaradıb. Bu gün adını mədəniyyət
tariximizə böyük
hərflərlə yazdırmış
bu böyük sənətkarın anadan olmasından 103 il
ötür.
Qara Qarayev 1918-ci il
fevralın 5-də Bakı
şəhərində məşhur
həkim-pediatr Əbülfəs
Qarayevin və Sona xanım İsgəndər qızının
ailəsində anadan olub. O, nəsildə özünü musiqi sənətinə həsr
etmiş ilk adamdır.
Ata tərəfi Abşeronun Fatmayı kəndindən, ana babası İsgəndər
bəy Axundov isə Şamaxının
məşhur nəsillərindən
olub.
Dünya şöhrətli bəstəkar
Qara Qarayevin əsərləri SSRİ-nin
əksər şəhərlərində,
Los-Anceles, Polşa, Misir, İspaniya, İtaliya, Paris, Yaponiya və Almaniyada keçirilən möhtəşəm
musiqi tədbirlərində
müvəffəqiyyətlə oynanılıb.
Onun Nizaminin "Yeddi gözəl" poemasından
bəhrələnərək yazdığı "Yeddi
gözəl" və
Cənubi Afrika yazıçısı Piter
Abrahamsının romanı
əsasında yazdığı
"İldırımlı yollarla" baletləri dünyanın bir sıra ölkələrində
uğurla göstərilib.
Bəstəkarın Birinci Simfoniyası
Azərbaycanın ilk simfoniyaları
arasında görkəmli
yer tutur. "Don Kixot" simfonik
qravüraları, "Leyli
və Məcnun" (Nizaminin poeması əsasında), "Vyetnam
süitası" əsərləri
Qara Qarayev yaradıcılığının dəyərli səhifələridir.
O, çoxsaylı filmlərə,
o cümlədən "Dənizi
fəth edənlər",
"Qızıl eşelon",
"Xəzər neftçiləri
haqqında povest",
"Uzaq sahillərdə"
və digər filmlərə musiqi bəstələyib.
Qara Qarayev
opera janrında da özünü sınayıb. O, "Vətən"
operasının (C.Hacıyev
ilə birlikdə) və fransız yazıçısı Anri
Barbüsün əsəri
əsasında "Zəriflik"
monooperasının müəllifidir.
Bəstəkar, həmçinin
Azərbaycan musiqisi üçün yeni olan müzikl janrına müraciət edərək fransız dramaturqu E.Rostanın "Sirano de Brejerak" komediyası əsasında
"Çılğın qaskoniyalı" müziklini
yaradıb.
Qara Qarayev kamera instrumental janrları
ilə də maraqlanıb. 24 prelüd
silsiləsi, skripka və fortepiano üçün
sonata, simli kvartetlər
bəstəkarın yaradıcılıq
üslubunun təzahürü
kimi qiymətləndirilir.
Q.Qarayev A.Puşkinin şeirləri əsasında
yaratdığı "Mən
sizi sevirdim" və "Gürcüstan
təpələrində" romansları, "Könül
mahnısı", "Səadət
mahnısı" kantataları
Azərbaycan musiqisinin
gözəl nümunələridir.
Qara Qarayev xalq musiqisinə, torpağına, doğma Abşerona iliyinə qədər bağlı bəstəkar idi. Tələbələrinə də böyük
sevgi və həssaslıqla yanaşardı.
Onları "açıq kitab" kimi oxuyar, yaradıcı potensialını duyar, fərdi üslublarını
qoruyar, öz dəst-xətlərini müəyyənləşdirməyə
yönəldərdi. Bəlkə
də atasının arzusunu yerinə yetirmişdi o... Bir təbib kimi, sağlam cəmiyyətin böyüməsində onların
getdiyi yola "işıq" salıb, onlara bu yolla
getmələrini, ən
əsası xalq musiqisi intonasiyalarına olduqca ehtiyatla yanaşmanı tövsiyə
edərdi. "...Biz soyuqqanlılıqla
musiqi xəzinəmizin
üst qatlarından asan mənimsənilərək
istifadə etmirikmi? Xalq musiqisi doğrudan
da tükənməzdir,
amma onun zənginliyi tək bu qatlarda deyil,
bizim düşündüyümüzdən
daha dərindədir, neft yataqları kimi və lazımi
"texniki yazılara"
yiyələnib, o dərinliyə
getmənin vaxtı çatmışdır". Bu da Üzeyir bəyin getdiyi yolun davamı idi... Bu yolun davamçıları onun
tələbələri idi...
B.Yermolayev, H.Xanməmmədov,
R.Hacıyev, A.Məlikov,
X.Mirzəzadə, T.Bakıxanov,
V.Adıgözəlov, O.Zülfüqarov,
M.Mirzəyev, V.Şainski,
L.Vanşteyn, M.Quliyev,
N.Şəfiyeva, S.İbrahimova,
F.Qarayev, F.Əlizadə,
İ.Hacıbəyov, R.Həsənova,
A.Cəfərova, R.Şəfəq,
E.İbrahimova, E.Dadaşova,
A.Dadaşov, A.Əzimov,
C.Abbasov.... Bu siyahını
onun tələbələri
davam etdirərək növbəti nəsillərə
aparır... Bir ağacın kökündən
qidalanaraq böyüyən,
budaqlara şaxələnərək
ucalan qollar kimi...
"Şagirdlər bizim
ən ciddi hakimlərmizdir. Əgər müəllim dərsdə
bir fikir söyləyib, həyatda isə başqa cür hərəkət edərsə, bu, müəllimin mənəvi
məğlubiyyətidir". Tələbələrinin xatirələrində
Qara Qarayev təkcə bəstəkar
deyil, geniş erudisiyaya malik ziyalı, alim, filosof, yetirmələrinin
şəxsiyyətini "yonan"
heykəltəraş, şair
təbiətli əbədi
romantik, bəzən
Don Kixot, bəzən də Sirano kimi yaşayır... Amma hər zaman
sözün əsl mənasında sənət
fədaisi, Vətən,
torpaq eşqi ilə yaşayan bir Məcnun idi o...
Planlaşdırdığı layihələri çox idi. "Hamlet", "Leyli və Məcnun",
"Don Juan" baletləri, "Gözəl Yusif" operası, "Oxuyan daşlar" simfonik süitası, simfocaz üçün konsert,
"Uşaqsız şəhər"
oratoriyası... "Qərblə Şərq
lap əvvəldən içimdədir"-
deyərdi. Arzular tükənməz
olur.
Otuz doqquz il bundan
əvvəl, 1982-ci il
mayın 13-də 64 yaşında
Moskvada gözlərini
əbədi yuman sənətkar doğma Vətənində torpağa
tapşırıldı...
Ölümündən əvvəl dediyi sözlər ən həzin və kədərli nəğmə kimi bu gün də
eşidilməkdədir: "Keçdiyim yola nəzər salmayaraq dünyanı tərk etməyə hazırlaşıram,
gözlərim yaşla
doludur... Həyatımın
ən gözəl çağında malik ola bilmədiyimi
itirdim. Günəş mənimçün işıq saçmır,
külək mənimçün
əsmir, dəniz mənimlə danışmırdı.
Arxaya baxmadan gedirəm, çünki geriyə dönmək ürəkağrısı
qədər ağırdır.
Ölüm - yeni həyatın
dünyaya gəlməsidir".
Sevdiyi dəniz kənarı, Bakı küləyi, Fatmayı bağı və əbədi yaşayan musiqisi... "Doğum günü
keçirməyi sevməzdi.
Öz ailəmiz olardı. Anam, bacım Züleyxa və mən... Onun xatirəsini yaşadan ən gözəl hədiyyə isə - onun hər zaman
səslənən musiqisidir",
- deyir oğlu Fərəc Qarayev.
Ruhun şad olsun, Maestro!
Həftə içi.- 2021.- 9-10
fevral.- S.8.